18 Aprel 2024

Cümə axşamı, 07:51

DİNC QƏLƏBƏ

Qırğızıstan tarixində ilk dəfə hakimiyyət bir siyasətçidən digərinə dinc yolla keçdi

Müəllif:

01.11.2017

Qırğızıstanda keçirilmiş prezident seçkisini son zamanlar postsovet məkanında baş vermiş ən əlamətdar siyasi hadisələrdən biri saymaq olar. Yaxın keçmişində bir neçə inqilabi dönüş anları yaşamış, bunun hər dəfəsində dövlət rəhbərliyini dəyişmiş ölkə Mərkəzi Asiya regionunda ilk dəfə hakimiyyətin dinc yolla bir siyasətçidən digərinə keçməsinə nail olub.

 

Azad qırğızların nailiyyəti

Qırğızıstan prezidenti postunda Almazbek Atambayevi hakim partiyanın namizədi, sabiq baş nazir Sooronbay Jeenbekov əvəzləyib. O, səslərin, təxminən, 55%-ni toplamaqla, ən yaxın rəqibi, müxalifətin namizədi Omurbek Babanovu ən azı 20% üstələyib.

Xarici müşahidəçilərlə prosesdə maraqlı olan mərkəzlərin seçkilə bağlı rəyi, demək olar ki, eynidir: proses demokratik şəraitdə keçib və hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. MDB məkanında keçirilən seçkilərə, adətən, tam fərqli münasibət göstərən Moskva ilə Vaşinqtonun Qırğızıstanda keçirilmiş səsvermənin nəticələrini tanıması da bunu təsdiqləyir. Jeenbekovu qələbə münasibətilə həm Rusiya prezidenti Vladimir Putin, həm də ABŞ-ın dövlət başçısı Donald Tramp təbrik edib. Bişkekli siyasətçilər və ekspertlər tam haqlı olaraq hesab edirlər ki, dünyanın fərqli qütblərinin seçkiyə bu cür oxşar reaksiyası səsvermənin nə qədər şəffaf, təmiz keçdiyini təsdiqləyir.

Bununla yanaşı, ölkəyə son 6 ildə rəhbərlik etmiş Almazbek Atambayevin ünvanına xüsusi hörmət ifadə olunur. Bu, əbəs deyil. Atambayevin rəhbərlik etdiyi ölkədə bu, artıq dünyanın nüfuzlu aktorları tərəfindən ədalətli qiymətləndirilən ikinci seçkidir. İlk belə proses iki il əvvəl keçirilmiş parlament seçkisi idi. O səsvermə də şəffaflığı, saxtakarlığa yol verilməməsi ilə yadda qalmışdı.

Şübhəsiz ki, Atambayevin postsovet dönəmində dəfələrlə vətəndaş qarşıdurmaları yaşamış, sonda hakimiyyətin zorla devrildiyi Qırğızıstanda demokratiyanın inkişafındakı şəxsi rolunu qiymətləndirən zaman ehtirasa, pafosa da yol verilir. Qırğızıstanın son illərdə ümidləri doğrultmayan hakim rejimlər və avtoritar idarəçiliyin rədd edilməsi üzündən qarşıdurmalar yaşamış siyasi elitasında sanki bir özünəməxsus tabesizlik sindromu yaranıb. Bu xüsusiyyətlə, şübhəsiz ki, elitalararası kompromislərə nail olmaqda qeyri-adi zirəklik göstərən Atambayev də barışmalı olub. Amma eyni zamanda, etiraf etmək lazımdır ki, Atambayev öz soydaşlarının demokratiya ilə bağlı nöqsanlarını nəzarətdə saxlamağı bacardı və nəticədə, ortaya, bir növ, qırğız fenomeni çıxdı. Onun məğzi nədən ibarətdir? Nəinki müstəqil Qırğızıstanın, ümumiyyətlə, Mərkəzi Asiyanın tarixində ilk dəfədir ki, hakimiyyət dinc yolla bir siyasətçidən digərinə keçir. Bu, şübhəsiz ki, Qırğızıstanın nəhəng siyasi nailiyyətidir. Atambayevi prezident kürsüsündə hakim qüvvənin təmsilçisi Jeenbekov əvəzləsə belə. O, demokratik seçkidə səslərin mütləq əksəriyyətini yığmasa da, elektoratın əsas hissəsini öz tərəfinə çəkməyi bacararaq, yarışdan qalib ayrılıb.

Atambayevlə Jeenbekovun eyni siyasi düşərgəni təmsil etdiklərini nəzərə alsaq, yəqin ki, Bişkekin beynəlxalq arenadakı siyasi xətti davam edəcək. Qırğızıstanın hazırkı prezidenti özünü Avrasiyaya inteqrasiya tərəfdarı kimi göstərib, onun rəhbərliyi dövründə Qırğızıstan diplomatiyasında Rusiya xətti güclənib. Lakin Moskva ilə strateji tərəfdaşlıq Bişkekin Qərbə meydan oxuyan qüvvəyə çevrildiyi anlamına gəlmir. Qırğızıstanın Avratlantik məkanla Manas aerodromunun amerikalıların istifadəsinə verildiyi dövrdən başlamış münasibətləri kifayət qədər sabitdir və bu, özünü ABŞ və Avropanın son prezident seçkisinin nəticələrinə münasibətində də göstərib.

Təəccüblü olan odur ki, Qırğızıstanın dünyanın fövqəldövlətlərilə qarşılıqlı münasibətində ümumilikdə mülayim atmosfer hökm sürdüyü halda (bu, əsasən Bişkekin Mərkəzi Asiya geosiyasətində iddialı mövqe tutmaması ilə bağlıdır), prezident seçkisi kampaniyası dövründə onun qonşu və qardaş Qazaxıstanla münasibətləri gözlənilmədən pisləşib.

 

Qardaşlar mehriban yaşamalıdır

Ümumi tarixi keçmişə malik qırğızlarla qazaxlar arasında münasibətlərin pisləşməsi Qırğızıstanda keçirilmiş prezident seçkisi ətrafındakı tərif mənzərəsini bir qədər korlayıb. Bununla yanaşı, Qazaxıstan kimi regional ağır çəkili dövlətlə qarşıdurmada Qırğızıstan özünün kiçik, lakin məğrur dövlət şöhrətini qoruyub saxlaya bilir. Hər halda, onun lideri olan Atambayev siyasi kobudluğu bacardığını nümayiş etdirir.

Hələ sentyabrda, postsovet və Asiya siyasətinin patriarxı, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qırğızıstan prezidentliyinə müxalifətdən olan namizəd Omurbek Babanovla görüşməsindən sonra Almazbek Atambayev Astananı ölkəsinin daxili işlərinə müdaxilədə günahlandırmışdı. Onun sərt açıqlamaları, təbii ki, cavabsız qalmamışdı: Qazaxıstan qonşu ölkədə seçkini izləməyə müşahidəçi göndərməkdən imtina etmiş, Qırğızıstanla sərhəddə hərbi blokpostlar quraşdırmış, qırğızların sərhəddən Qazaxıstan ərazisinə keçidini çətinləşdirmişdi. Bu isə bir sıra nəzarət buraxılış məntəqələrində uzun-uzadı avtomobil tıxaclarının yaranmasına səbəb olmuşdu.

Bununla yanaşı, Astana Qırğızıstandan gələn ərzaq məhsullarına baytarlıq nəzarətini də sərtləşdirib, Qırğızıstanın 5 süd zavodunun məhsullarının idxalını isə, ümumiyyətlə, qadağan edib. Astana bunu həmin zavodların «sanitar normaları pozması» ilə əsaslandırır. Bundan başqa, qazaxlar Qırğızıstandan gətirilən böyük meyvə partiyasında zərərvericilər aşkarlandığından, onun da ölkəyə buraxılmasına qadağa qoyub. Bu da son deyil. Astana rəsmi şəkildə Çin məhsullarının Qırğızıstan vasitəsilə Qazaxıstana və Avrasiya İqtisadi İttifaqına üzv digər dövlətlərin ərazisinə «boz» idxalı məsələsini də qaldırıb. Bundan başqa, Qırğızıstanın Qazaxıstandan üçüncü ölkələrə məhsulların «sanksiyasız» təkrar ixracından narazılıq da ifadə olunub.

Görünür, Qazaxıstanın, həqiqətən də, belə problemlərdən narahat olmağa əsası var. Lakin məsələnin məhz Qırğızıstandakı prezident seçkisi dövrünə təsadüf etməsi ekspertlərdə belə bir fikir yaradıb ki, Qırğızıstanda lider seçimi heç də tək qırğızları maraqlandıran məsələ deyil. Mərkəzi Asiyanın ən nəhəng və nüfuzlu dövləti olan Qazaxıstanın şübhəsiz ki, qonşu ölkələrdəki siyasi qüvvələr nisbətilə bağlı öz maraqları var.

Astananın məhdudlaşdırıcı addımlarına Bişkek dərhal və kəskin reaksiya verib. Qırğızıstan hərbçiləri qarşısındakı çıxışında Atambayev bildirib ki, «3 min illik tarixi olan xalqı 3 günlük blokada ilə qorxutmaq mümkün deyil və xalq heç bir halda, nə pul, nə qorxu və təzyiq qarşısında əyiləcək və əcnəbilərin əlaltısını seçməyəcək…». Kimsə qonşusunun evinə od vurmaq istəyirsə, küləyin istiqaməti dəyişə biləcəyini, nəticədə. onun öz evinin də yanacağını unutmamalıdır».

Bununla yanaşı, Qırğızıstan lideri körpüləri tam yandırmaq istəməyib və Astana ilə mübahisənin dinc yolla həllinə tərəfdar olduğunu söyləyib: «Qonşularımızla hər zaman sülh, dostluq şəraitində yaşamalı, bir-birimizə kömək etməliyik».

Doğrudur, Qırğızıstanın İqtisadiyyat Nazirliyi dərhal Avrasiya İqtisadi Komissiyası ilə Ümumdünya Ticarət Təşkilatına müraciət edib, Qazaxıstanın ümumi sərhəddə nəzarəti gücləndirməsindən narazılığını bu qurumların nəzərinə çatdırıb. Qırğızıstan parlamentində isə Qazaxıstanla imzalanmış razılaşmanın ləğvini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Qeyd edək ki, həmin razılaşmaya əsasən, Astana Bişkekə Aİİ çərçivəsində 100 milyon dollar yardım etməlidir. Yardım Qırğızıstanın gömrük infrastrukturunun yaxşılaşdırılması, respublikanın baytarlıq və fitosanitar sisteminin Aİİ normalarına uyğunlaşdırılmasına xərclənməli idi. «Biz bu vəsaitə «yox» demək qərarına gəldik. Başqa sözlə, bizim artıq ona ehtiyacımız yoxdur», - deyə Qırğızıstan baş nazirinin müavini Duşanbek Zilaliyev bildirib. O, Bişkekin başqa maliyyə mənbələri axtaracağını bildirib - istər büdcədən, istərsə də digər mənbələrdən.

Bir şey aydındır ki, ziddiyyətin dərinləşməsi nə Qırğızıstanın, nə də Qazaxıstanın siyasi və uzunmüddətli iqtisadi maraqlarına uyğundur. Bu üzdən də, Qırğızıstanın baş naziri Sapar İsakov Astanaya yollanıb və orada həmkarı Bakıtcan Saqintayevlə görüşüb. Hökumət başçıları vətəndaşların və yüklərin sərbəst hərəkətinə mane olan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində addımlar atmaq haqda razılığa gəlib. Bundan dərhal sonra sərhəddəki nəzarət buraxılış məntəqəsi Qazaxıstan tərəfdən nəqliyyat vasitələrinin və insanların daha fəal keçidini təmin etməyə başlayıb.

Bununla yanaşı, baş nazirlər Qırğızıstanın prezident seçkisi kampaniyası dövründə pisləşmiş münasibətlərin yaxşılaşdırılması, iqtisadi əməkdaşlıq məsələlərinin həlli, sərhəd, nəqliyyat, fitosanitar və baytarlıq nəzarəti, gömrük və vergi sahəsində Aİİ və ÜTT normalarına uyğun əməkdaşlıq haqda da razılıq əldə ediblər. Odur ki, Astana ilə Bişkekin tezliklə fikir ayrılıqlarını bu iki qardaş xalq və dövlətin maraqlarına uyğun olaraq aradan qaldıracağını düşünmək mümkündür. 

Yalnız Qırğızıstanla Qazaxıstanın deyil, bütünlükdə türk dünyasının maraqlarına cavab verən məhz budur. Söhbət həm də qardaş türk xalqları arasında ən sıx konstruktiv əməkdaşlıq tərəfdarı olan Azərbaycandan gedir.



MƏSLƏHƏT GÖR:

371