19 Aprel 2024

Cümə, 02:39

KAMİLLİK PARTİYASI

Nigar İBRAHİMOVA: «Tamaşanın uğuru təkcə aparıcı balerinanın əhvalından deyil, həm də zaldakı ümumi harmoniyadan da asılıdır»

Müəllif:

15.11.2017

Onun yüksək sıçrayışından, rəqsinin havalı olmasından, zərifliyindən danışırlar. Bütün bunlar onun haqqındadır - Opera və Balet Teatrının prima-balerinası, Azərbaycanın əməkdar artisti Nigar İbrahimova haqqında. O, «R +» jurnalına təhsili, həyatı və işi barədə danışıb. 

- Nigar xanım, niyə balet sizi özünə çəkdi, sizin ki valideynlər peşəkar həkimdirlər?

- Atam cərrahdır, anam isə pediatrdır, uzun illər poliklinikada işləyib. Mən ailənin yeganə uşağıyam. Anamın bacısı balerinadır, Permdə çox sayda ulduz rəqqasə yetirmiş Saxarovanın yanında yüksək səviyyədə balet öyrənib, Sankt-Peterburqda rəqs edib, indi də orada yaşayır və dərs keçir. Uşaqlıqda mən "Şelkunçik"ə və "Jizel"ə baxırdım və bu məni heyran edirdi. Balet məktəbinə mən 6 yaşımda daxil oldum, bu, eksperimental il idi, ona görə erkən götürdülər, 12 il təhsil aldım, sonra teatrda staj keçdim. Öz əsl rollarımı mən 20 yaşımda ifa etmişəm. Bunlar «Don Kixot», "Şelkunçik", "Jizel", «Min bir gecə» olub. Gözəl müəllim, Azərbaycanın xalq artisti Tamilla Şirəliyevanın yanında oxumuşam.

 - Və hər gün 3 saat iş başındasınız?

 - Başqa cür ola bilməz! Bu, bizim həyatımızdır - gündəlik fiziki əmək.

- Sıçrayışdan qabaq qorxursunuzmu? Bu, bir növ uçurumdan aşağı tullanmaq kimidir.

- Sıçrayış - mənim vücudumun təbiətidir, sıçramağı sevirəm, onların hər birindən zövq alıram. Baletdə insanın çox sayda təbii özəllikləri üzə çıxır. Əlbəttə, təhsilin də böyük əhəmiyyəti var, lakin insana çox şeyi təbiət verib, sadəcə, götürüb istifadə etmək lazımdır.

- Yaradıcılığınızda elə məqamlar olubmu ki, dəzgah (baletdə məşq aləti - R+) arxasında çox saatlıq məşğələləri, repetitorla və rejissorla işi, əsas məşqləri dayandırmaq və işinizi daha yüngül peşə ilə dəyişdirmək istəyiniz olubmu?

- Uğursuzluqlar olub, amma peşəmi dəyişməyi düşünmürəm. Mən Dövlət Dillər İnstitutunun fransız dili bölməsini bitirsəm də, baleti seçmişəm. Yeri gəlmişkən, balet terminologiyası əsasən fransızcadır, halbuki musiqi terminologiyası əsasən italyancadır, həm də qastrol üçün ən azı bir xarici dil vacibdir.  

- Dostlarınız, sizə yaxın dostluq telləri ilə bağlanan həmkarlarınız varmı?

- Mən birgə oxuduğum qızlarla ünsiyyət qurmaqda davam edirəm və bu, heç də bizim peşələrimizin yaxınlığı ilə bağlı deyil. Əsas məsələ səni anlamalarıdır. Sevgi və dostluqda münasibətlər çətin formalaşır, onlar çox kövrək olur.

- Haralarda çıxış etmisiniz və nələr yadınızda qalıb?

- Kreml səhnəsindəki çıxışım. Ora çox böyükdür və hazırlıq üçün vaxt az olanda, uyğunlaşmaq çətindir. Mən öz truppamızla çıxış etmirdim, amma tərəf-müqabilimin mənim üçün yeni olmasına baxmayaraq, çox peşəkar və emosional idi. İstənilən halda, ona alışmaq lazım idi ki, bu da asan deyil. Kremldə IV Beynəlxalq festivalda mən "1001 gecə"də çıxış etdim. Minskdə Belarus Böyük Teatrında "Jizel"in partiyasını ifa etmişəm. Orada səhnə mailidir. Ən rahat və əlverişli səhnə Bakıdadır, deyirlər, italyan teatrlarına bənzər qurulub. Permdə xoreoqrafçıların beynəlxalq müsabiqəsində 3 dəqiqəlik nömrə ifa etmək lazım idi, mən də Qara Qarayevin musiqisinə rəqs ifa etdim və onu "Təqdimat" adlandırdım. Bəyəndilər.

- Tamaşanın müvəffəqiyyətini nə müəyyən edir?

- Bu, yalnız aparıcı rəqqasənin əhvalından asılı deyil, həm də salonda ümumi harmoniya lazımdır, dirijorla orkestrin ruhlanması, truppanın əhvali-ruhiyyəsi, tərəfdaşın və izləyicilərin aktyora ötürülən həssaslığı və enerjisi - gözə görünməyən çox şeylər də vacibdir. Olur ki, bəri başdan nəsə alınmır və ya tərəfdaş xəstə olur, amma peşəkar vəziyyətdən çıxmağı bacarmalıdır ki, tamaşaçı heç bir şey hiss etməsin.

- İndi hansı yeni bir ifa istəyirsiniz?

- Bir dəfə internetdə Duma-oğulun süjeti üzrə Fridrix Şopenin musiqisi əsasında Almaniyada qoyulmuş "Kameliyalı qadın" kompozisiyasına baxmışam. Adı «Qara pa-de-de» idi. Gözəl alınmışdı! Mən də bunu ifa etmək istərdim. Azərbaycanın xalq artisti Gülağası Mirzəyevlə birlikdə bu nömrəni hazırlamışıq. Yeri gəlmişkən, məni bir hərəkətdən hiss edən əla tərəfdaşlarım var. Səhnədə onlarla etibarlı və rahatdır.

Gülağası ilə MDB ölkələrində qala konsertlərdə olmuşuq və klassik pa-de-de ilə yanaşı, milli baletlərimizdən də parçalar ifa etmişik. Məsələn, tamaşaçılara Qara Qarayevin "Yeddi gözəl" baletindən "Vida adajiosu" çox xoş gəlirdi. Təkcə rəqsin özü deyil, dahi bəstəkarın möhtəşəm musiqisi də heyranlığa səbəb olurdu.

- Balet fraqmentlərindən tərtib edimiş adi bir konsertdən fərqli, bəlkə də, səhnədə ilk dəfə ifa edilən və musiqiyə oturdulmuş ayrı-ayrı parçalardan ibarət konsertə qatılmağa razı olardınızmı?

- Əlbəttə, bəli, çox maraqlı və əyləncəli olardı!

- Sevdiyiniz rol.

- Seçə bilmərəm, onların hər birini sevirəm, çünki onlara çox zəhmət sərf edirəm. Bunlar Odetta və Odiliya, Kitri, Jizel, Pahita, Şəhrəzadə, Maşa, Dulsineya, Ölüm rolu - teatrımıza qoyulan hər şeyi sevirəm.

- Özünüz üçün kimləri örnək sayırsınız?  

- Onlar bir neçə nəfərdir - Yekaterina Maksimova, Maya Plisetskaya, Svetlana Zaxarova, Karla Fraçi, Alessandra Ferri, Silvie Gillem.

- Yorğun olduğunuz zaman daha yaxşı qavramaq üçün tamaşanın parçalarını başınızda canlandıra bilirsinizmi?

 - Bu da olur. Özünüzü sınamaq üçün, xüsusilə məşqdən sonra nəqliyyatda, gəzintidə bunu edə bilərsiniz.

- «İntermesso» televiziya proqramında göstərilən müasir həyat mövzusunda bir baletlə çıxış edə bilərsinizmi?

- Cəhd etmək istərdim, amma mən həm klassik, həm də milli baletlər oynayıram. Bizim teatrda da neoklassika da tamaşaya qoyurlar, bəzən modern də olur. Məsələn, Sergey Prokofyevin musiqisinə qoyulmuş "Həvəs" baleti, onda mənim də rolum olub. Çox maraqlı tamaşa idi. Modern üslubda həm də Fərəc Qarayevin musiqisinə "Qobustanın kölgələri" baleti qoyulub, bizim truppa bu baletlə Fransaya getmişdi. Tamaşanın premyerası isə Qobustan təbiətində baş tutdu, çox sayda qonaq vardı.

- Necə geyinməyi sevirsiniz?

- Kejual üslubda geyim gündəlik həyat üçün əlverişlidir - bədən istirahət edir, axşamlar isə bayram lazımdır, qara rəngli, minimalizm üslubunda midi və maksi geyimlərə üstünlük verirəm. Hər şeydə estetikanı, harmoniya və gözəlliyi sevirəm.

- Siz hələ gəncsiniz, hər şey hələ öndədir, son zamanlar çox şey əldə etmisiniz - «Azərbaycanın əməkdar artisti» fəxri adına və Prezident təqaüdünə layiq görülmüsünüz, bunlar necə mümkün olub?

Əlbəttə ki, müdrik rəhbər, musiqi sənətinin incə bilicisi, truppanın yaradıcılıq prosesində fəal iştirak edən teatrın direktoru Akif Məlikovun dəstəyi ilə. O, gənc istedadlı sənətkarlara geniş yol açır, işdə həvəsləndirir, onları ön plana çıxarır. O, bəlkə də, yeganə şəxsdir ki, məni gördü və bununla yanaşı, hər şeydə mənə kömək etdi, ən əsası, mənə qabiliyyətimi nümayiş etdirməyə və irəliləməyə şans verdi ki, bunun üçün ona çox minnətdaram. Həm də bizim peşədə əli cibində gəzməklə nəsə əldə etmək olmaz. Buna görə peşəkarlığa və harmoniyaya can atmaq lazımdır ki, öz partiyalarını mükəmməlliyə çatdırasan. Bundan əlavə, bütün teatr tamaşalarına baxıram, hətta özüm iştirak etmədiklərimi də izləyirəm. İndi isə Akif müəllimin inamını və gözləntilərini doğrultmaq üçün yalnız irəli getmək lazımdır.

- Baletdən başqa nə kimi maraqlarınız var?

- Mən oxumağı çox sevirəm, bəlkə də, bütün klassikləri oxumuşam, psixoloji yönümlü müasir ədəbiyyatı da, romantik romanları da oxuyuram. Məni həm də rəsmlər cəlb edir, özüm çəkmirəm, amma xüsusilə də səfərlərdə muzeylərə, sərgilərə baş çəkməyi sevirəm. Mən Karavacionu, Salvador Dalini, Van Qoqu, Modilyani Mironu, Səttar Bəhlulzadəni, Tahir Salahovu, Sakit Məmmədovu sevirəm. Mən səyahət etməyi sevirəm, qastroldan əlavə, özüm İtaliya, İspaniya, Türkiyə, Çexiya və digər ölkələrdə olmuşam.  

- Qida rejiminiz necədir?

- Çox vaxt yeməyi, ümumiyyətlə, unuduram. Xüsusi hallarda, yəni yüksək gərginlik altında olan zaman yüksək keyfiyyətli, yüksək kalorili yeməklər yemək məsləhətdir, çox su içmək hər zaman lazımdır, çünki biz çox maye itiririk. Mənim yaxşı çəkim var - 45 kq. Və bu, normaldır. Mən yemək hazırlamıram, amma sobada un məmulatları bişirməyi sevirəm, internetdə maraqlı şirniyyat reseptləri axtarıram.

- Nigar xanım, sizdə hər şey baletlə bağlıdır. Əgər sizin iş otağınıza sizə uyğun olan gənc, gözəl bir kişi girib "Mən zaldan sizə ilk baxışdan aşiq oldum ..." deyərsə, cavabınız nə olar?

- (gülür) Mən deyərdim: Bəlkə, baleti sevsəniz, bizdə nəsə alınar...



MƏSLƏHƏT GÖR:

443