20 Aprel 2024

Şənbə, 07:27

QARABAĞ MÜNAQİŞƏSİ: DANIŞIQLAR MÜHARİBƏDƏN YAXŞIDIR

Amma bir şərtlə - danışıqlar, status-kvonun qorunub saxlanılmasına deyil, problemin nizamlanmasında real nailiyyətin əldə edilməsinə yönəlibsə

Müəllif:

01.12.2017

Bu payız Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində kifayət qədər dolğun keçdi. Oktyabrda Azərbaycan və Ermənistan prezidentləri Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərilə birlikdə danışıqlar apardılar. Bunadək isə vasitəçilər münaqişə zonasına bir neçə səfər etmiş, danışıqların bərpasına kömək edəcək, problemin dinc yolla həlli prosesini dalandan çıxaracaq təklifləri tərəflərlə razılaşdırmışdılar.

Problem Ermənistanın mövqeyində idi. Ötən ilin aprel döyüşlərində məğlub olmuş İrəvan ondan sonra münaqişənin həllilə bağlı məzmunlu danışıqlardan qaçır, əvvəlcə atəşkəs rejiminin möhkəmləndirilməsini, ATƏT müşahidəçiləri missiyasının artırılmasını, təmas xəttində insidentlərin araşdırılması mexanizminin tətbiqini tələb edirdi. Azərbaycan isə bütün bu məsələlərə baxmağa razılıq verir, sadəcə, bunların ümumi nizamlama prosesinin bir hissəsi kimi təqdim edilməsini istəyirdi. Çünki erməni tərəfinin təkliflərinə ayrılıqda baxılması, sadəcə, Azərbaycanı və beynəlxalq vasitəçiləri qane etməyən hazırkı status-kvonun daha da möhkəmlənməsinə xidmət edəcəkdi. Görünür, sonda ermənilər vasitəçilərin təsirilə ağıllandı və paralel olaraq, tərəfləri maraqlandıran digər məsələlərin də müzakirəsinə razılıq verdi.

Beləliklə, noyabrda Moskvada iki ölkənin xarici işlər naziri Elmar Məmmədyarovla Edvard Nalbandyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bir araya gəliblər. Görüşün yekununda yayılmış bəyanatda bildirilir ki, nazirlər bu ilin dekabrında ATƏT Xarici İşlər Nazirləri Şurasının Vyanada keçiriləcək sammiti çərçivəsində yenidən görüşmək haqda razılıq əldə edib. Həmsədrlər tərəfindən yayılmış bəyanatda o da qeyd olunur ki, vasitəçilər bu görüşdə hazırlığa başlayacaq və Vyana danışıqlarında «substantiv məsələlər» də müzakirə ediləcək.

Minsk Qrupu həmsədrlərinin səylərinə münaqişə zonası ilə qonşu olan Türkiyə ilə Rusiyanın prezidentləri və XİN başçıları da qoşulub. Türkiyənin «Star» qəzetinin məlumatına görə, prezident Ərdoğan Rusiya lideri Putinlə Soçidə keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edib. Ərdoğan deyib ki, «Rusiyanın Ermənistana təsir imkanları var. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş 7 rayondan 5-i ilə bağlı qərarları da mövcuddur. Biz bu qərarların icra olunmasının vacibliyini düşünürük. Cənab Putin müsbət köklənib. Lakin belə başa düşdüm ki, o, çox ümidli də deyil. Düşünürəm ki, onun ümidsizliyi iki ölkənin münasibətlərilə bağlıdır».

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, o, Qarabağ problemini rusiyalı həmkarı ilə keçirəcəyi növbəti görüşlərdə də müzakirə edəcək. Ankaranın bu istiqamətdəki səyləri, sadəcə, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərindən irəli gəlmir. Burada inkişaf etməkdə olan Türkiyə-Rusiya tərəfdaşlığının iqtisadi, siyasi, bəlkə də, hərbi-texniki risklərdən sığortalanması istəyi də var. Hər halda, Ankara ilə Moskvanın bir çox beynəlxalq məsələ ilə bağlı mövqeyi üst-üstə düşür. Miqyaslı enerji layihələri (məsələn, «Türk axını» qaz kəməri və ya «Akkuyu» AES-in 4 blokunun tikintisi) onilliklərə hesablanıb. Qarabağ münaqişəsinin həll olunmamış qaldığı bir şəraitdə Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların bərpası riski hər zaman var və bu, hərbi qarşıdurmaya Türkiyə ilə Rusiyanın da cəlbi ilə nəticələnə bilər. Odur ki, bu vəziyyəti, heç olmasa, hərbi əməliyyatları istisna edəcək nöqtəyə gətirmək vacibdir.

Türkiyə və Rusiya prezidentlərinin bu problemlə bağlı məsləhətləşmələri nəticəsiz qalmayıb. Onların görüşündən dərhal sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana baş çəkib, səfəri zamanı 25 illiyi tamam olan ikitərəfli diplomatik münasibətləri qiymətləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair də müzakirələr aparıb. Lavrovun sözlərinə görə, problemin həllinin konturları artıq bəllidir. «Münaqişə heç kəsi qane etmir. Onun həllini axtarmaq lazımdır. Üstəlik, nəticənin əldə olunmasına aparıb çıxaracaq bir çox istiqamət artıq müəyyənləşdirilib», - deyə nazir qeyd edib: «Qarabağ münaqişəsinin nizamlanması prosesini hərəkətə gətirəcək bütün tədbirlər, addımlar, razılaşmalar masa üzərindədir. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən üçlük olaraq, qarşılıqlı şəkildə qəbul olunan məqamların axtarışını davam etdirəcəyik. Bu zaman rusiyalı, fransız və amerikalı həmsədrlərlə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında bu yaxınlarda Moskvada keçirilmiş görüşdəki müzakirənin nəticələri də nəzərə alınacaq», - deyə S.Lavrov Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla görüşünün yekununda bildirib.

Lakin Rusiya xarici siyasət idarəsi başçısının Qarabağ mövzusunda fikirlərinin tonallığı və aksenti bəyanatların səsləndirilmə yerindən asılı olaraq, dəyişir. Bu dəfə də belə olub. O, ermənistanlı həmkarı Edvard Nalbandyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında bildirib ki, «bu, çətin problemdir və aparılan danışıqların təcrübəsi göstərir ki, müzakirələr tezliklə başa çatmayacaq».

Erməni tərəfi Lavrovun bu sözlərini heç bir qərarın qəbul olunmayacağı, demək, nizamlanma prosesinin yenidən «donacağı» kimi şərh edir. Əgər belədirsə, Rusiyanın XİN başçısının regiona səfər etməsinə, müəyyən ümidlər və dərin məyusluq yaratmasına dəyərdimi? Lavrov problemin çətinliyini və tezliklə çözülməsinin asan olmadığını deyir. Bəs, «tezliklə həll» dedikdə, nə nəzərdə tutulur? Əgər söhbət münaqişənin tez bir zamanda tam həllindən və gündəmdən çıxmasından gedirsə, bu, təbii ki, real deyil. Təxminən, 30 ildir davam edən problemin tam həlli üçün nizamlama prosesinə başlandıqdan sonra elə bu qədər də vaxt tələb oluna bilər. Lakin İrəvanın həddini aşan tələblərini azaltmaq iqtidarında olan vasitəçi fövqəldövlətlərin lazımi təkidi olarsa, Azərbaycanın keçmiş DQMV ətrafındakı bəzi rayonlarının işğaldan azad olunması, sülhməramlı əməliyyatlara, demilitarizasiyaya başlanılması, kommunikasiyaların açılması, Azərbaycan-Ermənistan münasibətlərinin bərpası kimi razılaşmalar əldə edilə bilər.

Gündəlikdə Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişənin BMT TŞ-nin məlum qətnamələrindəki (822, 853, 874, 884), həmçinin BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsindəki şərtlərlə və zəmanətlə həlli olmalıdır. Prezident İlham Əliyev də Brüsseldə əvvəlcə NATO-nun Şimali Atlantika Şurasının iclasında, daha sonra isə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı iştirakçılarının sammitindəki çıxışlarında diqqəti məhz bu məqama çəkib. Diqqətin məhz BMT qətnamələrinin yerinə yetirilməsinə çəkilməsi isə təbii ki, İrəvanın xoşuna gəlmir. Başqa əlacı qalmayan ermənilər həyasızcasına, bu əsas beynəlxalq sənədlərin məğzini dəyişməyə çalışır. Məsələn, Serj Sarqsyan Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində utanmadan bildirib ki, «Birləşmiş Millətlər Təşkilatı heç zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair qətnamə qəbul etməyib. BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı olub, Azərbaycan isə ondan imtina edib».

Bundan əvvəl isə Ermənistanın XİN başçısı E.Nalbandyan rusiyalı həmkarı S.Lavrovla birgə mətbuat konfransında demişdi ki, «BMT TŞ-nin qətnamələri vaxtilə regionda hərbi əməliyyatların dayandırılmasına hesablanmışdı, münaqişənin həllinə yox». Lakin nə cür lovğalanma, sərsəmləmə olursa olsun, sözügedən qətnamələr qüvvədə qalır və onları rədd etmək mümkün olmayacaq.

Məlum olduğu kimi, vasitəçi dövlətlərin prezidentləri də mövcud status-kvonun sonsuzluğadək davam etməsinin mümkünsüz və qəbuledilməz olduğunu açıq şəkildə bəyan ediblər. Lakin nə qədər ki, təmas xəttində qan tökülmür, ciddi hərbi risklər yoxdur, vasitəçi ölkələr bu problemi ikinci plana atır, daha vacib saydıqları beynəlxalq problemlərlə məşğul olurlar. Onların Azərbaycana təzyiq alətləri yoxdur. Çünki beynəlxalq hüquq Bakının tərəfindədir və Azərbaycan, sadəcə, özünəməxsus olanı geri istəyir. Bakı heç kəsdən maddi yardım, pulsuz silah və müxtəlif imtiyazlar istəmir. Ermənistana isə vasitəçilər məlum səbəblərdən (xristian həmrəyliyi, erməni lobbisi) təzyiq göstərmək istəmir. Nəticədə, hazırkı pat vəziyyəti yaranır.

Aydındır ki, Rusiya siyasətçiləri və diplomatları sözdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün əllərindən gələni etdiklərini desələr də, bu vaxtadək mövcud status-kvonun qalması Moskvaya sərf edirdi. Fikrimcə, nə qədər ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin çözülməmiş qalmasının region üçün dağıdıcı, üstəlik, Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirə biləcək, İran üçün ciddi problemlər yaradacaq müharibəyə çevriləcəyinə əmin olmayacaq, o, ciddi addımlar atmayacaq.

Azərbaycan da öz növbəsində, ənənəvi olaraq Ermənistana himayədarlıq edən fövqəldövlətlərlə qarşıdurmaya getmək iqtidarında deyil. Lakin Bakı hər şeyi elə etməlidir ki, bu fövqəldövlətlər üçün mövcud status-kvonun davam etməsinin yaratdığı risklər, sülh prosesinin irəliyə aparılmasının yaradacağı risklərdən daha çox olsun.

Qarabağ nizamlanmasında kompromis olmazsa - o isə yalnız heç-heçə halında (nə qalibin, nə məğlubun olduğu) mümkündür - bütün münaqişələrdə olduğu kimi, Ermənistan-Azərbaycan qarşıdurmasından da 3 çıxış yolu var: qələbə, ölüm və ya təslimçilik. Mövcud qüvvələr nisbətini və geosiyasi balansı nəzərə alsaq, Azərbaycan üçün qələbə qazanmaq asan deyil, Ermənistan üçün isə ümumiyyətlə, mümkünsüzdür. Təslim olmağı heç bir tərəf istəmir, tərəfləri buna məcbur edəcək hər hansı fəlakət də yoxdur. Heç-heçəyə razılaşmanı isə erməni tərəfi istəmir. Qalır sonuncu variant - ölmək. Söhbət birbaşa insanların ölümündən getmir. Söhbət depopulyasiya nəticəsində dövlətin ölümündən gedir və Ermənistanda məhz bu müşahidə olunur.

Doğum səviyyəsinin azalması, emiqrasiyanın kütləvi axın səviyyəsinədək artması Ermənistanı demoqrafik uçuruma doğru aparır. Bu problem Ermənistanın siyasi sinfi üçün həyəcan həddinə çatıb. Lakin iş boşboğazlıqdan, 2050-ci ildə ölkə əhalisinin sayının 4 milyon nəfərə çatdırılması kimi qeyri-real hədəflərin qoyulmasından o yana keçmir. Reallıqda hökumət tələbələrin orduya çağırılmasına möhlət hüququnu ləğv etmək kimi qeyri-populyar addımlar atmağa məcbur olur. Əks təqdirdə, orduda əsgərlərin sayı çatmır. Qarşıda isə İsraildə olduğu kimi, qadınların da hərbi xidmətə çağırılması perspektivi görünür. Amma əksər erməni analitikləri bu addımın emiqrasiyanı daha da artıracağını düşünür.

«ELK»in parlament fraksiyasının analitik məruzəsində bildirilir ki, Ermənistanın Aİİ-yə üzv olduğu 3 ildə ölkə iqtisadiyyatı dollar ekvivalentində 8%, iş yerləri 13%, dövlətin beynəlxalq ehtiyatları 40% azalıb, dövlət borcu 10% artıb. 2014-cü ildə investisiyaların həcmi 167,4 milyard dram olubsa, 2016-cı ildə bu, 81 milyardadək azalıb. Kağız üzərindəki iqtisadi artım isə ölkənin maliyyə resurslarını artırmır, 2018-ci ilin dövlət büdcəsi layihəsində hərbi xərclərin 17% artırılması ilə bağlı bənd isə əhalinin onsuz da ağır olan sosial durumunu daha da pisləşdirəcək.

Ermənistanın xarici donorları da yardımları azaldır. www.1in.am <http://www.1in.am> informasiya portalında dərc olunmuş redaksiya məqaləsində belə bir sual qoyulur: «Hər il Los-Ancelesdən təşkil olunan telemarafonun gedişində yığılan vəsait niyə ildən-ildə azalır (bu il 12,5 milyon dollaradək)?». Erməni siyasətçilərin anlaşılmayan izahları əslində, sadəcə, real səbəbin üzərini örtür. Əsl səbəb isə Ermənistanın və Dağlıq Qarabağ separatçılarının irrasional, həyata keçməyən iddiaları, total korrupsiya və diasporadan yığılan ianələrin israf olunmasıdır.

İndiyədək separatçı hərəkatlara müəyyən loyallıqla yanaşan, ermənilərisə ümumiyyətlə, buna ruhlandıraraq Azərbaycan ərazilərinin işğalına «Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi» kimi saxta şüarla, az qala, haqq qazandıran beynəlxalq birlik tədricən yaşananların sülh, təhlükəsizlik və sabitlik üçün təhdid olduğunu anlamağa başlayır. Bu, Kataloniya və İraq Kürdüstanında qanunsuz müstəqillik referendumlarından sonra daha aydın olmağa başlayıb. Separatçıların iflası və əksər regional fövqəldövlətlərin onlara mənfi münasibəti ermənilərin əhvalını əməlli-başlı korlayıb.

Bütün deyilənləri ümumiləşdirsək, nikbinlik üçün əsasın çox olmadığını söyləyə bilərik. Tərəflərin bəyanatlarına diqqət yetirsək, elə təsəvvür yarana bilər ki, yenicə bərpa olunmuş danışıqları yenidən iflas gözləyir. Çünki mövqelərdə ziddiyyət həddindən artıq çoxdur. Amma unutmayaq ki, diplomatiyada sərt mövqe nümayişi adi haldır. Bakı ilə İrəvanın ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə əldə etdiyi razılaşma vacib sayıla bilər: danışıqların növbəti raundunun keçirilməsi, görüşdə atəşkəs rejiminin möhkəmləndirilməsilə yanaşı, həm də hərbi münaqişəyə son qoyulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəli gedilməsi üçün əsas problemlərin müzakirəsi. Bu danışıqların mütləq qaydada razılaşma ilə bitəcəyinə əminlik yoxdur. Lakin istənilən halda, danışıqlar aparmaq müharibə aparmaqdan yaxşıdır. İntensiv danışıqlar isə müsbət nəticənin əldə edilməsi şanslarını artırır.



MƏSLƏHƏT GÖR:

411