29 Mart 2024

Cümə, 10:00

QATARLAR ÜÇÜN YOL AÇIQDIR

Bakı, Tbilisi və Ankara Pekin və Londona birləşdi

Müəllif:

01.11.2017

Bakı-Tbilisi-Ceyhan boru xəttilə yaranmış Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqı bu həftə daha bir polad düyünlə möhkəmlənib. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi yalnız bu üç ölkənin əməkdaşlığı üçün yox, bütünlükdə daha geniş regionların münasibətlərində yeni mərhələ açır. Doğrudur, bu ölkələrin həyata keçirdiyi layihələr bundan əvvəl də regionun sərhədlərini aşırdı.

Bütün həmsərhəd dövlətlərlə (qonşularına ərazi iddiaları ilə özünütəcrid duruma salmış Ermənistan istisna olmaqla) mehriban qonşuluq münasibətlərinə, qarşılıqlı səmərəli əməkdaşlığa üstünlük verən Azərbaycan üçün Türkiyə və Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ankara iki xalqın etnik və mədəni yaxınlığı sayəsində əvvəldən Bakının əsas müttəfiqi sayılıb. Gürcüstanı isə Azərbaycanla əsrlərdən gələn qonşuluq, ümumi tarix və əlbəttə ki, qarşılıqlı maraqlar birləşdirir.

 

Bakı-Tbilisi-Ankara xətti

Bu 3 dövlətin ilk birgə layihəsi Azərbaycan neftinin dünya bazarlarına yolunu açmış Bakı-Tbilisi-Ceyhan boru xətti olub. Azərbaycanı regionun liderinə çevirmiş siyasi-iqtisadi sıçrayışın əsasını məhz bu layihə təşkil edir. Sonda 3 ölkənin siyasi elitasının baxışlarındakı yaxınlıq qlobal iqtisadi layihələrlə daha da artıb.

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi tərəflər arasında əməkdaşlığı daha da yaxşılaşdırıb. Qeyd edək ki, bu boru kəməri Azərbaycan qazını Gürcüstan və Türkiyə bazarlarına çıxarır. Bununla da, o, Bakının iki yaxın müttəfiqinin enerji təhlükəsizliyinin təmininə töhfə verir. Cənub Qaz Dəhlizi (CQD) layihəsinin reallaşdırılmasındakı uğurlu üçtərəfli təcrübə daha böyük miqyas alıb. CQD-nin miqyaslı infrastrukturu ilkin mərhələdə Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Daha sonra Xəzərin şərq sahilindən, İraq və İrandan da qaz tranziti imkanları nəzərdən keçirilir.

Bakı, Tbilisi və Ankaranın enerji sahəsində əməkdaşlığı üç ölkə arasında siyasi əməkdaşlığın da güclənməsinə yol açıb. Məsələn, 2012-ci ildə 3 ölkənin XİN başçılarının mütəmadi görüşlərinə start verilib. Onlar ildə iki dəfə bir araya gələrək, aktual regional problemlərlə bağlı «saatlarını tutuşdururlar». Eyni mexanizm 3 ölkənin müdafiə nazirlikləri arasında da işləyir və tərəflər artıq birgə üçtərəfli təlimlərin keçirilməsi ilə bağlı da razılığa gəlib.

Beləliklə, sırf enerji əməkdaşlığından başlamış üçtərəfli format artıq siyasi, iqtisadi, nəqliyyat və investisiya müstəvilərini də əhatə edir. Məsələn, Azərbaycan investisiyalarının əsas ünvanı məhz Türkiyə ilə Gürcüstandır. Yalnız Türkiyəyə Azərbaycandan 10 milyard dollardan artıq investisiya yatırılıb və bu işdə əsas qüvvə SOCAR-dır. O, iri neft-kimya kompleksi olan «Petkim»in və tikilməkdə olan STAR neft emalı zavodunun sahibidir.

Gürcüstana yatırılmış Azərbaycan investisiyaları isə 3,4 milyard dollar təşkil edir. Burada da əsas pay SOCAR-ındır. O, Gürcüstanda geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi və Kulevidə terminal yaradıb.

 

Dəmir iradədən dəmir yoluna

Üçtərəfli əməkdaşlığın yeni forması isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Çinlə Avropanı birləşdirən bu dəmir yolunun inşası haqda razılıq hələ 2007-ci ildə əldə olunmuşdu. Azərbaycanla Gürcüstan da dəmir yollarını çoxdan birləşdirmişdilər və onun Türkiyənin dəmir yolu şəbəkəsinə qoşulması üçün 26 kilometrlik hissəsinin inşası lazım idi. Bununla yanaşı, Türkiyə ərazisində 68 kilometrlik dəmir yolu da inşa edilməli idi.

Layihənin regionun iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alan Azərbaycan xəttin Gürcüstan hissəsinin Qarsadək uzadılması, həmçinin 153 kilometrlik Axalkalaki-Marabda dəmir yolunun təmiri üçün, ümumilikdə, 775 milyon dollarlıq uzunmüddətli kredit ayırıb. Türkiyə tərəfinin də xərcləri nəzərə alınmaqla, ümumilikdə dəmir yolunun tikintisinə 1,1 milyard dollar sərf olunub. Paralel olaraq, Azərbaycan Bakıdan Gürcüstan sərhədinədək olan öz dəmir yolunun da yenilənməsinə investisiya yatırıb. Bununla da, həmin yolla hərəkət edən qatarların sürətini, orta hesabla, 50% artırmaq mümkün olub - indi bu dəmir yolunda qatarlar saatda 120 kilometr sürətlə hərəkət edə biləcək. Bakı-Tbilisi-Qars marşrutunun işləməsi üçün «Alstom» və «Stander» lokomotivləri və yataqlı vaqonları da alınıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, xəttin tikintisi asan başa gəlməyib. «Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil, bunun reallaşması üçün lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür», - deyə İ.Əliyev qeyd edib.

Çinin Yeni İpək yolu ilə əlaqədar qlobal «Bir kəmər - bir yol» təşəbbüsünü reallaşdırmağa başladığını nəzərə alsaq, BTQ-nin vacibliyi və tam zamanında istismara verildiyi aydınlaşır. Nəzərə alsaq ki, Türkiyənin dəmir yolu xətti Avropaya birləşir, BTQ-nin istismara verilməsilə yük daşıyıcıları mallarını Çindən Avropanın istənilən ölkəsinə, hətta Böyük Britaniyaya belə göndərə biləcək.

«İndi London-Pekin dəmir yolu əlaqəsi birbaşa həyata keçiriləcək. Türkiyə, xüsusilə son 15 ildə yatırdığımız sərmayələrlə bu potensialı həyata keçirməyə çalışır. Məsələn, İstanbulda üçüncü körpü açılıb (Avropa və Asiya hissələrini birləşdirir) və başqa layihələr də həyata keçirilir. Bu layihələr BTQ-nin əhəmiyyətini artırır. Eyni qaydada Türkmənbaşı limanı vasitəsilə Türkmənistanın, Aktau limanı vasitəsilə Qazaxıstanın Avropaya çıxışını təmin edirik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti 1 milyon sərnişin və 6,5 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq. Bu dəmir yolu xəttinin daşıma imkanları 2030-cu ildə isə 3 milyon sərnişin, 17 milyon ton yükə çatacaq. Hazırda Çindən Avropaya ildə 240 milyon tondan artıq yük daşınır. Bu yüklərin ən azı 10%-i BTQ ilə daşınacaqsa, bu artıq 24 milyon ton edir», - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ-nin açılış mərasimində bildirib.

Bununla yanaşı, marşrutun sərnişindaşıma imkanlarını da unutmaq olmaz. Onunla faktiki olaraq, Bakıda qatara minməklə, bir neçə sutkadan sonra İstanbula, istək və imkanın olacağı təqdirdə isə bir sıra Avropa paytaxtlarına çatmaq mümkün olacaq. İstənilən halda, dəmir yolu bileti təyyarə biletindən ucuzdur. Bundan başqa, qatarla sərnişinin yük aparmaq imkanı da təyyarə ilə müqayisədə dəfələrlə çox olacaq. Yəni BTQ bu marşrutla turist axınını da ciddi şəkildə artıracaq. Mərasimdə çıxış edən Gürcüstanın baş naziri Georgi Kvirikaşvili də diqqəti buna çəkib. «Bu layihə mövcud iqtisadi reallığı dəyişəcək. Bu gün yeni Avrasiya körpüsü istismara verilir. Yeni dəmir yolu marşrutunun açılması ilə regionun nəqliyyat və ticarət statusu dəyişəcək», - deyə o, qeyd edib.

BTQ ilə ilk qatarın yola salınması mərasimində Qazaxıstan və Özbəkistan baş nazirlərinin iştirakı isə Mərkəzi Asiya regionunun da bu marşruta böyük maraq göstərdiyini təsdiqləyir. BTQ ilə hərəkətə başlayan ilk yük qatarında Qazaxıstandan gəlmiş 32 konteynerlik qatar olması da təsadüf deyil.

BTQ-nin istismara verilməsinə ABŞ və Aİ-dən də dəstək gəlib. «Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması bütün Avrasiya boyu daha möhkəm ticari, kommersiya və nəqliyyat əlaqələrinin yaranması istiqamətində vacib addımdır. Bu layihə Böyük İpək yolu layihəsinin son dərəcə vacib hissəsidir», - deyə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.

Aİ-nin Türkiyədəki nümayəndə heyətinin rəhbəri Kristian Beger isə yeni dəmir yolu xəttinin Aİ-nin «Şərq tərəfdaşlığı» proqramının ruhuna, Avropa İttifaqının Mərkəzi Asiya ilə bağlı strategiyasına uyğun gəldiyini söyləyib. Diplomatın sözlərinə görə, Brüssel namizəd və qonşu tərəfdaş ölkələrin yaxınlaşmasına yönəlmiş layihələrə hər zaman dəstək verib. O, misal kimi, Aİ-nin Cənub Qaz Dəhlizi layihəsini dəstəkləməsini göstərib.

Beləliklə, yeni dəmir yolu xətti Çindən Avropaya yüklərin cəmi 12-15 gün ərzində daşınmasına imkan verəcək. Halbuki dənizlə olan cənub və şimal dəhlizlərilə bu işə 45-50 gün sərf olunur.

Bununla yanaşı, marşruta vahid tarifin tətbiqi BTQ ilə yük daşımalarını daha sərfəli hala gətirir. Qeyd edək ki, Bakı, Tbilisi və Ankara artıq bununla bağlı da razılığa gəlib. Bu marşrutla 1 ton yükün daşınması 37,9 dollara, 1 vaqon 2279 dollara, 40 funtluq 1 konteyner isə 529 dollara başa gəlir. Bundan başqa, bu yeni yolun mövcud marşrutlara alternativ olacağı da nəzərə alınmalıdır. Bu, regionda mövcud olan geosiyasi şəraitdə çox vacibdir.

BTQ-nin perspektivinə Əfqanıstan da böyük ümidlər bəsləyir. O, yüklərin Türkmənistan və Azərbaycandan tranziti, daha sonra BTQ ilə daşınmasını nəzərdə tutan Lapis-Lazuli nəqliyyat layihəsi çərçivəsində Şərq-Qərb dəhlizinə qoşulacağına ümid edir. «Biz layihəyə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarıq. Bu marşrut Əfqanıstan üçün çox vacibdir», - deyə Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili «Region Plus» jurnalına 1 il əvvəl verdiyi müsahibəsində bildirmişdi.

 

«Qərb-Şərq» və «Şimal-Cənub»

İrandan Rusiyaya uzanan «Şimal-Cənub» marşrutunun BTQ ilə birləşdirilməsi isə Azərbaycanı regional güc olaraq mövqeyini daha da möhkəmləndirəcək. İran tərəfi artıq BTQ ilə yüklərin daşınmasında maraqlı olduğunu ifadə edib. Məhz BTQ-nin istismara verildiyi günlərdə daha bir önəmli hadisə yaşanıb - İran və Azərbaycan Astanaları dəmir yolu vasitəsilə birləşib, bununla da, qatarların sərhədi keçməsi mümkün olub. İndi «Şimal-Cənub» marşrutu ilə qatarların tammiqyaslı hərəkətinin təmini üçün İran ərazisində Rəşt-Astara dəmir yolu hissəsinin inşasının başa çatdırılması kifayətdir. Bu işə Azərbaycanın 500 milyon dollar kredit ayırması imkanları nəzərdən keçirilir.

Jurnalımız çapa hazırlanarkən məlum olub ki, «Şimal-Cənub» marşrutu ilə bağlı müzakirələr Azərbaycan, Rusiya və İran prezidentlərinin noyabrın 1-də Tehranda keçiriləcək görüşündə də müzakirə olunacaq. Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun sözlərinə görə, sammit çərçivəsində İran tərəfinə Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün kreditin ayrılması məsələsi də müzakirə ediləcək.

Bununla yanaşı, o da qeyd olunmalıdır ki, İranın Bəndər-Abbas limanından Rusiyaya və geriyə yüklər artıq daşınır. Sadəcə, İran ərazisində müəyyən ərazini yük avtomobillərlə aparılır və Azərbaycanla sərhəddə yenidən vaqonlara yığılır. İran artıq öz yüklərinin yalnız şimal istiqamətində deyil, BTQ ilə də daşınması imkanlarına ciddi maraq göstərir. Eyni qaydada Avropadan da yüklərin əks istiqamətdə - İrana, Hindistana və Fars körfəzi ölkələrinə daşınması mümkündür.

Beləliklə, Bakı-Tbilisi-Ankara regional xətti Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında Avropa ilə Asiyanı müxtəlif layihələrlə birləşdirməklə, nəhəng bir məkanda əməkdaşlıq üçün geniş imkanlar açır.

 

Ermənistan kənarda qaldı

Bu regional təşəbbüsdən kənarda qalmış yeganə dövlət Azərbaycan ərazisinin 20%-ni işğal etmiş Ermənistandır. Üstəlik, «Şimal-Cənub» və «Şərq-Qərb» marşrutlarının tam işə düşməsilə İrəvanın, heç olmasa, bəzi yüklərin daşınmasında tranzit rolu oynaya biləcəyinə olan son ümidləri də öləcək. Ermənilər İranla Gürcüstan və Rusiyaya çıxışı olacaq dəmir yolu əlaqəsinin yaradılacağına da ümid bəsləyirdilər. Lakin Gürcüstanla Rusiyanı birləşdirən dəmir yolu separatçı Abxaziya bölgəsindən keçir və Tbilisi tanınmamış Suxumi rəhbərliyilə hər hansı rəsmi təmasa girmək niyyətində deyil.

Beləliklə, BTQ-nin istismara verilməsi İrəvanın regiondakı miqyaslı yük daşımalarından, heç olmasa, bir «tikə» qoparmaq ümidlərini birdəfəlik dəfn edir. İrəvanın 1IN.AM portalı da bunu təəssüflə etiraf edir. «Ermənistan regional inteqrasiyadan kənarda qalır. Bakı-Tbilisi-Qars dəmir yolu bunun əsas sübutundan biridir. Ermənistan üçün qətiyyən əlverişli olmayan bu konyunktur böyük ölçüdə İrəvanın müstəqil xarici siyasətinin olmamasının nəticəsidir. Ermənistan birtərəfli olaraq, Moskvadan asılıdır və bu ölkəmizin subyektivliyinin buxarlanmasına və xarici siyasət potensialının tükənməsinə gətirib çıxarıb. Tehrandan İrəvana müəyyən əməkdaşlıq təklifləri gəlsə də, Ermənistanın siyasəti Rusiya amili ilə buxovlanıb. Azərbaycan isə elə həmin İran istiqamətindən Ermənistanın siyasi və iqtisadi təcridini gücləndirmək üçün istifadə edir. Bir neçə gün sonra Rusiya, Azərbaycan və İran prezidentlərinin ikinci sammiti keçiriləcək və üçtərəfli əməkdaşlıq çərçivəsində İran-Azərbaycan dəmir yolu körpüsü istismara veriləcək. Yeri gəlmişkən, o, Bakı-Tbilisi-Qars dəmir yolunun siyasi və iqtisadi əhəmiyyətini daha da artıracaq. Odur ki, İranın regional layihələrdə Azərbaycanla deyil, Ermənistanla əməkdaşlığa daha çox üstünlük verdiyinə dair xülyalarla yaşamaq lazım deyil. Bu, həqiqət olsa belə, İran sonsuzadək Ermənistanın cavab təşəbbüslərini gözləyə bilməz. Regional proseslərə daha qlobal nöqteyi-nəzərdən baxsaq, görünən odur ki, İrəvanın Dağlıq Qarabağda status-kvonun qorunub saxlanması siyasəti əslində perspektivsizdir və ölkəmizin getdikcə daha da təcrid duruma düşməsinə, Ermənistan daxilində daha təhlükəli demoqrafik konyunkturun formalaşmasına aparıb çıxarır. Ermənistan hakimiyyətinin keyfiyyəti isə onun nə Ermənistan-Rusiya münasibətləri, nə də Qarabağ problemilə bağlı siyasətinə yenidən baxacağına ümid yaradır. Bütün bunların fonunda Ermənistanın regional təcrid vəziyyətinə düşməsi getdikcə daha real hala çevrilir», - deyə məqalədə bildirilir.

Necə deyərlər, şərhə ehtiyac yoxdur.



MƏSLƏHƏT GÖR:

440