28 Mart 2024

Cümə axşamı, 17:15

BAKI QOVŞAĞI

Azərbaycanda İKT-nin inkişafının aparıcı trendi regional və dünya səviyyəsində inteqrasiya olacaq

Müəllif:

15.12.2017

Bundan sonra Azərbaycan İKT sahəsində əsas diqqətini yerli layihələrdən qlobal bazara yönəldəcək. Çətinliklərlə dolu daxili inkişaf yolunu ölkə geridə qoyub - kosmik biznesin qurulması və inkişafı, dördüncü nəsil mobil texnologiyaların tətbiqi, perspektivdə beşinci nəsilə də hazırlıq, genişzolaqlı infrastrukturun formalaşması, DATA-mərkəzin yaradılması və s. işər artıq başa çatıb. 

İKT-nin inkişafını özünün prioriteti elan edən Azərbaycan indi Rusiya, Türkiyə, İran və regionun digər dövlətləri ilə səylərini birləşdirərək "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) meqa-layihəsini gerçəkləşdirməyə, IT-startapların inkişaf etdirilməsinə, kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinə hazırdır. 

Yerli İKT sektorunun bütün bu əsas trendləri və perspektiv istiqamətləri hər il keçirilən «BakuTel-2017» beynəlxalq sərgisində təqdim olunub. 

 

"Gəmilərimiz Kainatın ənginliklərində dolaşdığı bir vaxtda"... 

Uzun illərdir ki, Bakıda keçirilən telekommunikasiya forumu nüfuzlu BMT və BTİ kimi strukturlar tərəfindən dəstəklənir. Bu yaxınlarda isə «BakuTel-2017» sərgisinə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) nişanı təqdim edilib. Bun işan sərginin yüksək standartlara uyğun təşkil edildiyini təsdiqləyir. 

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sərginin ənənəvi qonaqlarıdır. Bu dəfə də onlar şəxsən ən son texnoloji nailiyyətlərlə tanış olublar. Elə dövlət başçısının özü də tədbirdə çox əhəmiyyətli məlumatlar paylaşıb. "Hazırda Azərbaycan növbəti telekommunikasiya peykini orbitə çıxarmağa hazırlaşır", - deyə İlham Əliyev bildirib. 

"Azərkosmos" ASC-nin nümayəndələrinin sərgidə dediklərinə görə, «Azerspace-2 /Intelsat-38» ikinci peykin buraxılışı, təxminən, 2018-ci ilin aprel-may aylarına planlaşdırılır. ASC «Azerspace-2» peykinin istehsalı üçün «SpaceSystems/ Loral (SSL)» şirkəti ilə 191,36 milyon dollarlıq müqavilə bağlayıb. "Azərkosmos" ASC və «İntelsat» arasında bağlanmış müqaviləyə əsasən, «Azerspace-2» peykinin orbital mövqeyi 45 dərəcəlik Şərq uzunluq dairəsində yerləşəcək, Afrika, Avropa, Asiya və Yaxın Şərq regionunu əhatə edəcək. İkinci telekommunikasiya qurğusunun işə salınması "Azərkosmos"a bölgənin dövlətlərinin peyk tutumlarına artan tələbatını təmin etməyə imkan verəcək. 

Kommunikasiya resurslarının 20% -inin Azərbaycanın ehtiyacları üçün istifadə olunan birinci peykdən fərqli olaraq, «Azerspace-2»nin resursları, demək olar ki, tamamilə xarici bazarda istifadə olunacaq. Bu yanaşma layihənin yüksək rentabelliyini təmin etməlidir və ikinci kommunikasiya peykinə qoyulan sərmayələrin 5-6 il ərzində özünü doğrultması gözlənilir. 

Belə bir nikbinlik üçün ciddi səbəblər var. Azərbaycanın ilk peykinin fəaliyyətinin 4 ili ərzində "Azərkosmos"un gəlirləri $80 milyon təşkil edib. Bunun əsasında geniş beynəlxalq əməkdaşlıq dayanır, bu səbəblə «Azerspace-1» Malayziya, Rusiya, Almaniya, Ukrayna, Misir, Gürcüstan, BƏƏ, Türkiyə, Livan, Kamerun, Böyük Britaniya və dünyanın bir çox başqa dövlətlərinin teleşirkətlərinə, dövlət qurumlarına, telekommunikasiya şirkətlərinə xidmət göstərir. 

 

Superinternet üçün supermagistral 

Azərbaycanın təşəbbüskarı olduğu başqa bir irimiqyaslı layihənin - TASİM-in həyata keçirilməsində regional və beynəlxalq əməkdaşlıq prinsipi əsas götürülüb. Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən bu beynəlxalq meqalayihə «BakuTel-2017» çərçivəsində keçirilən konfransda və görüşlərdə vacib müzakirə mövzusuna çevrilib: xüsusilə, Bakıda TASİM layihəsi üzrə yüksək səviyyəli görüş təşkil edilib, həmçinin "Asiya-Sakit okean İnformasiya Magistralının və Trans-Avrasiya Super İnformasiya Magistralının istifadəsinin sürətləndirilməsi" mövzusunda seminar keçirilib. 

TASİM layihəsi Frankfurtdan Honq-Konqa qədər 20-dən çox Avropa və Asiya ölkəsinin yüksək sürətli informasiya şəbəkəsi ilə inteqrasiyasını nəzərdə tutur: bu layihə 9 il əvvəl Azərbaycanın təşəbbüsü ilə başlayıb. Layihənin inkişafında ən mühüm mərhələ 2013-cü ildə Bakıda TASİM layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması olub. Sənəd konsorsiumunun yaradılması üçün əsas olub, o cümlədən layihənin gələcək konturlarını cızıb, həmçinin iştirakçıların səlahiyyətini və rolunu, maliyyə xərclərini və hüquqi statusunu müəyyən edib. 

Bu təşəbbüsün həyata keçirilməsi üçün son bir neçə il ərzində Rusiyanın "Rostelekom", Qazaxıstanın "KazTransKom", Türkiyənin «TurkTelecom», Çinin «ChinaTelecom», eləcə də Azərbaycanın «AzInTelekom» şirkətləri cəlb olunub. Artıq başa çatmış ilk mərhələdə regionun aparıcı ölkələri və operatorlar Şərq və Qərbi birləşdirən əsas internet tranzit infrastrukturuna sərmayə yatırmağa hazır olan rabitə şirkətlərini cəlb etməklə məşğul olublar. BMT-nin mandatı əsasında həyata keçirilən ikinci mərhələdə isə yaradılmış infrastrukturdan istifadə etməklə beynəlxalq xablara (internet qovşaqlara) birbaşa çıxışı olmayan Avrasiya ölkələri üçün əlverişli qiymətlərlə internet bağlantısını təmin etmək nəzərdə tutulur. 

Artıq üçüncü ildir ki, davam edən qlobal enerji böhranı və onun yaratdığı maliyyə problemlərinin layihəni gecikdirməsinə baxmayraq, bu təşəbbüsə cəlb edimiş ölkələr infrastrukturun formalaşması proseslərini sürətləndirmək və TASİM potensialının kommersiya istismarına başlamaq niyyətindədirlər. 

"Transmilli Avrasiya Super İnformasiya Magistralı " layihəsinin həyata keçirilməsi yalnız layihənin iştirakçısı olan ölkələrdə deyil, bütün Avrasiyada internetin keyfiyyətinin yaxşılaşmasına və iqtisadi inkişafa xidmət edəcək. Almatıda bu ilin sentyabr ayında işçi qrupun növbəti iclası keçirilib. Biz il ərzində müxtəlif formatlarda görüşlər keçirdik və TASİM layihəsini müzakirə etdik. Mən şadam ki, üzv ölkələr arasında layihənin gerçəkləşdirilməsi üzrə ciddi fikir ayrılıqları yoxdur",- deyə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə «BakuTel-2017» çərçivəsində keçirilən TASİM layihəsi üzrə ikinci yüksək səviyyəli görüşdə söyləyib. 

 

«Facebook»a vergilər 

TASİM Xəzər regionunun informasiya mərkəzi kimi Azərbaycanın mövqeyini gücləndirəcək və xüsusilə, beynəlxalq IP-trafikin tranzitini təmin etmək və DATA-mərkəzlərində xidmət imkanlarını genişləndirmək məsələsində kömək edəcək. Bu istiqamət yetərincə perspektivli görünür və Azərbaycanın «Azertelecom» MMC şirkəti tərəfindən fəal inkişaf etdirilir. «Azertelecom» MMC-nin yaratdığı region üzrə ən iri DATA-mərkəzinin potensialı perspektivdə qonşu ölkələrə internet kontentin çatdırılması, saxlanması və ötürülməsi üzrə xidmət göstərməyə imkan yaradacaq.

Yeri gəlmişkən, «Azertelecom»un DATA-mərkəzində artıq «Google» və «Facebook» kimi qlobal şirkətlərin serverləri yerləşdirilir və bu proses davam edir. "Ölkəmizdə «Facebook»a artan tələbatı nəzərə alaraq, mən rabitə sahəsində qlobal şirkətlərin Azərbaycana gəlişinin doğru və çox faydalı başlanğıc olduğuna inanıram. Gələcəkdə «Facebook» və digər şirkətlərin Azərbaycandakı gəlirlərini vergi tutulmasına cəlb etməklə əldə edilən vəsaitlər hesabına Azərbaycanda rəqəmsal biznesin inkişafını stimullaşdırmaq, ölkəmizdə internetin inkişafı üçün yeni imkanlar açmaq mümkündür" - deyə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib. 

Yüksək texnologiyanın inkişafı sahəsində regional və qlobal inteqrasiya bir sıra digər istiqamətləri də əhatə edir. Belə ki, «BakuTel-2017» çərçivəsində yüksək texnologiyalı məhsulların birgə istehsalı və IT-startapların inkişafı sahəsində Azərbaycan, Rusiya, Türkiyə, Belarus və bir sıra Avropa ölkələrinin əməkdaşlığı üzrə müxtəlif təkliflər təqdim olunub. 

Azərbaycan üçün innovativ istehsal hələ nisbətən yeni bir istiqamətdir, lakin dövlət tərəfindən əhəmiyyətli diqqət göstərilir və son zamanlarda bəzi nəticələrin əldə edilməsi mümkün olub. Belə ki, sərginin pavilyonlarında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Tədqiqat Mərkəzinin alimlərinin layihəsi - karbon nanoborular əsasında hazırlanmış dəm qazı göstərici siqnalizatorları təqdim edilib. Mərkəz həm də karbon nanoborular əsasında obyektləri radiolokasiya sistemlərinin əksəriyyəti üçün görünməz edən anti-radar örtük təbəqələrinin ixtirası üzərində işləyir. 

Azərbaycan startapları tərəfindən digər ixtiralar da təqdim edilib: istənilən əlifba düzümü ilə asan işləməyə imkan verən, taktil klaviatura prototipi, həmçinin görmə qabiliyyəti aşağı olan uşaqlar üçün nəzərdə tutulan və Brayl əlifbasını sadə və asan öyrənməyə imkan verən «Brailleteach» interaktiv cihazları da nümaiş etdirilib. Bütün bu sadalanan ixtiralar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib və hazırda onların serial istehsalını təşkili prosesində beynəlxalq səviyyədə iştirak barədə danışıqlar aparılır. 

Azərbaycan kibertəhlükəsizliyin təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq sahəsində eyni səviyyədə yüksək fəallıq göstərir. Xüsusən, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycan və Rusiyanın kibertəhlükəsizliyinin beynəlxalq səviyyədə təmin olunmasına verdiklərin töhfəni yüksək qiymətləndirib. 

Bundan əlavə, ITU ekspertləri hesab edirlər ki, Azərbaycanın informasiya texnologiyaları sektorunun inkişaf səviyyəsi inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında layiqli yer tutur. Təəccüblü deyil ki, bizim ölkə dünyanın son 5-7 ildə İKT sahəsində yüksək nəticələr əldə etmiş, ən sürətlə inkişaf edən ilk on ölkəsinin sırasına daxil edilib.

İKT-nin inkişafı üzrə son reytinqində ITU-nun mütəxəssisləri qeyd ediblər ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə 176 ölkə arasında 65-ci yerdədir. Eyni zamanda bu sıralamada Azərbaycan Cənubi Qafqaz ölkələri arasında böyük fərqlə liderlik edir. Yeni layihələr və təşəbbüslər bu liderliyin uzun illər davam etdirilməsinə kömək edəcək.



MƏSLƏHƏT GÖR:

394