26 Aprel 2024

Cümə, 01:32

AVROPA GƏLƏCƏYİNİN MARŞI

Aİ müdafiə ittifaqının yaradılması prosesini sürətləndirir

Müəllif:

01.12.2017

Avropa İttifaqı Şurasının dekabrın 11-nə təyin olunmuş iclası Avropa İttifaqı (Aİ) üçün son dərəcə əlamətdar hadisə olacaq. Toplantıda müdafiə sahəsində əməkdaşlıq sazişinin reallaşdırılmasına (PESCO) start veriləcək. Qeyd edək ki, sənəd noyabrın 13-də Aİ-yə üzv 23 ölkənin xarici işlər və müdafiə nazirləri tərəfindən qəbul edilib. Onu yalnız 2019-cu ildə Aİ-ni tərk edəcək Böyük Britaniya imzalamayıb. Danimarka prinsipial olaraq Aİ-nin heç bir hərbi təşəbbüsünə qoşulmur, İrlandiya, Malta və Portuqaliya isə hələ məsələ ilə bağlı yekun qərar qəbul etməyib.

Əvəzində, yeni ittifaqa NATO-da yer almayan dövlətlər də qoşulub: Avstriya, Kipr, Finlandiya və İsveç. Orada Aİ üzvü olmayan dövlətlərin iştirakı da nəzərdə tutulur.

Çoxsaylı araşdırmalar göstərir ki, Avropa əhalisinin təhlükəsizliklə bağlı düşüncəsi 3 əsas prioritetdən biridir. Onların ¾-ü üçü isə təhlükəsizlik və müdafiə sahəsində səylərin koordinasiyasına tərəfdardır.

 

Zəif effekt

«Der Tagesspiegel» qəzetinin hesablamasına görə, Aİ ölkələri müdafiə sahəsində xərclədikləri ümumi vəsaitin həcminə görə dünyada ABŞ-dan sonra ikinci yeri tuturlar. Lakin onların ordusunun effektivliyi bu sıralamada ikincilikdən çox uzaqdır.

Bu, Avropa ölkələrinin həddindən artıq müxtəlif silah sistemindən (178) istifadə etməsilə bağlıdır (tanklar, təyyarələr, toplar və s.). ABŞ-da isə bunun sayı cəmi 30-dur. Koordinasiyanın, vahid hərbi strategiyanın və kooperasiyaların olmaması nəticəsində məsələn, Aİ ölkələrinin istifadə etdiyi silahlar arasında 40 müxtəlif tipli zirehli maşına, 20-dək fərqli təyyarəyə rast gəlinir.

Qitənin mövcud hərbi strukturları əsasən konsultativ funksiya yerinə yetirir (məsələn, Avropa Müdafiə Agentliyi), yaxud dövlətlərarası ittifaq xarakteri daşıyır (Polşa, Almaniya və Fransa hərbçilərindən ibarət Veymar hərbi qrupu).

Avropada hələ ki, yeganə real hərbi alyans 22 Aİ üzvünü, 4 Aİ üzvü olmayan ölkəni (Albaniya, İslandiya, Türkiyə və Norveç) və ABŞ ilə Kanadanı özündə birləşdirən NATO-dur.

Avropada hərbi resursların birləşdirilməsi ideyası Aİ-nin yaranmasından xeyli əvvəl ortaya çıxıb. Lakin o zaman bir çox obyektiv və subyektiv amil buna mane olub - alman militarizminin bərpası qorxusundan tutmuş, ABŞ-ın qitədə hərbi mövcudluğunu azaltmaq istəməməsinədək.

Yeni minilliyin başlaması ilə Aİ özünün müdafiə ittifaqının yaradılması istiqamətində çox addım atıb. Birliyin müdafiə sahəsində vahid siyasət yürütməsi istiqamətində ilk qərar hələ 2000-ci ildə Nitsada keçirilmiş sammitdə qəbul edilib. 2007-ci ildə isə Aİ-də islahatlara dair Lissabon müqaviləsi imzalanıb. Sənəd məhz müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur.

Ondan düz 10 il sonra, nəhayət, müdafiə sahəsində «Daimi Strukturlaşdırılmış Əməkdaşlıq» (Permanent Structured Cooperation - PESCO) reallığa çevrilib.

 

Tramp və «Brexit»

Əslində, hər kəsin Avropa İttifaqında parçalanmaya səbəb olacağını düşündüyü hadisə, konkret desək, «Brexit» əksinə, onun daha da birləşməsinə və güclənməsinə yol açıb. Məsələ ondadır ki, Aİ-nin yarandığı vaxtdan keçən 25 ildə məhz Böyük Britaniya NATO-ya alternativ yaranmasını istəmədiyindən, Aİ-də hərbi inteqrasiyaya bütün mümkün vasitələrlə mane olmağa çalışıb.

Aİ-nin özünün müdafiə ittifaqının yaradılması prosesinin sürətləndirilməsinə həlledici təsiri isə bəlkə də, özü də istəmədən, ABŞ prezidenti Donald Tramp göstərib. O, hələ ötən il özünün seçki kampaniyasının gedişində Aİ ölkələrini başqasının öhdəsində yaşamaqda günahlandırır, amerikalı vergiödəyicilərinin pulunu avropalı müttəfiqlərin müdafiəsinə xərcləmək niyyətində olmadığını bildirirdi. Üstəlik, o, kifayət qədər ziddiyyətli bəyanatlar səsləndirir, hətta NATO-nun ləğv edilməsinin vacibliyini belə dilə gətirirdi. Doğrudur, vəzifə başına keçdikdən sonra Trampın fikrində dəyişiklik baş verib. «Mən demişəm ki, alyans köhnəlib. Artıq indi, o, köhnə deyil», - deyə «Amerikanın səsi» radiosunun məlumatına görə, Donald Tramp bildirib.

Bununla yanaşı, alyans üzvlərinə qarşı ümumi büdcəyə ÜDM-in 2%-ə qədər vəsait ayrılması tələbi qüvvədə qalıb. Məsələn, Tramp fevralda Vaşinqtonda Almaniya kansleri Angela Merkeli qəbul edərkən onun NATO-ya 375 milyard dollar borcunun olduğunu bildirib.

Avropalıların ABŞ perzidentindən ehtiyatlanmasının daha bir səbəbi var. Bunu ən yaxşı beynəlxalq münasibətlər üzrə Avropa Şurasının üzvü Ulrike Franke ifadə edib: «Tramp militarist sayılır. Bu üzdən, almanlar ABŞ-ın bu prezidentin dövründə müharibəyə başlaya biləcəyindən ehtiyatlanır. Bu halda Almaniya da NATO üzvü kimi, müharibədə iştirak etməli olacaq».

Angela Merkelin «biz avropalılar, həqiqətən də, öz taleyimizi özümüz həll etməliyik» fikri məhz bu səbəbdən Avropada anlayışla qarşılanıb. Prinsipcə, müdafiə sahəsində inteqrasiyanın «lokomotivləri» məhz Merkellə Fransanın yeni prezidenti Manuel Makrondur.

 

Hərbi Şengen

Beləliklə, PESCO-nu imzalamış əksər Aİ üzvləri ən geniş anlamda hərbi inteqrasiyaya hazır olduğunu ortaya qoyub. Burada söhbət inteqrasiyanın siyasi, iqtisadi və texniki tərəflərindən də gedir. Hərbi səylərin birləşdirilməsinin 3 əsas hədəfi var: müdafiə potensialının artırılması, Aİ və vətəndaşlarının müdafiəsi və xarici münaqişələrə, böhranlara reaksiya verilməsi.

Ayrı-ayrılıqda bu ölkələrin hər birinin silahlı qüvvələri zəifdir. Onların maliyyələşməsi də lazımi səviyyədə deyil. Nəticədə, bu qüvvələr pis təchiz olunub və effektsizdir. Bu üzdən də, PESCO çərçivəsində ilk addım Avropa Müdafiə Fondunun yaradılması olacaq. Məqsəd hərbi xərclərin effektivliyinin artırılmasıdır. Vəsait əsasən hərbi-texniki tədqiqatlara, hərbi texnikanın yaradılmasına və alınmasına xərclənəcək. Brüsseldə artıq bu onilliyin sonunadək ən azı 2-3 yeni Avropa silah sistemi prototipinin yaradılacağına ümid edirlər.

PESCO müxtəlif regionlara qoşunların (canlı qüvvə və texnikanın) operativ şəkildə çatdırılmasını təmin etmək üçün mülki infrastrukturun (avtomobil və dəmir yolları, uçuş-enmə zolaqları və limanlar) hərbi tələblərə uyğun yenidən qurulmasını da nəzərdə tutur. Aİ ölkələri «hərbi Şengen»ə bənzər bir şeyin yaradılmasına dair də razılığa gəlib. Söhbət sərhədlərin keçilməsi qaydalarının sadələşdirilməsindən gedir. Çünki məsələn, bəzi Avropa ölkələri NATO rəhbərliyindən tələb edir ki, hərbi hissələrin onların ərazisinə göndəriləcəyilə bağlı xəbərdarlıq 1 ay əvvəl elan olunsun.

Razılaşmanı imzalamış dövlətlər üzərlərinə «müdafiə büdcəsini mütəmadi artırmaq» öhdəliyi də götürür. Amma heç də bütün dövlətlər bunu etmək gücündə deyil. Odur ki, iqtisadi əməkdaşlıqda olduğu kimi, hərbi əməkdaşlıqda da «ikisürətli Avropa» ideyasından istifadə təklif olunur. «İstəmirik ki, bizi ləng gedənlər ləngitsin. Qoy sürətlilər öndə getsin və nümunə göstərsin», - deyə Avropa Komissiyasının nümayəndəsi bildirib.

 

Bu, alyansdırmı?

Beləliklə, Tramp ilə «Brexit» Avropanın vahid ordu quruculuğu istiqamətində hərəkətə keçməsinin təkanverici qüvvəsi kimi çıxış edib. Amma bu, hələ bu cür açıq şəkildə dilə gətirilmir. Aİ tərəfindən bir fikir durmadan təkrar olunur: nə PESCO, nə də Aİ-nin hər hansı digər hərbi təşəbbüsü NATO-ya alternativ və ya rəqibin yaradılmasına hesablanıb. Bundan başqa, hər kəs əmin edir ki, Aİ ilə NATO arasında münasibətlər zaman keçdikcə daha da möhkəmlənəcək və PESCO sadəcə Şimali Atlantika Alyansının imkanlarını genişləndirmək üçün nəzərdə tutulur.

PESCO-ya start verilməsi haqda qərarın qəbulundan bir neçə gün əvvəl Aİ ölkələrinin müdafiə nazirləri NATO-nun toplantısına qatılıb və orada alyans komandanlığı Avropada 2 əlavə komanda strukturu yaratmaq qərarını elan edib.

Onlardan birincisi «Atlantika üçün komandanlıq»dır. Alyansın baş katibi Yens Stoltenberqin sözlərinə görə, onun məqsədi «Avropa ilə Birləşmiş Ştatlar arasında azad və təhlükəsiz dəniz əlaqələrini qorumaqdır».

İkinci struktur «hərbi Şengen» qaydalarının həyata keçirilməsi üçün səyləri koordinasiya edəcək.

Stoltenberq PESCO-nun yaradılmasını alqışladığını da bildirib. «Sadəcə, alyans ilə Avropanın hərbi strukturları bir-birini təkrarlamamalıdır», - deyə o, vurğulayıb.

Beləliklə, Avropada yeni hərbi əməkdaşlıq konfiqurasiyası formalaşır. Əgər əvvəllər ayrı-ayrı dövlətlər fəaliyyətini NATO ilə koordinasiya edirdisə, indi sanki «iki alyans alyansı» yaranır. Nəzərə alsaq ki, Avropanın hərbi təşəbbüsləri NATO-nun bütün funksiya və səlahiyyətlərini özündə birləşdirən tamhüquqlu müdafiə ittifaqının yaradılmasına hesablanıb, gələcəkdə maraqların toqquşmasından qaçmaq mümkün olmayacaq.

Cəmi 1 il əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin «Avropa müdafiə ittifaqının yaradılmasına yeni təkan verilməli, hətta… Avropa ordusu yaradılmalıdır» fikrinə, yəqin ki, çox adam fikir verməmişdi.

İndi, «musiqi» daha ucadan və daha real səslənir.



MƏSLƏHƏT GÖR:

369