23 Aprel 2024

Çərşənbə axşamı, 11:26

BAKI KİNOTEATRINDAN LONDON «QLOBUS»UNA KİMİ

"Theatre HD"nin yayımı bakılılara dünyanın ən yaxşı teatrlarının tamaşalarını görməyə imkan yaradır

Müəllif:

01.12.2017

Payızın gəlişi ilə şəhərimizin kinoteatrlarında yenidən Londonun «Qlobus» teatrının tamaşaları nümayiş etdirilir. "Theatre HD"nin yayımı bakılılara dünyanın ən yaxşı teatrlarının tamaşalarını görməyə imkan yaradır. 2015-ci ildə ilk dəfə Azərbaycan tamaşaçısının qarşısına «Hamlet»lə çıxan «Qlobus» Şekspir teatrının tamaşaları ilə yanaşı, Rusiyanın "Qızıl Maska" teatr mükafatının nominantı olan səhnə əsərləri də nümayiş etdiriləcək. O zaman "Theatre HD"nin Bakıda nümayişi Nizami kinoteatrında gerçəkləşirdi, indi "Flame Towers"də keçirilir. Bu dəfə Şekspirin ən maraqlı əsərlərindən biri - "Heç nədən səs-küy" pyesi göstərilib.

 

Pyes-komediyanın süjeti

Araqon (Şekspirin vaxtında krallıq idi, indi İspaniyanın Fransa ilə həmsərhəd rayonudur) şahzadəsi Don Pedro Siciliya adasındakı Messina şəhərinin qubernatoru Leonatonun evinə qonaq gəlir. Onunla dostları və qohumlarından ibarət böyük bir heyət də gəlib. Onların arasında çox pis və paxıl bir adam Don Xuan var. Şekspirin əsərlərində belələrinə həmişə rast gəlmək olar. Bu, şahzadənin ögey qardaşıdır. Xuan titullu qardaşının bütün çevrəsinə nifrət edir və bu səbəbdən əhvallarını korlamaq üçün istənilən əclaflığa hazırdır. Bu dəfə onun məkrli planlarının hədəfi gənc aristokrat florensiyalı Klavdio və ev sahibinin qızı Geroya olur. Onlar bir-birlərinə aşiqdirlər və onların toyu gözlənilir.  

Xuan bir intriqa yaradır və nigaha hazırlaşan Geronu bakirə olmamaqda günahlandırır. Bu, o dövr üçün rüsvayçılıq və cinayət sayılırdı! Bu zaman ön plana şahzadənin dostu Benedikt və Leonatonun bacısı qızı Beatriçe çıxır. Dramaturqun iradəsi ilə onlar bu dedi-qodularının yalan olduğunu sübut eləməlidirlər. Məlum olduğu kimi belə şeylər insanları yaxınlaşdırır. Bundan əlavə, onların hər ikisi iti ağıla və əla yumor hissinə malikdirlər! Bu cütlüyün bir-birinə söz atmaları izləyicilərdə gülüş doğurur, onların münasibətlərinin inkişafını izləməyə maraq yaradır. Nəticədə, janrın qanununa görə, şər cəzalandırılacaq, ədalət zəfər çalacaq və bütün sevənlər evlənəcək.

                                                                  

Tamaşa

Ekranlaşdırma Şekspirin «Qlobus» teatrının tamaşalarını izləmək məqsədilə Londona gedə bilməyənlər üçün böyük imkandır. Üstəlik, teatr öz quruluşuna görə tamaşaçıların Avropa teatrlarında vərdiş etdiyi ənənəvi Aristotel qutusundan tamamilə fərqli təşkil olduğunu görə bilərlər. Ancaq bu barədə az sonra. İndi isə qayıdaq tamaşaya.

Ev sahibi Leonatonun və qızı Geronun rollarını teatrın qaradərili aktyorları ifa edir. Onun qardaşı Antonionun və qızı Beatriçeni isə avropalılar oynayır. Biz, adətən, gənc rollarını elə gənc aktyorların oynamasına alışmışıq. Lakin burada yaş təsnifatı böyük əhəmiyyət daşımır. Bizim üçün bu, bir qədər gərginlik yaradır. Beatriçeyə baxanda yaşının artıq qırxın üzərində olduğunu görürsən və istər-istəməz düşünürsən ki, truppada bundan gənci heç yoxdur? Üstəlik, bu rolu oynayan aktrisa İv Besti gözəl də saymaq olmaz. Lakin axın Şekspir də onun gözəlliyindən danışmır. O, qızın xasiyyəti və hazırcavablığından bəhs edir. Bu, pyesin və tamaşanın inkişafı üçün mühüm komponentdir. Benedikti oynayan Çarlz Edvardson da, təxminən, bu yaşdadır. Bu qəhrəmanlar Gero və Klavdiodan nəzərəçarpacaq dərəcədə yaşlıdırlar.  

Əvvəlcə aktyor və personaj arasındakı yaş fərqi yalnız təəccüb deyil, həm də bir az qıcıq doğurur. Təbii ki, tamaşaçı gənc və gözəl oyunçuları görmək istəyir, çünki stereotiplər alışdığımız formaları tələb edir! Və Beatriçe də belədir. O, müasir saç düzümü ilə qıcıq doğurmamaq üçün əvvəlcə başına yaylıq bağlayır və ilk baxışdan deyingən, qarımış qız təəssüratı yaradır, tamaşaçının ona yazığı gəlir. Ancaq stereotiplər onları dağıtmaq üçün deyilmi?! Bir müddət sonra aktrisanın yaşı və qıcıqlandıran bütün cəhətləri unudulur. İv Bestin yüksək ustalığı, oyunun virtuozluğu adamı mat qoyur, heyranlıq və ehtiram hissləri doğurur. Ümumiyyətlə, "Qlobus" Şekspir teatrının bütün aktyorları hansı rolu - əsas, mərkəzi, ya ikinci dərəcələri rolları ifa etmələrindən asılı olmayaraq, bu cür işləyirlər. Onlar elə oynayırlar ki, izləyici bu hekayədə ikinci dərəcəli oyunçu olmadığını düşünür. Burada hər şey aydın görünür və hər kəs vacibdir.

Bundan əlavə, "Qlobus" teatrının aktyorları öz şəxslərinə tamaşaçı diqqəti cəlb etmək üçün "tryuk"a müraciət etmirlər və onlar yetərsizliklərini rekvizit və ya dekorasiya predmetlərinin arxasında gizlətmirlər. Bu teatrın tamaşalarında asanlıqla başa düşəcəksiniz ki, aktyorun işi mütləq qaçmaq, tullanmaq və yaxud mayallaq aşmaq deyil. Axı, sözdə effektiv ola bilər! Aktyorlar sözlə hərəkət edirlər. Onların duyğuları, hissləri və düşüncələri inandırıcı və səmimidir.  

Hər bir xarakterin ağlının və ruhunun halı rejissor Ceremi Herrinin diqqətini çəkir. Buna görə əvvəl müstəvi kimi görünən mizan səhnə sonradan bu qeyri-adi səhnə fəzasının sərhədləri arasında orqanik mövcud həyata çevrilir.

                                                     

Teatrın quruluşunun özəllikləri haqqında  

Temza sahillərində yerləşən bugünkü «Qlobus» Teatrı sonuncu dəfə 1989-cu ildə yenidən qurulan keçmiş binanın üçüncü versiyasıdır. Parametrləri baxımından o, dünya teatrının tarixinə "Lord Kamergerin qulluqçuları" adı altında düşən birinci binadan yetərincə kiçikdir, birinci teatrda üç min tamaşaçı yerləşdirmək mümkün idi, indikində isə 1300. Əvvəlki kimi, indiki «Qlobus» da açıq hava teatrıdır, amfiteatr damla örtülmüş qapalı hissəsi yalnız səhnəni və (daha bahalı) oturacaqlardır. Qış dövründə burada tələbələr təhsil alır, turistlər üçün ekskursiyalar təşkil edilir. Əvvəlki kimi (bu, zəruri şərtdir) səhnə ətrafındakı ayaqüstü yerlər saxlanılır. Onlar yeddi yüzdür və bir biletin dəyəri 5 funtdur. Səhnəyə yaxın olan tamaşaçıların tamaşanın iştirakçısı olmaq şansı var! Hətta aktyor və ya aktrisalara da toxuna bilər.  

Bu tamaşada, məsələn, İv Bestin son dərəcə mütəəssir olan qəhrəmanı zalın qarşısında diz çökərək şərlənmiş Gero barədə həyəcanı haqqında danışır. Bu, yalnız bir hekayə deyil. Bu, izləyicini tamaşaya cəlb etməkdir. Nəhayət, o, qarşıda duranlardan bir "qurban" seçir və əllərini əlinə alaraq, öz etirafları onu gözyaşlarına boğur. İndi onlar bu kədəri ikilikdə yaşayırlar və emosiya dalğasını izləyicilərin üzərinə yönəldirlər.  

İzləyicini tamaşaya cəlb edən küçə teatrının bu açıq fəndi "Qlobus"u şərti "dördüncü" divarı olan Aristotel qutularından əlverişli şəkildə fərqləndirir, izləyiciyə fiziki təmas nəticəsində səhnədə baş verənlərin yaradıcısına çevrilmək imkanı yaradır. Çünki kiçik platformadan başqa heç bir şey aktyorlarla izləyiciləri ayırmır. Burada pərdədən istifadə olunmur, amma əvvəlki kimi lyuklar var və onlar aktyorun səhnə altından gəlməsi ilə yanaşı, həm də müxtəlif

 növ texniki ustalıqlar üçün istifadə olunur. Bu tamaşada bunlar yanan işıqlar və su (hovuz) idi.

Şəksiz ki, teatrın tarixi xüsusiyyətləri saxlanılır: bütün tamaşalar gündüz vaxtı günəş işığının altında qoyulur, çünki teatrda səhnənin üstündə dam yoxdur. Buna görə, tamaşaları yalnız aprel-oktyabr aylarında görmək mümkündür. Əgər biz yaxın gələcəkdə Londona getmək, Temza boyunca gəzişmək və «Qlobus» teatrına baş çəkmək niyyətində deyiliksə, onda Bakıda kinoteatra gedərək tamaşaya baxa bilərik.



MƏSLƏHƏT GÖR:

395