18 Aprel 2024

Cümə axşamı, 21:08

«TOMAT MÜHARİBƏ»

Rusiyaya tomat tədarük edənlər arasında rəqabət son həddə çatır

Müəllif:

01.11.2017

Pomidor çox sayda salatın, əsas xörəklərin tərkibində olur. O, il boyu süfrəyə istər tər, istər turşuya qoyulmuş, duzlu şəkildə verilir. Pomidor çox yayılmasına, dünyanın istənilən ölkəsinin mətbəxində yer almasına baxmayaraq, ona ilkin tələbat malı kimi yanaşmaq, yəqin ki, heç kəsin ağlına gəlməzdi.

Lakin bütün bunlara baxmayaraq, pomidor ticarət müharibəsinin yeni subyektinə çevrilə bilər. Bu, onu buğda, süd, polad və enerji resursları ilə bir cərgəyə qoyur.

 

Pomidor ixtilafı

2015-ci ilin noyabrında Türkiyə-Suriya sərhədində Rusiya bombardmançı təyyarəsilə bağlı baş vermiş insidentdən sonra Moskva ilə təyyarəni vurmuş Ankara arasında ticarət əlaqələri tam dondurulmuşdu. Sonradan tərəflər ziddiyyəti bir qədər aradan qaldırsalar da, ikitərəfli münasibətlərdə nə qədər qəribə səslənsə də, pomidor əsas ixtilaf mənbəyi olaraq qalıb. Rusiya bazarını Türkiyə pomidorlarına tam açmaq istəmir. Qeyd edək ki, tərəflərin məhdudiyyətlərə əl atmasınadək Türkiyədən Rusiyaya ildə 300 min ton pomidor daşınırdı. Bu, Rusiyaya ümumi pomidor idxalının yarısı deməkdir.

Problem iki ölkə prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşlərində də qaldırılıb. Onların 2017-ci ilin mayında baş tutmuş son görüşündə bütün ticari və iqtisadi maneələrin aradan qaldırılmasına dair razılıq da əldə edilib. Lakin pomidor məsələsi yenə də həllini tapmır. Sözügedən görüşdə Putin bildirmişdi ki, Rusiya istehsalçıları pomidor yetişdirilməsi üçün istilikxanaların tikintisinə xeyli pul xərcləyib və onların bu xərclərini çıxarması üçün zamana ehtiyac var. Bu, təbii ki, Türkiyə tərəfini razı sala bilməzdi və Ankara pomidor tədarükünə dair danışıqları ondan sonra da davam etdirməyi lazım bilib.

Nəhayət, iqtisadi-ticari əməkdaşlığa dair birgə hökumətlərarası komissiyanın son iclasında tərəflər Rusiyaya ildə 50 min ton pomidorun tədarükünə dair razılığa gəlib. Bu, əlbəttə ki, münasibətlərin pisləşməsinədək tədarük olunan 300 min tonla müqayisədə ciddi rəqəm deyil. Lakin Rusiya tərəfi daha sərt iqlim şəraitini nəzərə alaraq, daxili istehsalçıların müdafiəsi siyasətinə ciddi yanaşmaq fikrindədir.

 

«Rosselxoznadzor»un nəzarəti

Digər ölkələrdən pomidor idxalı şərtlərinin sərtləşdirilməsi də məhz bununla bağlıdır. Məsələn, «Rosselxoznadzor»da hesab edirlər ki, Türkiyə pomidorları Rusiya bazarlarına MDB ölkələri, məsələn, Azərbaycan, Ermənistan və Belarus vasitəsilə qaçaqmalçılıq yolu ilə də daxil ola bilər. Qurumun oktyabrın 12-də yaydığı açıqlamada bildirilir ki, son zamanlar Rusiyaya gətirilməsi qadağan olunmuş bitki məhsullarının Ermənistan, Azərbaycan və Belarusa idxal həcmində kəskin artım var. Bu ölkələrin ərazisinə daxil olan həmin məhsulların sonradan Rusiyaya daşınmasına cəhd edilir. «Rosselxoznadzor»dan bildirirlər ki, bu zaman onların guya sözügedən ölkədə istehsal olunduğu qeyd olunur.

Qurum belə məhsulların Rusiya ərazisinə daxil olmasının qarşısını almaq üçün onların üzərində istehsalçının dəqiq ünvanının göstərilməsini tələb edir.

Rusların bu tələbinin ilk «qurban»ı Azərbaycandan aparılan 2 partiya pomidor olub - məhsul Dağıstanda saxlanılıb. Doğrudur, məsələ bir neçə günə həllini tapıb və 33 ton pomidorun rusiyalı istehlakçılara satılmasına icazə verilib.

 

Bakı pomidorunun dadı

Rusiya bazarlarında meyvə-tərəvəz, o cümlədən tomat çatışmazlığı, əslində, 2016-cı ildə Türkiyədən tədarükə qadağa qoyulması ilə yaranmayıb. Moskvanın ABŞ başda olmaqla, Qərblə qarşıdurması və sonda Krımın Rusiyaya birləşdirilməsi tərəflər arasında sanksiyalar savaşına yol açıb. Nəticədə, Rusiya Qərbin maliyyə sanksiyalarına cavab olaraq, ərazisinə çox sayda kənd təsərrüfatı və ərzaq məhsulunun gətirilməsini qadağan edib. Antirusiya sanksiyalarına dəstək verməyən ölkələr arasında isə Azərbaycanla Türkiyə də yer alırdı. Müvafiq olaraq, Rusiya bazarda meyvə-tərəvəz qıtlığının aradan qaldırılması, qiymət artımının önlənməsi üçün antirusiya sanksiyalarına dəstək verməyən bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla qısa zamanda danışıqlara başlayıb. Rusiyadan bir neçə nümayəndə heyəti qısa zaman kəsiyində ard-arda Bakıya səfərlər edib. Nəticədə, tərəflər arasında kənd təsərrüfatı məhsullarının və ixracını da nəzərdə tutan 48 qarşılıqlı anlaşma memorandumu imzalanıb. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, hazırda həmin memorandumlara əməl olunması üçün məqsədyönlü iş aparılır. «Biz öz tərəfimizdən istehsalçı və fermerləri Rusiya bazarlarına çıxışla bağlı yaradılmış əlavə imkanlar haqda məlumatlandırır, məhsulun istehsalı və ixracının stimullaşdırılması üçün müxtəlif mexanizmlərdən istifadə edirik», - deyə Ş. Mustafayev bildirib.

Onun sözlərinə görə, 2014-2016-cı illərdə qapalı sahələrdə pomidor istehsalı üçün ayrılmış ərazi 1,6 dəfə artıb. Yalnız Abşeronda yeni örtülü şitilliklərin yaradılması hesabına 2015-ci ildə 8,8 min ton təşkil etmiş pomidor yığımı 2016-cı ildə 46,5 min tona çatıb.

Əlbəttə ki, məhsul istehsalında bu dərəcədə ciddi artım ciddi də vəsait tələb edir. Azərbaycanda sahibkarları ixrac təyinatlı məhsulların istehsalının artırılmasına stimullaşdırılması üçün poohreniə otraslevıx investiüiy mexanizmindən istifadə olunur. İz vıdannıx 130 dokumentov po poohreniö investiüiy na 1,25 mlrd. manatov 26 proektov prixodilisğ na sovremennıe tepliüı, v stroitelğstvo kotorıx bılo vlojeno 342 mln. manatov.

Azərbaycanda müasir örtülü şitilliklərin tikintisi bu il də durmadan artır və «Rosselxoznadzor»un nümayəndələri Azərbaycana gəlməklə, bunun şahidi ola bilərlər.

 

Təkrar ixrac istisnadır

Bir tərəfdən Rusiyanın Türkiyə pomidorlarının Azərbaycan vasitəsilə bu ölkəyə təkrar ixrac oluna biləcəyindən narahatlığı anlaşılandır. Respublika Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında meyvə-tərəvəz ixracı 341,3 min ton təşkil edib və bu, ötən ilin 9 ayının göstəricisilə müqayisədə 64% çoxdur. Məhsulu pula çevirsək, söhbət 306,5 milyon dollardan (41,5%-lik artım) gedir.

Lakin Azərbaycan tərəfi İqtisadiyyat Nazirliyi səviyyəsində pomidorun təkrar ixracının həyata keçirilmədiyini birmənalı şəkildə bəyan edib.

«Türkiyə pomidorlarının qeyri-qanuni olaraq Rusiyaya ixracı haqda deyilənlərə gəlincə, «MDB-də məhsulun mənbəyi olan ölkənin müəyyən edilməsi Qaydaları»na əsasən, məhsulun mənbəyi haqda sertifikat istehsalçı ölkənin ərazisində torpaq, istixana və s. ərazisindəki ekspertizadan sonra verilir. Mallar təqdim olunmuş sənədlərə, həmçinin qablaşdırma və markalanmaya görə yoxlanılır», - deyə nazir bildirib.

Bundan başqa, Azərbaycanda pomidor istehsalının artdığı nəzərə alınaraq, bu məhsulun ixracı üçün hər kiloqrama 0,4 dollar rüsum tətbiq olunmağa başlayıb. Nəticədə, 2017-ci ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən pomidor idxalı həcm olaraq 81%, dəyər olaraq isə 76% azalıb. Bu ilin mayından isə ölkəyə Türkiyədən, ümumiyyətlə, pomidor gətirilməyib.

«Rüsumun tətbiqindən sonra pomidorun hər kiloqramının idxal qiyməti 1,15 dollara yüksəlib. Rusiyada isə bu məhsulun orta qiyməti 0,97 dollardır. Demək, Türkiyədən Rusiyaya pomidorun təkrar ixracı effektli deyil», - deyə Ş.Mustafayev qeyd edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə bildirib ki, bu ilin 9 ayı ərzində Rusiyaya pomidor ixracı 132 tonu aşıb. Ümumilikdə, 2016-cı ildə bu, 100 min ton olmuşdu. Eyni zamanda Türkiyədən ölkəyə pomidor idxalı 17 min tondan 3,5 min tonadək azalıb.

 

«Tomat müharibəsi» ərəfəsində

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, 2016-cı ilin yekunlarına görə, aqrar məhsulların ixracında pomidor 2-ci yerdə olub. O, Azərbaycana 94 milyon dolllar gəlir gətirib. Bu il isə pomidor bu siyahıda əsas rəqibi olan fındığı (ötən il 105 milyon dollarlıq ixrac qeydə alınıb) geridə qoya bilər. Yeni örtülü şitilliklərin istifadəyə verildiyini nəzərə alsaq, pomidor ixracından ölkəyə 180 milyon dollar gəlir gələcəyini söyləmək mümkündür.

Əlbəttə ki, bu, tərəvəz becərilməsi üçün saysız-hesabsız yeni örtülü şitilliklər yaratmış Rusiyanın pomidor istehsalçılarında gərginlik yaradır. Çünki onların xaricdən gətirilən pomidorlarla rəqabət aparması asan olmayacaq. Üstəlik, Ermənistan və Belarusdan da pomidor ixracının artması vəziyyəti daha da çətinləşdirir. Rusiyalı iş adamları Belarus və Ermənistan sahibkarlarının Avropa İttifaqı ölkələrindən, Türkiyədən pomidor alaraq, onu öz məhsulları kimi, Rusiya bazarlarında satmağa çalışacağından narahatdırlar. Məsələ ondadır ki, bu iki ölkə Avrasiya İqtisadi İttifaqının üzvü olduğundan, Rusiyaya məhsul tədarükündə xüsusi güzəştlərə malikdirlər. Bütün sadalananlara noyabrın 1-dən Rusiyaya Türkiyədən 50 min ton pomidorun tədarükünə başlanılacağını da əlavə etsək, qızışmaqda olan «tomat müharibəsi»ndən qaçmağın mümkünsüzlüyü ortaya çıxır.

İndi daha bir narahatlıq istənilən ticarət savaşında olduğu kimi qiymətlərin sürətlə ucuzlaşa biləcəyilə bağlıdır. Artıq bu tendensiya hiss edilməkdədir - məsələn, Azərbaycandan pomidor ixracı kəmiyyətcə 64% artıbsa, dəyər olaraq cəmi 41% artıb.

Bu vəziyyət Azərbaycan sahibkarları üçün bir yandan pomidor tədarükü üçün yeni bazarların axtarışını, digər tərəfdən isə tomat hazırlanması və bazara artıq konservləşdirilmiş məhsulların çıxarılmasını labüd edə bilər.



MƏSLƏHƏT GÖR:

396