24 Aprel 2024

Çərşənbə, 23:11

“QIZIL OĞLAN”LAR

Şahmat üzrə Azərbaycan millisi son beş Avropa birinciliyinin üçqat qalibi olub

Müəllif:

15.11.2017

Yunanıstanın Krit adasında təşkil olunan şahmat üzrə komandalar arasında Avropa çempionatı Azərbaycan millisinin tarixi qələbəsiylə başa çatdı. Bununla qrossmeysterlərimiz son 5 qitə birinciliyinin üçündə qızıl medal qazanıb.

İlk dəfə 2009, ardınca 2013-cü illərdə qitənin ən güclüsü olan kişi qrossmeysterlərimiz 4 il sonra üçüncü dəfə Avropa çempionu oldu, 2011-ci ildə isə Almaniya millisindən sonra ikinci olub.

1957-ci ildən bəri keçirilən Avropa çempionatlarının statistikasına görə, Azərbaycan yığması aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal olmaqla, sıralanmaya görə ikinci yer tutur və bu, yalnız SSRİ/Rusiya millisinin nəticələrindən geri qalır.  

Hərçənd Azərbaycan şahmatçıları Avropa çempionatına o qədər uğurlu başlamamışdı. İlk turlarda İtaliyaya məğlubiyyət və İspaniya komandasıyla heç-heçə şahmatçılarımızı çətin vəziyyətə salıb. Bu iki oyun arasında Avstriya millisi üzərində qələbə heç də nikbinlik yaratmırdı.

Bununla belə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət milli özünü toparlamağı bacardı və ardıcıl 5 oyunda qalib gəldi. Prinsipial görüşdə Ermənistan yığmasına 2.5-1.5 hesabıyla qalib gələn Azərbaycan yığması uğurlu seriyaya başladı. Ardıcıl qələbələrdən sonra 10-cu turda komandamız turnirin reytinq favoriti Rusiya ilə üz-üzə gəldi. Turnir cədvəlinin ilk pillələrində qərarlaşan Rusiya-Azərbaycan duelinin qalibi çempionluğa doğru ciddi addım atacaqdı. Və əsas görüşdə Azərbaycan şahmatçıları parlaq qələbə qazandı. Şəhriyar Məmmədyarov Aleksandr Qrişuk, Teymur Rəcəbov Yan Nepomnyaşini, Rauf Məmmədov Danilo Dubovu məğlub etməklə qələbədə pay sahibi oldu.

 Çempionluğun taleyi sonuncu turda həll olundu. Azərbaycan-Ukrayna görüşündə qələbəyə daha yaxın təmsilçimiz Arkadi Naydiç idi. Ruslan Ponomaryovla görüşdə böyük üstünlük qazanan Naydiç rəqibi səhv etməyə məcbur edə bilmədi və partiya heç-heçəylə yekunlaşdı. Digər görüşlərdə Teymur Rəcəbov Yuri Krivorçuk, Şəhriyar Məmmədyarov Pavel Elyanov, Rauf Məmmədov isə Yuri Kuzubovla xalı yarı böldü. Nəticədə, Azərbaycan Ukrayna komandasıyla 2-2 oynadı. Bütün diqqət turun digər görüşü Rusiya-Almaniya mübarizəsinə yönəldi. Ruslar heç-heçə edəcəyi təqdirdə, Azərbaycan komandası qızıl medallara qovuşurdu. Almaniya məğlub olacağı təqdirdə, komandaların əlavə əmsalları hesablanmalıydı.

Avro-2017-yə dünya çempionu Vladimir Kramnik, Sergey Karyakinsiz gələn Rusiya bununla belə Almaniyadan güclü olduğunu sübut etdi. Nikita Vityuqov və Yan Nepomnyaşinin qələbəsi sayəsində Rusiya 3-1 hesablı üstünlük qazandı. Bununla da, 9 turdan sonra Rusiya Azərbaycanla xallarını bərabərləşdirdi. Hər iki komandanın 14 xalı olsa da, daha yaxşı əlavə göstəricilərə malik Azərbaycan millisi tarixində üçüncü dəfə Avropa çempionatının qalibi oldu.

Yunanıstandakı qələbə Azərbaycan millisinin və şahmatçılarımızın dünyanın güclüləri sırasında olduğunu növbəti dəfə sübut etdi. Komandanın lideri Şəhriyar Məmmədyarov bu dəfə 1-ci lövhədə etibarlı oyunu və vacib qələbələrlə yadda qaldı. Sumqayıt şahmat məktəbinin yetirməsi öz lövhəsində gümüş medala layiq görüldü. Şəhriyar reytinq xalına görə dünyada ikinci yerdə qərarlaşıb, dünya çempionu Maqnus Karlsen isə birincidir. Cari ildə möhtəşəm oyunuyla diqqəti cəlb edən Teymur Rəcəbov 8 oyunda 5.5 xal toplamaqla ümidləri doğrultdu və fərdi nəticələrə görə gümüş medalla mükafatlandırıldı. Qədir Hüseynov və Arkadi Naydiç 3-4-cü lövhələrdə rəqiblərə kifayət qədər problem yaratdı. Rauf Məmmədov isə 9 oyundan 8 xal toplayaraq əmsalını 2709-a çatdırmaqla Azərbaycan şahmat tarixində elit səviyyəyə yüksələn dördüncü qrossmeyster oldu. Ümumiyyətlə, Avropa çempionatı Məmmədov üçün yeni mərhələ açdı. FİDE reytinqində böyük sıçrayış edən Rauf 40-cı pilləyə yüksəldi və çempionatda fərdi nəticələrinə görə qızıl medal əldə etdi.

Avropa çempionu olan Azərbaycan millisinin kapitanı, yığmanın şahmatçısı Eltac Səfərli haqqında da yalnız xoş sözlər demək mümkündür. 2013-cü ildə Azərbaycan millisinin heyətində Avropa çempionu olan Eltac 4 il sonra kapitan-məşqçi kimi qitə çempionatında qızıl medal qazandı. Səfərli həm də şahmatçı dostlarının komanda kimi mübarizə aparmasına şərait yaratdı və lazımi debüt seçimində kömək oldu. Rauf Məmmədovla Qədir Hüseynovun sözlərinə görə kapitan Eltac Səfərli lazımi məsləhətlərini əsirgəməməklə qələbədə böyük pay sahibi oldu. Amma bu Eltacın şahmatçı karyerasıyla vidalaşması demək deyil. 25 yaşlı qrossmeyster növbəti yarışlarda mübarizəyə qoşulacaq.

Şahmat üzrə millimizin bütün nailiyyətləri bu şahmatcılarla bağlıdır. Avropa çempionatlarında bütün medallarını - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərli və rəhmətə getmiş Vüqar Həşimov qazanıb.

Vətənə qayıdan Avropa çempionatının qalibi kişi şahmatçılardan ibarət Azərbaycan millisini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Dövlət başçısı bu qələbənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: “Azərbaycan növbəti böyük uğura imza atıb. Bu dəfə idmanın şahmat növündə, intellektual idman növündə qazanılmış qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir. Gərgin mübarizədə bizim şahmatçılarımız Azərbaycan xalqının intellektual potensialını bütün Avropaya və eyni zamanda dünyaya bir daha nümayiş etdirdilər.

Şahmatın Azərbaycanda inkişafı çox sürətlə gedir. Bilirsiniz ki, bölgələrdə müasir şahmat məktəbləri, şahmat evləri yaradılır. Biz vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni bərpa etmişik. O vaxt - 1970-1980-ci illərdə, demək olar ki, bütün bölgələrimizdə müasir şahmat məktəbləri açılmışdır. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində onların bir çoxu bağlanmış, yaxud da ki təyinatı dəyişilmişdir, özəlləşdirməyə açılmışdır. İndi onların bir çoxunda digər obyektlər yerləşir. Biz isə bütün bölgələrdə yeni şahmat evlərinin, məktəblərinin tikintisi ilə bağlı çox ardıcıl iş aparırıq. Bölgələrdə yerləşən şahmat evlərinin bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Əlbəttə ki, Bakıda böyük şahmat mərkəzinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir. Əminəm ki, biz yaxın gələcəkdə bunu da edəcəyik.

Eyni zamanda Azərbaycanda beynəlxalq yarışlar mütəmadi qaydada keçirilir. Vüqar Həşimovun adını daşıyan beynəlxalq turnir artıq dünya miqyasında çox mötəbər bir yarış kimi qiymətləndirilir. Əlbəttə ki, dünyanın aparıcı şahmatçılarının bu turnirdə iştirakı bunun səviyyəsini göstərir. Biz hamımızın iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadasını da xatırlayırıq. Bu da çox möhtəşəm idman yarışı idi. Demək olar, Yay Olimpiya Oyunlarından sonra ölkələrin sayına görə, bəlkə də, ikinci bir tədbir idi ki, yüksək səviyyədə keçirilmişdir. Azərbaycanda belə bir tədbirin keçirilməsi, əlbəttə ki, bizim şahmat sahəsində əldə etdiyimiz uğurların təzahürüdür.

Bu dəfə isə Azərbaycan komandası bir daha bizi sevindirdi. Komandamızın iştirakçıları, onların hamısı gənclərdir, gənc nəsildir, müstəqillik dövründə yetişmiş şahmatçılardır. Bu qələbə, doğrudan da, həm müstəqilliyimizin uğurlu inkişafını, həm də ölkəmizin intellektual səviyyəsini göstərir”.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “R+”a açıqlamasında Yunanıstanda qazanılan uğurdan və ölkə başçısı İlham Əliyevlə görüşlərindən danışıb: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş həmişə olduğu kimi komandaya böyük stimul verdi. Prezident yığmanın hər bir üzvü haqqında böyük məlumata sahibdir. Dövlət başçısı komandanı təbrik etdi, gələcəkdə yeni qələbələr arzuladı. Azərbaycan Prezidentinin şahmata olan yüksək diqqət və qayğısı millinin üzərinə böyük məsuliyyət əlavə edir. Şahmatçılarımız bütün yarışlarda qələbə uğrunda yarışmalıdır.

Yunanıstandakı qələbə hamını sevindirdi. Komandamızı həmişə belə görmək istərdim. Avropa çempionatında çıxış edən millimizin hər bir üzvü yüksək peşəkarlıq və ustalıq nümayiş etdirdi. Ümid edirəm ki, uğurların davamı gələcək. Çünki bunun üçün ölkəmizdə hər cür şərait var. Olimpiadada qələbə qazanaraq xalqımızı sevindirməyə çalışacağıq. Növbəti hədəfimiz olimpiya çempionluğudur”.

Qeyd edək ki, Avropa çempionatında qələbə qazanan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov İspaniyanın Palma de Malyorka şəhərində keçirilən Qran-Pri turnirində mübarizəyə başlayır. Bu turnirdə ilk üçlüyə daxil olacağı halda Rəcəbov dünya çempionluğuna iddiaçılar turnirinə vəsiqə qazana bilər. Eyni zamanda bu turnirin yekun nəticəsindən asılı olaraq Şəhriyar Məmmədyarovun da iddiaçılarda iştirak edib-etməyəcəyi dəqiqləşəcək.



MƏSLƏHƏT GÖR:

427