24 Aprel 2024

Çərşənbə, 11:27

PİS REKORDLAR

Futbol üzrə Azərbaycan yığması müəyyən nailiyyətlərə imza atsa da, seçmə mərhələni yenə qrupda sondan ikinci pillədə tamamladı

Müəllif:

01.11.2017

Futbol üzrə Azərbaycan millisi 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsindəkı çıxışını başa vurdu. Robert Prosineçkinin yetirmələri C qrupunda 5-ci oldu. Yalnız hesabına xal yazdıra bilməyən San Marinonu arxada qoyduq. Mundialın final mərhələsinə birbaşa vəsiqəni 10 oyunda 10 qələbə qazanan Almaniya əldə etdi. Şimali İrlandiya isə pley-offda mübarizə aparacaq. Çexiya 3-cü, Norveç 4-cü oldu.

Gəlin, seçmə mərhələnin əvvəlini xatırlayaq. İlk 3 turdan sonra hər kəs ümidlənmişdi. Səfərdə San Marinodan üstün olan (1:0) yığma evdə Norveçi də eyni hesabla məğlub etdi. Ardınca Prosineçkinin komandası Çexiya səfərindən də 1 xalla döndü. Təbii, bu durumda “niyə də yox?!” ifadəsi aktullaşdı, hətta Almaniyanın baş məşqçisi Yoahim Löv komandasının millimizlə martda keçirəcəyi qarşılaşmanı qrupun “top-oyun”u adlandırmaqla hamını təəccübləndirdi. Milli başlanğıcda qazandığı nəticələrlə tarixinə bir sıra ilklər əlavə etdi. Startda qazanılan 7 xal, komandanın bu 3 matçda qapısını toxunulmaz saxlaması kimi məqamlar indiyədək millinin tarixində baş verməmişdi. Hər kəs ümidlənmişdi, çoxları Rusiyada keçiriləcək final mərhələsi ilə bağlı xəyallar qururdu.

Lakin Robert Prosineçkinin komandası uğurun davamını gətirə bilmədi. Şimali İrlandiya ilə səfərdə (0:4), Almaniya ilə evdəki (1:4) matçlarda darmadağın olan milli yavaş-yavaş azərbaycanlı futbolsevərləri ümidsizliyə yuvarladı. Ancaq mundialın pley-offuna yüksəlmək şansımız bitməmişdi. Hər şey iyunda Şimali İrlandiya ilə keçirəcəyimiz oyundan asılı idi. Bizim üçün tsiklin qırılma anı məhz həmin matçdakı məğlubiyyət (0:1) oldu. Halbuki “Tofiq Bəhramov”dakı görüşdə oyunboyu üstün idik. Qələbəyə çox inanmışdıq, hətta heç-heçə də hər şeyin sonu demək deyildi, tərəflər hərəyə bir xal qazanardısa, intriqa növbəti turlara daşınacaqdı. Hətta heç-heçəyə razı olan britaniyalıların son dəqiqələrə təsadüf edən qolu bütün ümidlərin, xəyalların üstündən qalın xətt çəkdi. Ardınca Norveçə səfər məğlubiyyəti isə mundialla bağlı nəzəri şansları da dəfn etdi.

San Marino üzərində böyükhesablı qələbə (5:1) az da olsa, azarkeşləri sevindirdi. Seçmə mərhələdə ilk dəfə hansısa rəqibə bir oyunda 5 qol vurduq, eyni komandadan tsikl ərzində 6 xal qopardıq. Həmçinin təsəlli yeri - üçüncülük şansımız da xeyli yüksəldi. Bunun üçün evdə Çexiyanı udmaq, bəlkə də, yetərli olacaqdı. Hərçənd zaman göstərdi ki, çexlər Bakıda məğlub olsaydı belə, 3-cü yeri tuta bilməyəcəkdik. Belə ki, son turda Norveçin Şimali İrlandiyanı məğlub edəcəyini gözləmirdik. Cəmi 1 xalla rekord yenilənib, ancaq yenə də əksər tsikllərdə olduğu kimi qrupda beşinciyik. Halbuki bu rəqiblərlə dueldə daha yüksək yer tuta bilərdik. San Marino “cırtdanlar” arasında ən zəiflərdəndir, Çexiya hazırda əvvəlki qüdrətindən çox-çox uzaqdır, bu komanda keçid dövrünü yaşayır. Norveçin də gücünü xüsusi qabartmağa ehtiyac yoxdur. Şimali İrlandiya ilə Bakıdakı matç göstərdi ki, bu komandadan da xal almaq, hətta məğlub etmək də olardı. Təəssüf ki, başlanğıcla sonluq uyğun gəlmədi və ardıcıl 6 oyundan 5-də məğlub olduq.
Prosineçki seçmə mərhələnin 10 görüşündə 27 futbolçunun xidmətindən yararlanıb. Qara Qarayev, Rahid Əmirquliyev və Ramil Şeydayev bütün oyunlarda iştirak edib. Lakin onlardan heç biri bütün matçlarda 90 dəqiqə mübarizə aparmayıb. Qara ilə Rahid daha çox - 8 dəfə start heyətində yer alıb. Qarayev həm də dəqiqə baxımından hamıdan çox meydanda olub. Rahid 3, Rəşad Sadıqov isə 7 dəfə meydana kapitan sarğısı ilə çıxıb. Yığmanın 10 qolundan biri San Marinonun üzvü Miçel Çevolenin öz qapısına vurması hesabına gerçəkləşib. Qalan 9 qola 7 oyunçu imza atıb. Yalnız Əfran İsmayılov 1-dən çox - 3 dəfə qol sevinci yaşayıb. Millimiz 1 qolunu Əfranın dəqiq yerinə yetirdiyi penalti ilə vurub. Buraxılan 19 topdan biri də “11 metrlik”dən gerçəkləşib. Bir dəfə avtoqola üzülmüşük. Rəşad Sadıqov Norveçlə matçda qapıları səhv salıb. Yığma 10 qarşılaşmada 11 sarı vərəqə alıb ki, yalnız iki futbolçu - Dmitri Nazarovla Maksim Medvedev 2 dəfə xəbərdarlıqla üzləşib. Yeganə qırmızı vərəqə isə Bədavi Hüseynovun passivindədir.

Beləliklə, Azərbaycan millisi yekunda C qrupunda 5-ci yeri tutdu. Bununla da, milli tarixində 7-ci dəfə tsikli bu pillədə bitirdi. Müstəqillik dönəmində qatıldığımız 12 seçmə mərhələdən 7-də məhz 5-ci olmuşuq. Bundan başqa, əsas komanda 1 dəfə 4-cü, 3 dəfə 6-cı, 1 dəfə 8-ci yeri tutub. Başa çatan seçmə mərhələ əvvəlki tsikllərlə müqayisədə bəzi rekordlarla da əlamətdar oldu. Komanda tarixində ilk dəfə 3 qələbə qazandı, ilk dəfə xal hesabı ikirəqəmli ədədlə (10) ifadə olundu. 6 dəfə uduzan yığma tarixinin 2-ci nəticəsini təkrarladı. Yalnız DÇ-2014-ün seçmə mərhələsində daha az - cəmi 3 dəfə uduzmuşduq. Qol sayında isə rekord təkrarlandı. AÇ-2012-nin bu mərhələsində 10 qol vuran əsas komanda yenə 10 dəfə fərqləndi. Əvəzində son 3 tsikl üçün buraxılan top sayında antirekord qeydə alındı. Belə ki, yığma 19 dəfə topu qapısından çıxarmalı oldu.

Cari seçmə mərhələ xorvat baş məşqçi Robert Prosineçkinin Azərbaycan millisində ikinci mövsümü oldu. Düzünü deyək ki, xorvat mütəxəssisin rəhbərliyi altında komandanın oyununda müəyyən canlanma hiss olundu, baş məşqçi futbolçulara sərbəstlik verdi, onlar meydanda bəzən məsuliyyəti üzərinə götürməyi bacardı. Lakin nəticə ürəkaçan olmadı. Qrupda beşinciyik və cəmi 1 xalla rekordu yeniləmişik. Azərbaycan yığması stabil oyun göstərə bilməməklə azarkeşləri təəssüfləndirdi. Uğurlu start olsa belə son 4 ayda Robert Prosineçkinin işinə biganə yanaşması diqqətdən yayınmır. Sanki xorvat məşqçi müqavilə müddətinin başa çatmasını gözləyir, tələsik ölkəni tərk etməyi arzulayır. Etiraf etmək lazımdır ki, ölkədə geniş futbolçu seçimi yoxdur. Üstəlik millidə oynayacaq yüksək səviyyəli oyunçular azlıq təşkil edir. Yəni bu halda komandayla uğur qazanmaq asan görünmür. Bu mənada yığmanın qrupda 5-ci olmasında Prosineçkini tənqid etməyə haqqımız çatmır.

Maraqlıdır ki, Prosineçki də əvvəlki baş məşqçi Berti Foqts kimi qeyri-adi qərarlar verir, hansısa futbolçulara rəğbət bəsləyir, bəzi oyunçularla prinsip aparır. Dəniz Yılmazın məsələsi, Rauf Əliyevə dəvət göndərməməsi kimi məqamlar var. Bundan başqa, xorvat mütəxəssisə lazımi qədər vaxt verildi. AÇ-2016-nın seçmə mərhələsində ilk 4 turdan sonra millinin “sükanı arxasına” keçən Prosineçkiyə həmin tsiklin sonuna qədər “gözün üstə qaşın var” deyən olmadı. Bu müddətdə baş məşqçi komandanın nəyə qadir olduğunu özü üçün müəyyənləşdirdi, ölkəmizə, milliyə alışdı, uyğunlaşdı və s. Ancaq artıq bu tsikldə uğursuzluğa görə birbaşa məsuliyyət onundu. Nəticə ürəkaçan deyilsə, baş məşqçi ilə yola davam etmək də doğru qərar sayılmır. Belə deyək, AÇ-2020-yə iddia ediriksə, yığmada dəyişiklik qaçılmazdır. Baş məşqçi də daxil olmaqla heyətdə bir sıra dəyişikliklər edilməlidir. Digər məqam yeni əcnəbi baş məşqçinin gələn kimi vaxt istəyəcəyilə bağlıdır. Belə də ortaya yerli məşqçi varianti çıxır. Şübhəsiz, yığmaya yerli məşqçi dəvət ediləcəksə, o zaman ilk olaraq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun adı yada düşür. Yeni mövsümdə UEFA Millətlər Liqasının keçiriləcəyi, millinin bu yarışdan Avro-2020-yə vəsiqə qazanmasının real olduğunu düşünsək, baş məşqçi seçimində yanılmaq olmaz. İndiki halda əksəriyyət Qurban Qurbanovun “Qarabağ”dan ayrılmasını arzulamır. Lakin məşqçinin həm klubda, həm də yığmada işləməsi realdır. Ona görə Qurban Qurbanovun namizədliyi ətrafında ciddi düşünmək mütləqdir.

Təcrübəli mütəxəssis Ağasəlim Mircavadov “R+”a açıqlamasında həmkarı Robert Prosineçkinin işi haqqında belə fikir bildirib: “Prosineçkinin uğuru var. Bu seçmə mərhələyə kimi heç kim 10 xal toplamamışdı. Onu da nəzərə alaq ki, Foqtsun dönəmində ölkə çempionatında 10-12 komanda oynayırdısa, indi 8 klub var. Məşqçi də bu klublardan oyunçu seçir. İnandığın məşqçidirsə, ona daha çox şans vermək olar. Yəni uğur qazanacağına güvənib, vaxt verə bilərsən. Razılaşaq ki, hazırda millidə oyun görürük. Biri var komanda meydanda əziyyət çəkir, tam olaraq müdafiəyə qapanır, yalnız əks-hücumlara bel bağlayır. Ancaq indi müdafiə olunmaqla yanaşı, yığma daha ağıllı hücumlar qurur, futbolçular irəli getməkdən çəkinmir. Bəzən deyirik ki, bu seçmə mərhələdə futbolçu “artırıb”. Gəlin, bu məsələdə klublardan, çempionatdan danışaq. Hər şey futbolçunun klubundakı oyunundan asılıdır. Artıq şablon səslənsə də, deməliyik ki, futbolçu millinin düşərgəsinə hazır gəlməlidir, 3-4 və ya 1 həftə ərzində ciddi dəyişiklik etmək mümkün deyil. Oyun var, nəticə də var - 10 xal. Yaxşı, altısını San Marinodan aldıq. Bəs, burda Norveçi məğlub etməyimiz, səfərdə Çexiya ilə “sülh”ə razılaşmağımız? Bunlar da şərtdir. Qazanılan xal çox da ola bilərdi, az da. Sadəcə, millidə oyun stabil olmadı. Prosineçkinin gedişini normal qarşılamaq lazımdır. Hər məşqçi nə vaxtsa çalışdığı yerdən ayrılır”.

Seçmə mərhələ zamanı Azərbaycan millisində yeni futbolçular izlədik. Emin Mahmudov millidə yığmada debüt etdi. “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə bir daha sol cinahda əsas füqur olacağını göstərdi. Əvvəlki oyunlarda irəlidə çox iş görən, lakin qol hesabını aça bilməyən Ramil Şeydayevin isə Almaniyada “bəxti açıldı”. Baxımlı qolla hər kəsin diqqətini üzərinə çəkən “Qarabağ”lı hücumdakı boşluğu aradan qaldıra bilər. Mahir Mədətova daha çox güvənilsə, onun da millinin əsas heyət üzvünə çevrilməsi şübhə doğurmur. Hər halda, bu 3 gənc futbolçu AÇ-2020-nin seçmə mərhələsində komandanın özəyini təşkil etməlidir. Artıq bütün ümidlər növbəti tsiklədir. Qitə birinciliyinə ev sahibliyi edəcək ölkələrdən biri kimi final mərhələsinə qatılmağı konkret hədəf kimi qarşımıza qoymalıyıq. Azərbaycan millisi Avro-2020-yə UEFA Millətlər Liqasından vəsiqə qazanmaqla tarixə düşə bilər.

Qeyd edək ki, Bakıya qayıdan xorvat məşqçi Robert Prosineçkiylə AFFA prezidenti Rövnəq Abdullayev arasında görüş olub. Azərbaycan futbolunun hazırkı vəziyyəti, gələcək perspektivlərinin geniş müzakirə olunduğu görüşdə Robert Prosineçki ilə mövcud müqavilənin qarşılıqlı razılıq əsasında uzadılmaması barədə razılığa gəlinib. AFFA rəhbərliyi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində səmərəli fəaliyyətinə görə Robert Prosineçkiyə minnətdarlığını bildirib, gələcək karyerasında ona uğurlar arzulayıb. Ölkənin əsas komandasına məşqçi axtarışına başlayan AFFA ilin sonuna qədər təyinatın reallaşacağını bəyan edib.



MƏSLƏHƏT GÖR:

396