25 Aprel 2024

Cümə axşamı, 14:33

KREMLİN DAĞISTAN QAMBİTİ

Respublikanın yeni rəhbəri Vladimir VASİLYEV üçün yerli klanlarla əməkdaşlıq əsas çağırış olacaq

Müəllif:

01.11.2017

«Mən sizin yanınıza tək gəlməmişəm. Yanınıza bütünlükdə Rusiya gəlib», - deyə Dağıstan Respublikasının rəhbəri səlahiyyətlərinin yeni icraçısı Vladimir Abdualiyeviç Vasilyev Maxaçqalada, Dağıstan Respublikası Xalq Məclisinin oktyabrın 5-də keçirilən toplantısındakı çıxışı zamanı bildirib. O, bu fikri söyləyən zaman federal nazirliklər tərəfindən respublikaya göstəriləcək maddi yardımları və lazımi sahələrə göstəriləcək diqqəti nəzərdə tutub.

Vasilyev dağıstanlılara Rusiya prezidentinin onun üzərinə qoyduğu missiyanı hərbçi kimi (istefada olan milis general-polkovniki), qısa və dəqiq formullarla anlatmağa çalışıb.

Məsələn, o, 2018-ci ildə Dağıstanın federal büdcədən ciddi dəstək alacağını söyləyib, eyni zamanda «rusların pulları»nın xərclənməsinə görə məsuliyyət daşımağın vacibliyini bildirib. Vasilyev dağıstanlı məmurların lovğalığının qarşısını almaq niyyətilə gözlənilmədən bu yaxınlarda Suriyaya səfər etdiyini, orada Bəşər Əsəd və dağıdılmış Hələb şəhərinin oğlu terrorçular tərəfindən öldürülmüş rəhbəri ilə görüşdüyünü «xatırlayıb». «Onların vəziyyətini təsəvvür edirsinizmi?» - deyə Vasilyev zalda əyləşənlərə üzünü tutaraq soruşub: «Problemi hiss etmək, başlanğıcdaca həll etmək lazımdır. Əksər hallarda ictimai problemlər uzun müddət «inkişaf edir» və faciəvi şəkildə bitir. Buna yol vermək olmaz».

Daha sonra o, rüşvət verməyin və almağın qəbuledilməz olduğunu bildirib: «Mən konkret insanam. Odur ki, kimsə bir işi üzərinə götürürsə, onu yerinə yetirməlidir. Yox, yerinə yetirmirsə, vəzifədə işləməyəcək. Fərqi yoxdur, ona görə kim xahiş edir. Bunu indidən deyirəm ki, bir-birimizə anlayışla yanaşaq və inciklik olmasın».

Vasilyev kadr siyasəti haqda da konkret danışıb: «Mənim üstünlüyüm var - Dağıstandakı millətlərdən heç birinə mənsub deyiləm. Atam qazax, anam rusdur. Düşünürəm ki, biz bir-birimizə hörmət etməklə, ənənələri nəzərə almaqla seçimimizi milliyyət kvotasına görə yox, istedada, bacarığa görə edəcəyik».

 

Klançılıq prinsipi

Dağıstanın çətinlikləri hər zaman məhz milli məsələnin çətinliyi ilə əsaslandırılır. Respublikada 100-dən artıq etnos yaşayır. Etnik qrupların tam təmsilçilik qazanması üçün respublikanın qanunverici və icraedici orqanlarında bu günədək milli kvota üzrə seçim prinsipi var. Lakin bu, o cümlədən etnik mənsubiyyətinə görə ayrı-ayrı klanların, nüfuz dairələrinin yaranmasına gətirib çıxarıb. İndi bu qruplar öz aralarında rəqabət aparır və «yad»ları yaxına buraxmır. Rüşvətxorluq, oğurluq, qohumbazlıq durmadan çiçəklənir, federal büdcədən dotasiyalar artsa da, ondan təyinatı üzrə istifadə olunmur.

Uzun illərdir xüsusilə banditizm və terrorçuluqla mübarizə Dağıstanın əsas problemidir. Respublikada hər il partlayışlar, quldur basqınları nəticəsində onlarla, hətta yüzlərlə dinc sakin həlak olur.

 

Hakimiyyət şaqulunun möhkəmlənməsi

Vladimir Putinin 2012-ci ildə Kremlə qayıtması ilə RF subyektlərinin başçıları ilə münasibətlər hakimiyyət şaqulunun möhkəmlənməsi istiqamətinə transformasiya olunmağa başlayıb. İndi kadr seçimi Mərkəzdən nəzarət və yerli elitalardan asılı olmamaq prinsipi ilə aparılır.

Bu çətin regionda fəaliyyətin əsasını 2012-ci ildən Rusiyanın Prezident Aparatında millətlərarası və dini münasibətlərə məsul olan FTB general-leytenantı Mixail Belousovun «Şimali Qafqazın etnik elitaları: sosial təhlilin təcrübəsi» adlı namizədlik dissertasiyasının təşkil etdiyi istisna deyil.

Dissertasiyada deyilir ki, Şimali Qafqazın partiya-təsərrüfat nomenklaturundan ibarət elitaları hakimiyyətlərini qorumaq üçün iqtisadi və siyasi islahatlara müqavimət göstərir. Bu isə milli-separatçı ideologiyalı müxalifətin formalaşmasına yol açır. Beləliklə, Kreml mövcud status-kvodan maksimum faydalanan köhnə elitanı dəstəkləmək məcburiyyətində qalır.

«…Yerli hakimiyyət əsasən daxili millətlərarası münaqişələrin qorunub saxlanmasında maraqlıdır. Bu, onlara fövqəladə tədbirlərə əl ata bilmək, respublikalarda hərbi kontingentin qalmasına əsas əldə etmək üçün vacibdir. Köhnə elitaların milli hərəkat nümayəndələrilə hər hansı dialoqa getmək istəməməsi bu hərəkatlarda radikallıq yaradır, kompromisə meyilli qüvvələrin mötədilliyinə son qoyur. Nəticədə, növbəti seçkilər və ya kütləvi etiraz dalğası fonunda millətçi mövqedən çıxış edən ifrat radikalların hakimiyyətə gəlməsi təhlükəsi yaranır», - deyə FTX generalı dissertasiya işində yazır.

Dağıstanda nizam-intizam yaradılmasına ilk cəhd respublika prezidenti səlahiyyətlərinin Ramazan Abdulatipova həvalə edilməsilə göstərilmişdi. O, uzun illər Dağıstandan uzaqda çalışmaqla, yerli elitalardan uzaqlaşmışdı, heç bir klan və ya digər daxili münasibətlərin iştirakçısı deyildi. Fəlsəfə elmləri doktoru, federal səviyyədə böyük idarəçilik təcrübəsinə malik Abdulatipov Rusiya parlamentinin deputatı, milli siyasət naziri, Rusiya hökumət başçısının müavini kimi postları tutmuşdu. Beləliklə, o, üzərinə qoyulmuş missiyanı həyata keçirmək üçün bütün göstəricilərə malik idi. Belousov da elmi işində millətlərarası münasibətlər üzrə ekspert kimi, məhz Abdulatipovun adını çəkir.

 

İfrat ümidlər

Korrupsiyaya qurşanmış məmurlardan, klanlararası çəkişmələrdən, yoxsulluq və banditizmdən bezmiş Dağıstan xalqı Abdulatipovun respublikanın rəhbəri təyin olunması xəbərini ruh yüksəkliyilə qarşılamışdı. Xalqın ona inamı çox yüksək idi - 75-82%.

Abdulatipov da respublikaya rəhbərlik etdiyi ilk ildə xalqın hakimiyyətə inamının qaytarılmasının vacibliyini durmadan dilə gətirirdi: «İqtisadiyyat, mədəniyyət haqda çox danışmaq olar. Mənim üçün vacib olan insanların özlərini necə hiss etmələri, insan ləyaqətinin, ölkə ləyaqətinin bərpasıdır. Hakimiyyət buna çalışmalıdır».

Sanki, tanınmış natiq, filosof, yazıçı üçün Dağıstan xalqını öz tərəfinə çəkməkdə əsas alət məhz söz olmalı idi. Lakin dialoq alınmadı.

Bəlkə də, Abdulatipov xalqı ona qarşı qaldıran ehtiyatsız açıqlamalardan qaçsaydı, onun kadr seçimindəki səhvləri (bunu belə adlandıraq), mənzil-kommunal təsərrüfatı sahəsində həllini tapmayan problemlər, əməkhaqqı və pensiyaların ödənilməsində daimi ləngimələr və s. ictimaiyyətdə bu qədər kəskin müzakirələrə yol açmazdı. Məsələn, vaxtilə ümumxalq müzakirəsindən keçmiş Dağıstan himnini o, matəm musiqisi adlandıraraq dəyişib. Paytaxtın küçələrində prezident korteji üzündən daimi hal almış tıxaclara insanların narazılığına isə Abdulatipov gülümsəyərək belə cavab verib: «Siz məni il ərzində poslat edirsiniz. İcazə verin, bir dəfə də mən sizi poslat eləyim».

Bu da son deyil. Respublikanın qüruru sayılan güləş millisi ötən ilin mayında hakimlər və federasiya tərəfindən qərəzli münasibətlə üzləşdiyini əsas gətirərək Rusiya çempionatını tərk edən zaman onu Rusiyanın digər regionlarından olan rəqibləri belə dəstəkləmişdi. Dağıstanın rəhbəri isə bunu «qaçma» kimi qiymətləndirərək, faktiki idmançıları qorxaqlıqda suçlamışdı…

Abdulatipovun bu və əksəriyyəti zərbi-məsəl olan digər bəyanatları respublikanın iqtisadi və sosial problemlərilə birlikdə onun ictimaiyyətin inamını tamamilə itirməsilə nəticələnib. Nəticədə, Abdulatipov reytinqini sürətlə itirib və son ildə onun reytinqi 10%-dən yuxarı qalxmayıb.

Dağıstan rəhbərinin Moskva ilə münasibətləri də qaydasında deyildi. Onun 2013-cü ilin ilk aylarında apardığı kadr siyasəti dəyişikliklərin olacağına ümid yaratsa da, sonradan köhnə, hörmətdən düşmüş şəxslərin vəzifəyə qaytarılmasına başlanılmışdı. Bu səriştəsiz kadrlar məhz Abdulatipovun doğma Tlyaratin rayonundan olduqları üçün vəzifəyə çəkilirdi.

Respublika iqtisadiyyatı da əvvəlkitək, ən çox dotasiya alan iqtisadiyyatlardan biri kimi qalıb. Əksinə, dotasiyaların həcmi ildən-ilə artıb. Halbuki Abdulatipov ondan tezliklə imtina olunacağını deyirdi. 2016-cı ildə federal büdcədən bu respublikaya rekord həddə - 47 milyard rubl dotasiya ayrılmış, 2017-ci ildə isə o, daha 7 milyard rubl artırılmışdı. Bununla yanaşı, Rusiyanın Hesablama Palatası ilə Federal Xəzinədarlığı respublika büdcəsinin xərclənməsində ciddi qanun pozuntuları aşkarlayıb. Rusiya Statistika Komitəsinin cədvəl və diaqramlarından görünür ki, Dağıstanda ümumi regional məhsulun (ÜRM) həcmi 1998-ci ildən bu yana ilk dəfə 100%-dən çox azalıb. Onun investisiyaların cəlbediciliyi reytinqindəki yeri isə 2013-cü ildəki 3S1 səviyyəsində (ən aşağı potensial - yüksək risk) qalıb.

Ötən ilin sentyabrında Dövlət Duması və Xalq Məclisinə seçkilərdə Dağıstan kütləvi maxinasiyalara yol verməsi üzündən ciddi tənqid olunub. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə buna görə məsuliyyəti respublika başçısının üzərinə qoyub.

Əlbəttə ki, bütün bunlarla yanaşı, Abdulatipovun rəhbərliyinin Dağıstan üçün faciəvi nəticələr verdiyini də söyləmək olmaz. Şübhəsiz ki, onun fəxr edə biləcəyi bir sıra uğurları da var. Məsələn, ilk növbədə, Abdulatipov cinayətkarlıq və terrorçuluqla mübarizədə nəzərəçarpacaq nailiyyət qazanıb. Düzdür, çoxdları bunun Abdulatipovun deyil, federal hüquq mühafizə orqanlarını nailiyyəti olduğunu deyir. Lakin etiraf etmək lazımdır ki, bu orqanlar Dağıstanda 2013-cü ilədək də olsa da, nailiyyət məhz Abdulatipovun dövrünə təsadüf edib.

 Onun bütün digər uğurları mədəniyyət, təhsil, turizm sahələrinə aiddir. Buraya bir sıra infrastruktur layihələrinin uğurla icrasını da əlavə etmək olar.

Bununla yanaşı, Abdulatipov çox yanlışlıqlara yol verib. İlk misal kimi, onun respublika əhalisini özünə qarşı qaldırmasını göstərmək olar. Respublika başçısının vaxtından əvvəl istefaya göndərilməsində məhz bu amil böyük rol oynayıb.

 

Tərəddüdlər dövrü

İndi öz komandası olmayan, respublikadakı qüvvələr nisbətindən məlumatsız Vasilyevin klanlardan birinə arxalanmaq məcburiyyətində qalacağından, yaxud hər kəslə «dalaşacağından» ehtiyat edirlər. Digər variantlar da nikbinliyə əsas vermir.

Ekspertlər bir ssenarini də mümkün sayır: Dağıstan Respublikası başçısı səlahiyyətlərinin yeni icraçısı üzərinə arbitr rolunu götürərək, vəzifələri nüfuzlu klan nümayəndələri arasında böləcək, lakin həlledici səs hüququnu özündə saxlayacaq. Bu variant da mükəmməl deyil. Lakin hazırda Kreml üçün əsas məsələ gələn ilin yazında Rusiya prezidenti postuna keçiriləcək seçkidir.

Odur ki, Vasilyevdən yaxın yarım ildə sərt fikirlər və əməllər gözləməyə dəyməz. İndi onun vəzifəsi ən azı ilkin dövrdə Dağıstanın ciddi sosial problemlərinin aradan qaldırılmasıdır. Yerli elita da hələlik «özünü göstərməyə» çalışmayacaq. Moskva ilə mübahisə nəyə gərəkdir? Üstəlik, yeni rəhbərin kursunu görə bilmək üçün zaman lazımdır.

Onu Bakı da müşahidə edəcək. Çünki Azərbaycan üçün bu region, sadəcə, qonşu Rusiya bölgəsi deyil. Dağıstanda azərbaycanlılar ən titullu xalqlardan biridir və bizi əsrlərdən gələn ümumi tarix, yüksək münasibətlər ənənəsi birləşdirir - istər iqtisadi, istər mədəni. Bizim həm də ortaq düşmənimiz var - beynəlxalq terrorçuluq. Bu, bəla son dövrlərədək Dağıstanda özünü kifayət qədər rahat hiss edirdi.

Təhlükəsizlik və korrupsiya ilə mübarizə sahəsində ekspert olan Vasilyev, şübhəsiz ki, Dağıstana bu sahələrlə mübarizənin gücləndirilməsi məqsədilə göndərilib. Yalnız bu amil göstərir ki, o, fəaliyyətini Bakı ilə koordinasiya etmədən işləyə bilməz. Bəlkə, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya sentyabrın sonunda etdiyi səfəri də bununla bağlı idi? Tamamilə məntiqi olaraq güman etmək olar ki, Putinin Bakıda iki ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığına dair müzakirələr aparmış elçisi etibarlı əməkdaşlıq üçün vacib olan gizli informasiyaları da Azərbaycan tərəfinə təqdim edib.

Vladimir Vasilyevə Dağıstan Respublikası rəhbərinin səlahiyyətləri gələn ilin sentyabrınadək həvalə olunub. Bu, Kreml ilə Bakının onun fəaliyyətinin keyfiyyətini qiymətləndirməsi üçün kifayət edəcək zamandır.



MƏSLƏHƏT GÖR:

387