28 Mart 2024

Cümə axşamı, 15:26

QUŞ DİLİNDƏ

«Yuğ» teatrı həmişəki kimi tamaşaçını qeyri-standart yanaşması ilə fəth edir

Müəllif:

15.12.2017

"Yuğ" teatrında Əbdülqəni Əliyevin "Quş dili" tamaşasının premyerası keçirilib. Bu, Təranə Vahidin "Cənnətdən yuxarı" əsərinin səhnə versiyasıdır. Sufi fəlsəfəsinə və ekzoterikaya meyilli olan rejissor səhnələri metaforik simvollar və işarələrlə zənginləşdirib. Aktyorların mətnin arxasında gizlənmək imkanı yoxdur, çünki plastik-dramatik hərəkətlərin dinamikası olduqca dolğundur: hadisələr kaleydoskopik ardıcıllıqla dəyişir, rejissorun düşüncəsi öz təxəyyülünün arxasında çətin yetişir.

 

Proloq

Qara kabinetin fəzasında ağ, küləkdən titrəyən quş pərvaz edir. lüminessent işığının axınında o, xüsusilə yaxşı görünür. Çünki onun qüsursuz ağlığı və təmizliyi hadisələrə poetik dünyanın atmosferini qatır… Fikirlərin çürüməyə məruz qalmadığı, sevgi hissinin bəşəri məna və önəm qazandığı bir dünyanın.

 

Tamaşanın fələfəsi haqqında

Quş ilkin materiyanın rəmzidir. O, həm də insan ruhunun bir parçasıdır. Ezoterik ənənələrə əsasən, quş dili Şərqdən gələn və Babil qülləsini tikən nəhəng insanların dilidir. Quş dili qədim padşahların və peyğəmbərlərin dilidir. Bu rəmzlərin dili, sufizm, ezoterizm və s.-in dilidir. Quş dili Kişi və Qadın münasibətlərinin dili, onların həyatı və özlərini anlamaq bacarığıdır. Nəhayət, quş dili quruluşçunun fikri izləyiciyə təkcə mətnlə deyil, həm də səhnə metaforası ilə çatdırmaq cəhdidir. Deyirlər ki, quş dilini anlayan Tanrını da anlayar. Bax, dağ kəndinin sakinləri də (arxa planda pəncərələrində işıq süzülən evləri, onların da arxasında dağları görürük) bütün tamaşa hərəkəti boyu özlərində və ətraflarında olan hər şeydə Allahın varlığını axtaracaqlar.

Kişilər və Qadınlar. Onlara lazım olan həqiqətin axtarışları bir şeyi anlamağa imkan verir: hər bir insan bədəndən və ruhdan ibarətdir, lakin heç də hamı göründüyü və bənzədiyi kimi yaradılmayıb. Kişi və qadın doğuşdan ölümə məhkumdurlar, çünki onlar fanidirlər. Onların səmavi olması mümkündürmü? Hələ IX əsrdə yazılmış "Kitabi Dədə Qorqud"da yalnız yuxuda görülə bilən səmavi dünyanın sakinləri haqqında danışılır. İnsanlar onlarla eyni deyil. Əbdülqəni, əksinə, tək doğru yolun işığa, biliyə, mənəvi zənginləşməyə gedən yol olduğunu anlayan bir insanın yolunu izləməyə çalışır. O cümlədən insan ruhunun ən yüksək təzahürü kimi Sevgini anlamaq vasitəsi ilə də o yola qovuşmaq istəyir. Yalnız bu yol insana Allah adlandırılan Haqqa yaxınlaşmağa imkan yaradacaq. Buna görə də quş dili insanlar arasında seçilmişlərin dilidir. Ancaq bu dil yalnız müdriklərin, filosofların və işıqlı insanların dili olaraq qalmır, eyni zamanda Sevgi dilidir.

Kişilər və Qadınlar. Onların birliyinə Göylər xeyir-dua verib. Əsas məsələ həyatın çətinlikləri arasında və daimi seçim qarşısında qalarkən özünü itirməmək və bu birliyi saxlamağı bacarmaqdır. Sevgi dili də quş dilidir, bu dil sonradan əməllərimizə çevrilən düşüncə və hisslərimizin üzərində çox çalışmağımızı tələb edir. Xoşbəxt olmaq mümkündür, bu dili danışarkən hətta seçilmiş də olmaq mümkündür. Burada bütün Şərq fəlsəfəsinə, o cümlədən sufizmə nail olması üçün rejissora sitat ismarışı da təklif edə bilərik.

 

Tamaşanın metaforlaşdırılması

Kiçik bir səhnə məkanının kvadratmetrə görə tamaşadakı metafor sıxlığı həddindən yüksəkdir. Quruluş ideyası sürətlə, bəzən də xaotik irəliləyir, bununla da, tamaşanın müəllifinin izləyiciyə çatdırmaq istədiyi fikirlərin qavranılmasına mane olur. Belə görünür ki, bu, rejissorun məişəti və öz düşüncələrinin poetikləşdirilmiş fəlsəfəsini birləşdirmək arzusundan qaynaqlanır, nəticədə, ötən əsrin 60-cı illərin sonlarından etibarən məşhur olan metaforik teatrın şərtiliklərinə müraciət edir.

Tamaşa ağ-qara çalarlarda qurulub. Aktyorların geyimi də, səhnə tərtibatı da qaradır. Tamaşanın müəyyən məqamlarında gah Dünya Okeanının suyunu, gah da düşüncəsi Yaradana yönəlmiş kollektiv şüuru təsvir edən ağ parça görünür. Tamaşada aktyorların hərəkətləri baxımından bu, belə görünür: ağ parça hərəkətli bir axın (su, düşüncə, enerji axınına) çevrilərək yüksəlir, daha doğrusu, hərəkət edir. Əlinizin çata bilməyəcəyi və gözlərinizin görə bilməyəcəyi göylərin o biri üzünə.

Dağ zirvələrinə yönəldilən enerji, bu kəndin ağ paltar geymiş kişi və qadınlarının ritual hərəkətləri nəticəsində yaranır. Günəşə bənzər bir dairənin üzərinə çiçəklərin və ağac budaqlarının qoyulduğu bu ritual hərəkətlərdə nəsə qədim bir inancın əlamətləri görünür. Bu, uşaqların çəkməyi çox sevdikləri bir Günəşdir: dairə və ondan yayılan şüalar. Rejissor bütün tamaşa boyunca təsviri ardıcıllıq vasitəsi ilə metaforların eyham dilinə müraciət edir.

 

Tamaşanın səhnələri barədə

Deyirlər ki, rejissorun dili mizan səhnədir. Belə görünür ki, hər şey heç də sadə və birmənalı deyil. Daha çox rejissorun dili hərəkətdir. Ya mizan səhnədə (fizika), ya maskada ​(psixika), ya da sözdə (verbal) dominantlıq edən hərəkət. Hərəkət hər zaman bir dəyişiklikdir. Rejissor bu dəyişikliyi elə təşkil etməlidir ki, onun "ismarıcı" izləyici tərəfindən başa düşülsün. Əbdülqəni Əliyev ideal nəticəyə nail olmağa cəhd edərək bu üç məqamı birləşdirməyə çalışır. Heç də bu, hər yerdə alınmır və buna görə də hadisələrin cərəyanında məişətdən şairanəliyə keçidin qovşaq yerləri görünür. Səhnələrin bədii metafora ilə doldurulması istifadə olunan hər bir elementin mənasını bilməyən izləyicinin qavramasını çətinləşdirir. Bu məqamlarda izləyici ilə rejissor arasında dialoq kəsilir. Bu dialoqa yenidən geri qayıtmaq üçünsə vaxt lazım gəlir.

 

"Teatr insanlar üçündür"

Corco Strellerin kitabı belə adlanır. Ancaq söhbət ondan getmir. Teatr haqqındadır. Bu gün onu necə görməyimiz və bu gün onu necə yaratmağımız haqqındadır. Bütünlüklə. Həm peşəkarlar, həm də tamaşaçılar haqqında. Teatr həyatımızın güzgüsüdür. O necədir? Bu gün onun mənası nədir? İnsan bu gün nəyin naminə yaşayır? "Yuğ" teatrı və Pantomima Teatrı bu sualları özlərinə və tamaşaçılarına yönəltməkdən yorulmur. Mənəvi axtarışlar, fəlsəfi və bədii ümumiləşdirmələr, izləyicilərə "əlverişsiz" və hətta xoşagəlməz suallar vermək qabiliyyəti - bu teatrları şəhərin digər teatrlarından yetərincə fərqləndirən məqamlardır. Əbdülqəni Əliyev üçün mənəvi axtarışlar teatrın konseptual mövqeyini əks etdirir.

 

Və sonda…

Hərəkət dili. Bu, başadüşüləndir və hər kəs üçün əlçatandır. "Kabuki" yapon teatrının çıxışları kimi, orada, məsələn, hərəkətlər rejissor dilinin bütün üç hissəsinə əsaslanır: fizika, psixika, söz. Ancaq yapon teatrı "Noh"da hər şey tərsinədir. XIV əsrdə samuraylar arasında çox dəbdə idi və yalnız seçilmişlərin qavrayışına əlçatar idi.

İndi "Noh" eyni olaraq qalır, çünki hərəkətlər hazırlıqsız tamaşaçıya aydın olmayan dərin və anlaşılmaz nüanslar ilə doludur. Əbdülqani Əliyev Şərq və Avropa teatrlarının təcrübəsinə əsaslanaraq öz quruluş üslubunu axtarır. Əsas məsələ tamaşaçı ilə bir qayıqda üzməyə imkan verəcək məhz həmin quş dilini tapmaqdır. Əslində, teatrlar məhz bunun üçün yaşayır...



MƏSLƏHƏT GÖR:

384