25 Aprel 2024

Cümə axşamı, 08:59

YAXIN ŞƏRQDƏ ÇOXGEDİŞLİ OYUN

İraqla Suriyanın «bölüşdürülməsi» heç də başa çatmayıb

Müəllif:

01.11.2017

Oktyabrda Yaxın Şərqdəki qüvvələr balansı ciddi dəyişikliyə məruz qalıb. Bölgədən gələn əsas iki xəbər - İD-nin məğlub olması, mövqelərini bir-birinin ardınca itirməsi və İraq ordusunun kürdlərə qarşı başladığı hərbi əməliyyatlar regionun gələcəyilə bağlı ciddi suallar doğurur. Bu suallara mümkün cavablar isə nikbinliyə əsas vermir - yaxın gələcək üçün bu regionu yenə də yaxşı heç nə gözləmir.

İraq ordusunun hissələri Haşd əl-Şaabi (Xalq Səfərbərliyi Qüvvələri - XSQ) şiə qeyri-nizami qoşununun dəstəyilə İraq Kürdüstanının tərkibinə daxil olmayan ərazilərdə kürd hakimiyyətini devirib. Onlar bu ərazilərdə 2014-cü ilin yayından yerləşmişdilər. İlk olaraq kürdlərin əlindən neftlə zəngin Kərkük, daha sonra Sincar, Mosulətrafı rayonlar alınıb. İraqın Tiqar çayı üzərindəki ən güclü bəndi, Suriya və Türkiyə ilə sərhəd keçid məntəqələri də kürdlərdən təmizlənib.

İD yaraqlılarına qarşı döyüşlərdə belə qətiyyət göstərməyən İraq ordusu bu dəfə təəccüb yaradacaq dərəcədə nizam-intizamlı və şiddətli işləyib. Bütün bu dövrdə İD-yə qarşı kifayət qədər uğurla döyüşən pəşmərgə dəstələri isə, ümumiyyətlə, mübarizəyə girməyərək, Ərbilə doğru çəkilib. Bəs, görəsən, bir neçə gün əvvələdək qəti şəkildə müstəqillik tərəfdarı kimi çıxış edən kürdlər qəflətən niyə geri çəkilmək qərarına gəlib? Onlar niyə Kərkükün və Mosulun neft gəlirlərindən imtina edərək imiclərini zərbə altına qoyublar?

Əsas səbəb kimi kürdlər arasındakı parçalanma göstərilir. Söhbət referendumun təşəbbüskarı olan prezident Məsud Bərzani (Kürdüstan Demokrat Partiyası - KDP) ilə Tələbani klanı və onların başçılıq etdiyi «Kürdüstan Vətənpərvərləri İttifaqı» (KVİ) arasındakı parçalanmadan gedir. Faktiki olaraq regionun mərkəzi Ərbil olan şimalına və mərkəzi hissəsinə KDP, mərkəzi Süleymaniyə olan cənubuna isə KVİ nəzarət edir. Bərzani tərəfdarları iddia edir ki, KVİ İraq hökumətilə sövdələşməyə gedib.

Bununla yanaşı, İraqın kürdlərə qarşı apardığı kampaniyaya İranın (ABŞ mətbuatının təbirincə desək, İranın beyin mərkəzlərinin - Iran's proxies) ciddi dəstək verməsi haqda məlumatlara KİV-də çox az rast gəlinir. Halbuki Tehranın kürdlərin yatırılmasında maraqlı olduğuna şübhə yoxdur. Çünki kürd problemi Türkiyə üçün olduğu qədər kəsin olmasa da, İran üçün də problemdir - kürdlərin İsrail və ABŞ-a çox yaxın olması üzündən. Bəzi məlumatlara görə, Təlabani klanı ilə sövdələşməni məhz Haşd əl-Şaabi təmsilçiləri imzalayıb. Onların isə İranın təsir dairəsində olduğu hər kəsə bəllidir. Bu dəstənin döyüşçülərini hətta «İranın zəncirli itləri» adlandırırlar. «The National Interest» ötən il xəbər verirdi ki, onların 100 min döyüşçüsünün, təxminən, 80%-i İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən bu və ya digər dərəcədə dəstəklənir. Belə çıxır ki, hazırda İraqın şimalında baş verənlər Bağdaddan çox Tehranın marağındadır və məhz onun təsirilə baş verir.

KVİ isə öz növbəsində Kərkükü məhz Bərzaninin təhvil verdiyini iddia edir. İddiaya görə, Türkiyədən neft tranzitinin dayandırılacağından qorxan Bərzani Ərdoğanla razılığa gəlməyə də macal tapıb. Qeyd edək ki, Ərdoğan Məsud Bərzanini referendum keçirdiyi üçün satqınlıqda belə, ittiham edib.

İstənilən halda, Bərzaninin baş verənlərdəki rolu çox suallar yaradır. Əvvəllər belə bir ehtimal var idi ki, o, müstəqillik referendumunu vətənpərvər olduğu üçün deyil, daha çox hakimiyyətini qorumaq üçün ortaya atıb. Bir şey aydındır ki, o, regionun daha güclü oyunçularının razılığı olmadan buna gedə bilməzdi. Buradan belə çıxır ki, Bərzanini ya aldadıblar, ya da çoxgedişli incə oyun gedir.

Çoxgedişli oyun versiyasını dolayısı ilə bu vəziyyətdən kürdlərə ciddi təsir imkanı olan ABŞ ilə İsrailin məğlub çıxması da təsdiqləyir. Onların İran və «Hizbullah»ın regionda güclənməsinə göz yumduqlarını düşünmək çətindir. Yeri gəlmişkən, İraq ordusunun kürdlərə hücumunun gedişində Vaşinqton neytral mövqe tutaraq, tərəfləri eskalasiyadan qaçmağa, diqqəti terrorçuluqla mübarizəyə yönəltməyə çağırıb. Amma bu, bəlkə də, Qərblə İran arasında münaqişəni istisna etməyən sxemə uyğundur. Məlum olduğu kimi, indi hələ Obama dövründən unudulmuş ritorikaya - İranın nüvə proqramı ilə bağlı bəyanatlara yeniən qayıdılıb. Bəlkə, İsraillə «Hizbullah» arasında yeni müharibə riski haqda daha çox danışılmağa başlanması da təsadüf deyil?

Digər yandan Kərkükdəki neft yataqları ətrafında vəziyyət getdikcə daha qəribə hal alır. Rusiyanın «Rosneft» şirkəti hadisələrin ən qızğın çağında Ərbillə 5 neft blokunun işlənməsi və İraq Kürdüstanının əsas neft kəmərində paya sahib olmaqla bağlı milyard dollarlarla dəyəri olan razılaşmanın əldə edildiyini açıqlayıb. Məlum olduğu kimi, kürdlər Bağdadın razılığı olmadan da razılaşmalar imzalamaq hüququna malikdir. Amma bu, muxtariyyət ərazisinə aiddir. Kərkük isə muxtariyyətin ərazisi deyil. İraq ordusu ilə Haşd əl-Şaabinin hərbi əməliyyatlara başlaması da bununla bağlı idi.

İraqın neft nazirinin də dediyi kimi, «federal hökumət və ya Neft Nazirliyi məlumatlandırılmadan hər hansı müqavilənin imzalanması İraqın daxili işlərinə kobud müdaxilə, onun milli suverenliyinin və beynəlxalq normaların pozulmasıdır». Rusiyanın bu regionla sıx əlaqələrini, üstəlik, İranla yaxın münasibətlərini nəzərə alsaq, o, Kərkük ətrafında nələrin yaşanacağından məlumatsız ola bilərdimi?

İnanmaq çətindir. Yeri gəlmişkən, Bağdadın sözlərinə əhəmiyyət verməyərək, onu kürdlərlə problemi öz aralarında çözməyə çağırıb. Paralel olaraq, Rusiya baş nazirinin müavini Dmitri Roqozin bildirib ki, «Moskva İraqa tam miqyasda qayıtmağa və öz şirkətlərinin təhlükəsizliyinin təminində Bağdadla birgə işləməyə hazırdır».

Bağdadla Ərbil arasında danışıqlar isə «Rosneft» rəhbərinin də tövsiyə etdiyi kimi, tezliklə başlayacaq və ya bəlkə də, artıq başlayıb. İraq Kürdüstanının regional hökuməti İraq hökumətinə atəşin dayandırılmasını, dialoqa başlamağı təklif edib. O, referendumun nəticələrini «dondurmağa» hazır olduğunu da bildirib. Beləliklə, referendum prosesinin sadəcə Kərkükün statusunun müəyyənləşdirilməsi üçün ortaya atıldığını düşünən ekspertlər, bəlkə də, haqlıdırlar. İndi əsas məsələ kürdlərin kimin nəzarətində olacağıdır.

Kürd amili qonşu Suriyada da ön plana çıxıb. İndi dünya KİV-i durmadan İD-nin məğlubiyyətləri haqda yazır. Terrorçular mövqelərini bir-birinin ardınca itirməkdədir - İraqın Mosul şəhəri, Suriyada Tall-Afar, Deyr-əz-Zor, Rakka… Terrorçular artıq nəzarətində olan ərazilərin yarıdan çoxunu itirib. İD ilə mübarizə aparan və ABŞ-ın başçılıq etdiyi koalisiyanın rəsmisi, polkovnik Rayan Dillon bildirib ki, əcnəbi döyüşçülərin İD-yə axını, demək olar ki, kəsilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da hesab edir ki, Suriyada terrorçulara qarşı əməliyyatlar sona yaxınlaşır.

Demək, tezliklə gündəmə hissələrə parçalanmış Suriyada problemin siyasi yolla həlli gələcək. Qonşu Türkiyənin artıq «Suriya Kürdüstanı»nın potensial müstəqilliyindən gələ biləcək riskləri minimuma endirməyə çalışması təəccüblü deyil. Lakin İraqda olduğu kimi, Suriyada da kürdlər regionun nəhəng oyunçularına əla təzyiq vasitəsi olaraq qalır. ABŞ-ın Suriyada fəaliyyətini Moskva və Tehranla uyğunlaşdıran Ankaranı bu yolla «idarə etməyə» çalışdığı sirr deyil. Bu yaxınlarda Türkiyə KİV-nin digər bir məsələyə də reaksiyası sərt olmuşdu: İD-dən azad olunmuş Rakkada ərəb-kürd dəstələri parad yürüşü zamanı Abdulla Öcalanın da portretlərini qaldırmışdılar. Yeri gəlmişkən, bu, ərəblərin də xoşuna gəlməmişdi. Lakin döyüşçü ərəblərin yox, dinc sakinlərin.

Nəticədə, acı təcrübəyə malik türklər Suriyanın İdlib əyalətinə daxil olub, buradan dağ rayonu olan Şeyx Bərəkətə doğru hərəkətə başlayıb. Çünki bu rayon Türkiyəyə qarşı loyal olan qiyamçılarda olan əraziləri, həmçinin kürdlərin Hələbdə yerləşən və YPG-nin nəzarətdə saxladığı Afrin kantonuna nəzarət etməyə imkan verir. Türklər kürdlərin nəzarətində olan ərazilərin birləşməsini əngəlləməyə çalışır. Məlumata görə, Türkiyə ordusu İdlib ərazisində 8 hərbi baza və 14 müşahidə məntəqəsi yaratmaq niyyətindədir. Türkiyə rəsmiləri deyir ki, bütün bunlar Rusiya ilə İranın bu yaxınlarda Astanada Suriya hökumətilə qiyamçılar arasında hərbi toqquşmaların dayandırılmasına dair əldə etdikləri razılaşmanın tərkib hissəsidir. Yəni Moskva ilə Tehran Ankaranın bu əməlini təqdir edir. Bəs, ABŞ? O da təqdir edirmi?

Əsas sual isə ərazilərdən sıxışdırılıb çıxarılan İD yaraqlılarının aqibətilə bağlıdır. Onlar yenidən qruplaşaraq cavab zərbəsi endirə bilərmi? Yoxsa bu insanlar tədricən qanuna tabe olan insanlara çevriləcək? Öz ölkələrinə qayıdacaqlarmı və ya artıq qayıdırlarmı? Bəlkə, başqa regionlara üz tutacaqlar və tutacaqlarsa, haraya? Bu yerdə «Əl-Qaidə»nin regiondakı aqibətini və ya elə «İslam Dövləti»nin özünün necə yarandığını yada salmaq lazımdır. İraqda yaxşı təchiz edilmiş, şəhər şəraitində döyüşmək təcrübəsinə malik, sosial şəbəkələrdə marketinqin prinsiplərini bilən yaraqlılar Mosul, Tikrit, Təl-Afar, Fəlluca kimi şəhərləri bir anda ələ keçirmiş, iraqlı əsgərlərin, bankirlərin qaçması nəticəsində onların silahlarını, qızıl külçələrini mənimsəmişdilər. Suriyada demokratik dəyişikliklər uğrunda başlamış vətəndaş qarşıdurmasının hər kəsin hər kəsə qarşı vuruşduğu qanlı müharibəyə necə çevrildiyi də yaddaşlardadır. Bütün bunları nəzərə alaraq, düşünmək olar ki, İD yox olacaqsa belə, güman ki, hansısa yeni qruplaşmaya çevriləcək. Yaxın Şərq üçün əsas təhlükə də məhz bununla bağlıdır.

Təəssüf ki, Yaxın Şərq üçün 21-ci əsrin ilk iki onilliyi də regionun bütün tarixi kimi, ziddiyyətlər, satqınlıq, sövdələşmələr, konfessiyalararası və etnik düşmənçiliklə doludur. Suriya ilə İraqın hazırkı sərhədləri region xalqları üçün ədalətin, rifahın təmini məqsədilə yox, Qərb dövlətlərinin dünyanın bölüşdürülməsi istəyi əsasında müəyyənləşib. Odur ki, bu «bölüşdürmə» hələ başa çatmayıb. Məhz bu üzdən, hazırda Suriya və İraq dövlət yox, sadəcə, maraqlar zonası, döyüş meydanı və əslində, elə əvvəlkitək, müstəmləkədir. Nə qədər ki, hakimiyyət vakuumu var, daim yeni münaqişələr ortaya çıxacaq.



MƏSLƏHƏT GÖR:

368