26 Aprel 2024

Cümə, 00:47

TEHRAN-2017

Azərbaycan, Rusiya və İran Hindistanla Finlandiyanı birləşdirir

Müəllif:

15.11.2017

«Qərb-Şərq» nəqliyyat dəhlizi çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qazaxıstandan yola salınmış ilk qatar ünvanına çatar-çatmaz, Tehranda Azərbaycandan keçəcək daha bir beynəlxalq yolun istismara verilməsi haqda müzakirələr aparılıb. Söhbət «Şimal-Cənub» dəhlizindən gedir.

Azərbaycan, Rusiya və İran prezidentləri İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin Tehranda noyabrın 1-də keçirilmiş ikinci sammitində «Şimal-Cənub» dəhlizi layihəsinin reallaşdırılması məsələsi əsas müzakirə mövzularından biri olub.

Ümumilikdə, Azərbaycan, Rusiya və İranı yalnız coğrafi qonşuluq deyil, həm də Xəzər dənizi ətrafında yerləşmələri və nəhəng karbohidrogen resursları birləşdirir. Bundan başqa, Rusiya ilə İran Yaxın Şərq regionunun əsas aktorlarındandırlar. Bu, ilk növbədə, Suriyaya aiddir. Bütün bu siyasi-iqtisadi məsələlər məhz dövlət başçıları səviyyəsində üçtərəfli əməkdaşlıq formatına aktuallıq qazandırır. Xatırladaq ki, bu formatda ilk görüş Azərbaycanın təşəbbüsü ilə 2016-cı ilin avqustunda Bakıda keçirilib. «Bugünkü Zirvə görüşü onu göstərir ki, bu formatın çox böyük əhəmiyyəti və gözəl gələcəyi var. Üçtərəfli əməkdaşlığımız tam təbiidir. Çünki xalqlarımızı ortaq tarix, eyni zamanda coğrafiya birləşdirir. Əsrlər boyu xalqlarımız bir-biri ilə sıx əlaqədə olub. Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var», - deyə Azərbaycan Prezidenti İlham Əliyev Tehran görüşündə bildirib.

 

Azərbaycandan keçməklə, Finlandiyadan Hindistana

Görüşdə əsas diqqət iqtisadi məsələlərə, ilk növbədə isə «Şimal-Cənub» dəmir yolu layihəsinin tam istismara verilməsinə yönəldilib. İlk görüşdən keçən 1 ildə Hindistandan Rusiyaya avtomobil və dəmir yolu ilə test daşımaları həyata keçirilib və bunun effektivliyi artıq sübut olunub. Bununla yanaşı, Azərbaycan ərazisində kiçik hissədə dəmir yolunun inşası başa çatdırılıb, İranla sərhəddə isə dəmir yolu körpüsü tikilib. İndi yalnız Rəştdən İran Astarasınadək olan hissənin tikintisi qalır. Tehran görüşündə bu istiqamətdə də vacib addım atılıb - Azərbaycanla İran dəmir yolunun İran ərazisindəki hissəsinin inşasına 500 milyon dollarlıq kreditin ayrılmasına dair razılıq əldə edib.

«Şimal-Cənub» layihəsi yalnız İranla Rusiyanın birbaşa dəmir yolu xəttilə birləşməsinə deyil, həm də yüklərin Avropanın şimalından, o cümlədən Finlandiyadan Hindistana və əksinə daşınmasına imkan verəcək. Bu marşrutun nə qədər önəmli olduğu ortadadır. Əgər hazırda Finlandiyadan yüklər dəniz yolu ilə İrana və Hindistana 45-60 günə daşınırsa, «Şimal-Cənub» dəhlizi bu müddətin 15-20 günədək azaldılmasına imkan verəcək. Hazırda üç ölkənin müvafiq qurumları daşımaları daha səmərəli etmək üçün vahid tarif müəyyənləşdirməyə çalışır.

Artıq bir neçə başqa dövlət, məsələn, Pakistanla Belarus da bu marşruta qoşulmaqda maraqlı olduğunu bəyan edib. Eyni ideya ilə Baltikyanı dövlətlər də çıxış edib. Onlar özlərinin «Vikinq» dəmir yolu marşrutunu «Şimal-Cənub» dəhlizinə inteqrasiya etməyə hazırdırlar.

Bütün bunlarla yanaşı, «Şimal-Cənub» layihəsinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə birləşməsi İran, Hindistan və Yaxın Şərq regionundan Avropaya və əks istiqamətdə yüklərin tranziti üçün əlavə imkan yaradır. Üstəlik, BTQ İran, Hindistan, Pakistan kimi ölkələrdən yüklərin Qara dəniz regionu bazarlarına çıxışını təmin edə, eyni zamanda məsələn, Ukrayna məhsullarının Yaxın Şərq regionuna tədarükünə imkan yarada bilər.

«Şimal-Cənub» dəhlizi tranzit üstünlüklərilə yanaşı, Azərbaycan, Rusiya və İran arasında ticarət əməliyyatlarının fəallaşmasına da imkan verəcək.

Məsələn, 2016-cı ilin yekunlarına əsasən, İranla Rusiya arasında ticarət dövriyyəsi cəmi 2,1 milyard dollar təşkil edib. Bu, şübhəsiz ki, iki ölkənin potensialına tam cavab vermir. Doğrudur, bunun İranın nüvə proqramı üzündən uzun illər sanksiyalarla üzləşməsi kimi obyektiv səbəbləri də var. Lakin artıq İrana tətbiq olunmuş beynəlxalq sanksiyaların əksəriyyəti aradan qaldırılıb və bu, istər Rusiya, istərsə də Azərbaycan üçün böyük perspektivlər açır. Bakı üçün hər iki qonşu ilə iqtisadi əməkdaşlıq ölkənin qeyri-neft sektorunun inkişafı kontekstində son dərəcə vacibdir. Nəticələr artıq göz qarşısındadır - 2017-ci ilin ilk 9 ayı ərzində İranla xarici ticarət dövriyyəsi 30 (üstəlik, 2016-cı ildəki 60%-lik artımdan sonra), Rusiya ilə isə 60% artıb.

«Bu, ilk növbədə, onu göstərir ki, üç ölkə arasında çox səmimi dostluq münasibətləri var. Təbii ki, iqtisadi sektor, biznes dairələri bunu görür və bundan faydalanır. Eyni zamanda artan ticarət dövriyyəsi göstərir ki, bizim iqtisadiyyatımız uğurla inkişaf edir və dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatımıza ciddi təsir göstərməyib», - deyə İlham Əliyev bildirib. 

«Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik» - deyən İranın dövlət başçısı Həsən Ruhani isə bunun ticarət əməliyyatlarının daha da genişləndirilməsinə imkan verəcəyini düşünür.

Bundan başqa, Tehran sammitində ölkələr arasındakı hesablaşmalarda milli valyutalara keçilməsi imkanları da müzakirə olunub. «Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq. Biz İranla Azərbaycan, İranla Rusiya, eləcə də üç ölkənin bir-biri ilə ikitərəfli və üçtərəfli ticari mübadilələrdə özlərinin milli valyutalarından istifadə imkanlarını müzakirə etdik», - deyə H.Ruhani qeyd edib.

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların qüvvədə qaldığını, həmçinin Rusiyaya qarşı sanksiyaların gündən-günə genişləndirildiyini nəzərə alsaq, Ruhaninin təklifi qarşılıqlı ticarətin inkişafı üçün perspektivli ola bilər.

 

Xəzər birləşdirir

3 Xəzəryanı ölkənin başçısı, təbii ki, dənizin hüquqi statusu haqda danışmaya bilməzdi. «Biz Xəzər dənizində ekoloji sahədə əməkdaşlığı da çox istəyirik. Xəzər dənizinin üç sahil ölkəsi olaraq biz əməkdaşlığı genişləndirməliyik. Eləcə də Xəzər dənizinin hüquqi statusunun təyin olunmasını tezliklə sona çatdırmalıyıq ki, bu dənizin imkanlarından istifadə edək», - deyə Ruhani bildirib.

SSRİ-nin dağılmasından 20 ildən artıq keçməsinə baxmayaraq, 5 sahilyanı dövlət hələ də Xəzərin bölüşdürülməsilə bağlı razılığa gələ bilməyib. Doğrudur, ekologiya, təhlükəsizliyin təmini kimi bir sıra məsələlər həllini tapıb. Bakı buxtasında dəfələrlə Rusiya və İranın dostluq səfərinə gəlmiş Xəzər flotiliyasının hərbi gəmilərini görmək mümkün olub. Bundan başqa, Xəzəryanı ölkələr təhlükəsizliyin təmini, terror təhlükəsinin qarşısının alınması üzrə mütəmadi olaraq birgə hərbi təlimlər keçirir, ekologiya sahəsində sıx əməkdaşlıq edir. Ayrı-ayrı komponentlər üzrə əməkdaşlıq ölkələrin əsas məsələ - Xəzər dənizinin hüquqi statusu ilə bağlı mövqeyində də yaxınlaşmaya imkan verib. Bu mənada Azərbaycan, Rusiya və Qazaxıstanın dünyanın ən böyük gölünün dibinin bölüşdürülməsinə dair əldə etdikləri razılaşmanı müsbət hal saymaq olar.

Rusiya prezidentinin Xəzər regionu ölkələrilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipovun Tehranda prezidentlərin üçtərəfli görüşünün keçirildiyi günlərdə verdiyi bir bəyanat da təsadüf sayıla bilməz. O, Xəzər dənizinin hüquqi statusuna dair müqavilənin sahilyanı dövlət başçılarının 2018-ci ildə Astanada keçiriləcək sammitində imzalanacağını istisna etməyib.

 

Neft bazarının aktorları

Azərbaycan, İran və Rusiya arasındakı münasibətlərdə hər üç ölkənin nəhəng neft və qaz ehtiyatlarına malik olması da az rol oynamır. Bu amildən istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli formatlarda kifayət qədər fəal istifadə olunur.

Neftin qiymətində 2014-cü ildən müşahidə olunan və idarə olunması mümkün olmayan eniş neft bazarında qiymətin 100 dollardan 30 dollaradək düşməsinə aparıb çıxarıb və bu, «qara qızıl» hasilatçısı olan bütün ölkələrə mənfi təsir göstərib. Rusiya, İran və Azərbaycan da istisna deyil. Moskva üçün vəziyyət Ukrayna ilə münaqişə və Krımı özünə birləşdirməsi üzündən qarşı-qarşıya qaldığı sanksiyaların fonunda daha da pisdir. Tehrana da nüvə proqramı ilə əlaqədar hələ də kifayət qədər ciddi təsir göstərən sanksiyalar öz işini görür.

Neftin kəskin ucuzlaşması hasilatçı ölkələri səyləri birləşdirmək, hasilatı azaltmaq məcburiyyətində qoyub. Nəticədə, dünya bazarında neft yenidən bahalaşmağa başlayıb. Qeyd edək ki, hasilatın azaldılmasına dair öhdəliyi ilk üzərinə götürən yalnız OPEK üzvləri olmayıb. Kartelə daxil olmayan dövlətlər, o cümlədən Rusiya ilə Azərbaycan da hasilatın azaldılmasına razılıq verib. «Yaxşı məlumdur ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik», - deyə Tehran görüşündə Rusiya prezidenti Vladimir Putin bildirib.

Tehran sammiti çərçivəsində Rusiyanın «Rosneft» və İranın NIOC şirkətləri İranda neft-qaz hasilatına dair birgə strateji layihələrin reallaşdırılmasına dair «yol xəritəsi»ni təsdiq ediblər. Bu əməkdaşlıq çərçivəsində investisiyaların ümumi həcmi 30 milyard dollara çata bilər.

Üç ölkənin qaz və elektrik enerjisi tədarükü sahəsindəki əməkdaşlığı daha maraqlı təsir bağışlayır. Məsələn, Tehranda İrana Rusiya qazının tədarükünə dair razılıq əldə edilib. «Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər», - deyə P.Putin qeyd edib.

Məsələ ondadır ki, İranın neft və qazla zəngin əsas rayonları cənubdadır. Ölkənin qaz infrastrukturunun inkişaf etməməsi şimalı alternativ mənbələrdən asılı vəziyyətə salır. Odur ki, İrana Azərbaycan vasitəsilə Rusiya qazının nəqli bu boşluğu aradan qaldıra, Bakı isə tranzitə görə əlavə qazanc əldə edə bilər.

Üç ölkənin münasibətlərində vacib məqamlardan biri də iqtisadi əməkdaşlıq potensialının prezidentlərin qarşılıqlı münasibətlərinə əsaslanan möhkəm siyasi təməl üzərində qurulmasıdır.

Ümumilikdə, Yaxın Şərqdə, xüsusilə Suriya və İraqda vəziyyətin gərginliyini nəzərə alsaq, prezidentlərin görüşündə terrorçuluqla mübarizəyə dair müzakirələr də qaçılmaz idi. Suriyada «İslam Dövləti» terror təşkilatının praktik olaraq darmadağın edilməsi məhz Rusiya ilə İranın köməyi sayəsində mümkün olub. İraq və Suriyada terrorçuluqla mübarizə Azərbaycan üçün də az əhəmiyyət daşımır. Çünki ölkənin yüzlərlə vətəndaşı ayrı-ayrı terror təşkilatlarına qoşulub və onların vaxtında üzə çıxarılaraq zərərsizləşdirilməsi ölkədə sabitliyə töhfədir.

Odur ki, 3 ölkənin regionun təhlükəsizliyinin təminində, xüsusilə terrorçuluq və radikallıqla mübarizədəki rolu çox vacibdir.

Beləliklə, Bakı, Moskva və Tehranın üçtərəfli formatda əməkdaşlığı istər iqtisadi, istərsə də siyasi baxımdan böyük perspektivlərə malikdir. Bu 3 ölkə xalqlarının tarixi yaxınlığı da onların arasında əməkdaşlığın dərinləşməsinə kömək edir. Sıx siyasi əməkdaşlıq və geniş iqtisadi əməkdaşlıq fonunda məhz bu amil üçtərəfli formatın daha da dərinləşdirilməsini diqtə edir.



MƏSLƏHƏT GÖR:

416