26 Aprel 2024

Cümə, 01:33

TAXT-TACLARIN OYUNU

Səudiyyə Ərəbistanı vəliəhdi özünə yol açır

Müəllif:

15.11.2017

«Mən kral Salmandan və Səudiyyə Ərəbistanı vəliəhdindən çox əminəm. Onlar nə etdiklərini yaxşı bilirlər. Onların sərt davrandıqları insanların bir çoxu illərlə ölkəni «sağmaqla» məşğul olub!» - deyə ABŞ prezidenti Donald Tramp bu yaxınlarda həyata keçirdiyi Asiya turnesi zamanı «Twitter» səhifəsində yazmışdı.

ABŞ prezidentinin sözlərində müəyyən mənada öyüd-nəsihət tonu da hiss olunur. Lakin o, yalnız dünya üçün yox, zərərçəkmişlər üçün də son dərəcə gözlənilməz olan hadisə - kral ailəsinin üzvlərinə qarşı miqyaslı repressiyalar haqda kifayət qədər sakit danışıb. Bu, Trampın yaşananlardan əvvəlcədən məlumatlı olduğunu göstərir. Hadisələrin özünə gəlincə, baş verənlər Səudiyyə Ərəbistanında birinci kral, hakim sülalənin başçısı Əbdüləziz əl Səud tərəfindən qurulmuş siyasi düzəni kökündən dəyişə bilər.

 

Kral ailəsinin ənənələri

1954-cü ildə birinci kralın vəfatından sonra taxt-taca yalnız onun oğulları iddia edə bilərdi. Onların sayı isə 45 nəfər idi (qanuni). Hazırda onlardan 9-u sağdır. Ölkəyə isə dekabrda 82 yaşı tamam olacaq Salman əl-Səud başçılıq edir. Qardaşların ən kiçiyi olan Mukrinun 72 yaşı var. Lakin problem yalnız yaşda deyil. Problem ondadır ki, onların atasının həyat yoldaşlarının sayı çox olub və bu, sonradan ana xətti ilə ailədaxili klanların yaranmasına aparıb çıxarıb. Məhz onların arasında daim hakimiyyət uğrunda mübarizə gedir. Ümumilikdə, kral ailəsinin, təxminən, 25 üzvü, həmçinin 7 minədək şahzadəsi var.

Kral Salman artıq özünü yaxşı hiss etmir və onun çox yaşamayacağını hər kəs bilir. Bəs, ondan sonra hakimiyyətə kim yiyələnəcək? Səudlar ailəsində onun 2015-ci il yanvarın 23-də hakimiyyətdə atadan bir, anadan ayrı qardaşı Abdullahı (2005-2015) əvəz etməsilə başlamış əsas intriqa da budur.

Məsələ ondadır ki, Salmandan əlavə, onun qardaşı Mukrinin də (anasının adı Baraki idi) vəliəhd şahzadə olmaq hüququ var idi. Bu isə artıq başqa klandır. Ögey qardaş vəliəhd kimi çox qalmadı - cəmi 3 ay. O, könüllü olmasa da, yerini doğma qardaşı oğlu Məhəmməd ibn Naifə, demək, öz klanının nümayəndəsinə verdi. Bu üzdən də, vəziyyətə o qədər də etiraz etmədi. Lakin bununla vəliəhdlik prinsipi dəyişdi və minlərlə üzvü olan ailədə yeni qayda ortaya çıxdı. Bundan sonra kral Salman üçün öz klanını irəli çəkmək, artıq, sadəcə texniki məsələ idi.

Məhəmməd ibn Naifdən sonrakı varis kralın oğlu (13 övladından biri), 29 yaşlı Məhəmməd ibn Salman təyin olundu. Yaşının az olmasına baxmayaraq, o, ilk gündən atasının bütün səlahiyyətlərini həyata keçirir. Baş nazirin müavini, müdafiə naziri, kral məhkəməsinin başçısı, ölkənin İqtisadi Məsələlər və İnkişaf Şurasının sədri kimi, faktiki olaraq daxili və xarici siyasəti o idarə edir.

Qeyd etmək lazımdır ki, gənc şahzadə Səudiyyə Ərəbistanında, həqiqətən də, inqilabi sayılacaq yeniliklərə imza atıb. O, vahhabilik prinsipindən uzaqlaşıb, iqtisadiyyatı qeyri-neft sektorunun inkişafını nəzərdə tutan bazar iqtisadiyyatı prinsiplərinə keçirib.

Şahzadə ölkəsinə «bütün dinlərə, ənənələrə və insanlara açıq olan mötədil islamı» qaytaracağına söz verib. Onun ən parlaq addımları sırasında şəriət qaydalarını pozmaqda təqsirli bilinən insanları həbs etmək səlahiyyətinə malik əxlaq polisinin ləğvini, qadınların fəal şəkildə siyasətə və iqtisadiyyata cəlbini, onlara avtomobil idarə etmək, kişilərlə birlikdə kinoteatrlara, restoranlara, idman tədbirlərinə və s. getmək hüququnun verilməsini göstərmək olar.

Lakin bütün bu planların, onların yerinə yetirilməsi imkanlarının bir ciddi əmması var - onlar qocalmış hökmdarın əhvalından asılıdır. Son maneələrin də aradan qaldırılması üçün bu ilin iyununda ölkədə prinsipcə, əsl çevriliş baş verib - Məhəmməd ibn Naifə nəzakətlə taxt-tac haqqını qardaşı Məhəmməd ibn Salmana verməsi «təklif olunub». Onun da bununla razılaşmaqdan başqa yolu qalmayıb.

Beləliklə, Səudiyyə Ərəbistanında hakimiyyətin atadan oğula ötürüldüyü klassik monarxiyanın əsası qoyulub. Yəqin ki, ölkənin banisi tərəfindən qoyulmuş ənənənin bu cür şəklə salınması hakimiyyətin ilk hökmdarın nəvəsindən nəvəsinə ötürülməsilə müqayisədə dövlətin maraqlarına daha uyğundur. Hər halda, taxt-taca yüzlərlə iddialının olduğu şəraitdə ölkənin kiçik knyazlıqlara bölünə biləcəyini istisna etmək olmazdı.

Bütün bunlar doğrudur. Lakin 25 minlik kral ailəsi üzvlərinin bir anda taxt-tac perspektivindən məhrum olması da ciddi hadisədir və bu, əlbəttə ki, çoxlarının xoşuna gəlməyib. Üstəlik, ailənin tarixində hökmdarın güc yolu ilə devrilməsi hallarına da rast gəlinib. Məsələn, ikinci kral Səud (1953-1964) hakimiyyətdən məhz çevriliş yolu ilə uzaqlaşdırılıb və onun yerini tutmuş Feysəl (1964-1975) öz qardaşı uşaqları tərəfindən güllələnib.

Ötən ilin payızında sosial şəbəkələrlə guya hansısa şahzadə tərəfindən yazıldığı bildirilən məktub peyda olmuşdu. Orada ölkənin yeni kursundan narazılıq ifadə olunur, kralın devrilməsinə çağırışlar yer alırdı. Bu ilin avqustunda isə Məhəmməd ibn Salmana qarşı sui-qəsd həyata keçirilib. O, xəsarət almasa da, sui-qəsdin təşkilində təqsirləndirilən şahzadə həbs olunub.

Vəliəhdin bir çox islahatlar həyata keçirmək, məsələn, bürokratik aparatda ixtisarlar aparmaq cəhdləri də çoxsaylı qohumlar tərəfindən müqavimətlə, sabotajla üzləşir.

 

İslahatçı

2016-cı ilin yazında hökumət «Səudiyyə Ərəbistanı Krallığının xəyalı: 2030» adlı sosial-iqtisadi islahatlar proqramını qəbul edib. Proqram neftdən asılılığa son qoyulmasını, «şaxələndirilmiş», iqtisadiyyatın yaradılmasını nəzərdə tutur. Onu Amerikanın «McKinsey» konsaltinq şirkəti hazırlayıb. Yeri gəlmişkən, Fars körfəzinin bütün ölkələri üçün bu işi həmin şirkət görür. Azərbaycan üçün 2025-ci ilədək və ondan sonrakı dövr üçün iqtisadi inkişafın «yol xəritəsi»ni də «McKinsey» hazırlayıb.

İslahatlarda əsas məqsəd sənayenin fərqli sahələrinin inkişafı ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoyulmasıdır. Söhbət avtomobil, polad, alümin, əczaçılıq sənayesinin, turizmin və s. inkişafından gedir. «McKinsey» bildirir ki, hadisələrin uğurla inkişaf edəcəyi təqdirdə, ölkənin ÜDM hazırkı 800 milyard dollardan 1,6 trilyon dollaradək arta bilər. Bu, Səudiyyə Ərəbistanını dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları sırasında 25-ci pillədən ilk onluğa qaldıracaq.

Bu məqsədlə İnvestisiya Fondunun 2 trilyon dollaradək artırılması planlaşdırılır - 2014-cü ildə 730 milyard dollar vəsaiti olan fond 2017-ci ildə 487 milyard dollarla kifayətlənməli olub. Artımın əsasən «Aramco» neft nəhənginin 5%-nin satışı, həmçinin dövlət aktivlərinin özəlləşdirilməsi hesabına əldə olunması nəzərdə tutulub. Bu halda o, dünyanın ən nəhəng fonduna çevriləcək və 885 milyard dollarlıq Norveç, 800 milyard dollarlıq Əbu-Dabi fondlarını geridə qoyacaq.

 

Qırğı

Lakin Məhəmməd ibn Salman daxili siyasətdə islahatçı sayılırsa, xarici siyasətdə aqressiv, kompromisə getməyi sevməyən qırğı kimi tanınır.

Düzdür, bu sahədə o, hələ ki, hər hansı ciddi uğur qazanmayıb. Qonşu Yəməndə məhz onun təşəbbüsü ilə 2015-ci ilin martında başlanmış üzücü hərbi əməliyyatlar hələ də nəticə vermir. Suriyada Əsədə qarşı döyüşən qüvvələrə verilən dəstək də səmərə verməyib. Üstəlik, Qətərə onun tərəfindən iyundan tətbiq olunan iqtisadi blokadanın da nəticəsi yoxdur.

Bütün bu gedişlər vəliəhdin İranla qarşıdurmanı davam etdirməkdə israrlı olmasının nəticəsidir. Yayda o, Tehranın Səudiyyə Ərəbistanına hücum planının olduğunu bildirib. Bu günlərdə isə Livana nəzarət edən «Hizbullah»ın (oxu: İranın) Ər-Riyada müharibə elan etdiyi bəyan olunub.

 

Təmizlik

Görünür, kralın tezliklə istefa verəcəyinə dair xəbərlər əsassız deyil. Bu üzdən, Məhəmməd ibn Salmanın vəliəhd elan olunmasından dərhal sonra hakimiyyətin dinc yolla ötürülməsi proseduruna start verilib. Müxalifətçilərin ilk kütləvi həbsi sentyabrda baş verib. Həmin vaxt ölkənin məşhur din xadimləri, ilahiyyatçıları saxlanılıb. Kütləvi həbslər noyabrda da davam edib. Rəsmi açıqlamada bildirilir ki, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə mübarizə çərçivəsində yüzlərlə insan həbs olunub. Onların arasında kral ailəsinin üzvləri, nazirlər və digər yüksək rütbəli məmurlar, nəhəng sahibkarlar və hərbçilər var. Saxlanılmış şəxslərin bank hesabları dondurulub.

Hadisələr tələfatsız da ötüşməyib. Şahzadələrdən biri Yəmənlə sərhəddə vertolyot qəzasına düşərək dünyasını dəyişib, digəri həbsi zamanı cangüdənlərinin müqavimət göstərməsi üzündən güllələnib.

İlk həbslərdən bir neçə saat əvvəl ölkədə Korrupsiya ilə Mübarizə üzrə Ali Komitənin yaradıldığı elan edilib. Ona rəhbərlik gözlənildiyi kimi, vəliəhdə həvalə olunub. Komitə istintaq aparmaq, həbs qərarları çıxarmaq, səfərləri qadağan etmək, korrupsiya hallarına yol vermiş şəxslərin bank hesablarını və aktivlərini dondurmaq səlahiyyətlərinə malikdir.

«The Wall Street Journal» xəbər verir ki, hökumət bu həbslərin gedişində 800 milyard dollaradək vəsaiti müsadirə etməyi planlayır. Bu, eyni vaxtda bir neçə məsələni həll etməlidir - opponentlərin maliyyə imkanlarını azaltmaq, iqtisadi və sosial islahatları maliyyələşdirməli olan İnvestisiya Fondunu artırmaq.

Kral Abdulla özünün və özündən sonrakı hökmdarların volyuntarist qərarlar qəbul etmək imkanını məhdudlaşdırmaq üçün hələ 2006-cı ildə Sadiqlik Şurası yaratmışdı. Oraya sülalənin banisinin oğulları və varisləri daxil idi. O, bu və ya digər qərarın qəbulundan əvvəl faktiki olaraq bütün ailə üzvlərini özündə birləşdirən şura üzvlərini bu qərarın vacibliyinə inandırmağı özünə borc bilirdi. Bu üzdən, kral birliyi qoruyub saxlamaq üçün tez-tez kompromisə getmək məcburiyyətində qalırdı.

Kral Salman və daha çox onun oğlu isə bu ənənəni pozdular. Məhəmməd ibn Salman hakimiyyətə təkbaşına nəzarət etməyə çalışır. Bu üzdən də, o, nəinki özünün taxt-taca aparan yolunu təmizləyir, həm də fərqli düşünənlərə, etiraz edənlərə səbirlə yanaşmaq fikrində olmadığını nümayiş etdirir.

Vəliəhd özünü xarici siyasətdə də belə aparır. O, Səudiyyə Ərəbistanının regional fövqəldövlət kimi qəbul olunması üçün əlindən gələni edir. Odur ki, qarşıda Yaxın Şərqi yeni sınaqlar gözləyir.



MƏSLƏHƏT GÖR:

436