28 Mart 2024

Cümə axşamı, 18:10

REAL MƏHSULLAR ÜÇÜN VİRTUAL BAZAR

Azərbaycanın ticarət qovşağı ölkəni tamamilə yeni ticarət münasibətləri səviyyəsinə çıxaracaq

Müəllif:

01.11.2017

Azərbaycanda neftdən sonrakı dövr üçün islahatlar fonunda ixracyönümlü müxtəlif məhsulların istehsalına maraq yetərincə artıb. İnsanlar Bakının tikinti meydançalarından doğma kəndlərinə dönüb əkin-biçinə, öz təsərrüfatlarını inkişaf etdirməyə başlayıblar. Lakin iri şirkətlər müstəqil şəkildə xarici bazarlara çıxmağa çətinlik çəkməsə də, kiçik və orta biznesə bu işdə mütləq dəstək və vasitəçilik tələb olunur. Azərbaycanda bu missiya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) həvalə edilib. İndi sahibkarın kompüter qarşısında bir neçə saat keçirməsi yetərlidir ki, əlverişli sövdələşmə bağlaya bilsin.  

Qeyd etmək lazımdır ki, Azərbaycan qısa müddət ərzində müasir elektron ticarət sahəsində sıçrayışa nail ola bilib. Ölkə bu sahədə əminliklə regional lider roluna iddia edə bilər, bunun üçün lazım olan hər tədbir görülür. Media-sponsorlarından biri «Region plus» jurnalı olan "Azərbaycanın rəqəmsal ticarət qovşağı: inkişaf perspektivləri" adlı beynəlxalq konfransında bütün bunlar müfəssəl müzakirə edilib.

 

Bölgənin «Alibaba»sı

Bəllidir ki, artıq bir ilə yaxın, yəni 2016-cı ilin dekabrından İİTKM-in birbaşa təşəbbüsü ilə «www.azexport.az» portalı fəaliyyət göstərir. Portalın qlobal missiyası adından göründüyü kimi, Azərbaycanın ixrac imkanlarının genişləndirilmək, yerli istehsal malları haqqında məlumatın verimək, həmçinin onların xarici və daxili bazarlarda satışı üçün əlverişli platforma olmaqdır.  

Bu missiyanın ilk nəticələrinin rəqəmlərlə ifadəsi son dərəcə müsbətdir: bu ilin 9 ayı ərzində Azərbaycan istehsalçıları «Azexport»un vasitəsi ilə toplam dəyəri 355,8 mln. $ olan məhsula sifariş alıblar. Özü də portala daxil olan sifarişlərin 18,2%-i Rusiyanın, 6,7%-i Türkiyənin, 6,3%-i Ukraynanın, 4,9%-i Hindistanın, 4,6%-i ABŞ-ın payına düşür. Ümumiyyətlə, dünyanın 60 ölkəsindən sifarişlər qeydə alınıb.  

Təmizlənmiş fındıq, alma, xiyar, pomidor və başqa meyvə-tərəvəz məhsulları, pambıq yağı, həmçinin müxtəlif içki növləri və mebel alıcılarda xüsusi maraq doğurur. Manatın dünyanın aparıcı valyutalarına münasibətdə aşağı məzənnəsi nəzərə alınarsa, bu zaman bəzi məhsulların rəqabət qabiliyyəti yetərincə yüksək qiymətləndirilir.  

Keçən ay «Azexport» beynəlxalq elektron platformalarında elan edilmiş və Azərbaycan sahibkarlarının maraqlarına uyğun gələn tender və sifarişlərin təqdimatına başlayıb. Başqa sözlə, yerli biznesmenlər indi öz mal və xidmətləri üçün alıcını həddindən asan tapacaqlar, həm də başqa bazarların tələbatını anlayaraq təhlil edə biləcəklər.  

Ən populyar elektron ticarət platformalarına inteqrasiya olunmuş «Azexport.az» Azərbaycan məhsullarını dünyanın istənilən nöqtəsinin potensial alıcısı üçün əlçatan edir. «Alibaba» ilə yanaşı, «Azexport» portalı həm də «All.biz», «TradeKey», «Amazon», «Agroserver» kimi populyar onlayn satış portallarına inteqrasiya olunub. «Azexport.az»a öz dəstəyini «DHL», «FEDEX» kimi daşınmalarda ixtisaslaşmış iri şirkətlər, «PayPal», «2Chekout» kimi ödəniş sistemləri, elektron nəhəngi «Microsoft» və, nəhayət, BMT-nin İnkişaf Proqramı nümayiş etdirir.  

Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, portal populyarlıq qazanıb və «Alibaba.com» portalında «Gold Supplier» («Qızıl təchizatçı») statusu qazanıb. Bundan əlavə, «Alibaba» öz rəsmi səhifəsində məqalə yerləşdirərək «Azexport» portalının fəaliyyətini uğurlu əməkdaşlıq nümunəsi kimi təqdim edib.  

Ümumiyyətlə, elə ilk başdan «Azexport»un iddialı planlarına bizim regionun «Alibaba»sına çevrilmək daxil idi. Bu yolda önəmli addım portalın meydançasında onun bir bölməsi kimi yaradılmış Rəqəmsal Ticarət Qovşağının (RTQ) işə salınması olub. Yada salaq ki, RTQ Prezident İlham Əliyevin 23 fevral 2017-ci il tarixli «Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında » fərmanı ilə yaradılıb.

 

Əməkdaşlıq modeli  

Beləliklə, Rəqəmsal Ticarət Qovşağı nədir və ticarət münasibətlərinin inkişfı məsələsində niyə ona böyük ümidlər bağlayırlar? Azərbaycan Respublikası Prezidentinin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin sektor müdiri Elxan Mikayılovun sözlərinə görə, RTQ Azərbaycanın beynəlxalq ticarətə inteqrasiyasının yeni mərhələsidir, yeni meyillər Azərbaycanın birbaşa regional ticarət qovşağına çevrilməsini tələb edir.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, RTQ postsovet məkanında dövlət və özəl sektorun əməkdaşlığının ilk və çox uğurlu modeli oldu, həmçinin o, Azərbaycan məhsullarının ixracını yetərincə genişləndirməyə və ölkəyə həm portfel, həm də birbaşa sərmayələrin axınını artırmağa imkan yaradır. Bundan əlavə, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı həm Böyük İpək yolu, həm də vahid Avropa elektron məkanı çərçivəsində rəqəmsal fəza yaradılması baxımından böyük önəm daşıyır.

"İmzaların Avropa Birliyi və Rusiya tərəfindən tanınması, transsərhəd elektron iqtisadiyyatının inkişafı məqsədi ilə imzalanmış qarşılıqlı anlaşma barədə memorandumlar Azərbaycanın rəqəmsal ticarət mövqelərini möhkəmləndirəcək. Hazırda İpək yolu üzrə rəqəmsal platforma yaradılması haqqında Çinlə danışıqlar aparılır. Bu, həm də bütün müsəlman dünyasında elektron ticarətin inkişafının vacib institutudur”, - deyə V.Qasımlı bildirib. O, həmçinin xatırladıb ki, bu yaxınlarda ISESCO və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı arasında əməkdaşlıq sazişi imzalanması da 50 müsəlman ölkəsinin qapılarını Azərbaycan ixracatçıları üçün açır.  

"Biz hətta düşünürük ki, bir sıra siyasi və ya iqtisadi səbəblərə görə ikitərəfli əsasda elektron əlaqələr qura bilməyən ölkələr Azərbaycan vasitəsi ilə bunu edə bilərlər", - deyə mərkəzin icraçı direktoru bildirib.

Yeri gəlmişkən, konfrans çərçivəsində Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə bir sıra tanınmış şirkətlər - Rusiyanın "QazinformServis" şirkəti, Polşanın «Asseco Data Systems» şirkəti və İsveçrənin «OrientSwiss» şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Ticarət dünyasına "vahid pəncərə"

RTQ-nin mahiyyəti sadə bir şəkildə izah edilərsə, qovşaq ilk növbədə ixrac üçün elektron "vahid pəncərə" kimi fəaliyyət göstərən çoxfunksiyalı bir platformadır. Yəni hər hansı bir Azərbaycan ixracatçısı ofisdən çıxmadan, kompüterdən və ya mobil qurğudan istifadə edərək məhsulun ixracı və qeydiyyatı ilə bağlı bütün lazımi prosedurlardan keçə bilər. Bundan əlavə, RTQ Azərbaycanda qeyri-rezidentlərə məhdud məsuliyyətli şirkət və bank hesabları açmaq, əməkdaşları işə götürmək, elektron imza və ASAN imza almaq üçün əməliyyatlar həyata keçirmək imkanı yaradır.  

"ASAN İmza şəxsiyyəti müəyyənləşdirməyə, eləcə də Azərbaycan qanunları ilə əl imzasına bərabər tutulan elektron imzanı qoymağa imkan yaradır. Bu, elektron xidmətlərin inkişafı üçün əla vasitədir. ASAN İmzanın yardımı ilə bu gün elektron vergi bəyannamələrinin təqdim edilməsi, gömrük xidmətində malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələri

barədə məlumatların qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatını və s. gerçəkləşdirir, " - deyə ASAN İmza xidmətlərinin operatoru olan «B.EST Solutions» Azərbaycan şirkətinin rəhbəri Yana Krimpe əlavə edib.

Xarici tərəfdaşların hesablaşma aparmaqda çətinlik çəkməməsi üçün regionda ilk dəfə olaraq elektron pul kisəsi yaradılır. "Bu cür narahatlıqlar, xüsusilə də ilk dəfə alqı-satqı prosesi həyata keçirən tərəfdaşlar arasında müşahidə edilirdi, çünki onlar hələ ki bir-birlərinə xüsusi etibar göstərmirlər. Elektron pul kisəsi ticarət prosesi tamamlanana qədər "diri pulları" saxlamağa imkan verir və yalnız bundan sonra hesablaşma aparılır", - deyə V.Qasımlı bildirib.

RTQ layihənin meneceri Nicat Əsədli bildirib ki, qovşaq artıq Azərbaycandan 1500 sahibkara xarici bazarlara çıxmaqda kömək edib.

"Rəqəmsal ticarət qovşağının perspektivlərindən danışılarsa, qeyd etmək yetərlidir ki, 2015-ci ildə dünya üzrə elektron ticarətin həcmi 25 trln. $ təşkil edib, özü də həmin vaxt dünyanın ümumi internet istifadəçilərinin sayı 3,5 milyard olub və onların yalnız 50%-nin xarici bazarlara çıxışı olub. Əgər 10 aparıcı elektron ticarət meydançasının göstəricilərinə baxılarsa, onların, təxminən, 1 milyard istifadəçisi var. Bu göstəricilər ildən-ilə dəfələrlə böyüyür", - deyə Əsədli vurğulayıb.

Qeyd etmək lazımdır ki, RTQ indi start rejimindədir və qovşağın bir sıra funksiyaları hələ də sınaqdan keçirilir. Şübhəsiz, əgər layihənin müəllifləri tərəfindən müəyyən edilmiş bütün hədəflər əhatə olunarsa, o, Azərbaycanı tam fərqli - innovasiyalı, demək olar ki, məhdudiyyətsiz və əlbəttə, əlverişli ticarət münasibətlərinə çıxaracaq.



MƏSLƏHƏT GÖR:

353