29 Mart 2024

Cümə, 10:27

İRƏVAN SEYTNOTDA

Ermənistan Azərbaycan torpaqlarını işğaldan tezliklə azad etməkdə maraqlı olmalıdır

Müəllif:

15.10.2017

Horadiz. Füzuli rayonunun 1994-cü ildə işğaldan azad edilmiş bu qəsəbəsi, indi rayon mərkəzinə - müasir və abad bir şəhərə çevrilib. Füzulinin özü hələ də işğal altındadır və Dağlıq Qarabağ ətrafındakı digər rayonlar kimi onun da taleyi danışıqların hazırkı mərhələsində müzakirə mövzusudur.

Horadizin girişində aprel şəhidlərinin şərəfinə xatirə kompleksi ucaldılıb. İlk dayanacağımız da, təbii ki, bura olmalı idi. Şəhidlərin xatirəsini andıqdan sonra səfərimizə davam edəcəyik. Yolumuz Cəbrayıladır. İndicə ruhları qarşısında baş əydiyimiz bu insanların qəhrəmanlığı sayəsində artıq Cəbrayıl istiqamətində hərəkət etmək təhlükəsizdir.

Cocuq Mərcanlıdan Şuşaya

Yolboyu qarışıq hisslər adamı rahat buraxmır. Bir-birini inkar etmək və bədbinliyə yer saxlamaq istəməyən düşüncələr adamın başında ip kimi çözülür və yenidən böyük bir yumağa çevrilir. Cəmi 9 kilometrdən sonra yolun bitəcəyinə inanmaq istəmirsən. Sanki birazdan Cəbrayıl, sonra Zəngilan, Qubadlı və Laçın gələcək. Oradan da Şuşaya bir addımlıq yol qalır… Lap yaxşı vaxtlarda olduğu kimi.  

Yolun solu ilə Araz boyu bizi Füzulinin İranla həmsərhəd kəndləri müşayiət edir. Yaxşı ki, onlar müharibədən nisbətən az zərər çəkib. Əkin sahələrindəki traktorlar və yığım texnikası otlaqlarda otlayan sürüləri əvəz edir və yalnız ara-sıra rastımıza çıxan hərbi avtomobillər buralarda sülhün müharibə ilə qonşu olduğunu xatırladır. Onda anlayırsan ki, birazdan yolunu nəzarət buraxılış məntəqələri və ya hərbi postlar kəsəcək.  

Bu da Cocuq Mərcanlı - hələlik yol burada bitir. Lakin bura həm də yeni bir yolun başlanğıcıdır - Böyük qayıdış yolunun. Artıq burada yaşamaq təhlükəsizdir. Ermənilərin 24 ildir ətraf əraziləri atəş altında saxladığı, strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyini ötən ilin aprel döyüşlərində geri qaytarmışıq.

Cocuq Mərcanlının bərpasına Azərbaycan Prezidenti İlham Əliyev üst-üstə 20 mln. manat ayırıb. Kəndin ərazisi minalardan təmizlənib, 50 ev, məktəb, yarımstansiya, məscid tikilərək istismara verilib. Kənd camaatının bir qismi artıq evlərinə qayıdıb. Daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, suvarma sistemi və digər infrastrukturun inşası isə davam etdirilir.

Cocuq Mərcanlıya günortaya yaxın çatdıq. Kənd məktəbində dərslər gedirdi. Azərbaycanın bir qrup KİV rəhbəri və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimlərinin səfərini Mətbuat Şurası ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu birgə təşkil etmişdi. Lakin həmin gün biz kəndin yeganə qonaqları deyildik. Məktəbdə bu cəbhəyanı kəndin sakinlərinə dəstək olmaq üçün Bakıdan gələn bir qrup müəllim və şagirdlə rastlaşdıq. Məktəbin direktoru Zamin Həziyev deyir ki, insanlar onları tək buraxmır. Dövlətin himayəsi ilə yanaşı, hər gün ölkənin müxtəlif yerlərindən ictimaiyyət nümayəndələri kənd sakinlərinə maddi və mənəvi dəstək vermək üçün onlara baş çəkir.

Elə bizim heyət də əliboş gəlməmişdi. Kənd məktəbinin kitabxanasına Bakı Dövlət Universitetinin müəllimlərinin kitabları hədiyyə edildi. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə, üstəlik, bir şad xəbərlə də bölüşdü. Bildirdi ki, Mətbuat Şurası Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə Cocuq Mərcanlıda müasir Media Mərkəzi yaratmaq niyyətindədir. «İstəyirik ki, kəndin qonaqları onlara lazım olan bütün məlumatları bir Mərkəzdən ala və ötürə bilsinlər. Bu, erməni işğalı və onun fəsadları barədə əsl həqiqətlərin yayılmasına kömək etmiş olar»,-deyə Ə. Amaşov bildirib.  

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev isə Cocuq Mərcanlının bərpasının qalan torpaqlarımızın da işğaldan azad olunması baxımından əlamətdar hadisə olduğunu vurğuladı. O, inanır ki, növbəti bərpa layihəsi qonşu Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində həyata keçiriləcək. Bura, Umud Mirzəyevin öz doğma kəndidir. Elə bizim növbəti dayanacağımız da Aşağı Əbdürrəhmanlı olacaqdı. Lakin yolüstü cəbhəyanı hərbi hissələrdən birinin şəxsi heyəti ilə görüşüb əsgərlərlə nahar etməyi düşünürdük.  

Etiraf edim ki, 20 il əvvəl, hərbi xidmətdə olarkən mən əsgər yeməkxanasında nə vaxtsa bu çeşiddə və bu keyfiyyətdə yeməklərin ola biləcəyini xəyal belə etmirdim. Borş, dolma, plov, təzə xiyar və pomidor, kələm turşusu, meyvə şirəsi və təzə meyvələr. Belə bir rasionla heç də hər ordu öyünə bilməz. Görünən odur ki, ətraf kəndlərin öz təhlükəsizliklərinə bu qədər əmin olması da ordunun güclü maddi-texniki təminatı və yüksək döyüş ruhu ilə bağlıdır. Elə yerli sakinlərin özləri də hər an silaha sarılmağa hazır görünür. Hərbçilər deyir ki, aprel döyüşləri zamanı onlar əsgərlərə kömək üçün axın edən dinc əhalinin qarşısını çətinliklə alıblar. «Erməni tərəfi dərhal keçmiş döyüşçülərini səfərbər etməyə başlamışdı. Bizim isə onlardan fərqli olaraq, buna ehtiyacımız yox idi. Bizim güclü ordumuz var. Onun təchizatı, döyüş ruhu və hazırlıq səviyyəsi istənilən çətin tapşırığın öhdəsindən gəlməyə imkan verir. Erməni tərəfi də bunu çox gözəl bilir»,- deyə zabitlərdən biri vurğulayır.  

Doğrudan da, ermənilər bunu gözəl bilir və elə bildiyi üçün də təxribatlara əl atır. Əsas məqsədləri isə beynəlxalq vasitəçilərin başını atəşkəs rejiminin qorunmasına qatmaqla, diqqəti danışıqların məğzindən yayındırmaqdır.

Atəş səsləri gəlir. Görünür, erməni səngərlərindən bizim Aşağı Əbdürrəhmanlıya doğru hərəkət etdiyimizi görüblər. Hətta mülki avtomobillərdə olmağımız belə onları atəş açmaqdan çəkindirmir. Hərçənd, yolun təhlükəli hissələrinin kənarları istehkamçılarımız tərəfindən torpaq təpələri ilə bağlanıb. Bizi müşayiət edən hərbçilər təhlükəsizlik məqsədilə sürücüləri yalnız onları təqib etmək barədə təlimatlandırır. Birazdan qarşımızda yer üzündən, demək olar ki, silinmiş bir kəndin xarabalıqları, dağıdılmış qəbiristanlıq və digər vandalizm izləri çıxacaq. Erməni işğalından sonra Aşağı Əbdürrəhmanlıdan qalan bunlardır. «Bax, bu, mənim müəlliməmin məzarıdır. Onun yaxınları məzar daşını bərpa etmək istəyirdilər, lakin mən xahiş etdim ki, biraz gözləsinlər. Qayıdanda bərpa edərik. Hələlik, qoy, dünya erməni vandalizminin əsl simasını görsün», - deyən Umud Mirzəyev sındırılmış başdaşlarını, eybəcər hala salınmış məzarüstü şəkilləri göstərir, burada uyuyan insanlar barədə xatirələrini bölüşürdü.

Lap yaxınlıqda diqqətimizi başqa bir məzar çəkir. Yeni məzardır, müharibə ona toxunmayıb. Burada Umud Mirzəyevin atası uyuyur. Onu ötən il heç bir təhlükədən çəkinməyərək, doğma kəndinin məzarlığında dəfn ediblər. «Bizim insanlar öz torpaqlarına çox bağlıdırlar. Bizim ata-babalarımız burada uyumalı, uşaqlarımız da burada böyüməlidirlər», - deyə Umud Mirzəyev bildirir.

Fəsadlardan nizamlamaya  

Azərbaycanda hər kəs əmindir ki, tez, ya gec münaqişə özünün ədalətli həllini tapacaq və insanlar doğma ocaqlarına qayıdacaqlar. Ermənistanın status-kvonu sonsuzadək uzatmaq cəhdlərinə baxmayaraq, hazırda münaqişə ətrafında baş verənlər erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının qaçılmaz olduğundan xəbər verir. Həm münaqişə tərəfləri, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatları göstərir ki, danışıqlar masasının üzərindəki təkliflər ilkin mərhələdə beş, bəlkə də, yeddi ətraf rayonun boşaldılmasını nəzərdə tutur.  

Vasitəçilərin bölgəyə son səfərinin nəticələri də ümidvericidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Minsk Qrupunun həmsədrləri ilə görüş məhsuldar keçib. Elə həmsədrlərin özləri də bu fikirdədirlər. Ən azından artıq məlumdur ki, prezidentlər səviyyəsində danışaqların bərpasına qərar verilib. «Azərbaycan və Ermənistan prezidentləri Qarabağ nizamlanmasına dair danışıqların aparılmasına hazırdırlar», - deyə ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfərlərinin yekununda bəyan ediblər.

Bəs, gözləntilər nədən ibarətdir? Bu suala ən dolğun cavabı Azərbaycan Prezidenti İlham Əliyev verib. «Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpa edilir. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı bir minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri, əslində, açıq etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi», - deyə prezident oktyabrın 9-da hökumətin iclasında bəyan edib.

Aydındır ki, ölkə başçılarının bu görüşündən hansısa inqilabi bir razılaşma gözləməyə dəyməzdi. Lakin şübhəsizdir ki, hər şey Azərbaycanın israr etdiyi kimi substantiv danışıqlara doğru gedir.  

Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyevin səsləndirdiyi məlumat da nizamlama prosesinin yetərincə maraqlı, hətta bəlkə də, həlledici fazaya keçməsindən xəbər verir. O, bildirib ki, nazir Elmar Məmmədyarov Minsk Qrupu həmsədrlərinin münaqişənin həlli ilə bağlı bir neçə «maraqlı təklif»ini dəstəkləyib. Təbii ki, XİN rəsmisi «maraqlı təkliflər»in mahiyyətini açıqlamayıb. Ancaq bir halda ki, onlar rəsmi Bakının marağına səbəb olubsa, deməli, artıq söhbət Ermənistanın arzuladığı kimi, hansısa ikinci dərəcəli məsələlərindən getmir. Əsas məsələ isə heç kimə sirr deyil - söhbət danışıqları davam etdirmək üçün ilkin mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonların Ermənistan tərəfindən boşaldılmasından gedir.

Bunu hətta Ermənistanın XİN başçısı Edvard Nalbandyan belə etiraf etməli olub. O, bəyan edib ki, İrəvan işğal etdiyi torpaqların bir hissəsinin qaytarılmasını müzakirə edir. Erməni nazirin sözlərinə görə, söhbət «Qarabağa təhlükə yaratmayan» ərazilərdən gedir.  

Doğrudur, bu bəyanatdan sonra İrəvanda bəzi qüvvələr xarici işlər nazirini fitə basıb. Ermənistanın baş qərargah rəisi Movses Akopyan isə bir az da irəli gedərək, Azərbaycana qarşı yeni ərazi iddiaları ilə çıxış edib. Akopyan nəinki torpaqları qaytarmağın əleyhinədir, hətta həyasızcasına «Arsaxın (!?) müdafiəsinin gücləndirilməsi üçün» əlavə torpaqlar da istəyir.  

Lakin Ermənistanın baş qərargah rəisi unudur ki, Ermənistan ordusundakı vəziyyət, yumşaq desək, onun bu niyyətini həyata keçirməyə imkan vermir. «Sülh naminə dialoq» təşkilatının hesabatına görə, təkcə bu ilin doqquz ayında erməni hərbçiləri arasında 45 ölüm halı aşkarlanıb ki, onların da 19-u Ermənistan ərazisində, 26-sı isə Qarabağda qeydə alınıb. Özü də əgər bu hərbçilərdən 20-si «atəşkəs rejiminin pozulması» nəticəsində ölübsə, 25-i nizamnamədən kənar hərəkətlərin, intihar, bədbəxt hadisə, vəzifə səhlənkarlığı, xəstəliklərin və başqa, «qeyri-müəyyən» səbəblərin qurbanı olub. 

Sosial şəbəkələrin erməni seqmentində insanlar qeyri-döyüş şəraitində baş verən ölüm və yaralanma faktlarına etirazlarını bildirir. Onlar deyir ki, belə faktlar, adətən, ictimaiyyətdən gizlədilir. Aprel döyüşlərindən sonra erməni cəmiyyətində həmçinin Ermənistandan olan çağırışçıların özgə torpaqlarına ölümə göndərilməsindən narazılıq da artmaqdadır.  

Doğrudan da, əgər Qarabağda dinc ermənilərin özləri belə qalmaq istəmirsə, bu əsgərlər həyatlarını kimin uğrunda qurban verirlər?! Ermənistan ordusunun baş qərargah rəisi «vurub-yıxan» bəyanatlarla çıxış etdiyi bir vaxtda, onun digər həmkarı, müdafiə nazirinin baş məsləhətçisi Babken Vardanyan işğal olunmuş ərazilərdəki demoqrafik vəziyyətlə bağlı həyəcan təbili çalmaqdadır. O, əski erməni ənənəsinə sadiq qalaraq, işğal altında olan torpaqlara ermənilərin köçürülməsinə çağırıb.

Lakin Vardanyan da unudur ki, əvvəlcə onlar Ermənistanın özündən xaricə insan axınının qarşısını almalıdır. Ermənistan başçısı Serj Sarqsyan etiraf edir ki, ölkəsindəki demoqrafik tendensiyalar onu çox narahat edir. Və ya Böyük Kilikiya Evinin katolikosu Birinci Aramın dediyi kimi, «Ermənistan boşalmaqda, diaspora isə aşınmaqdadır».

Beləliklə, İrəvanın qeyd-şərtsiz danışıqlar masası arxasına qayıtmasını və daha yolayaxın olmasını şərtləndirən bir sıra faktorlar formalaşıb. İndi ilkin mərhələ üçün ətraf rayonların Azərbaycana qaytarılması Ermənistanın özünün marağındadır. Bununla, Serj Sarqsyan həm öz hakimiyyəti üçün məhvə bərabər olan Bakı ilə hərbi toqquşmadan yayına, həm erməni cəmiyyətində gərginliyi azalda, həm ölkəsində demoqrafik vəziyyəti düzəltmək üçün vaxt qazana, ən əsası isə Ermənistanı özünün saldığı regional təcrid durumundan çıxarmaq üçün müəyyən təminat ala bilər.

Yeri gəlmişkən, oktyabrın 30-da Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri səviyyəsində Bakı-Tiflis-Qars dəmir yolunun açılışı baş tutacaq. Bu və bundan əvvəlki qatarlara İrəvan artıq gecikib, lakin biraz tələssə, bəlkə, növbəti qatarlara özünü çatdıra bilər.

 



MƏSLƏHƏT GÖR:

451