28 Mart 2024

Cümə axşamı, 20:55

YENİ SƏVİYYƏ

İlk dəfə olaraq Azərbaycan təmsilçisi beynəlxalq idman birliyinin rəhbəri seçilib

Müəllif:

15.12.2017

Yola salmaqda olduğumuz il Azərbaycan idmanı üçün uğurlu nəticələrlə yanaşı, həm də ölkənin beynəlxalq idman aləmində nüfuzunun artması ilə yadda qalacaq. Ölkə tarixində ilk dəfə olaraq təmsilçimiz - Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə seçilib. 

“Bu, Azərbaycanda son illər ərzində gimnastika idman növünün sürətli inkişafının Avropa Gimnastika ailəsi tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Gimnastika üzrə dünya və Avropa çempionatlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsi, ölkəmizdə ən yüksək standartlara cavab verən Milli Gimnastika Arenasının və bölgələrdə gimnastika bölmələrinin yaradılması haqlı olaraq Avropa Gimnastika İttifaqı tərəfindən yüksək qiymətləndirilmişdir”, - deyə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban Əliyevanın Fərid Qayıbova ünvanladıqları təbrik məktubunda bildirilir. Sənəddə vurğulanır ki, Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının vitse-prezidenti kimi fəaliyyəti də onun bu vəzifəyə seçilməsində böyük rolu oynayıb. 

Əslində, Azərbaycan təmsilçisinin beynəlxalq federasiyanın rəhbəri postuna namizəd olmasının özü artıq idman tariximizdə bir ilk idi. Və elə ilk cəhdimiz də uğurla nəticələndi. UEG-in Xorvatiyanın Split şəhərində keçirilən hesabat-seçki konfransında Fərid Qayıbov səs çoxluğu ilə mötəbər qurumun rəhbəri seçildi. Ümumilikdə, 50 ölkə nümayəndəsinin qatıldığı səsvermədə Azərbaycan təmsilçisi 28 səs toplamaqla digər namizəd, 20 səs toplamış sloveniyalı Edvard Koları geridə qoydu. Bununla da, həmyerlimiz 2009-cu ildən ittifaqa rəhbərlik edən fransız Jorj Gelzeki bu vəzifədə əvəz etdi. 

Qeyd etmək lazımdır ki, son dövrlər Azərbaycanda idmanın gimnastika növü çox uğurla inkişaf edir. Mehriban Əliyevanın AGF-ə rəhbərlik etdiyi bu illər ərzində ölkəmiz gimnastika sahəsində çox böyük nailiyyətlər əldə edib. Fərid Qayıbovun UEG-ə rəhbər seçilməsi həm də Azərbaycan idmanına, bütövlükdə ölkəyə olan inam, etibarın göstəricisidir. 

Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində ilk müsahibəsini Fərid Qayıbov “Region Plus” jurnalına verib. O, ilk növbədə, Azərbaycanda və dünyada gimnastikanın inkişafına verdiyi töfhələrə görə Azərbaycanın Birinci vitse-prezidenti, AGF-nin prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Bu il bizim Federasiyanın 15 yaşı tamam olur. Federasiyamıza Mehriban xanım Əliyeva rəhbərlik edir. Mən Mehriban xanımı təbrik edirəm, çünki bu illər ərzində o, Avropa Gimnastika İttifaqını idarə edə biləcək menecer hazırlayıb. Mehriban xanım Əliyeva həmişə bizə dəstəkdir, biz onu sevirik. Mən həmçinin bizim federasiyanın bütün kollektivinə, bizə dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm”. 

UEG prezidenti kimi qarşıda duran fəaliyyət haqqında danışan F.Qayıbov yeni layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. “Mən son 4 ildə UEG-in vitse-prezidenti kimi çalışırdım və mən Avropa Gimnastika İttifaqına yeni layihələr gətirmişdim. Qarşıda duran 4 il ərzində də biz bəzi layihələri davam etdirəcəyik, çünki bu layihələr uğurlu alınmışdı. Təbii ki, yeni layihələrimiz də olacaq, Avropa ölkələrinin qarşısına yeni layihələrlə çıxacağıq”,- deyə UEG rəhbəri bildirib. 

O, UEG prezidentliyi uğrunda mübarizənin də çətin olduğunu qeyd edib. “Əlbəttə, seçki kampaniyası çətin idi. Bilirsiniz ki, Azərbaycan son illərdə idman sahəsində öz sözünü deyir. Azərbaycan idmançılarının göstərdiyi nəticələrdən, ölkəmizdə keçirilən böyük beynəlxalq yarışlardan sonra Azərbaycan daha da tanındı, nüfuz qazandı. Mən bu yerə AGF-nin sayəsində, Federasiyada gördüyüm işlərin sayəsində gəlib çıxmışam. Bugünkü çıxışımda da 15 ildə Federasiyada nələr əldə etdiyimizdən danışdım. Hamı görür ki, AGF nələr edib və təbii ki, o görülən işlərin nəticəsi idi ki, burada mənə inandılar. Çox şadam ki, uğurlu işlərimizi görüb, bizə etimad göstərdilər”,- deyə F.Qayıbov sevincini bizimlə bölüşüb. 

Fərid Qayıbovun belə nüfuzlu təşkilata rəhbər seçilməsi Avropa Gimnastika İttifaqının 27-ci konqresinin iştirakçıları tərəfindən də yüksək qiymətləndirilib. Beynəlxalq Gimnastika Federasiyasının sabiq prezidenti, uzun illər dünya gimnastikasına rəhbərlik edən Bruno Qrandi “R+”a açıqlamasında nəticələrdən razı qaldığını bildirib. 

Məlumat üçün bildirək ki, 2006-cı ildən AGF-nin baş katibi kimi fəaliyyət göstərən Fərid Qayıbov Bakıda keçirilən bir sıra turnirlərin, gimnastika üzrə Dünya Kuboku, Avropa çempionatlarının yerli təşkilat komitəsinin icraçı direktorudur. 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şura üzvü seçilib. 2013-cü ildə isə Fərid Qayıbov Avropa Gimnastika İttifaqına vitse-prezident postuna seçilib. UEG-in prezidenti seçilən Fərid Qayıbov həm də Beynəlxalq Gimnastika Federasiyasında İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərəcək.

Yeri gəlmişkən, beynəlxalq strukturun rəhbəri seçilməsi ilə əlaqədar Fərid Qayıbov AGF-nin baş katibi postundan ayrılıb. Federasiyanın baş katibi vəzifəsinə 2007-2009-cu illərdə baş katibin köməkçisi, 2009-cu ildən bu yana isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

 

 Bruno Qrandi, Beynəlxalq Gimnastika Federasiyasının eks-prezidenti:

"Bu cür məsuliyyətli posta Fərid Qayıbovun seçilməsindən çox məmnunam. Azərbaycan kiçik ölkə ola bilər. Lakin sizin təmsilçiniz Fərid Qayıbov Avropa Gimnastika İttifaqının rəhbəri seçilib. Bu, son dərəcə vacib seçimdir. İnanıram ki, o, biliyi və təcrübəsindən istifadə etməklə, təşkilatı yeni səviyyəyə qaldıracaq»

 

 

Azad Rəhimov, Azərbaycanın gənclər və idman naziri:

«Azərbaycan Gimnastika Federasiyasının məhsuldar fəaliyyəti nəticəsində Fərid Qayıbov Avropa Gimnastika İttifaqının rəhbəri kimi yüksək posta seçilib. Əminəm ki, bu seçimdən sonra Azərbaycanda gimnastika daha da inkişaf edəcək, eyni zamanda Azərbaycan dünya gimnastikasının inkişafına öz töhfəsini verəcək»

 

 

 

Xesus Karballo, İspaniya Gimnastika Federasiyasının prezidenti:

«Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqına rəhbər seçilməsi çox önəmlidir. Biz gələcək layihələr üzərində onun fəal işinin şahidi olacağıq. Bizim Avropa Gimnastika İttifaqının parlaq gələcəyinə ümidlərimiz çoxdur»

 

 

 

Liza Vortman, Avropa Gimnastika İttifaqının baş direktoru: 

«Mən seçkinin nəticəsindən razıyam. Hesab edirəm ki, hazırda idmanda tədbirləri peşəkarcasına təşkil edən insanların olması çox vacibdir. Fərid Qayıbov, birmənalı olaraq, onlardan biridir. Biz Azərbaycanda tədbirlərin necə təşkil olunduğunu görmüşük»

 

 

 

 

Mariana Vasilyeva, AGF İcraiyyə Komitəsinin üzvü: 

«Azərbaycan Prezidenti İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya bizə inamlarına və dəstəklərinə görə, Azərbaycanın kifayət qədər layiqli dövlət olduğuna, Avropa ölkələrinə rəhbərlik etdiyinə görə ürəkdən minnətdarlıq etmək istəyirəm. Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova, baş katibi Fərid Qayıbova bizə verilən dəstəyə görə minnətdaram. Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi, ilk növbədə, Azərbaycanın qələbəsidir»



MƏSLƏHƏT GÖR:

371