20 Aprel 2024

Şənbə, 17:38

BU PLATONİK DÜNYA

Pantomima Teatrında insanları öz həyat və təyinatını yenidən dərk etməyə çağıran tamaşa səhnələşdirilib

Müəllif:

15.11.2017

«Vuvana». Dövlət Pantomima Teatrının premyerasını keçirdiyi yeni tamaşa belə adlanır. Qəribə sözdür, mənası və tərcüməsi yoxdur. Lap körpə uşaqların oyun zamanı uydurduqları sözlərə bənzəyir. Tamaşanın müəllifi Vüsal Rzasoydur. Quruluşçu rejissor, rəssam və musiqi tərtibatçısı qismində də Vüsal Rzasoy və əməkdar artist Nargilə Qəribova çıxış ediblər. Elə rolları da onlar ifa ediblər. Özünəməxsus yanaşmadır. «Vuvana» onların birgə işidir.

 

Yenidən dərketmə

Bu anlayışın konkret bir mənası yoxdur və eyni zamanda bu, ətraf dünyanın seyrinə dalan bir uşağın keçirdiyi hiss və həyəcandır. Aktyorlar da ürəklərinin dərinliyində uşaqdırlar. Bu, çox gözəldir, çünki yalnız həyatı yenidən tərk etməklə səhnədə qalmaq, insanları sənətin və yaradıcılığınla təəccübləndirmək olar. Elə isə «Vuvana» nədir? Bu suala tamaşanın ideya müəllifi, rejissoru, aktyoru və rəssamı Vüsal Rzayevlə cavab tapmağa çalışırıq.

«Vuvana» balaca bir dünyadır. O, zaman və məkandan kənardır. Orada insanlar idrakla deyil, ruhları və qəlbləri ilə yaşayırlar. Burada dil və şifahi ünsiyyət yoxdur. İnsanlar düşüncələrdən təmizlənir və yalnız sevgi ilə yaşayırlar. Bu hiss onların özlərini yenidən dərk etməsinə, özünüdərkin ən yüksək zirvəsinə çıxmasına kömək edir. Sevgi onların təbiətə qarışması və özlərini ağac, su, daş, alov, torpağın yerinə qoymaqla yüksək harmoniya hissi yaşamasına imkan verir. Dünyanı eşidən və hiss edən insan Kainatla əlaqə qurur, onun nurunu duyur, öz həyatına təsirini anlayır. Burada insan özünü Kainatın bir hissəsi hiss edir, özü ilə vəhdət tapa bilir. Kainat ona insanın dünyaya nə üçün gəldiyini anlamağa, ilahi sevgiyə çatmağa, onu dərk etməyə, dünya ilə vəhdət və gözəllik içində yaşamağa kömək edir.

Bax, belə bir fəlsəfi-izoterik baxış. Bu, Pantomima Teatrının aktyorlarının insan həyatı və təyinatına qeyri-standart yanaşmasıdır. Layihənin bədii rəhbəri Bəxtiyar Xanızadə belə axtarışları alqışlayır və təşviq edir. Ümumiyyətlə, o, gənclərdən gələn təşəbbüsləri dəstəkləyir, onların yaradıcı və peşəkar özünütəsdiqinə şərait yaradır.

 

«Vuvana» haqqında xəyal

Vüsal Rzasoy bu ideya ilə bədii rəhbərin yanına gələndə o, müəllifi fikrindən daşındırmağa, gənc aktyorun təcrübəsiz olduğunu deyib, tamaşanı qadağan etməyə çalışmayıb. Əksinə, ideyanı bəyənib, dəstəkləyib və müəllifi həvəsləndirib. Beləliklə, Vüsal əməkdar artist Nargilə Qəribova ilə birlikdə tamaşanı düşünməyə, onu addım-addım səhnə simvolları və metaforalarla zənginləşdirməyə başlayıb.

İki yaradıcı adamın bu müəllif işi onlara tamaşada həm aktyor, həm də rejissor olmağa, səhnə mizanı və plastik görüntülərə quruluş verməyə, özlərini rəssam və musiqi tərtibatçısı kimi sınamağa imkan verib. Bu, sözün bütün mənalarında müəllif teatrının yaranmasını iddia etməyə əsas verir.

«Vuvana» - ideal dünya barədə bir xəyaldır. Burada harmoniya gözəlliyi idarə edir və bu gözəllik geniş anlamda sevgi yaradır. Tamaşa müəllifin fikrini oxumağa, proloqdan epiloqa qədər onu izləməyə imkan verən metaforalarla zəngindir.

 

Hər şey belə başlayıb…

Dünyada heç nə omayıb, nə rənglər, nə səslər. Qaranlıq. Zülmət. Sükut. Sonra ritmik sürtünmədən səs yaranır. Sonra kiçik diametrli işıq dairəsinin üzərində Həvva ilə xristomatik bənzərliyi olan Qadın görürük. O, ətrafı təmizləyir. Sanki döşəməni yuyur. Lakin unutmayaq ki, bu adi məişət əhvalatı deyil, fəlsəfi hekayədir. Qarşımızda döşəməni yuyan qadın yox, insana həyat verən enerji üçün məkan hazırlayan ilahi varlıqdır. Çin fəlsəfəsində bu enerji Tsi adlanır. Qadın çox çalışmalıdır ki, suyun həyat verən enerjisi dünyanı öz səsi və rəngləri ilə boyayaraq, Həyat Ağacını və Onu - Qadınla birlikdə «vuvana» dünyasını yaradacaq Kişini geri qaytarsın. Lakin hər kəsin öz «vuvana»sı var. Buna görə də onlar Kainatın səsini eşitmirlər. Onlar hərə çox şey etməlidirlər ki, ikisinə bir Kainat və «vuvana» yaransın. Yalnız onda onlar özlərini Kainatın bir zərrəciyi hiss edəcəklər. Kişi və Qadın. Təbiətdən doğan iki dünya, iki həyat tərzi. Lakin təbii obrazdan daha üstün də nəsə var. Bu, onların ruhudur. İki əks cinsin mübarizəsi nəticəsində onlar qarşıdurmanın heç bir nəticə verməyəcəyini anlayırlar. İstənilən qarşıdurma insanı gücdən salır, onu məhv edir. Yeganə doğru yol - vəhdətdir. Vəhdət isə ruhun təmizlənməsi, gözəllik və sevgi deməkdir və onlar bunu anlayanda səsləri Kainatın səsinə qarışır, onunla üst-üstə düşür.

 

Metafora haqqında

Bəzi tənqidçilər hesab edirlər ki, metaforik, yəni məcazi teatr artıq keçmişdə qalıb. Onların fikrincə, bugünkü teatr - forma teatrıdır. Nə deyək, bəlkə də, belədir. İki min ildən artıq bir dövrdə bu tendensiya ilk dəfə deyil ki, teatra qayıdır. Adətən, bu məhz o zaman baş verir ki, itirilmiş idealların axtarışında olan cəmiyyət özünü mənəvi cəhətdən yenidən qurur. Bu zaman qəhrəman anlayışı itir, onun əvəzinə isə cazibəli antiqəhrəman önə çıxır. O, mahiyyətcə destruktivdir, onun öz mənəviyyatı və öz həqiqəti var - onlar hər kəsin bildiyindən fərqlidir.

Bəxtiyar Xanızadənin teatrında belə qəhrəmanlar yoxdur. Elə belə tamaşalar da. Burada mənəviyyat axtarışı ifadəli bədii forma axtarışı ilə müşayiət olunur. Bu forma səhnə metaforasında büruzə verir. Çox güman ki, bu teatrın kiçik səhnə məkanı ilə bağlıdır. Belə məkanda bədii metafora fəndləri sadəcə zərurətdir! Burada qəhrəmanlar arasında şifahi ünsiyyət yoxdur, əvəzində, hisslərin, düşüncələrin, emosiyaların ünsiyyəti var. Lakin adama elə gəlir ki, məsələ tək bunda deyil. Məsələ, teatrın özünün konsepsiyasındadır. O, sırf bilet satmaq, pul qazanmaq xatirinə tamaşaçını əyləndirməyə çalışmır, onun zövqünü formalaşdırır, müqayisə etməyə, düşünməyə məcbur edir. Sən kimsən? Bu dünyaya nəyə gəlmisən? Sənin yolun hansıdır?

 

Metaforanın şifrəsi

Bəlkə də, tamaşada şifrələnmiş ismarışlar çoxdur. Ancaq onların hamısı «oxunacaq» və «Vuvana»nın müəlliflərinin düşündüyü anlamda açıqlanacaq. Deyə bilərsiniz ki, axı, hər kəsin öz yozumuna ixtiyarı var! Bəlkə də. Lakin əsas olan elə əsas olaraq qalır: dialoq baş tutub və o, teatrla tamaşaçı arasında zamanla davam edəcək.

 

Səhnə metaforasının dili

Tamaşanın əvvəlində Həvva ana ağacın yanında dayanıb. Bu, qurumuş, cansız bir ağacdır. O, bulağa doğru gedir, oradan su götürür və əvvəlcə ağacın ətrafını sulayır. Suyun həyatverici gücünə cavab verən məkan Kişini yaradır. Sonra Qadın ağacı suvarır. Ağac yenidən canlanır və həyata qayıdır. Onun budaqları yarpaqlayır. Kişi və Qadın Həyat Ağacından enerji alır və Kainat onların səsinə səs verir. Lakin onlar o səsləri hələ eşitmir. Hələlik Kainatın sehrli səsləri onların şüuruna çatmır, onlar bu səsləri dərk etməyə çalışmalıdır. Kişi və Qadın özlərini, ətraf aləmi və öz daxili dünyalarını yenidən dərk etməlidirlər. Onda dünya ağacı yaranır, sanki kosmosdan bitən bu ağac öz tacı ilə vuvananın üstünə kölgə salır. Qadın bu ağacın budaqları arasından çıxmaq üçün çırpınır. Kişi isə kənarda oturub qoz qıraraq sakitcə baş verənləri izləyir. Kişinin bu böyük səbri onların hər ikisinə bir-birini anlamağa kömək edir. Və ən əsası da onda baş verir. Onlar Kainatın səsini eşidir və onunla birlikdə oxumağa başlayır. Deməli, vəhdət artıq tapılıb. Bundan sonra onlar ideal sevgi və gözəllik dünyasında yaşamağa başlayacaqlar. Sonda onlar kosmik bir məkanda, ulduzların arasında uçacaq və 12 bürcün arasından keçəcəklər. 12 rəqəmi kosmik dərrakə və Yaradanın iradəsini əks etdirir.



MƏSLƏHƏT GÖR:

379