28 Mart 2024

Cümə axşamı, 16:30

YENİ REALLIQLAR - YENİ PERSPEKTİVLƏR

Brüsseldə baş tutmuş Şərq Tərəfdaşlığı Sammitinin yekunları nədən xəbər verir?

Müəllif:

01.12.2017

Transmilli enerji layihələri, beynəlxalq nəqliyyat dəhlizləri, geosiyasi maraqlar… Bunlar Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığın inkişafına qarşılıqlı maraq yaradan amillərin yalnız bir hissəsidir. Azərbaycanın xarici ticarət dövriyyəsinin tam yarısı, həmçinin ölkə iqtisadiyyatına yatırılmış xarici investisiyaların 20 milyard dollardan artığı «Köhnə dünya» ölkələrinin payına düşür. Aİ üzvlərinin üçdə biri ilə Bakı arasında strateji tərəfdaşlıq var və bu da son deyil.

Düz 1 il əvvəl Avropa İttifaqı Şurası Avropa Komissiyasına və Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Azərbaycanla yeni strateji tərəfdaşlıq razılaşmasının hazırlanması üçün danışıqlar aparmaq mandatı vermişdi. O, 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz etməli idi. Yeni prioritetlərlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də, Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə hər iki tərəfin uğurlu saydığı səfərindən dərhal sonra start verildi.

Danışıqların bir neçə raundundan sonra - artıq oktyabrın 4-də Azərbaycanın dövlət başçısı Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin rəhbəri Valter Stivensenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin tərkibinə Brüsseldə akkreditə olunmuş 28 Aİ üzvünün səfirləri də daxil idi. Bu, o anadək Aİ-nin Azərbaycana səfər edən ən böyük nümayəndə heyəti idi. Nüfuzlu missiyanın səfəri noyabrın sonlarında Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti - beşinci Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq məqsədi daşıyırdı.

Azərbaycan Prezidenti istər səfirlərlə görüşündə, istərsə də sammitin özündə bildirib ki, Aİ ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasi prioritetlərindən biridir.

Sammitdə Bakı ilə Aİ arasında strateji tərəfdaşlığa dair yeni saziş gözlənildiyi kimi imzalanmayıb. Tərəflər, sadəcə, yeni prioritetlər üzərində işləri davam etdirmək niyyətlərini təsdiqləyib.

Brüssel sammitinin əsas nəticəsi isə birgə bəyannamənin qəbulu olub. Bu, öz-özlüyündə nailiyyət sayıla bilər. Çünki sənədə imza atanlar arasında postsovet məkanında, xüsusilə Ukrayna ərazisində və Ermənistanla Azərbaycan arasında yaşanmaqda olan ərazi münaqişələrilə bağlı ciddi fikir ayrılıqları var idi.

«Şərq Tərəfdaşlığı Zirvə görüşü zamanı bizim gözləntimiz ondan ibarətdir ki, postsovet məkanında mövcud olan bütün münaqişələrə münasibətdə Avropa Komissiyası tərəfindən vahid yanaşma nümayiş etdirilsin. Əks təqdirdə, biz haqlı olaraq bunu ikili standartlar yanaşması kimi qəbul edəcəyik. Bu səbəbdən, Dağlıq Qarabağla bağlı yekun bəyannamənin mətnində ərazi bütövlüyünə dair məsələnin aydın ifadə olunması çox vacibdir», - deyə Azərbaycan Prezidenti hələ sammitdən əvvəl xəbərdarlıq etmişdi.

Bu mənada, Bakı üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Nəticədə, bu, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitində qəbul olunmuş Birgə Bəyannamədə də öz əksini tapıb. Bunu strateji tərəfdaşlığa dair yeni razılaşmanın əldə olunması istiqamətində əhəmiyyətli addım saymaq olar.

Tərəflər yekun bəyannamədə 2020-ci ilədək həyata keçirilməli olan 20 konkret vəzifəni qeyd edib. Onlar 4 istiqamətə ayrılır: iqtisadiyyatın inkişafı, hökumət institutlarının və vətəndaş cəmiyyətinin güclənməsi, nəqliyyat imkanlarının artırılması və enerji effektivliyi. Bundan başqa, nümayəndə heyətləri Şərq Tərəfdaşlığı çərçivəsində əldə edilmiş irəliləyişləri də müzakirə edib. «Biz əldə etdiyimiz nailiyyətlə qürur duyuruq», - deyə Avropa İttifaqı Şurasının sədri Donald Tusk yekun mətbuat konfransında indiyədək Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Gürcüstan, Moldova və Ukrayna ilə Assosiativ sazişlərin imzalanmasını nəzərdə tutaraq bildirib.

Bu sammitdə Brüssellə hərtərəfli və geniş tərəfdaşlığa dair saziş imzalayan yeganə ölkə Ermənistan olub. Rusiya ekspertləri və siyasi dairələri bunu müttəfiq maraqlarına zidd addım kimi qiymətləndirsə də, Moskvadan İrəvanın bu addımına rəsmi münasibət bildirilməyib. Bununla yanaşı, sözügedən iki ölkə arasındakı münasibətləri nəzərə alsaq, İrəvan Kremlin razılığı olmadan Aİ ilə yaxınlaşmaya gedə bilməzdi. Hər halda, Ermənistan prezidenti Serj Sarqsyanın 2013-cü ildə Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Aİ ilə Assosiativ sazişi imzalamaqdan son anda imtina etdiyi hər kəsin yadındadır. Üstəlik, o, bundan dərhal sonra Rusiyanın lobbiçilik etdiyi Avrasiya İqtisadi İttfiaqına üzv olmuşdu. Vilnüs Sammiti ərəfəsində olduğu kimi, bu dəfə də Sarqsyanın Rusiya prezidenti Vladimir Putinlə məsləhətləşmək üçün Moskvaya dəvət olunması təsadüf deyil. Yəni Ermənistan Aİ ilə yaxınlaşmaya yalnız Rusiyanın icazəsilə və məhz Moskvanın müəyyənləşdirdiyi sərt şərtlər çərçivəsində gedib.

Şərq Tərəfdaşlığı Proqramına daxil olan digər ölkə - Belarusun isə ümumiyyətlə, Aİ ilə tərəfdaşlıq və əməkdaşlığa dair baza sazişi belə, yoxdur. Minskdə, ilk növbədə, Avrasiya İqtisadi İttifaqının inkişafını vacib sayırlar. Ölkənin xarici işlər naziri Vladimir Makeyin də dediyi kimi, «Belarus artıq Aİİ-yə üzvlüyün faydalarını hiss edir».

Azərbaycana gəlincə, Bakı ilə Brüssel Aİ ilə yeni strateji saziş üzərində işi davam etdirir. Tərəflər onu «Tərəfdaşlıq prioritetləri» adlandırır. Amma Bakı Aİ ilə yeni sazişi tələsik imzalamağı da düşünmür. «Prezident Əliyev yaxşı başa düşür ki, Aİ Azərbaycanın quruma üzvlüyü ilə bağlı heç bir perspektiv vəd etmir. O, sizin ölkənizin problemlərinin həllinə kömək etmək niyyətində də deyil. Belə olan təqdirdə, rəhbərliyin münasibətlərin inkişafını sürətləndirməsinin nə mənası var? Azərbaycanın istər Rusiya, istərsə də ABŞ ilə çox yaxşı münasibətləri var. O, bu ölkələrlə qarşılıqlı münasibətlərdən konkret səmərə əldə edir və hər şeyi Avropaya tərəf çevirməyə ehtiyac yoxdur», - deyə Sloveniyanın BMT-dəki sabiq nümayəndəsi, politoloq Anton Bebler bildirib.

Haqqın.az saytına müsahibəsində o, Azərbaycanın Aİ-yə inteqrasiya siyasətini çox mükəmməl və ölçülüb-biçilmiş siyasət kimi qiymətləndirib. Onun fikrincə, belə siyasət Aİ-ni də qane edir. Çünki Brüssel üçün ölkənin problem yaratmaması, neytral siyasət yürütməsi vacibdir.

Ümumiyyətlə, Şərq Tərəfdaşlığı Proqramının iştirakçıları arasında bu gün Bakı faktiki olaraq, Avropaya ən sərf edən tərəfdaşdır. Strateji vacib regionda yerləşən, zəngin təbii resurslara malik olan, praqmatik iqtisadi və balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan Ermənistandan fərqli olaraq, tərəfdaşları üçün yük deyil. Bundan başqa, Bakı Avropanın enerji təhlükəsizliyinin təminində, enerji resursları mənbələrinin və nəqliyyat yollarının şaxələndirilməsində vacib rol oynayır. Bir sıra Aİ ölkəsinin enerji balansında Azərbaycan neftinin payı 25-30%-ə çatır. «Azəri-Çıraq-Günəşli» yatağının işlənməsi üzrə yeni nəhəng müqavilənin reallaşdırılması başlanması ilə bu pay daha da artacaq. Xatırladaq ki, sözügedən müqavilə aparıcı beynəlxalq neft şirkətləri konsorsiumu ilə bu ilin payızında imzalanıb.

Hazırda Azərbaycan, Türkiyə və Avropa Komissiyasının əməkdaşlığı ilə 40 milyard dollardan artıq dəyəri olan «Cənub Qaz Dəhlizi» layihəsinin reallaşdırılması davam edir. «Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək», - deyə İlham Əliyev Brüssel Sammitindəki çıxışı zamanı bildirib.

Əsas mərkəzi və iştirakçısı Azərbaycan olan beynəlxalq nəqliyyat layihələri də Avropaya kifayət qədər iqtisadi və siyasi dividend vəd edir. Cəmi 1 ay əvvəl Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını ediblər. Layihənin yekun hədəfi «Şərq-Qərb» marşrutu çərçivəsində Pekinlə Londonu birləşdirməkdir. Detallara varmadan yalnız onu qeyd edək ki, söhbət Asiya ilə Avropa arasında ən qısa yoldan gedir.

Azərbaycandan keçəcək digər beynəlxalq marşrut «Şimal-Cənub»dur. Bu layihə çərçivəsində Bakı, Moskva və Tehran artıq dəmir yollarını birləşdirməyə çox yaxındırlar. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən dərhal sonra Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçirilib. Görüşdə onlar üç ölkə arasında dəmir yolu əlaqəsi qurmaq niyyətlərini təsdiqləyiblər. Bu isə gələcəkdə Hindistanla Finlandiyanı birləşdirməyə imkan verəcək.

Gələn il Xəzərdə ən nəhəng beynəlxalq ticarət dəniz limanının istismara veriləcəyi gözlənilir. Bu limandan maksimal yük daşımalarının həcmi ildə 25 milyon tona çatacaq. «Bu, ölkənin geosiyasi əhəmiyyətini artıracaq. Çünki dənizə çıxışı olmayan, açıq bazarlara, açıq dənizlərə çıxışı olmayan ölkə olaraq və eyni zamanda dəmir yolları, hava ilə yükdaşımaları, magistral daşımalar və dəniz daşımalarından ibarət inteqrasiya edilmiş bir sistem olan nəqliyyat mərkəzini yaratmaq, hesab edirəm ki, həqiqətən də, böyük bir aktivdir», - deyə Prezident İlham Əliyev hələ Aİ səfirlərilə görüşündə bildirmişdi.

Aİ də Azərbaycanın iştirakı ilə reallaşdırılan nəqliyyat layihələrinin əhəmiyyətini yaxşı bilir. Bakı ilə Aİ arasında Brüssel Sammiti çərçivəsində Trans-Avropa nəqliyyat şəbəkəsi üzrə sənədin imzalanması da bununla bağlıdır. Bu, Aİ-nin əsas nəqliyyat siyasətidir.

Bu nəqliyyat layihələrinin reallaşdırılması geosiyasi əhəmiyyətilə yanaşı, Azərbaycanın qeyri-neft sektorundan gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına da imkan yaradacaq. Bu, iqtisadiyyatın şaxələndirilməsi, xammaldan asılılığın azaldılması baxımından Bakı üçün çox vacib əhəmiyyət daşıyır. Yeri gəlmişkən, postneft islahatları artıq ilk nəticələrini verməkdədir və bu, özünü ölkənin beynəlxalq reytinqlərdəki mövqeyində də göstərir. Məsələn, Davos İqtisadi Forumunun «Qlobal rəqabət indeksi»ndə Azərbaycan 140 iqtisadiyyat arasında 35-ci pillədədir. Dünya Bankının qlobal «Doing Business 2018» reytinqində isə Azərbaycan 190 ölkə arasında 57-ci yerdə qərarlaşıb.

Bütün bu amillər avropalı tərəfdaşlarla danışıqlarda rəsmi Bakının mövqeyini gücləndirir. Lakin bu da Azərbaycanı Aİ üçün cəlbedici edən üstünlüklərin hamısı deyil.

Bakının xeyrinə olan amillər sırasında ölkədə işsizlik və yoxsulluq həddinin aşağı olması, əhalinin savadlılığı da var. Bütün bunlar dünyəvi dövlət quruluşu, Avropa irsi, yüksək dini və etnik tolerantlıqla birlikdə radikalizmin, dini ekstremizmin qarşısını alan amillərdir. Avropanı müsəlman dünyası ilə münasibətlər qurarkən ən çox narahat edən məsələlər isə məhz bunlardır.

Bundan başqa, son illər Azərbaycan üzərinə gənc müstəqil dövlət üçün kifayət qədər iddialı sayıla biləcək daha bir rol götürüb: Avropa ilə müsəlman dünyasında mədəni və Prezident İlham Əliyevin dediyi kimi, «müəyyən qədər də siyasi körpü qurmaq» rolu. Tarixdə ilk dəfə olaraq 2008-ci ildə məhz Bakı Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin toplantısına onların İslam Əməkdaşlığı Təşkilatı üzvlərindən olan həmkarlarını da dəvət edib. «İlk dəfə idi ki, 100-dən artıq dövlətin nümayəndəsi bir araya gəldi və artıq bu gün o, «Bakı prosesi» adlanır. Həmin proses inkişaf etməkdə davam edir və BMT tərəfindən dəstəklənir», - deyə İlham Əliyev bildirib.

Azərbaycan terrorçuluqla beynəlxalq mübarizəyə də ciddi töhfələr verir və İlham Əliyevin Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüşməsi, qurumun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi təsadüf deyildi.

Bununla yanaşı, Azərbaycanın özü qonşusu Ermənistanın yaratdığı separatçılıqdan, terrorçuluqdan və ərazi iddialarından əziyyət çəkir. Ölkənin Ermənistan tərəfindən işğal olunmuş əraziləri faktiki olaraq, beynəlxalq nəzarətdən kənar qalıb və nəticədə, ora terrorçuluğun, narkotrafikin inkişafı üçün münbit məkana çevrilib. Bu münaqişə region üçün əsas təhlükədir və demək, o, Avropanın təhlükəsizliyinə də təhdiddir. Rəsmi Bakı avropalı tərəfdaşlarından bu problemin həlli istiqamətində daha qətiyyətli addımlar gözləməkdə haqlıdır. Üstəlik, bunun üçün BMT-nin və bütün Avropa strukturlarının müvafiq qətnamələri var. Avropa İttifaqının özü də bunda son dərəcə maraqlı olmalıdır. Lakin bəzən biz dünya güclərinin, o cümlədən Aİ-nin məsələlərə ikili standartlardan yanaşdığının şahidi oluruq. Dünyanın digər bölgələrində BMT TŞ-nin qətnamələrinə bir neçə gündə əməl olunursa, Azərbaycanla bağlı qəbul olunmuş qərarlar 24 ildir ki, icrasını gözləyir.

Analoji münasibət demokratiya və insan haqları məsələsində də özünü göstərir. Məsələn, avroparlamentarilər ölkəsində konkret qanunsuz əməlinə görə mühakimə olunmuş ayrı-ayrı şəxslərə saysız-hesabsız qətnamə həsr edə bilir, lakin 1 milyon azərbaycanlı qaçqının hüquqları haqda heç nə danışılmır.

Tutaq ki, Azərbaycanda demokratik azadlıqlarla bağlı vəziyyət Avropa dəyərlərinə əsasən ideal deyil. Bəs, Şərq Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin hansında hər şey Azərbaycan üçün qoyulan ölçülərə uyğun gəlir ki? Öz-özünü dolandıran, müstəqil siyasət yürüdən Bakının tələbatın az olduğu İrəvan qədər üzüyola olmaması başqa məsələdir. Belə hallarda məhz insan haqları məsələsi hakimiyyətə təzyiq vasitəsi kimi aktuallıq qazanır.

Aydındır ki, dünya güclərinin siyasəti geosiyasi motivlər və iqtisadi maraqlar üzərində qurulur. Lakin reallıqlar dəyişir və münasibətlərin qurulması taktikası da yeni reallıqlara uyğun dəyişməlidir.

Azərbaycan üçün yeni siyasi və iqtisadi şəraitdə bərabərhüquqlu tərəfdaş münasibətlərinin əsas götürülməsi vacibdir. Bu zaman bir-birinin daxili işlərinə qarışmamaq əsas şərtlərdən biri olmalıdır. Ölkənin bugünkü inkişaf səviyyəsi və beynəlxalq proseslərdəki rolu Bakıya üzərinə yeni, özünün nüfuzuna xələl gətirə biləcək siyasi xarakterli öhdəliklər götürməməsinə tam imkan verir.

Digər tərəfdən tədbirli siyasət yürüdən Bakı öz geosiyasi mövqeyindən maksimum faydalanmağa, ölkənin dünya qütblərinin geosiyasi mübarizəsinin girovuna çevrilməsinə imkan verməməyə çalışır. Ölkə rəhbərliyinin bəyanatlarından da göründüyü kimi, Azərbaycan Aİ ilə yeni sazişlə bağlı danışıqları uzatmağa çalışmır, amma eyni zamanda bu işdə tələskənlik də etmir. Tərəflər mövcud ziddiyyətləri aradan qaldırmalı, qarşılıqlı maraqları, dayanıqlı uzunmüddətli əməkdaşlığı təmin edəcək ortaq məxrəcə gəlməlidir.



MƏSLƏHƏT GÖR:

368