25 Aprel 2024

Cümə axşamı, 11:48

FİNİŞ XƏTTİ

Suriyada sülh prosesi, ümumilikdə regiondakı geosiyasi ləngimələrə rəğmən, reallaşa bilər

Müəllif:

15.11.2017

Suriya müharibəsində illərdir silahlı münaqişənin bürüdüyü regionun gələcəyini müəyyənləşdirə biləcək hadisə baş verib. Suriyanın hökumət qüvvələri Rusiya Hərbi-Kosmik Qüvvələrinin dəstəyilə «İslam Dövləti» (İD) qruplaşmasını terrorçuların son dayağı olan Əbu-Kamaldan çıxarıb.

 

Köklü dönüş və aşkar ziddiyyətlər

Suriya ordusu İraqla sərhəddə yerləşən Əbu-Kamalın minalardan təmizlənməsinə, sahmana salınmasına başlayıb. «Terrorçuların bir hissəsi məhv edilib, bir hissəsi Fərəci keçərək şimala doğru qaçmağa başlayıb. Ümid edirəm ki, orada onları layiqincə qarşılayacaqlar», - deyə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bir qədər də istehza ilə bildirib.

Beləliklə, son 2 ayda Suriya müharibəsində köklü dönüş baş verib. Hökumət qüvvələri üç ildir davam edən blokadanı yarıb və Deyr-ez-Zor vilayətini terrorçulardan tam azad edib. Onlar İD-nin əsas dayaq məntəqələrindən olan Meyadin şəhərinə nəzarəti də geri qaytarıb. Bu uğur, eyni zamanda artıq 2 ildir Suriyada hərbi əməliyyatlar aparan Rusiyanın da hərbi nailiyyəti sayıla bilər. Məhz Rusiya hərbçilərinin dəstəyi sayəsində Suriyanın hökumət qüvvələri ölkə ərazisinin 50%-nə nəzarəti geri qaytara bilib və hazırda İD ölkə ərazisinin yalnız 5%-nə nəzarət edir.

Təxminən, 1 il əvvələdək Suriya və İraqın saysız-hesabsız vilayətlərini nəzarətə götürmüş terror təşkilatının indiki durumu, həqiqətən, acınacaqlıdır. Və belə görünür ki, İraq ordusunun da ölkə ərazisində İD-nin son istehkamı sayılan Rava şəhərinə hücumu nəticəsində terrorçuların vəziyyəti daha da ağırlaşacaq.

Bununla yanaşı, hazırda Suriya və İraqda mövcud olan hərbi-siyasi konfiqurasiyada müəyyən gözlənilməz dəyişikliklərin baş verəcəyini də istisna etmək olmaz. Bu problemli regiona ən çox təsir imkanı olan ABŞ ilə Rusiya arasında ziddiyyətlərin hələ də qaldığını nəzərə alsaq, bu, mümkündür. Məsələn, ekspertlər Birləşmiş Ştatların Rusiyanın Suriyada əldə etdiyi hərbi uğurlarla barışmayaraq mövcud trendi dəyişməyə çalışacağını istisna etmir. Məsələ ondadır ki, Ağ Ev Suriya prezidenti Bəşər Əsədi münaqişənin lap əvvəlindən qeyri-legitim elan etmişdisə, rusların son hərbi uğurları ilə Əsəd hakimiyyətini daha da gücləndirib. Ekspertlər düşünür ki, Amerika İran-Suriya sərhədindəki Əbu-Kamaldan At-Tanfayadək olan strateji əraziləri öz nəzarətində saxlamaq üçün silahlı Suriya müxalifətindəki müttəfiqlərini hərəkətə keçirə bilər. Sonda amerikalıların planı İraq-Suriya sərhədində yerləşən Əbu-Kamal rayonuna nəzarətin «Suriya demokratik qüvvələri»nin tərkibindəki kürdlərə verilməsini nəzərdə tuta bilər.

Eyni zamanda indiki şəraitdə tərəflər arasında bir yarış da başlaya bilər: İraq-Suriya sərhədində yerləşən strateji bölgədə ilk olaraq kim möhkəmlənəcək: amerikalıların dəstəklədiyi kürdlər, yoxsa Rusiyanın dəstək verdiyi Suriyanın hökumət qüvvələri?

Bu məqamda xatırladaq ki, bir müddət əvvəl ABŞ İD-nin paytaxtı elan olunmuş Rakka uğrunda döyüşdə kürd müttəfiqlərinə yardım etmişdi. Bununla da, onlar Fərəc üzərindəki Tişrin bəndini ələ keçirmiş və Suriyanın şimal-şərqində hərbi-siyasi üstünlük qura bilmişdilər. Odur ki, Vaşinqton eyni ssenariyə ölkənin cənub-şərqində də əl ata bilər. Bu, ona Əbu-Kamalın azad olunmasından sonra artıq real görünən Rusiyanın tam hərbi uğur əldə etməsini əngəlləmək üçün lazım ola bilər.

Bununla yanaşı, amerikalıların kürdləri dəstəkləməsi, xüsusilə onlara hərbi dəstək verməsi Vaşinqton-Ankara münasibətlərini daha da gərginləşdirə bilər. Türkiyə Suriya kürdlərindən ibarət dəstələri PKK ilə sıx əlaqələrə malik terrorçu qruplaşmalar sayır. Ankarada hesab edirlər ki, onlar Türkiyənin təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdid yaradır. Türkiyənin maraqlarına da toxunan Suriya problemində ziddiyyəti artıra biləcək daha bir məqam isə Rusiyanın kürd qüvvələrilə siyasi əməkdaşlığı ola bilər. Bu mənada Rusiyanın Suriya probleminin həllilə bağlı müzakirələrin aparılacağı Soçi görüşünü təxirə salması nümunəvi sayıla bilər. Moskva bu qərarı noyabrın 18-də keçirilməli olan müzakirələr məhz Ankaranın etirazı üzündən qəbul edib. Türkiyənin narazılığına gəlincə, o, görüşə Suriya kürdlərinin də dəvət almasından narazı idi.

 

İxtilafın kimyəvi tərkibi

Aparıcı fövqəldövlətlər arasında «Suriya çəkişməsi» BMT-də də davam edir. Burada əsas mübahisə mövzusu Əsəd hökumətinin hərbi əməliyyatlar zamanı kimyəvi silaha əl atıb-atmamasıdır. ABŞ ilə Rusiya birgə istintaq komissiyasının (BMT və Kimyəvi silahların qadağan edilməsi təşkilatının nümayəndələrindən ibarət) mandatının bitməsindən (16 noyabr) sonrakı dövr üçün fərqli təşəbbüslərlə çıxış edir.

Vaşinqton Suriya hökumət qüvvələrinin yaraqlılara və dinc sakinlərə qarşı kimyəvi silahdan istifadə etdiyi qənaətinə gəlmiş komissiyanın işini bəyənir və onun mandatının müddətinin daha 2 il uzadılmasını təklif edir. Rusiya isə komissiyanı birtərəfli işləməkdə, qərəzlilikdə günahlandırır, onun mandatının müddətinin yalnız 6 ay uzadıla biləcəyini deyir. Bununla yanaşı, Moskva müstəntiqləri təkrar ekspertiza keçirməyə, hesabatlarına Suriya hökumətinin də materiallarını əlavə etməyə çağırır. Sonuncular isə məlum olduğu kimi, kimyəvi silahdan istifadə edildiyinə dair ittihamları birmənalı şəkildə rədd edir, qadağan edilmiş vasitələrdən terrorçuların istifadə etdiyini deyir.

Bu qədər ciddi ziddiyyət, əlbəttə ki, maraqlı qüvvələrin Suriyada çoxdan gözlənilən sülhə nail olub-olmayacaqları ilə bağlı şübhə yaratmaya bilməz. Vaşinqtonla Moskva Suriyada uzunmüddətli sülhə nail olunmasının yolu və metodlarını fərqli görür. Onlar yaxşı anlayır ki, Bəşər Əsədin bundan sonra da ölkə başçısı kimi qalması məsələsinin altında, əslində, Yaxın Şərqdə hansı fövqəldövlətin hegemonluq edəcəyi məsələsi gizlənir. Bununla yanaşı, ABŞ ilə Rusiya ən azı bir vacib məsələdə, deyəsən, ortaq məxrəcə gəlib: İD-nin mövcudluğuna son qoyulmalıdır. Bu, iki ölkə başçısı Donald Tramp ilə Vladimir Putinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Vyetnamın Dananq şəhərində keçirilmiş sammitində qəbul etdikləri birgə bəyanatda da yer alır.

 

Putinlə Trampdan mesaj var

 «Suriyada terror ocaqlarının məhvi istiqamətində aparılan hərbi əməliyyatlar sona yaxınlaşır», - deyə Putin Dananqdakı yekun mətbuat konfransında bildirib. Onun fikrincə, «hazırda ən vacibi deeskalasiya zonaları, atəkəslə bağlı razılaşmaların əldə olunması, siyasi prosesin başlanmasına şəraitin yaradılmasıdır». Putin hesab edir ki, siyasi proses terrorçuların məhvi məqsədilə aparılan hərbi əməliyyatların bitimindən sonra BMT-nin himayəsi altında həyata keçirilməlidir.

Bu yanaşma ilə Tramp da razıdır. Suriya ilə bağlı iki ölkənin birgə bəyanatını yaymaq məhz bu üzdən mümkün olub. Sənəddə Rusiya və ABŞ hərbçilərinin uğurları vurğulanır, son aylarda İD-yə aid terrorçu qruplaşmalarının sayının nəzərəçarpacaq dərəcədə azaldığı bildirilir. Dövlət başçıları qruplaşmanın tam məhv edilməsi üçün səyləri birləşdirəcəklərini, iki ölkə hərbçiləri arasında insidentlərin qarşısının alınması üçün mövcud hərbi kanallardan istifadə ediləcəyini bildiriblər.

Bəyanatda daha bir prinsipial əhəmiyyətə malik məqam var - Birləşmiş Ştatlar və Rusiya prezidentləri Suriyanın suverenliyini, ərazi bütövlüyünü və dünyəvi düzənini dəstəkləyir. Son məqam praktik olaraq, Suriyada hansısa klerikal dövlətin qurulacağına dair ideyalara, siyasi və informasiya manipulyasiyalarına şans saxlamır. Sənəddə BMT-yə üzv dövlətlər yaxın aylarda Suriyanın humanitar ehtiyaclarının ödənilməsi üçüni töhfələri artırmağa çağırılır.

Beləliklə, Suriyada sülh prosesi, ümumilikdə regiondakı geosiyasi ləngimələrə rəğmən, reallaşa bilər. Bu, özünü həm Cenevrə danışıqlarında, həm də Suriyadakı qüvvələr arasındakı atəşkəsdə qarant kimi Rusiya, Turkiyə və İranın çıxış etdiyi Astana prosesi çərçivəsində çoxdan gözlənilən irəliləyişə nail olunacağına inam yaradır.



MƏSLƏHƏT GÖR:

387