19 Aprel 2024

Cümə, 14:38

BAKININ RUHU

Tofiq Quliyevin əsərləri hələ çox yüzilliklər insanları qardaşlığa və sevgiyə çağıracaq

Müəllif:

15.11.2017

“Nə yazsam, orada Bakının ruhu var. Mən Bakı kimi gözəl şəhər tanımıram”, - deyirdi şöhrətli bəstəkar Tofiq Quliyev. Bu şəhərdə 1917-ci ilin 7 noyabrında dünyaya göz açmış, böyüyüb boya-başa çatmışdı. Atası Ələkbər Quliyev iqtisadçı-mühəndis, anası Yaxşıxanım Mahmudova ilk azərbaycanlı qadın hakimlərdən idi. Tofiq onların heç birinin sənətini seçmədi. Arzularının, duyğularının hökmü ilə başqa bir sahəyə üz tutdu.  

1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbə daxil oldu. İbtidai musiqi nəzəriyyəsi üzrə müəllimi, bəstəkar, Azərbaycan romansının banisi Asəf Zeynallının ona böyük təsiri oldu. İlk mahnısını da müəlliminin tövsiyəsi ilə on dörd yaşında bəstələdi. Həmin günlər, sevimli müəllimi Asəf Zeynallı Tofiq Quliyevin xatirələrində belə qalmışdı: “Birinci mərtəbədə musiqi məktəbi idi, ikinci mərtəbədə isə konservatoriya. Qaynar təbiətli, yorulmaq bilməyən Asəf Zeynallı bizə dərs deyirdi. Sonra özü də qalxırdı yuxarı mərtəbəyə dərs öyrənməyə. Həm müəllim idi, həm tələbə. Asəf müəllimə sevgim olmasaydı, bəlkə, mən indi bəstəkar deyildim. Niyyətim gələcəkdə bir pianoçu, ya dirijor olmaq idi. Asəf müəllim isə hansısa intuisiyasının gücü ilə məndə gələcəyin bəstəkarını görürdü. 1931-ci ildə böyük Sabirin “Uşaq və buz” şeirinə istəkli müəllimimin təklifi, arzusu ilə bəstələdiyim ilk nəğmə mənim sənət taleyimi müəyyən etdi”.

Qarşısında yeni bir yol açıldı. Bu yol onu könülləri ovsunlayacaq, dillərdə əzbər olacaq mahnıların müəllifi edəcək, şöhrətə çatdıracaqdı. Ancaq bunlar qabaqdaydı. Tofiq Quliyev hələ arzularının, xəyallarının izindəydi. 1934-cü ildə qəbul olunduğu Azərbaycan Dövlət Konservatoriyasının iki fakültəsində - professor İ.S.Aysberqin sinfində fortepiano, professor S.Y.Ştrasserin sinfində dirijorluq üzrə təhsil almağa başladı. Polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfun sinfində keçdi. Xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini isə Üzeyir Hacıbəylidən öyrəndi.

Bəstəkarın oğlu, tanınmış kinorejissor Eldar Quliyev danışır: “Atam tez-tez ötən günləri xatırlayaraq söyləyirdi: “Orta məktəbdə çox yaxşı oxumuşam. Yaxşı dərs keçirdilər, eşitdiklərimiz yaddaşımıza həkk olunardı. Sonra musiqi məktəbində oxudum. Üzeyir bəyi, Qaranı, Niyazini, Fikrəti, Cövdəti məhz həmin dövrdə tanıyıb dostlaşdıq...” 1930-cu illərdə Tofiq Quliyev yaradıcılıq yoluna həmin bəstəkarlarla başladı.

1934-1935-ci illərdə məşhur müğənni Bülbülün rəhbərliyi ilə təşkil edilən Elmi-Tədqiqat musiqi kabinəsində xalq musiqisi nümunələrinin toplanması və notlaşdırılması işində fəal iştirak etdi. 1935-ci ildə tarzən Mirzə Mansurun ifasında “Rast”, “Segah-zabul”, “Dügah” muğamlarını nota köçürdü. Bu muğamları bəstəkar Z.Baqnrovla birgə fortepianoda işləyib hazırladı.  

M.Əzizbəyov adına Azərbaycan Dram Teatrının rəhbəri və dirijoru təyin ediləndə Tofiq Quliyevin on səkkiz yaşı vardı. Bir il sonra bir qrup istedadlı gənc Üzeyir Hacıbəylinin təşəbbüsü ilə P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində oxumağa göndərildi. Onlardan biri də Tofiq Quliyev idi. Qəbul imtahanında ifası ilə H.Y.Neyqauzun diqqətini elə cəlb etdi ki, fortepiano dərsini bir müddət Tofiqə o özü keçdi.

Gənclik coşğusu, həyatsevərlik və yaradıcılıq həvəsi ilə çalışır, musiqi sənətinin müxtəlif sahələrini öyrənirdi. Həmin illərdə caz musiqisinə böyük maraq göstərməyə başladı. 1937-1939-cu illərdə A.N.Tfasmanın Ümumittifaq Caz Orkestrinin pianoçusu oldu.  

Gənc, təcrübəli musiqiçi Bakıya yeni arzularla qayıtdı. Maestro Niyazi ilə Azərbaycan Dövlət Estrada Orkestrini yaratdı. 1939-cu ildən həm də Gənc Tamaşaçılar, Gəncə Dram, Azərbaycan Akademik Milli Dram, Rus Dram, Kukla teatrları ilə sıx yaradıcılıq əlaqələri quran Tofiq Quliyev onlarca tamaşaya musiqi bəstələdi.

1941-ci il sentyabrın 7-də Bakı Filarmoniyasında çıxış edən Dövlət Estrada Orkestri milli caz musiqisinin təməlini qoydu. Orkestrin rəhbəri Tofiq Quliyevin adı Azərbaycan musiqi tarixinə estrada və caz musiqisinin banisi kimi yazıldı. Sonralar tanınmış caz ustadı Eddi Roznerlə yaradıcılıq əlaqələri saxlayan bəstəkar onun orkestri üçün “Avara” hind kinofilminin, “Qara gözlər” romansının və uşaq mahnılarının mövzuları əsasında caz kompozisiyalarını işlədi.

Ölkədə müharibə gedirdi. 1941-ci ildə Tofiq Quliyev rəhbərlik etdiyi orkestrin kollektivi ilə 402-ci Azərbaycan diviziyasının tərkibinə daxil oldu. Onlar ağır döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində ön cəbhədə konsert proqramları ilə çıxış edirdilər. Repertuarlarında Azərbaycan xalq mahnıları ilə yanaşı, Tofiq Quliyev vətənpərvərlik mövzulu əsərləri də var idi.

1943-cü ildə “Qırmızı ordu” ansamblı iki hissəyə bölündü. “Qırmızı flot” hissəsinə Tofiq Quliyev rəhbərlik etdi. Müharibənin ölüm qoxuyan nəfəsi, bitib-tükənməyən qayğıları onu yaradıcılıqdan uzaqlaşdıra bilməmişdi. Gənc bəstəkar 1941-ci ildə “Səbuhi” filminə musiqi yazdı. Bu sahədə ilk işi də uğurlu oldu. Tofiq Quliyev bütün yaradıcılığı boyu bu janra müraciət etdi. “Səbuhi”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?”, “Dərviş Parisi partladır”, “Sevimli mahnı”, “Görüş”, “Ögey ana”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Belə ada da vardır” və digər kinofilmərinin musiqisinin müəllifi oldu.

Yaxın dostu olan yazıçı və rejissor Həsən Seyidbəylinin 1974-cü ildə çəkdiyi “Nəsimi” bədii filmi VII Ümumittifaq kinofestivalının mükafatını qazandı. Filmin bəstəkarı Tofiq Quliyev isə Dövlət mükafatına layiq görüldü.

Müharibədən sonra onun yaradıcılığı bir yeni istiqamət də aldı. 1946-1947-ci illərdə müğənni Rəşid Behbudovla birlikdə pianoçu və bənzərsiz mahnıların müəllifi kimi keçmiş sovet respublikalarının bir çox şəhərində milyonlarla tamaşaçı qarşısında çıxış etdi. 1948-ci ildə Moskvaya getdi, yarımçıq qalmış konservatoriya təhsilini davam etdirərək professor Qinzburqdan dirijorluq, professor Qolubevdən kompozisiya dərsləri aldı.

1951-ci ildə konservatoriyanı bitirdikdən sonra professor A.Qaukun rəhbərliyi ilə dirijorluq üzrə aspirantura təhsili aldı, elmi işini müdafiə etdi. Moskvada yaşadığı illərdə Moskva Dövlət Filarmoniyasının orkestri ilə çıxış etdi, Qlazunov, Mendelson, Çaykovski, Qara Qarayev kimi bəstəkarların əsərlərinə dirijorluq etdi. Vətənə dönən bəstəkar böyük həvəslə fəaliyyətini davam etdirməyə başladı.

1954-58-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında orkestr sinfinə rəhbərlik etdi, opera hazırlığı və alətşünaslıq sinifləri üzrə pedaqoji fəaliyyətlə məşğul oldu.

Tofiq Quliyev musiqi sənətinin hansı sahəsi ilə məşğul olurdusa, orda tanınırdı. Sanki uğur onun sənətdə yol yoldaşı idi. O, pianoçu, dirijor, müxtəlif janrlarda əsərlər, musiqili komediyalar, kantatalar, instrumental nümunələr, kino musiqisi yazan bəstəkar kimi tanınırdı. Amma lirik mahnıları bəstəkara daha geniş miqyasda tanıdır, məşhurlaşdırırdı.  

Tofiq Quliyev öz üslubunu yaradırdı. Mahnılarını Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Rauf Atakişiyev, Lütfiyar İmanov, Mirzə Babayev, Şövkət Ələkbərova və başqa dövrünün çox sevilən müğənniləri ifa edirdilər. Özü də deyirdi: “Çox xoşbəxt adamam. Çünki ifaçılarım dahi müğənnilər olub”.
Həmin şöhrətli müğənnilər də Tofiq Quliyev kimi istedadlı bəstəkarın mahnılarına minnətdar olduqlarını söyləyirdilər. Mügənni Mirzə Babayev duyğularını belə ifadə edirdi: “Bu musiqilərdə Azərbaycan torpağının şirəsi, qızmar günəşinin hərarəti var”. Xalq artisti Vasif Adıgözəlov deyirdi: “O, bəstəkarlar içərisində ən gözəl pianoçu idi. Həmişə məşq edən ifaçını xatırladırdı. Yəni təbiətən onun barmaqlarında texnika inkişaf etmişdi, bu şirinlik onun musiqisinə də hopmuşdu. Ona görə də Tofiq Quliyevin elə bir mahnısı yox idi ki, o, xalqın ürəyində olmasın, həmin melodiya sevilməsin”.

Lirik mahnılarının bu qədər ürəyəyatımlığının, ecazkarlığının bir səbəbi də yüksək poetik duyğulara malik olmasında idi. Tofiq Quliyev yalnız könlünə yatan şeirlərə musiqi bəstələyirdi. “Bakı”, “Azərbaycana gəlsin”, “Biz mehriban ailəyik”, “Bəxtəvər oldum”, “Gözəldir vətənim”, “Xəzər neftçiləri”, “Zibeydə”, “Əziz dost” və başqa mahnıları dinləyiciləri həyatdan zövq alaraq yaşamağa, sevgiyə səsləyirdi.

Tofiq Quliyev 1958-ci ildən dörd il M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1961-ci ildən direktor oldu. Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etdi, ömrünün sonunadək idarə heyətinin sədri oldu.

Dövrü mətbuatda onun musiqi sənəti ilə bağlı çoxsaylı məqalələri dərc edilirdi.  

Sovet dövründə də, Azərbaycan müstəqillik qazandıqdan sonra da xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. 1958-ci ildə əməkdar incəsənət xadimi, 1964-cü ildə xalq artisti fəxri adlarına, müxtəlif illərdə respublika Dövlət mükafatı, iki dəfə SSRİ-nin Qırmızı Əmək Bayrağı ordeni və “Şərəf nişanı” ordeni, 1997-ci ildə “İstiqlal” ordeninə layiq görüldü.

2000-ci ilin 4 oktyabrında Tofiq Quliyev bu dünyayla vidalaşdı. Bir ömrə sığdırmağı bacardığı böyük əməlləri ömrünün davamı oldu. Tofiq Quliyevin sevgi dolu ürəyinin pıçıltısı, hərarəti əsərlərində yaşayır. Onları ifa edən musiqiçilər, müğənnilər zamanın hökmü ilə dəyişir, bir-birini əvəz edir. Tofiq Quliyev sənəti yeni ifaçılar yetişdirir. Onun bənzərsiz əsərləri dünyanı sülhə, əmin-amanlığa, insanları dostluğa, səadətə, sevgiyə səsləyir.

Əsərlərində böyük sevgi ilə vəsf etdiyi qədirbilən milləti və müstəqil dövləti unudulmaz sənətkarın xatirəsini hər zaman əziz tutur. Prezident İlham Əliyevin 2017-ci ilin 7 fevralında görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevin 100 illiyi qeyd olunması barədə imzaladığı sərəncam da bu ehtiramın təzahürüdür.



MƏSLƏHƏT GÖR:

391