19 Aprel 2024

Cümə, 23:06

«İLLİK» PREZİDENT

Təsadüfən hakimiyyətə gəlmiş milyarder, yoxsa lazımi anda peyda olmuş lider?

Müəllif:

15.11.2017

1 il əvvəl, 2016-cı il noyabrın 9-da milyarder Donald Tramp ABŞ-da keçirilən prezident seçkisində təcrübəli, öz gücünə əmin Hillari Klintonu məğlub etməklə, bütün dünyanı təəccübləndirdi. Ağ Evin hazırkı sahibinə milyonlarla insan səs versə də, onun ünvanına hələ də son dərəcə ciddi ittihamlar səsləndirilməkdədir - seksist, millətçi, antiqlobalçı, miqrantfob (bu, xüsusilə Meksikadan olan miqrantlara aiddir) və s. 365 gün sonra ittihamların sayı bir qədər də artıb. Nəticədə, Tramp Ağ Evə rəhbərlik etdiyi ilk ili ölkə tarixinin ən qeyri-populyar prezidenti kimi başa vurub. CNN-in məlumatına görə, SSRS tərəfindən keçirilmiş sorğu hazırda Trampın fəaliyyətindən razı respondentlərin 36% təşkil etdiyini göstərib. Təxminən, 60% ondan narazıdır.

Üstəlik, ABŞ-ın bir çox nüfuzlu KİV-i prezidentə qarşı açıq savaşa başlayıb və hətta artıq onun hakimiyyətdən getməsi üçün günləri sayır.

 

Fərqli prezidentlər, eyni gündəm

1 il ərzində Trampa qarşı mənfi reaksiyanın güclənməsi onun seçkiqabağı kampaniya dövründə verdiyi bəzi vədlərə əməl etməsidir. Məsələn, o, Birləşmiş Ştatları Trans-Sakit Okean Tərəfdaşlığından (TSOT) və Paris İqlim Sazişindən çıxarıb, hindilərlə ekoloji təşkilatların etirazları üzündən tikintisi dayandırılmış neft borularının inşasını bərpa edib, neft və qaz hasilatına məhdudiyyəti aradan qaldırıb, üstəlik, kömür mədənlərinin də işlənməsinə qərar verib.

Trampdan narazılıq mənzərəsini yalnız ABŞ iqtisadiyyatının son dərəcə yaxşı vəziyyəti «korlayır». Halbuki milyarderin Ağ Evə gəlişindən sonra bazarların çökəcəyi, biznes sahəsində ciddi həyəcan yaranacağı proqnozlaşdırılırdı. Amma bunların heç biri baş verməyib. Əksinə, fond bazarında 5,4 trilyon dollarlıq artım olub və bu, son onilliyin rekordudur. Bundan başqa, «Dow Jones Industrial Average» qiymətini 28,5% artırıb - son dəfə belə hal 1944-cü ildə Ruzveltin ikinci dəfə prezident seçilməsindən sonra baş vermişdi.

Bu da son deyil. Hazırda ABŞ-da işsizlik səviyyəsi rekord həddə azalaraq 4,1% təşkil edir. Bu dövrdə ölkədə, təxminən, 1,5 milyon yeni iş yeri açılıb, ÜDM dayanıqlı şəkildə 3% civarında artır. Bəzi analitiklər bütün bunların əsasının hələ Obama dövründə qoyulduğunu düşünsə də, fakt faktlığında qalır.

Adi insanlar üçün isə heç nə dəyişmir. Onlar üçün tibbi sığorta, abort hüququ, miqrasiya, silah gəzdirmək icazəsi və s. kimi ənənvi məsələlər hələ də aktual qalır. Bəlkə də, Amerikada bu məsələlər ona görə heç zaman kökündən, birdəfəlik həll olunmur və siyasi ritorika üçün hər zaman ən ciddi məsələlər kimi qalır ki, hər seçki kampaniyasında gündəmə gələn bu məqamlar diqqətləri üzərinə çəkərək ABŞ-da azad cəmiyyətin mövcudluğunu göstərir.

Beləliklə, Tramp, hələ ki, seçki proqramının ən vacib məqamlarından olan «Obamacare» tibbi sığortanın ləğvi vədini yerinə yetirə bilməyib. Bu yerdə xatırladaq ki, bu talesiz sığorta məsələsi Obamaya da Buşdan miras qalmışdı. Prezidentlər və onların məsələlərə yanaşması dəyişir. Gündəm isə eynidir. Yeni heç nə yoxdur. Lap hər qanlı insidentdən sonra amerikalıların silah gəzdirmək hüququndan məhrum edilməli olub-olmadığına dair qızışan müzakirələr kimi.

Yeri gəlmişkən, ABŞ-da son bir neçə həftə ərzində 2 kütləvi qətliam törədilib. Adi insanlara qarşı həyata keçirilmiş və xüsusi səbəbi olmayan bu qətliamlar son dərəcə amansızlığı ilə yadda qalıb. Oktyabrın 2-də Las-Veqasda keçirilən katri musiqisi festivalında 64 yaşlı pensiyada olan mühasib Stiven Paddok yaxınlıqdakı hotelin 32-ci mərtəbəsindən festivala toplaşmış insanları güllələyərək, 59 nəfəri qətlə yetirib, 527 insanı yaralayıb. Noyabrın 5-də isə növbəti bənzər hadisə Texasın Sazerlend-Sprinqs şəhərciyində baş verib - buradakı baptist kilsəsində 26 nəfər qətlə yetirilib. Qatilin vaxtilə öz ailəsinə hücum etdiyi üçün ABŞ HHQ-dən kənarlaşdırılmış 26 yaşlı Devin Kelli olduğu üzə çıxıb.

İnsan bir fikri özünə yaxın buraxmaq istəməsə də, fakt odur ki, hər iki cinayətdə qətlə yetirilənlər ağdərili amerikalılardır. Kantri musiqisinin həvəskarları, fermerlər, baptistlər olan bu insanlar, güman ki, respublikaçılar idi. Yəni söhbət Trampın ideal elektorat portretindən gedir. Onlar prezidentin Amerikanı yenidən nəhəng fövqəldövlətə çevirmək çağırışlarını çox bəyənirlər. Bəs, baş verənlərdə, həqiqətən, hansısa qərəz varmı, yoxsa bu, sadəcə təsadüfdürmü? Cavab vermək çətindir. Dəqiq olan odur ki, ortada son dərəcə ciddi problem var. Lakin ona yenə də ənənəvi çərçivədə yanaşılır.

 

Ssenari üzrə

Bəlkə, Tramp xarici siyasətdə ənənəvi kursa qarşı gedir? İlk baxışdan bu sahə sanki hörümçək torudur. Ən azı Çinə nəzər salmaq olar. Ağ Evin hazırkı rəhbəri seçki kampaniyası dövründə Pekinin ünvanına ən müxtəlif ittihamlar səsləndirmiş, hətta onu valyuta manipulyasiyalarında günahlandırmışdı. Lakin hakimiyyətə gəldikdən sonra Tramp az qala ilk görüşünü ÇXR sədri Si Cinpinlə keçirib. Üstəlik, 1 il sonra ABŞ prezidenti belə qənaətə gəlib ki, Vaşinqtonla Pekin üçün əməkdaşlıq yeganə doğru seçimdir. Tramp vahid Çin ideyasını dəstəkləyir, Cənubi Çin dənizində sülh və sabitliyin qorunub saxlanmasını vacib sayır. Halbuki, Pekin orada hərbi nüfuzunu durmadan artırmağa çalışır. Trampın Pekinə bu yaxınlarda etdiyi səfəri zamanı isə iki ölkə arasında qlobal miqyasda rekord sayıla biləcək dəyərdə müqavilə və razılaşmalar imzalanıb. Söhbət 250 milyard dollardan artıq məbləğdən gedir.

Tramp ilə Cinpin maliyyə və valyuta siyasəti, hərbi və kibertəhlükəsizlik sahələrində fəaliyyətlərini koordinasiya etməyə hazır olduqlarını bildiriblər. Onlar humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də vurğulayıblar. Yəni bir müddət əvvələdək ticarət müharibəsi aparan bu iki dövlət üçün hər şey kifayət qədər yaxşıdır.

Tramp qloballaşma ideyasından imtinasından sonra məhz Çinin qlobal iqtisadiyyatda 1 nömrə olmağa iddiasından narahatdır. Pekin BVF, DB və ÜTT-də mövqelərini planlı şəkildə gücləndirir, yeni ixrac bazarlarına yollar axtarır, informasiya texnologiyaları və süni intellekt sahələrində durmadan sərmayə yatırır. Çinin «Bir kəmər, bir yol» təşəbbüsü Avropa ilə Asiya arasında yeni əlaqələrin qurulmasına və köhnə əlaqələrin möhkəmləndirilməsinə hesablanıb. Si Cinpinin özü də Çin Kommunist Partiyasının oktyabr qurultayından sonra hakimiyyətini xeyli gücləndirib və «Economist» hətta onu dünyanın ən nüfuzlu şəxsiyyəti elan edib. Hazırda dünyada həyata keçirilən ümumi ixracda Çinin payı 14%-dirsə, ABŞ bu göstəricidə 10%-i aşmır. Qısa desək, ABŞ-ın mövqeləri və liderliyi ciddi təhlükə qarşısındadır. Halbuki Çin sanki beynəlxalq düzənə hakimlik iddiasında deyil və onun ABŞ-ın əsaslandığı ideoloji dəyərləri də (demokratiya, söz azadlığı) yoxdur. Amma indi vəziyyət tam fərqlidir: bu iki dövlət ciddi münaqişəyə girə bilməz. Çünki onlar Amerikanın qiymətli kağızlarına o qədər bağlıdırlar ki, birinin «özünü pis hiss etməsi» dərhal digərinə də təsir göstərəcək.

Trampın lazımsız, vaxtı keçmiş qurum adlandırdığı NATO-ya münasibətində vəziyyət təxminən eynidir. Onun bu sözləri heç nə həll etmir. Çünki Vaşinqtonla NATO bir-birinə ayrılmaz şəkildə bağlıdır - NATO, əslində, Vaşinqtonun övladıdır və Rusiyanın qarşısının alınmasında əsas funksiyanı bu gün də bu alyans yerinə yetirir. Məhz bu məqsədlə Avropa ölkələrində mütəmadi hərbi təlimlər keçirilir, onların ərazisinə əlavə Amerika hərbçiləri göndərilir.

Yeri gəlmişkən, Tramp üçün ən kəskin xarici siyasi mövzu, yəqin ki, elə Rusiyadır. Ümumiyyətlə, bu, yəqin ki, tarixdə ABŞ-ın mövcud prezidentinin daim Moskva ilə əlaqələrdə ittiham olunduğu ilk haldır. Sorğular göstərir ki, bu ittihamlara inanan amerikalıların sayı gündən-günə artır. İndi rəyi soruşulanların 44%-i bu xəbərlərdən «çox narahat» olduğunu deyir. Belə bir şəraitdə Ağ Evin Kremllə əlaqələr qurması çox çətindir. Odur ki, 1 il əvvəl Rusiya-ABŞ münasibətlərində müsbət dəyişikliklərin olacağını gözləyənlərin gözləntiləri doğrulmur. Əksinə, ötən il ərzində Moskva ilə Vaşinqton arasında münasibətlər daha da korlanıb. Trampın Ağ Evə rəhbərliyə başlamasından sonra tərəflər arasında artıq bir neçə diplomatik qalmaqal yaşanıb - diplomatlar ölkədən çıxarılıb, diplomatik nümayəndəliklərin mülkiyyəti müsadirə olunub, vizaların verilməsi dayandırılıb. Birləşmiş Ştatlar Rusiyaya yeni sanksiyalar tətbiq edib, rus təbliğatının qarşısının alınması üçün ciddi addımlar atılıb - ABŞ-da Rusiyanın ingilisdilli RT telekanalı rəsmən KİV statusundan məhrum edilib və ona «xarici agent» statusu verilib. İki ölkə prezidentləri Donald Tramp ilə Vladimir Putin hətta Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının bu yaxınlarda Vyetnamda keçirilmiş toplantısında belə, geniş görüş keçirə bilməyiblər. Beləliklə, Vaşinqton-Moskva münasibətləri onsuz da çoxdan pisdir və Trampın fəaliyyəti burada da yeni heç nə verməyib.

Bəlkə, Trampın başqa dövlətlərin işlərinə qarışmayacaqlarına dair vədini yada salaq? Tramp ciddi şəkildə Şimali Koreya problemi ilə məşğuldur və 1 il ərzində bu işdə ən təhlükəli həddədək gedib çıxıb. Pxenyan ABŞ-ın Quam adasını raketlə vura biləcəyini bəyan etdikdə Ağ Evin sahibi qarşı tərəfi «indiyədək dünyanın görmədiyi şiddət»lə hədələyib. Hər şey o qədər ciddi səslənirdi ki, KİV-də mümkün nüvə müharibəsinə dair belə müzakirələr gedirdi.

Bundan başqa, Tramp İran problemini yenidən aktuallaşdırıb, ölkəsinin Əfqanıstanda mövcudluğunu artırır, apreldə isə Suriyanın bombardman edilməsinə göstəriş verib. Digər yandan bütün bunlar yalnız sözdür və Tramp heç bir yeni müharibəyə başlamayıb. Onun Pxenyanla bağlı strategiyası aydın deyil. Eyni sözü Vaşinqtonun İran, Suriya, ümumilikdə Yaxın Şərq və Rusiya strategiyası haqda da demək olar.

 

Üç variant

Kapitolidəki sistem qüsuru üzündən təsadüfən hakimiyyətə gəlmiş populist milyarder? Bəlkə, lazımi anda, lazımi yerdə peyda olmuş prezident? Bəlkə, Amerika isteblişmenti dünya liderinin üzərinə düşən yükü daşıya bilmədiyini anlayıb, Yaxın Şərqdə həlli görünməyən ziddiyyətlər içərisində ilişib qaldığını dərk edərək, Avropa və digər ölkələr qarşısında müəyyən iqtisadi və digər öhdəliklərdən qurtulmaq fikrinə düşüb? Bir məqamı yada salaq: Tramp iqlim sazişinə qarşı çıxır və ekologiyanın qayğısına qalmağın ölkəsinə iş yerləri və milyardlarla dollar bahasına başa gəldiyini deyir.

Bəlkə, əslində, söhbət bir sıra müsəlman ölkələri vətəndaşlarının ABŞ ərazisinə girişinin çətinləşdirilməsindən və ya ümumiyyətlə, qadağan olunmasından gedir? Obama və ya Buşdan belə fikir eşidə bilərdikmi? Xeyr! Elə o anda qeyri-populyar, təxminedilməz addımları ilə tanınan prezident peyda olur və hər şey onun üzərinə atılır. Nəticədə, Amerika hakimiyyəti bir az nəfəs alır, Trampın adı istənilən halda tarixə yazılır, Vaşinqton güc toplamağa başlayır. Yeri gəlmişkən, iqtisadiyyatda vəziyyətin əla olması bunun təsdiqidir. Trampın «tvitomaniyası» da sübut sayıla bilər. Hər halda, gündə bir neçə dəfə paylaşılan emosional tvitlər bir tərəfdən ucuz təxribat kimi qiymətləndirilsə də, digər yandan gözəl strategiya da ola bilər. Çünki prezident qısa fikirlərilə müzakirə mövzusu və tonunu nəzarətdə saxlayır, ictimaiyyətin əhvalını yoxlayır.

Yoxsa Tramp, həqiqətən də, müstəqil, hiyləgərdir və öz oyununu oynayır? Hər halda, belə bir fikir var ki, Trampın çoxsimalılığı məcburiyyətdən doğur. Guya o, bununla istər daxili, istərsə də xarici təşəbbüslərinə əngəl olmağa çalışan rəqiblərindən qorunur.

2018-ci ilin noyabrında Konqresə seçki keçiriləcək. Bu seçkidə Tramp Konqresdə çoxluğa yiyələnməyə çalışacaq. Bəlkə də, ondan sonra dünya fərqli Tramp görəcək. Cəmi 1 il qalır…

 

 

TRAMPIN 1 İLLİK PREZİDENTLİYİ DÖVRÜNDƏ ABŞ-DA İQTİSADİİNKİŞAF

*          ABŞ-ın Fond bazarı 5,4 trilyon dollar artaraq, son onilliyin rekordunu vurub;

*          «Dow Jones Industrial Average» qiymətini 28,5% artırıb - son dəfə belə hal 1944-cü ildə Ruzveltin ikinci müddətə prezident seçildiyi dövrdə baş vermişdi;

*          ÜDM dayanıqlı olaraq 3% civarında artır;

*          İşsizlik 4,1%-dək azalaraq, rekord həddə düşüb;

*          1,5 milyonadək yeni iş yeri açılıb.



MƏSLƏHƏT GÖR:

399