25 Aprel 2024

Cümə axşamı, 20:29

ORQANİK NAĞIL

Natəvan QULİYEVA: "Azərbaycan musiqisi hansı ölkədə səslənirsə, həmişə böyük maraq və heyranlıq doğurur"

Müəllif:

01.12.2017

Bu orqan ifaçısı parlaqlığı, ifa temperamenti və gözəl forma duyumu ilə fərqlənir. O, əsərin ideyasını dəqiq şəkildə çatdırır və tamamilə musiqinin hakimiyyəti altında olur. Bunu Azərbaycanın əməkdar incəsənət xadimi, professor Tahirə xanım Yaqubova orqan ifaçısı Natəvan Quliyeva haqqında deyib. Natəvan Quliyeva Romada Vatikan Ruhani Akademiyasında keçirilən Beynəlxalq orqan müsabiqəsinin laureatıdır. Son illərdə orqançı xanım yaxın və uzaq ölkələrdə konsertlə çıxış edir, müsabiqələrdə və festivallarda, master-klasslarda iştirak edir.

- Natəvan xanım, niyə orqanı seçmisiniz?

- Uşaqlıqdan səs yazılarını dinlədiyim orqanı elə ilk zamanlardan sevirəm. Ailəmizdə musiqiçilər yox idi. Bacımla məni musiqi öyrənməyə həkim anam verdi ki, ona buna görə çox minnətdaram. Bülbül adına məktəbi bitirdikdən sonra Konservatoriyaya, piano sinfinə daxil oldum. Eyni zamanda orqan və klavesin sinfində də oxudum. Orqan səsləri həmişə məni özünə çəkirdi. Yəqin ki, bu, sevimli bəstəkarlarım siyahısında adı ilk sırada olan Baxın yaradıcılığından gəlir. Orqan əsərləri onun yaradıcılığının mərkəzində dayanır.

- Bu alət haqqında bizə bir az məlumat verin. Belə bir kövrək qadın alətdən belə güclü səsi necə çıxara bilir? Axı, məlumdur ki, orqan böyük güc tələb edir...

- Orqanda çıxış üçün təkcə texniki hazırlıq yetərli deyil. Bu və ya başqa üslubun, dövrün, tarixi musiqi alətlərinin xüsusiyyətləri barədə məlumatlı olmaq, bəstəkarın təmsil etdiyi milli məktəbi nəzərə almaq lazımdır. Orqanlar binaların xüsusiyyətlərini nəzərə alaraq tikilir. Buna görə heç bir orqan başqa birini təkrarlamır. Alət rıçaqlar, düymələr, açarlar ilə təchiz edilib. Səhnədə orqan ifaçısına assistentlər kömək edir. Amma ən əsası, alətin səsinə və rəngarəng imkanlarına heç kim laqeyd qala bilmir.

- Siz kimin yanında oxumusunuz?

- Müəllimlər baxımından çox şanslıyam. Nelya Yegiazarova, Elmira Səfərova, Vladimir Anşeleviç. Bu musiqiçilərin hər biri mənim həyatımda iz buraxıb. Ancaq Tahirə xanım Yaqubovanı əsas müəllimim hesab edirəm. Azərbaycanın əməkdar incəsənət xadimi, professor, görkəmli orqan ifaçısı, musiqişünas, ensiklopedik biliklər sahibi Tahirə xanım öz həyatını Azərbaycanda orqan sənətinin inkişafına həsr edib. O, orqan musiqisi dünyasını mənim üzümə açdı və onun məsləhəti ilə aspirantura təhsilimi orqan sinfində davam etdirdim.

- Şəxsi həyatınızda nələr var?

- Aspiranturadan sonra ailə qurdum. İlk vaxtlar ailə qayğıları və çıxışlarımı bir yerdə tutmağa nail olurdum. Ancaq ikinci uşağın doğulmasından sonra mən özümü tamamilə ailəyə həsr etməyə qərar verdim. Fortepiano dərsi keçirdim, orqançı karyerasından imtina etmişdim. İllər keçdi, uşaqlar böyüdü, daha çox boş vaxtım oldu. Mən məşğələləri bərpa etdim, qaralama işlərini evdə görməyə imkan verən elektron orqan aldım. Buna görə məni hər şeydə dəstəkləyən həyat yoldaşıma xüsusi minnətdaram.

- Hansı çıxışlarınızı xüsusi xatırlayırsınız?

- 2016-cı ildə İsveçrənin Bazel şəhərində barokko dövrü italyan və ispan musiqisinə həsr olunmuş orqan forum keçirilirdi. Beləcə, köhnə alətlərdə ifa üzrə əvəzsiz təcrübə qazandım. Son illərdə Baltikyanı ölkələrdə, Rusiyada, İtaliyada, Böyük Britaniyada, Hollandiyada çox çıxış etmişəm… Leo Van Doselaar, Gi Bove, Lüdqer Lomann, Volfqanq Tserer kimi parlaq orqançıların master-klasslarında iştirak etmək xoşbəxtliyinə nail olmuşam. Mənim üçün Rusiyada 15 keçmiş sovet respublikasının nümayəndələrinin dəvət edildiyi orqan festivalında iştirak etmək xüsusilə məsuliyyətli idi. Festivalın proqramı elə tərtib edilmişdi ki, Azərbaycan və Ermənistan orqançıları eyni konsertdə çıxış edirdilər. Zalda həm erməni, həm də Azərbaycan diasporlarının nümayəndələri əyləşmişdilər. Konserti mən bitirdim. Xüsusilə tamaşaçıların Q.Qarayevin əsərlərinə reaksiyası yaddaqalan oldu. Azərbaycan musiqisi hansı ölkədə səslənirsə, həmişə böyük maraq və heyranlıq yaradır. Konsert uğurlu oldu və mən qürur hissi ilə ayrıldım.

- Bir dəfə Hacıbəyov festivalı konsertində orqanda gözəl bir əsər səsləndi. Kirxada idi. Əsər və ifası bütün zalı titrətdi. Sonra məlum oldu ki, Olivye Messianın "Yüksəliş"inin bir hissəsi səslənib...

- Olivye Messian - XX əsrin fransız məktəbinin ən parlaq nümayəndəsidir. Bu əsər əvvəlcə 1932-ci ildə orkestr üçün yazılıb. Bir il sonra bəstəkar onu solo orqan üçün uyğunlaşdırıb. Tərcüməsi "Ruhun sevinci" deməkdir. Dini mövzu ilə bağlıdır.

- Qarşıda hansı planlarınız var?

 - Önümüzdəki 2018-ci ildə çağdaş dünyamızın dahi bəstəkarı Qara Qarayevin 100 illiyi geniş qeyd olunacaq. İndi mən bir proqram üzərində işləyirəm və buraya bəstəkarın orqana uyğunlaşdırılmış seçilmiş əsərləri daxil ediləcək. Qarayev Azərbaycan bəstəkarlarının birincisi idi ki, film musiqisində orqana müraciət etmişdi ("İnsan məskən salır" filmi). Buna baxmayaraq, bəstəkarın orqan üçün orijinal əsəri yoxdur. Tahirə xanım Yaqubova uzun illərdir ki, Q.Qarayevin çox sayda əsərinin orqana köçürülməsi üzərində işləyir. Bunun sayəsində orqançılar Qarayevin əsərlərini ifa etmək imkanına malikdirlər. Orqan, demək olar ki, bütün orkestr palitrasını təmsil etdiyi üçün, Qarayevin musiqisi orqana yetərincə uyğundur və orqana uyğunlaşdıranda yeni cür səslənir. Orqan musiqisi üzrə tematik axşamlar sırasını davam etdirmək istəyirəm. Artıq Azərbaycan və alman bəstəkarlarının əsərləri səslənib, bundan sonra fransız musiqisi axşamı gələcək.

- Konsertlərinizi necə qurursunuz?

- Konserti özüm aparıram. Hər əsərdən əvvəl müəllif, dövr və kompozisiya haqqında danışıram. Solo musiqini skripka, nəfəs alətləri ansamblı, həmçinin vokal nömrələri ilə birləşdirirəm. Bütün bunlar musiqinin daha yaxşı qavranmasına kömək edir.

- Çıxışdan əvvəl həyəcan çox olur?

- Həyəcan hər zaman var və bu məsuliyyət hissi ilə bağlıdır.

- Sizi nə heyran qoya bilər?

- Hansı sahədə olursa-olsun, istedad və ustalıq həmişə heyran qoyur.

- Musiqidən başqa nə etməyi sevirsiniz?

- Xarici dilləri öyrənirəm, ingilis və fransız dillərini bilirəm, alman dilini öyrənməyə başlamışam. Dil bacarığı başqa bir xalqların mədəniyyətinə daha dərindən daxil olmaq üçün bir fürsətdir. Mən də yeni ölkələri özümçün kəşf etməyi, ailəmlə oralara səyahət etməyi xoşlayıram.

- Siz xoşbəxtsiniz?

- Yaxınlarım və qohumlarım sağlam və xoşbəxt olduqda, mən yaşadığım hər günü xoşbəxt sayıram. Eyni zamanda sevdiyim işlə məşğul olanda - səhnədə musiqi ifa edəndə, bu, xoşbəxtlik ikiqat artır.


MƏSLƏHƏT GÖR:

362