24 Aprel 2024

Çərşənbə, 23:59

SİÇAN TƏLƏSİNDƏ ERMƏNİ PENDİRİ

Yerli əhalisi belə qaçan ölkədə investorun nə işi var?

Müəllif:

15.12.2017

Ermənistan İsveçrə biznesi üçün cəlbedici ölkə ola bilər. Bunu Ermənistanın baş naziri Karen Karapetyan İsveçrənin İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Lukas Qasser ilə görüşündə bildirib. İlk baxışdan rəsmi şəxslərin bu cür «növbətçi» bəyanatlarında qəribə heç nə yoxdur. Ermənistan baş nazirinin sözlərinə isə əsas məqam «ola bilər» ifadəsidir. Hər halda, Ermənistan 2 onillikdən artıqdır ki, müstəqil olmasına rəğmən, bir sadə suala cavab tapa bilmir: bütün bu illər ərzində Ermənistan nədən ən azı erməni əsilli xarici investorlar üçün cəlbedici ölkəyə çevrilə bilməyib?!

İsveçrə səfiri, təbii ki, baş nazirə bu sualı verməyib. Sualı versəydi belə, çətin ki, cavab alardı. Amma əslində, bu sualın cavabı kifayət qədər sadə və üzdədir.

 

«İctimai maraqlar» xarici investisiyalara qarşı

Karapetyanın İsveçrə səfiri ilə görüşündən cəmi 2 gün əvvəl Ermənistan KİV-də hökumətin «Xarici investisiyalar haqqında» qanuna dəyişiklik etmək qərarına gəldiyinə dair xəbər peyda olub. Yeni layihənin mövcud qanundan fərqli cəhəti müəssisələrin, o cümlədən xarici investisiyalı müəssisələrin milliləşdirilməsinə daha geniş imkanlar açmasındadır. Müqayisə üçün qeyd edək ki, köhnə qanunda deyilirdi: «Ermənistan Respublikasında xarici investisiyalar milliləşdirilə bilməz. Səlahiyyətli orqanların xarici investisiyaları müsadirə etməsi qadağandır. Müstəsna hal kimi, müsadirə yalnız fövqəladə vəziyyətlərdə, Ermənistan Respublikası qanunvericiliyinə uyğun həyata keçirilə bilər - məhkəmə qərarı və tam həcmdə kompensasiya ilə».

Lakin Ermənistanda «Xarici investisiyalar haqqında» qanunun qəbul edilməsindən keçən 23 ildə investorlar, xüsusilə də erməni diasporunun üzvləri dəfələrlə nəinki biznesini itirib, onların mülkiyyəti də əllərindən çıxıb. Halbuki bu illərdə ölkədə heç bir fövqəladə vəziyyət elan olunmayıb, onların biznesi və mülkiyyəti əllərindən heç bir istintaq və məhkəmə olmadan alınıb. Bu zaman qanunvericilikdə xarici investorlarla bağlı «immunitet»in yer aldığını heç kəs yadına belə, salmayıb.

Yeni qanun layihəsində isə bu «immunitet», ümumiyyətlə, ləğv edilir. İndiki layihəyə əsasən, «müvafiq qanunlara əsasən, ayrı-seçkiliyə deyil, ictimai maraqlara əsaslanan milliləşdirmə mümkündür». Yəni indi bunun üçün nə fövqəladə vəziyyətə, nə məhkəmə hökmünə ehtiyac var - investorların taleyini «ictimai maraqlar» həll edir.

Qərbpərəst erməni KİV-i bu qanun layihəsini aşkar sevinclə şərh edir, bunun gələcəkdə Rusiya investisiyalarının milliləşdirilməsinə imkan verəcəyini vurğulayır. Rusiyanın Ermənistana təzyiq rıçaqlarını nəzərə alsaq, bu, əlbəttə ki, istehza doğurur. Amma əsas məsələ bu deyil: belə qanunun qəbulundan sonra Ermənistanın investisiyalar üçün cəlbediciliyindən necə danışmaq olar? Bu ölkənin investisiyalar üçün cəlbediciliyi mövzusunu bağlamaq üçün baş nazir Karapetyanın təşəbbüsü ilə bu ilin martında yaradılmış «Ermənistanın investorlar klubu»nun real iş qabiliyyətini qiymətləndirmək kifayətdir. Kluba 30-dək zəngin erməni əsilli rus qoşulub. Lakin o, bu günədək hər hansı real investisiya proqramları ilə yadda qalmayıb. Sadəcə, «Taşir» qrupunun təsisçisi olan Samvel Karapetyan 10 il ərzində ölkənin enerji sektoruna 1 milyard dollar investisiya yatırmaq niyyətini dilə gətirib.

Yeri gəlmişkən, hələ ABŞ-ın Ermənistandakı sabiq səfiri Con Heffern zamanında bu ölkənin Amerika biznesi üçün cəlbedici olmadığına eyham vurur, Ermənistan-ABŞ birgə investisiyası nümunəsinin olmadığını deyirdi.

«Ermənistanda iqtisadi durum hələ də ağırdır. Mən bunun guya belə olmadığını deyə bilmirəm. Ermənistan iqtisadi islahatları davam etdirərsə, daha az insan ölkəni tərk edər, burada qalıb işləyərlər», - deyə ABŞ-ın İrəvandakı hazırkı səfiri Riçard Millz də sanki sələfinin fikrini təkrarlayıb. «Birinci» informasiya saytı diplomatın fikirlərini belə şərh edib: «Faktiki olaraq, ABŞ səfiri eyni vaxtda 2 mənfi etiraf edir - Ermənistanda iqtisadi vəziyyət ağırdır və islahatlar nəticə vermir, nəticədə, insanlar ölkəni tərk edir».

 

Perspektivlər də yaxşı heç nə vəd etmir

2018-ci il üçün dövlət büdcəsi layihəsi Ermənistan iqtisadiyyatının real vəziyyətini çılpaqlığı ilə əks etdirir - büdcə kəsiri dövlət borcu ilə paralel artır və gələn il o, ÜDM-in 60%-i səviyyəsinə çatacaq.

Müxalifət (məsələn, parlamentin deputatları Nairi Zoqrabyan və Mane Tandilyan) müzakirə mərhələsində olan büdcə layihəsini «antisosial» kimi qiymətləndirir. Səhiyyəni və təhsil ocaqlarının maliyyələşdirilməsində ixtisarları nəzərdə tutan layihədə minimal əməkhaqqı, pensiya və müavinətlərin artımı nəzərdə tutulmur. Mütəxəssislər deyir ki, inflyasiya nəzərə alınarsa, bu, qəbuledilməzdir. Ermənistan parlamentinin deputatları hesab edir ki, 2018-ci ilin dövlət büdcəsi ölkədə yoxsulluğun daha da artmasına yol açacaq. Hazırda ölkə əhalisinin, təxminən, 30%-i onsuz da yoxsulluq həddində yaşayır. 2007-ci ildə bu göstərici cəmi 12% idi.

Əvəzində, büdcə layihəsində hərbi xərclər xeyli artırılıb - 2016-cı illə müqayisədə 17%-dən artıq. Ermənistan hökuməti müdafiə sahəsinə xərclərin artırılmasını sadə, ənənəvi dillə, xalqın vətənpərvərlik hisslərilə oynamaqla, Azərbaycanla müharibənin bərpası təhlükəsinin qalması ilə izah edir. Lakin söhbət heç də yalnız ordu üçün xərclərin artırılmasından getmir. Sarqsyanın ölkəyə rəhbərlik etdiyi dönəmdə digər güc strukturları ilə bağlı xərclər də xeyli artırılıb. Məsələn, xüsusi xidmət orqanlarının ehtiyacının ödənilməsinə xərclər 60%, DİN üçün isə düz 94% artırılıb. Erməni analitiklərin dediyinə görə, ölkə rəhbərliyinin əsas hədəfi ordunun gücləndirilməsi yox, hakimiyyətin qorunub saxlanması üçün dayaqlarının gücləndirilməsidir. Erməni ordusunun 2016-cı ilin aprel döyüşləri zamanı öz xalqı qarşısında biabır olması da Ermənistanda əsas hədəfin silahlı qüvvələrin deyil, Sarqsyan hakimiyyətinin gücləndirilməsi olduğunu təsdiqləyir.

Beləliklə, iqtisadi durğunluq fonunda Ermənistan hərbiləşdirilmiş və polis dövlətinə bənzəyir. Bu fakt nüfuzlu beynəlxalq hesabatlarda da əksini tapır. Artıq 6 ildir ki, ölkə «Qlobal hərbiləşdirilmə indeksi» məruzəsində 3-cü yeri tutur. «Joxovurd» yazır ki, Ermənistanın iqtisadi baxımdan geridə qalmasının əsas səbəblərindən biri də məhz budur. Qəzetin digər sənəd - «Ermənistanın milli rəqabət qabiliyyəti haqda məruzə-2017»dən gətirdiyi sitatda bildirilir ki, hərbiləşdirmə ölkənin iqtisadi resurslarını tükəndirir.

Əksər analitiklər əmindir ki, Ermənistanın ötən il qəbul etdiyi «Xalq-ordu» proqramının reallaşdırılmasından sonra ölkə hərbiləşmənin adambaşına düşən nisbətinə görə, hətta İsraillə bəhsə girmək həddinə çatacaq.

Güman ki, İrəvan xalqın etirazına baxmayaraq, «Müdafiə haqqında», «Hərbi xidmət və hərbçilərin statusu haqqında» yeni qanunları məhz bu proqramın icrası məqsədilə qəbul edib. Qeyd edək ki, bu qanunların qəbulu prosesi İrəvan Dövlət Universitetinin tələbələrinin etirazı ilə müşayiət olunub. Onlar təhsil dövründə hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan dəyişikliklərin qəbuluna etiraz etmək üçün küçələrə çıxmışdılar.

 

Ordudan qaçıblar, ölkədən də qaçacaqlar

Ermənistanın müdafiə naziri Vigen Sarqsyan bildirib ki, çağırışçılar təhsil adı ilə hərbi xidmətdən yayına bilməz. «Mövcud təcrübəyə əsasən, ilk akademik möhlət alan şəxslərin yalnız 16%-i sonradan hərbi xidmətə çağırılır. Yəni akademik möhlət hərbi xidmətə, ümumiyyətlə, yollanmamaq üçün qapı açır», - deyə nazir bildirib və bununla da, faktiki olaraq, erməni gəncliyinin kütləvi şəkildə ordudan yayındığını etiraf edib.

Bununla yanaşı, nazirin özü də daim hərbi xidmətdən yayınmaqda günahlandırılır. Ona nə zaman və harada hərbi xidmət keçdiyinə dair suallar verilir. Nazir isə əslində hərbi xidmətdə olduğunu, lakin sonradan hərbi komissarlıqdan sənədlərinin müəmmalı şəkildə itdiyini söyləyir.

Etirazçı tələbələr hesab edir ki, sözügedən sənədin qəbulu Ermənistanın elmi potensialına zərbədir. Hökumət isə öz növbəsində, etirazların genişlənməsini əngəlləmək üçün «Elmin inkişafı naminə» tələbə təşkilatının nümayəndələrini qəbul etmək qərarına gəlib. Amma danışıqlar nəticəsiz bitib və tələbələr aksiyaları davam etdirməyə qərar verib. Doğrudur, bunun da nəticəsi olmayıb və qanun qəbul edilib.

Əməli olaraq bu qanun yaxın gələcəkdə Sarqsyan rejiminə şəxsi heyəti artırmaq imkanı verə bilər. Strateji baxımdan isə bunun Ermənistan üçün daha ciddi demoqrafik problemə çevriləcəyi istisna deyil. Ermənistanda, demək olar ki, hər bir ailədə başqa ölkədə yaşayan qohumların olduğu sirr deyil. Ermənistan ordusundakı hazırkı durumu və Azərbaycanla bitmək bilməyən müharibəni nəzərə alan əksər erməni ailəsi, təbii ki, övladlarının orduya getməsini istəmir. İndiyədək ali məktəbə qəbul hərbi xidmətdən möhlət hüququ, 84% isə ümumiyyətlə, hərbi xidmətdən yayınmaq imkanı verirdisə, bundan sonra erməni gənclərinin belə şansı olmayacaq. Odur ki, onlar üçün hərbi xidmətin dəhşətlərindən, bəlkə də, Azərbaycanın işğal olunmuş ərazilərində ölməkdən yeganə qaçış yolu Ermənistandan qaçmaqdır. Başqa sözlə, yeni qəbul olunmuş qanun ermənilərin ənənəvi problemini - insanların ölkədən getməsini - daha da artıracaq.

Sosioloq alimlər də bunu proqnozlaşdırır. Məsələn, Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu «Ermənistanda miqrasiya və depopulyasiya» adlı monoqrafiya nəşr edib. Onun müəlliflərindən olan akademik Gevork Poqosyan üçün miqrasiya problemi ölkənin milli təhlükəsizliyi kontekstində aktualdır. Akademikin sözlərinə görə, son 25 ildə ölkə əhalisinin üçdə biri Ermənistanı tərk edib. Üstəlik, «əhalinin Ermənistanı tərk etməsi son dərəcə davamlı prosesdir».

Bir ölkədə ki, qanunvericilik investorların əlindən mülkiyyətinin və biznesinin asanlıqla qoparılması üçün dəyişdirilir, ordu, polis və xüsusi xidmət orqanlarına xərclərin artırılması üçün təhsil və tibb sahələrinə ayrılan maliyyə azaldılır, fərari müdafiə naziri gənc çağırışçıları səngərlərə dolmağa, işğal olunmuş yad torpaqlarda ölməyə məcbur edir, oranın sakinləri nə etməlidir? Polis dəyənəyi, əsgər çəkməsi ilə əzilməmək üçün ölkədən qaçmaq qalır…



MƏSLƏHƏT GÖR:

396