24 Aprel 2024

Çərşənbə, 06:32

MALİYYƏ SİSTEMİNİN «KARTON EVCİYİ»

İqtisadçılar Avropada tezliklə baş verəcək bank böhranı və dünya iqtisdiyyatında gözlənilən problemlər barədə xəbərdarlıq edirlər

Müəllif:

01.11.2017

Avropada yeni bank böhranı ehtimalını və hətta bazarın iri iştirakçılarının müflis ola bilməsi riskini müzakirə etməyə başlayıblar. Elə bu yaxınlarda mətbuata sızan məlumata görə, Avropa ölkələrinin hakimiyyət orqanları bank müştərilərinin aktivlərini hesablarda elə dondurmaq ehtimalını nəzərdən keçirirlər ki, böhran halında onlar vəsaitlərini çıxara bilməsinlər. Doğrudur, bütün bunlar təklif və müzakirə mərhələsində olsa da, ekspertlər vəziyyətin, həqiqətən, narahatverici olduğuna əmindirlər.

Ötən il Avropa Bankçılıq Administrasiyası (European Banking Authority - EBA) stress-testlər vasitəsilə aparıcı Avropa banklarının (ümumilikdə 51 təşkilatın) maliyyə vəziyyətinin qiymətləndirilməsini aparıb. 2016-cı ilin iyul ayının sonunda EVA testlərin nəticələrini açıqlayıb və gəldiyi nəticəyə görə, yoxlanılan bankların vəziyyəti, bütövlükdə, "qənaətbəxş" olub. Amma bəzi banklar kapitalın yetərliliyi baxımından tələb olunan minimal standarta (4.5%) yaxın olublar.

Bunun ardınca Beynəlxalq Valyuta Fondunun (BVF) tam diametral əks qiymətləndirilməsi dərc olunub ki, BVF əminliklə bildirib: yaxın illərdə Avropa banklarının üçdə biri "ölməlidir", halbuki ABŞ-da bankların yalnız dörddə biri təhlükə altındadır. Həm də Avropa İttifaqının bank sistemində 31 trilyon dollar vəsait mövcuddur, ABŞ bank sisteminin nəzarətində isə yalınz 16 trilyon ABŞ dolları var. Belə çıxır ki, BVF-nin qiymətləndirməsinə görə, yaxın illərdə Avropa İttifaqı toplam aktivləri $10 trilyon olan bankları itirəcək, ABŞ-ın itirəcəyi bankların toplam aktivi isə yalnız $4 trilyon olacaq. Yəni Avropa bank sistemi ABŞ bank sistemi ilə müqayisədə daha az sabitdir və bank böhranı olarsa Avropaya dəyə biləcək zərər Birləşmiş Ştatlara dəyə biləcək zərərlə müqayisədə daha ağır olacaq.

Yeni həyəcan siqnalı kimi İspaniyanın «Banco Popular» bankının müflisləşməsini göstərmək olar. Bu bank əlverişsiz daşınmaz əmlak satışından böyük itkilərlərlə üzləşib, nəticədə səhmdarların onu simvolik 1 avro qiymətinə «Santander» bankına satıblar. Digər namizəd İtaliyadır, daha doğrusu, Alp ətrafında borc artımının kritik səviyyəyə çatdığı bank sektorudır. İtaliya hökuməti iki Venesiya bankının - «Popolare di Vicenza» və «Veneto Banca»nın xilası üçün 17 milyard avro göndərmək qərarına gəlib.

Lakin bütün bunlar Avropanın ən böyük bankı «Deutsche Bank» ətrafında davam edən gərginlik ilə müqayisədə bir şey deyil - ona son illərdə bir-birinin ardınca iri cərimələr yazırlar ki, bunlar son illərdə bankın sabitliyini ciddi şəkildə sarsıdıb və hətta onun iflasının mümkünlüyü haqqında söhbətlərə səbəb olub.  

Yada salaq ki, bir il əvvəl ABŞ Maliyyə Nazirliyi 2008-ci il böhranından əvvəlki dövrdə ipoteka kağızlarının qiymətləri ilə manipulyasiya haqqında iş üzrə iddiaların nizamlanması üçün «Deutsche Bank»a $14 milyard ödəməyi təklif etmişdi. Nəticədə, tərəflər bu məbləğin yarısı barədə razılaşdılar. Amma elə buna qədər «Deutsche Bank» 2015-ci ilin nəticələrinə görə 6,8 milyard avro zərər edərək bazar kapitallaşmasının yarısını itirmişdi (təxminən, 1,4 milyard avro zərər isə 2016-cı ildə olmuşdu), sonra bank növbəti iki il üçün dividend ödəməkdən imtina etdi. Nəticədə, bankın kapitallaşma səviyyəsi Avropa üzrə ən aşağı səviyyələrdədir.

Bu il də «Deutsche Bank»a qarşı cərimələr bir-birinin ardınca gəlir. Mayın sonlarında ABŞ Federal Rezerv Sistemi bankı pulların yuyulmasının qarşısını almaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə $4 milyon ödəməyə məcbur edib. Bu ilin yanvar ayında bank ABŞ-da Rusiya səhmləri ilə "güzgü əqdləri" sxeminə görə $425 milyon cərimələnib. Nyu-York Maliyyə Xidmətləri Departamentinin məlumatına görə, bu məsələyə Rusiyada səhmlər almış, sonra həmin qiymətli kağızları «Deutsche Bank»ın London şöbəsi vasitəsilə satmış müştərilər, eləcə də digər maraqlı tərəflər cəlb olunublar. Əməliyyatların bir hissəsi bankın Nyu-Yorkdakı ofisindən keçirilib.

Bu il mart ayının sonunda Konnektikut ştatının məhkəməsi qərara alıb ki, «Deutsche Bank Group Service» faiz dərəcələri ilə manipulyasiya etdiyinə görə $150 milyon ödəməlidir. Aprel ayında Federal Rezerv Sistem alman bankına daha 156 milyon dollar cərimə kəsib, səbəb valyuta bazarlarında təhlükəli əməliyyatlar aparılmasıdır. Daha 170 milyon dollar isə «Deutsche Bank»ın digər banklarla birlikdə banklararası «Euribor» təklifləri ilə bağlı manipulyasiyalar etməsindən şikayətçi olan sərmayəçilərin iddialarını həll etmək üçün xərclənəcək. Bu zaman Britaniya «Barclays»ı $94 milyon cərimə ödəməli olacaq. İşin digər iştirakçısı olan HSBC isə məsələnin həlli üçün $45 milyon ödəmək barədə razılığa gəlib.

Təbii ki, Almaniya hakimiyyətinin «Deutsche Bank»ı dəstəkləməkdən imtina etməsi fonunda, Avropanın ən əhəmiyyətli bank qurumlarından birinin maliyyə mövqelərinin zəifləməsi bütün Avropa bank icması üçün təsirsiz qala bilməz.

Beləliklə, Avropa hakimiyyət orqanlarının yeni bir böhran təhlükəsi ilə bağlı ehtiyat tədbirləri niyyəti yetərincə başadüşüləndir. Belə olan halda aktivlərin dondurulması yalnız müvəqqəti addım olacaq. Məqsəd, məsələn, «Royal Bank of Scotland»ın iflas ərəfəsində olduğu 2008-ci ildə müşahidə olunmuş çaxnaşmadan xilas olmaqdır, bank yalnız dövlətin səyləri və milliləşdirmə sayəsində qurtulmuşdu. Nə olubsa, olub, amma on ildən sonra da onun vəziyyəti hələ də arzuolunmaz haldadır ki, bu da bir sıra təşkilatlar üçün risklərdən xəbər verir.

Ancaq həmin «Deutsche Bank» da gözlənilən böhranın qarşısını almaq üçün əlavə tədbirlərə çağırır. Belə ki, bankın baş direktoru Con Krayan bu yaxınlarda bildirib ki, Avropa Mərkəzi Bankı (ECB) avronun nə dərəcədə güclü olmasına baxmayaraq, həddindən artıq stimullaşdırıcı kredit-pul siyasətindən çəkilməyə başlamalıdır. Onun sözlərinə görə, "ucuz pullar" dövlətlərə və banklara böhrandan çıxmaqda yardımçı olsalar da, onlar həm də "daha əhəmiyyətli dəyişikliklərə" səbəb olublar. O, xüsusən də inkişaf etmiş ölkələrdə daşınmaz əmlakın rekord yüksək qiymətlərini, habelə fond bazarının davam edən artımını göstərib.

"Avropada "ucuz pullar" dövrü güclü avroya baxmayaraq, sona çatmalıdır. Mən Federal Rezerv Sisteminin fəaliyyətini alqışlayıram, indi də ECB-nin yavaş-yavaş həddində yumşaq monetar siyasətdən uzaqlaşmaq niyyəti barədə siqnallarını dəstəkləyirəm ",- deyə Krayan bildirib.  

Ancaq qeyd edib ki, mərkəzi banklar istənilən halda maliyyə bazarlarında kəskin itkilərin qarşısını alacaq mövqeyə riayət etməlidirlər.  

Bununla yanaşı, ekspertlər böyük həyəcanla gizli bankinqin bazara təhlükəli təsirindən danışırlar, ofşorlara əsaslanan və klassik bank sistemi tənzimlənməsindən gizlənən bu banklar paralel maliyyə şəbəkələri vasitəsilə fəaliyyət göstərirlər. Fransa Bankının məlumatına görə, 2002-ci ildə bu paralel maliyyə sektorunda əməliyyatların toplam həcmi 25 trilyon dollar təşkil edib. Maliyyə Sabitliyi Şurasının hesabatına görə, 2015-ci ildə bu məbləğ 92 trilyon dollara çatıb. Bundan başqa, Fransa Bankı qeyd edir ki, 2014-cü ildə kölgə bank sektorundan keçən məbləğlərin yarısı özü ilə "sistem riski" daşıyıb.

Eyni zamanda maliyyə və bank böhranları müəyyən dərəcədə dünyanın indiki liderlərinin siyasi iradəsindən asılıdır. Belə ki, yeni Amerika prezidenti Donald Trampın sələfləri tərəfindən təsdiqlənmiş bəzi normaları dəyişmək barədə planları maliyyə sahəsində sui-istifadələrin qarşısını almaq məqsədi daşıyır.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması da sabitliyin pozulmasında öz rolunu oynayır. Hazırda həm bu qərarın nəticələrini, həm də Britaniya hakimiyyətinin maliyyəçilərin fəaliyyətini məhdudlaşdıran tədbirlərini qiymətləndirmək çətindir. Amma London tənzimləməni zəiflədə də bilər, bax onda maliyyə platformaları arasında kəskin mübarizə başlayacaq.

Eyni zamanda Köhnə Dünya maliyyə və bank sektorunda müşahidə olunan bütün bu böhran ehtimalları həm də ona görə təhlükəlidirlər ki, onlar təkcə bu qitənin sərhədləri arasında məhdudlaşmırlar. İqtisadiyyat üzrə 18 Nobel mükafatı laureatı bu yaxınlarda yeni bir dünya böhranı ilə əlaqədar təşviş dolu proqnozlar açıqladılar, bununla da, maliyyə dünyasının böhranlara dayanıqlılığı barədə fikirləri şübhə altına saldılar.  

İqtisad elminin dühaları xəbərdarlıq edirlər ki, ötən illərdəki islahatlara baxmayaraq, nəzarətlə bağlı boşluqlar hələ də mövcuddur. Ekspertlərin sorğuya cəlb edilməsinin əsas səbəbi ABŞ Federal Rezerv Sisteminin rəhbəri Canet Yellenin bəyanatı olub. İyunun sonunda sensasiyalı nitqində, o bildirib ki, bizim dövrümüzdə maliyyə böhranı olmayacaq. Bir sözlə, iqtisadçılar onunla razılaşmırlar. Birjada işlərin yaxşı vəziyyətdə olması və konyunkturun dayanıqlı olmasına baxmayaraq, sabitliyin başladığına inanmaq yanlışdır.

«Mən buna inanmazdım… Hər dəfə biz düşünəndə ki, müflisləşmə bundan sonra olmayacaq, risk bir qədər də artır», - deyə 2016-cı il üzrə Nobel mükafatı laureatı Bengt Holmstrem bildirib.  

Onun həmkarı, 2004-cü ildə Nobel mükafatı laureatı olmuş Edvard Preskott isə daha konkret olub: "Böyük bir qətiyyətlə demək olar ki, yaxın gələcəkdə maliyyə böhranı olacaq". 2000-ci ildə Nobel mükafatı laureatı almış Daniel McFaddenin pessimistliyi adekvat olub: "Maliyyə riskləri böyük bir şəbəkədəki elektrikə bənzəyir. Bu elektrik uzun müddət şəbəkədə axacaq, ancaq gec-tez qısa qapanma meydana gəlməlidir. Biz bu problemləri izləməyə, nəzarət etməyə və problemləri aradan qaldırmağa lazımi alətlərə malik deyilik. Buna görə, növbəti maliyyə böhranı qaçılmazdır", - deyə McFadden xəbərdarlıq edib.

Bir sözlə, dünya maliyyə sisteminin "karton evciyi" hələ də yetərincə titrəkdir və Avropa bankları bu evin altından karton daşı çəkən "əl"ə çevrilə bilərlər.



MƏSLƏHƏT GÖR:

377