25 Aprel 2024

Cümə axşamı, 19:06

TEATR EMALATXANASINDA

İqor KAÇAYEV: «Yaradıcılıqda bir-birindən ayrı yaşamaq olmaz»

Müəllif:

01.11.2017

«Gəlin, üzümüzü oynadaq, onunla bir növ rəqs edək!» Sankt-Peterburq Səhnə Mədəniyyəti İnstitutunun plastik sənətlər kafedrasının dosenti İqor Kaçayev master-klass iştirakçılarına belə bir təkliflə müraciət edən zaman zaldan təəccüb dolu uğultu eşidildi: üzlə rəqs necə olur? Sən demə, maraqlı, əyləncəli, gülməli və… vacib imiş! Xüsusilə də, öz həyatını aktyor peşəsinə bağlayanlar üçün.

Üç gün dalbadal üzlə «rəqs etdilər». Ləzzətlə, həvəslə və əyləncə ilə rəqs etdilər: qaşlar «tullandı», burunlar hərəkət etdi, gözlər fırlandı, dodaqlar müxtəlif tərəflərə çəkildi, yanaqlar qulaqlarla birlikdə titrədi. Bütün bunlara baxmaq gülməli və əyləncəli idi! Sonra «döyüşdülər», oynadılar, dartındılar, «öldülər», «canlandılar», təsəvvüredilməz görkəmlər aldılar, mənalı yoqa asanlarında əyildilər və s.

O qədər də çoxdanın söhbəti deyil. Bu ilin yazında Peterburqda XIX beynəlxalq «Rusiya görüşləri» festivalı çərçivəsində yeni ictimai təşkilatın - Xaricdə Rus Teatrı Xadimlərinin Assosiasiyasının təsis qurultayı keçirildi. Bu səhnədə Azərbaycan Rus Dram Teatrını baş rejissor Aleksandr Şarovski təmsil edib. Assosiasiyanın idarə heyətinin birinci iclasında tədris proqramları və təcrübələri barədə qərar qəbul edilib. «Teatr emalatxanaları» proqramı belə yaranıb və plastik fənlər üzrə peterburqlu usta, rejissor, aktyor, teatrın və peşəsinin aşiqi olan peşəkar, həm də sadəcə maraqlı insan İqor Sergeyeviç KAÇAYEV bu proqram çərçivəsində Bakıya gəlib.

Öz orijinal səyyar master-klass proqramları ilə Avropada, Yaponiyada, ABŞ-da və keçmiş sovet respublikalarında çıxış etmiş İqor Sergeyeviç üçün Azərbaycan auditoriyası xüsusi oldu.

- Bizim aktyorlar və tələbələr sizdə hansı təəssüratları oyatdılar?

- Ən müsbət! Mən üç gündür bu alışıb-yanan gözlərə baxıram və görürəm ki, iş prosesində baş verənlərə maraq daha da artır. Mənə elə gəlir ki, gözlərdəki parıltı və baxışlarda əks olunan fikir çox şeylərdən xəbər verir. Onlar biliyə can atırlar, onlar öz peşələrinin sirləri barədə daha çox bilmək və öyrənmək istəyirlər.

- Hərdənbir tərcüməçinin yardımından istifadə etmək sizi narahat etmirdi ki?

- Əsla. Əksinə mən heyran qalmışdım ki, uşaqların çoxu asanlıqla Azərbaycan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə keçirlər. Bir də ki… Axı, biz onlarla plastika dilində danışırdıq, onun tərcüməyə ehtiyacı yoxdur.

Üç gün ərzində Kaçayevin master-klasslarında iştirak etmək istəyənlərin sayı xeyli artdı, çünki aktyor-tələbə aləmində Piterdən gələn bu maraqlı pedaqoq barədə çox danışıldı. Məşğələnin birinci günü Rus Dram Teatrının meydanında keçirildi. Amma üçüncü gün dinləyicilər o qədər artdı ki, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh xanım Əliyevanın həvəslə təqdim etdiyi auditoriyaya master-klassın işində praktiki iştirak edənlərlə yanaşı, yalnız müşahidə etmək istəyən yaşlı nəsil aktyorları və pedaqoqlar da gəlmişdilər.

- Siz, adətən, auditoriya ilə nəzərdə tutulan vaxtdan artıq işləmirsiniz. Niyə bu dəfə istisna etdiniz?

- Mən davam etməyə istək və hazırlıq gördüm. Bədənim fiziki cəhətdən yorulmasa idi, məşğələlər daha çox davam edərdi.

- İlk baxışdan sadə görünən bu məşğələlərin faydası nədir?

- Bunlar aktyor bədənini fiziki cəhətdən məşq etdirmək və möhkəmlətməklə yanaşı, onları daha ifadəli, dinamik, çevik və estetik baxımdan cəlbedici edir.

- Bu fənnin adı «səhnə hərəkəti və səhnə döyüşü»dür. Zamanla o dəyişibmi, yoxsa məşğələlərdə 20-30 il əvvəl keçilənlər tədris edilir?

- Nə danışırsınız? Əlbəttə, hər şey dəyişir. Bu, donmuş yox, çox hərəkətli formadır.

- Niyə? Məgər, keçən əsrin 70-ci illərinin aktyoru ilə bugünkü aktyorun səhnədə etdikləri arasında fərq var?

- Bu gün aktyor peşəsi onun fiziki təkmilliyinə həddindən böyük tələblər qoyur. Aktyor sintetik olmalıdır və çox şeyi bacarmalıdır: qılınc oynatmalı, döyüşməli, at çapmalı, rəqs etməli, jonqlyorluq etməli və s. Aktyorların qarşısında bu tələblər əvvəllər də qoyulurdu. Amma bu gün dünənkinə baxanda bunlar daha yaxşı və keyfiyyətli yerinə yetirilməlidir.

Və o, hazırda dünyanın çox teatr məktəblərində tədris edilən səhnə və ekran döyüşlərindən bir neçə tapşırıq göstərdi. Həm də özünün yaratdığı tapşırıqları da göstərdi. Bu, auditoriyanı həddindən çox maraqlandırmışdı. Hər kəs ustanın öyrətdiyi ən mürəkkəb elementləri sınaqdan keçirmək istəyirdi.

- Ali məktəbi bitirmiş aktyor neçə müddətdən bir bu tapşırıqları təkrarlamalıdır?

- Aktyor öz bədəni ilə həmişə məşğul olmalıdır. Aktyorun bədəni onun alətidir və onu həmişə ideal vəziyyətdə saxlamalıdır. Xarici və daxili, yəni ruhi və fiziki dünya arasında harmoniyanı həmişə qorumaq lazımdır.

- «Səhnə hərəkəti və döyüşləri» anlayışına hansı istiqamətlər daxildir? Axı, hətta böyük səhnə təcrübəsi olan bəzi aktyorların bu fənnin çağdaş teatr məktəbində rolu barədə təsəvvürləri təxminidir.

- Bütün bunlar sonradan aktyora teatrda və kinoda lazım olur. Psixo-fiziki vərdişlərin formalaşması, bu, həm dinamik stereotipdir, həm inkişaf etdirən treninqdir (koordinasiya, döşəmə ilə hərəkət), həm səhnə hərəkətinə dəstəkdir, həm tullanma hissəsidir, həm də əşyalarla işdir. Əşya kimi stol, stul, əsa, şlyapa, parça, yelpik götürülə bilər. Bunun hansı əşya olması vacib deyil. Əsas məsələ qəhrəmanın xarakterini necə dəyişməsidir. Təmas döyüşü və təmassız döyüş. Üslub. Yəni etiket üslub tədrisi. Bu, XVII-XIX əsrlərdir. Ayrıca əşyaya yönələn böyük bölümdür. Canlının biomexanik modelidir. Səhnə parter akrobatikasıdır. Musiqi - oyun tapşırıqlarıdır.

Sadalananlar auditoriyada heyranlıq yaratdı. Təbii ki, sual yarandı:

- Öz gücünüzü pedaqoq kimi çoxdan sınayırsız?

- 1993-cü ildən dərs keçirəm. Buna görə də, 90-cı illərin sonlarını indiki günlərlə tutuşduraraq əminliklə deyə bilərəm ki, aktyora qarşı tələblər yetərincə artıb. Tamamilə əminəm ki, aktyorun bədəni «uzunmüddətli yaddaş matrisasıdır».

Məşğələlər arasında bir az vaxt əldə edən İqor Kaçayev İçərişəhərə, Fəvvarələr meydanına və Bakı Bulvarına baş çəkib.

- Əvvəllər Bakıda olmuşdunuzmu?

- Altı yaşımdan bəri Bakıya gəlmək istəyirəm. Nəhayət ki, gəlib çıxa bildim!

- Niyə altı yaşından?

- Anamla tətilə çıxmışdıq! Onda təyyarəyə bilet tapmaq elə də sadə iş deyildi. Biz Düşənbəyə getdik, sonra Bakıya gəlməli idik. Amma gələ bilmədik, çünki təyyarəyə bilet yox idi.

- Deməli, arzularınız çin olur?

- Mən xoşbəxt adamam, çünki mənim arzularım gerçəkləşir. İndi mən buradayam. Elə də çox şey görməmişəm, amma bu yetərli oldu ki, uşaqlığıma döndüyümü anlaya bilim.

- Amma siz uşaqlıqda burada olmamısınız!

- Olmamışam. Amma mənim uşaqlığım - ümumi böyük evlə bağlı hisslərimdir. Orada hamı hamı üçündür və hər şey hamıya məxsusdur. Hətta əvvəl olmadığın şəhərin küçələri də.

- Əlbəttə. Razıyam. Ümumi böyük ev hissi daha çox hamını birləşdirən rus dilindən qaynaqlanırdı?!

 - Hə, yəqin ki, bu səbəbdən Bakı küçələrində, onun insanlarının arasında olmaq rahatdır. Təhlükəsizlikdə olmaq hiss verir. Tələbə və aktyorlarla da, bəlkə bu səbəbdən, mənim üçün çox asandır. Hətta əvvəllər heç getmədiyim küçələr mənə doğma və tanış gəlir. Elə hiss edirəm ki, şəhər məni bağrına basıb və bizim aramızda ürəkdən bağlılıq var.

Sonra jurnalistlərlə görüşündə, o, çağdaş Rusiya teatr məktəbindən, maraqlı plastika rejissoru peşəsindən, quruluş verdiyi işlərin təcrübəsindən, Rusiya, Avropa və Amerikanın müxtəlif teatr məktəblərinin aktyor treninqlərindən, Rusiya və Azərbaycan məktəblərinin arasında peşəkar teatr əlaqələrinin bərpa edilməsinin vacibliyindən çox danışdı.

- Bu gün Azərbaycan və Rusiya teatr məktəblərinin arasında yaradıcılıq və dostluq münasibətlərinin olması nə dərəcədə vacibdir?

- Biz İttifaqın dağılması ilə müəyyən anda bir-birimizi itirdik. Bu, çox pisdir. İndi biz yenidən proqramlaşdırılmalıyıq! Amma bu asandır. Axı, biz eyni dildə danışırıq: etibar, peşəkarlıq və mədəni maraq dilində. Bu, çox gözəldir ki, assosiasiya yaradılıb və o, yaradıcılıq, mədəniyyət, peşə və dostluq əlaqələrinin bərpası üzrə proqram gerçəkləşdirməyə yardım edir. Düşünürəm ki, səyyar master-klasslar bu yolda böyük və vacib layihənin yalnız başlanğıcıdır.

O, səmimi və həvəslə danışır. Bizim şəhərdə hər şey onun xoşuna gəlir. Hər şey onu heyran qoyur: maraqlı, demək olar ki, bir əsrlik tarixi olan Rus Teatrı da, bu yaxınlarda əsaslı təmirdən çıxmış universitet də.

- Siz universitetin auditoriyasına və dəhlizlərinə elə heyranlıqla baxırsınız. Niyə?

- Xoşuma gəlir! İşıqlı dəhlizləri və təsviri incəsənət əsərləri ilə bəzədilmiş divarları da, çağdaş işıqlı auditoriyası da, rektorun tələbələrlə münasibəti də, Azərbaycan qızlarının və qadınlarının valehedici zərifliyi də, müxtəlif yaşdan olan aktyorların bu master-klassa açıq peşəkar marağı da.

- Yəqin, buna görə siz fənnə böyük marağı görüb istisna etdiniz və praktiki məşğələlərə 30-dan artıq adam buraxdınız, bir qayda olaraq, sizin məşğələlərdə 20-dən artıq adam olmur.

- Əlbəttə! İnsanların öz sənətləri barədə daha çox öyrənmək istəyi məni ruhlandırır. Buna görə sonuncu məşğələ günü biz onlarla, demək olar ki, üç saat işlədik. Mənim üçün qürurverici idi ki, nə qədər məşğul olsalar da, universitetin rektoru Fərəh xanım Əliyeva və Rus Dram Teatrının direktoru tələbələrin bu master-klasslarda iştirakına baxmağa gəlmişdi! Fərəh xanımın öz tələbələrini adbaad tanıması məni heyran qoydu. Müəllimlər də gəlmişdi, onlar məşğələlərdə iştirak etdilər və fənn üzrə çox sayda suallar verdilər…

- Bu üç gündən sonra hansı nəticəyə gəldiniz?

- Bir nəticəyə: biz bir-birimizə çox vacibik. Yaradıcılıqda bir-birindən ayrı yaşamaq olmaz. Mən plastiki tərbiyə sahəsində Azərbaycan teatr məktəbinin işləri barədə heç nə bilmirəm. Amma eşitmişəm ki, siz də pantomima teatrı var. Təəssüf ki, mənim Bakıya qısamüddətli səfərim nə bu teatrda, nə də başqalarında olmağa imkan yaratmadı.

- Bakıda bir daha olmaq planlarınıza daxildirmi?

- Mən universitetlə yaradıcılıq ünsiyyətini davam etdirmək, şəhəri, ölkəni və onun mədəniyyətini daha yaxından və daha yaxşı tanımaq istəyərdim. Buraya öz xanımımı və qızlarımı gətirmək istəyirəm, çünki doğmalara və dostlara göstərmək üçün şəhərin və insanların gözəlliyini özümlə aparmaq mümkün deyil. Bu barədə danışmağa isə söz çatmır.

- Bəs, özünüzlə nə aparırsız?

- Mənim təəssüratlarımı, gözəl xatirələri, bu şəhərə aşiqliyimi və yeni görüş barədə arzularımı!

- Amma sizin arzularınız həmişə gerçəkləşir. Deməli, bu da çin olacaq!

Peterburq teatr məktəbinin müəllimi İqor Sergeyeviç Kaçayev qısa üç gün ərzində özünü tələbələrə və gənc aktyorlara sevdirə bildi, onlar öz müəllimləri ilə vidalaşan zaman ümid edirdilər ki, master-klasslar gələcəkdə də davam etdiriləcək…



MƏSLƏHƏT GÖR:

350