19 Aprel 2024

Cümə, 13:51

SURİYA SÜLHÜN ASTANASINDA?

Rusiya, Türkiyə və İran prezidentlərinin Soçi görüşü bu Yaxın Şərq ölkəsi üçün postmüharibə perspektivinin çevrəsini cızdı

Müəllif:

01.12.2017

Rusiyanın Soçi şəhərində Suriya probleminin həlli istiqamətində növbəti vacib addım atılıb. Rusiya, Türkiyə və İran prezidentləri arasında aparılmış danışıqların nəticələri bu Yaxın Şərq ölkəsinin müharibədən sonrakı taleyini müəyyən edə bilər.

 

«Son dərəcə vacib qərarlar»

Üç lider - Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin birgə bəyanatında «İslam Dövləti»nin darmadağın olunmasının Suriya böhranının həllinə yeni yol açdığına əminlik ifadə olunur. Suriya üçün postmüharibə dövrünün əsas prinsipi onun ərazi bütövlüyünün qorunub saxlanmasıdır. Bu isə Rusiya, Türkiyə və İranın təşkil etdiyi Astana formatında qəbul edilmiş bütün qərarlarda «qırmızı hərflərlə» yazılıb. Putinin Ərdoğan və Ruhani ilə görüşdə səsləndirdiyi prinsipial əhəmiyyətli bir bəyanat da bundan irəli gəlir: Rusiya, Türkiyə və İran Suriyanın parçalanmasının qarşısını aldı.

3 ölkə başçısı Suriya müxalifətini Milli Dialoq Konqresinə qatılmağa çağırıblar. Soçi görüşünün ortaya qoyduğu daha bir fikir Suriya prezidenti Bəşər Əsədin «oyundankənar vəziyyət»də qoyulmasına istənilən çağırışın perspektivsizliyilə bağlıdır.

Maraqlıdır ki, Putin Ərdoğan və Ruhani ilə görüşdən əvvəl Soçidə Əsədi də qəbul etmişdi. Əksər ekspertlərin fikrincə, Rusiya prezidentinin suriyalı həmkarını belə səmimi qəbul etməsi hər şeydən əvvəl Kremlin dünyaya mesajı idi: Bəşər Əsəd Rusiya üçün illərdir davam edən və Suriya xalqına fəlakətlər gətirmiş müharibəyə son qoyulması prosesinin əsas hissəsi olaraq qalır.

Hər iki Soçi görüşü hökumət qüvvələrinin ölkə ərazisinin böyük hissəsinə nəzarəti bərpa etməsilə nəticələnmiş son hərbi əməliyyatlardan sonra baş tutub. Bununla yanaşı, Suriya nizamlanması üçün, təxminən, 1 ildir davam edən Astana danışıqları formatının prioritet statusu da bir daha təsdiqlənib. Xatırladaq ki, İdlibdə, Homsda, Şərqi Qutda və cənub-qərbi Suriyada deeskalasiya zonalarının yaradılması kimi tarixi qərarlar məhz bu formatda aparılan danışıqlar nəticəsində əldə edilib. Putinin türkiyəli və iranlı həmkarlarına Suriya nizamlanmasındakı rollarına görə təşəkkür etməsi də təsadüf deyildi. «Sizin mövqeyiniz olmasaydı, Astana prosesi baş tutmazdı», - deyə Putin bildirib. Onun sözlərinə görə, artıq Suriyanın bərpası mərhələsi başlayır. Putin bunu çətin proses adlandırıb və bildirib ki, onun reallaşması maraqlı tərəflərin kompromis əldə etmək arzusu və bacarığından asılı olacaq.

Maraqlı tərəflər isə yalnız Astana prosesinin iştirakçıları deyil. Burada söhbət həm də Cenevrə formatında danışıqların təşkili və aparılmasının arxasında dayanmış qüvvələrdən gedir. Noyabrın 28-də İsveçrənin Cenevrə şəhərində «suriyadaxili danışıqlar»ın növbəti raundu keçirilib. Orada tribuna əsasən ABŞ və Avropanın dəstəklədiyi suriyalı emiqrant dairələrinə verilib. Bundan başqa, noyabrın 22-24-də Ər-Riyadda «Suriya müxalifəti»nin sammiti keçirilib. Qeyd edək ki, əvvəldən Soçi görüşünə alternativ kimi düşünülmüş bu formatda əsasən Səudiyyə Ərəbistanının himayəsilə rəsmi Dəməşqə qarşı olan qüvvələr toplanıb. Lakin Soçi danışıqlarının nəticələri fonunda Ər-Riyad görüşü xüsusi rezonans yaratmayıb.

Bu mənada İran prezidenti Ruhaninin fikirləri də maraqlıdır: «Təəssüf ki, bəzi dövlətlər Birləşmiş Ştatlar kimi davranaraq, xalqlar arasında fikir ayrılığı, parçalanma yaratmağa çalışır, sonra isə bu siyasətin nəticələrini başqalarının üzərinə qoymaq istəyir. Bizim strategiyamız isə düşmənçiliyə deyil, koordinasiya və əməkdaşlığa, dostluğa əsaslanır».

Türkiyə lideri Ərdoğan öz növbəsində, «bütün dünyanın Türkiyə-Rusiya-İran ittifaqının müsbət addımlarının şahidi olduğunu» deyib və bunu yüksək qiymətləndirib. O, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevə xüsusi minnətdarlıq edib və Astana danışıqlarının məhz onun köməyi sayəsində baş tutduğunu vurğulayıb. Soçi görüşündə «son dərəcə vacib qərarlar»ın qəbul edildiyini deyən Ərdoğan fikrini əminliklə belə davam etdirib: «Onların nəticələri artıq ən yaxın vaxtlarda, yerlərdə hiss olunacaq».

Lakin Ərdoğanın dediyi «Soçi nəticələri»nin həyata keçirilməsində çətinliklər də yarana bilər.

 

Dünyanın maraqları və strateji planlar

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə son dərəcə maraqlı fikir paylaşıb. O, «Yaxın Şərqə girməyin amerikalıların səhvi» olduğunu bildirib. Bununla yanaşı, «Trampın ona gəlib çatmış problemi çözəcəyini» də qeyd edib. Belə məlum olur ki, ABŞ Suriya nizamlanması meydanının Rusiya, Türkiyə və İranın malikanəsinə çevrilməsini sakitcə müşahidə etmək niyyətində deyil. Vaşinqtonun Suriya arenasında mövcudluğunu yenidən nümayiş etdirməsi üçün, şübhəsiz ki, kifayət qədər resursu var. Üstünlük, yəqin ki, Suriya daxilindəki radikal qüvvələrlə iş, həmçinin Amerikanın regiondakı müttəfiqlərinin, ilk növbədə, Səudiyyə Ərəbistanı ilə İsrailin hərbi-siyasi alətlərinin səfərbər olunmasına veriləcək. Yeri gəlmişkən, İsrail artıq postmüharibə Suriyasında İranın təsir imkanlarının mövcudluğunun yolverilməz olduğunu açıq şəkildə dilə gətirir. Yəhudi dövlətinin Suriya ilə sərhəddə başlatdığı hərbi təlimlər fonunda İsrailin hakim «Likud» partiyasının rəhbəri Zeyev Elkin birbaşa hərbi hədə də səsləndirib: «İran Suriyanı özünün müharibə meydanına çevirmək istiqamətindəki fəallığını davam etdirərsə, biz buna əlimizdə olan bütün imkanlarla əngəl olacağıq».

Aydındır ki, İsrail «İran təhlükəsi»ni önləmək üçün ABŞ-ın tam dəstəyilə, Amerikanın əlaltılarına - bəzi Körfəz dövlətlərinə də arxalana bilər. Lakin əslində, dünya güclərini qıcıqlandıran əsas dövlət, Suriyanı Qərbin mərkəzləri tərəfindən hazırlanmış gələcəkdən fərqli istiqamətə aparan İran deyil. Burada əsas hədəf Rusiyanın Yaxın Şərqdə nüfuzunu daha da artırmasına imkan verməməkdir - əsas məqsəd budur və Qərbin Moskvaya qarşı ciddi sanksiyalar savaşı da bu məqsədə nail olmağa hesablanmış vasitələrdən yalnız biridir. Amerika administrasiyasının son addımlarından belə məlum olur ki, Ağ Ev Türkiyəni qeyd-şərtsiz öz nüfuz dairəsinə qaytarmaq, Ankara ilə Moskva arasında ən azı Suriya istiqamətində strateji yaxınlaşmanı pozmaq istəyir.

ABŞ prezidenti Donald Tramp Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ankaranın çoxdankı tələbinə, nəhayət, müsbət cavab verib. Söhbət «Xalq özünümüdafiə qüvvələri»nin (YPG) silahlandırılmasına son qoyulmasından gedir. Qeyd edək ki, YPG terrorçu Kürd Fəhlə Partiyasının (PKK) Suriya qanadıdır.

«Donald Tramp bu dəliliyə son qoyulacağını qəti şəkildə söyləyib, bunun çoxdan edilməli olduğunu bildirib», - deyə ABŞ prezidentinin mövqeyini dilə gətirən Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib. Türkiyənin baş naziri Binəli Yıldırım isə Amerika administrasiyasının qərarının motivlərindən danışarkən bildirib ki, Birləşmiş Ştatlar, əslində, İD ilə mübarizədə Suriyanın kürd təşkilatları ilə əməkdaşlığa getməkdə səhv etmişdi. İD-nin darmadağın edilməsindən sonra isə buna, ümumiyyətlə, ehtiyac yoxdur.

Rəsmi Ankara bu məsələdə haqsız deyil. Rusiya, Türkiyə və İranın Suriyadakı hərbi uğurları fonunda regionun İD-dən təmizlənməsi bəzi Qərb dairələrinin planlaşdırdığı kimi ikinci kürd muxtariyyətinin yaradılması ideyasının reallaşmasına imkan vermədi. İndi daha aktual geosiyasi hədəflərə nail olmaq üçün bu ideyanı qurban vermək olar (hər halda, taktiki baxımdan - müəyyən müddətədək). Onlardan biri Türkiyənin amerikapərəst siyasətə qayıtmasıdır. Son dövrlərdə Ankara bu siyasətindən məhz Vaşinqtonun Yaxın Şərqdə, ilk növbədə, kürd problemində Türkiyənin maraqlarını nəzərə almaması üzündən imtina edib.

Bununla yanaşı, ABŞ və bütünlükdə Qərbin qarşısında Türkiyənin itirilməsinin daha bir real təhlükəsi var. Ankara sərhədləri yaxınlığında kürd dövlətinin yaradılmasına ciddi cəhdlə müqavimət göstərir və sadəcə, Vaşinqtonun Suriya kürdlərini silahlandırmasını pisləməklə kifayətlənmir. Bunu antitürkiyə əməli sayan Ankara Suriya ilə sərhəddə durmadan yeni hərbi texnika və hərbi kontingent yığır, Suriyanın Afrin kantonunda YPG-yə qarşı hərbi əməliyyatlara başlayacağını belə istisna etmir.

Türklərin fəal olduğu daha bir istiqamət kürdlərin Cenevrə danışıqlarının 8-ci raunduna buraxılmamasıdır. Kürd təşkilatları olan «Demokratik ittifaq» və YPG nümayəndələrinin özləri də pərtlik içərisində etiraf edirlər ki, onların danışıqlarda iştirakdan kənar qalması məhz «Türkiyənin nüfuzunun və mövqeyinin nəticəsidir».

Türkiyənin siyasəti - postmüharibə Suriyasını təşkil edəcək rəngarəng mozaikanın yalnız bir hissəsidir. Dünyanın qarşısında duran vəzifə isə aydındır: Suriya xalqının Yaxın Şərqdəki geosiyasi düzəni fərqli görən güc mərkəzlərinin strateji planlarının qurbanı olmasına imkan verilməməlidir.



MƏSLƏHƏT GÖR:

376