18 Aprel 2024

Cümə axşamı, 23:44

FİNİŞ XƏTTİNDƏ

Xəzəryanı ölkələr dənizin statusu ilə bağlı razılaşmanın imzalanmasına çox yaxındırlar

Müəllif:

15.12.2017

Moskvada Xəzəryanı dövlətlər - Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İranın xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşün yekununda Xəzər dənzinin hüquqi statusu haqda Bəyannamə üzərində, təxminən, 20 ildir aparılan danışıqların başa çatdığı elan edilib.

Sənədin mətninin uğurla razılaşdırılması bütün maraqlı tərəflərin ardıcıl və konstruktiv fəaliyyətinin nəticəsidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, «biz bu sənədin hazırlanması ilə əlaqədar açıq qalan bütün əsas məqamlarla bağlı ortaq məxrəcə gəldik. Sənəd faktiki olaraq, hazırdır. Yaxın zamanlarda onun üzərində redaktor işi aparılacaq, mətn milli dillərə tərcümə olunacaq, ölkələrimizin hər birinin onu ən yüksək səviyyədə imzalaması üçün dövlətlərdaxili hazırlıq işləri görüləcək». Bəyannamənin 2018-ci ilin birinci yarısında Qazaxıstanda keçiriləcək 5-ci Xəzər Sammitində imzalanması planlaşdırılır.

Regionda möhkəm inam, etibar tədbirləri sisteminin formalaşması üçün baza isə xüsusi razılaşma olmalıdır və Lavrovun dediyinə görə, onun layihəsi «inkişaf mərhələsi»ndədir. Bu, Xəzər dənizində insidentlərin qarşısının alınması sənədidir. Onun da Qazaxıstanda keçiriəcək sammitdə ortaya qoyulması planlaşdırılır. Daha bir vacib sənəd Tehranda imzalanmış «Xəzər dənizinin su mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası»dır. Lavrov bu sənəd haqda da danışıb: “Biz ölkələrimizin dəniz mühitinin qorunması ilə bağlı Tehran konvensiyası çərçivəsində ətraf mühitə təsirə dair sənədi qəbul etməyə hazır olduğunu qeyd etdik”.

Dənizdən nərəkimilərin tutulması ilə bağlı moratoriumun beştərəfli şəkildə uzadıldığı da bəyan olunub. Eyni zamanda 5 sahilyanı dövlət arasında xilasetmə xidmətlərinin koordinasiyası da təkmilləşdirilir.

XİN başçılarının Moskva görüşünün iştirakçıları «yeni, perspektivli birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın durmadan davam etdirilməsi» haqda razılığa gəliblər. Onlar sahilyanı dövlətlərin hüquq mühafizə orqanları arasında brakonyerlik, terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq haqqında protokolun hazırlanmasını da razılaşdırıb. «Xəzər beşliyi»nin müdafiə qurumları arasında əməkdaşlıq haqda da danışılıb. Bu il, demək olar ki, bütün sahilyanı dövlətlər HDQ gəmilərinin qarşılıqlı dost səfərlərini təşkil edib, gələcəkdə isə dənizdə birgə təlimlərin keçirilməsi planlaşdırılır.

Bütün bunlarla yanaşı, məlumatsız insanlarda əldə edilmiş razılaşmaların o qədər də ciddi məsələ olmadığına dair yanlış təsəvvürün yaranmaması üçün problemin tarixinə kiçik ekskursiya etməyə dəyər.

Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələ Sovet İttifaqının dağılması və yeni müsəqil dövlətlərin yaranmasından sonra aktuallaşıb. O vaxtdan dənizin hövzəsinin bölünməsilə bağlı müxtəlif yanaşmalar ortaya çıxıb. Xəzərin ölçüsü, dünya okeanına çıxışının olmaması 200 millik iqtisadi zonalar təcrübəsindən istifadəyə imkan vermirdi. Nəticədə, nəinki beynəlxalq təcrübəni Xəzərin reallıqlarına uyğunlaşdırmaq, həm də özəl yollar axtarmaq lazım gəlmişdi. Ən çətin məqamlardan biri dəniz şelfində iqtisadi maraqların sərhədlərinin müəyyənləşdirilməsi idi. Dünya təcrübəsində istifadə olunan yanaşmalardan biri milli sektorların sahillər arasında orta xətt prinsipilə bölünməsidir. Lakin bu halda ən kiçik sektor (13-14%) İrana düşəcəkdi ki, bu üzdən də Tehran bu təcrübənin tətbiqinə qəti etiraz edirdi. Üstəlik, həmin sektor dərin sulu və neft-qaz ehtiyatları baxımından zəngin olmayan hissə idi. Nəticədə, Tehran dənizin bərabər şəkildə 20%-lik sektorlara bölünməsini təklif edirdi. Buna isə sahil xəttinin uzunluğu ilə uyğunluq təşkil etmədiyindən digər sahilyanı ölkələr etiraz edirdilər.

Beləliklə, aparılan danışıqlar çox ağır keçirdi. Nəticədə, 1996-cı ildə prosesin sürətləndirilməsi üçün XİN başçılarının müavinləri səviyyəsində xüsusi işçi qrup da yaradıldı. Xəzərin statusuna dair konvensiyanın hazırlanması məqsədilə qrup 49 toplantı keçirib. Bununla yanaşı, XİN başçıları səviyyəsində 7, prezidentlərin iştirakı ilə ən yüksək səviyyədə isə 4 toplantı olub.

Paralel olaraq, mövqelərin yaxınlaşdırılması məqsədilə ikitərəfli danışıqlar da aparılıb. Nəticədə, Rusiya, Qazaxıstan və Azərbaycan məsələ ilə bağlı üçtərəfli razılaşma əldə edib. Razılaşma dənizin «orta xətt» prinsipilə bölünməsini nəzərdə tuturdu. 1998-ci il iyulun 6-da isə Rusiya ilə Qazaxıstan «Dənizdəki yeraltı sərvətlərdən istifadə ilə bağlı suveren hüquqların həyata keçirilməsi məqsədilə Xəzərin şimal hissəsinin dibinin bölüşdürülməsi haqqında» razılaşma imzalayıblar. Bu razılaşmaya uyğun olaraq, «Xəzər dənizinin şimal hissəsinin dibi və yeraltı sərvətləri su səthindən birgə istifadənin davam etdirilməsilə… tərəflər arasında orta xətt prinsipilə bölünüb. Bu, ədalət prinsipi və tərəflərin əldə etdikləri razılaşmalara uyğun həyata keçirilib». Razılığa görə, modifikasiya olunmuş xətt «razılaşdırılmış baza xəttlərindən bərabər məsafə əsasında»… adalar, geologi strukturlar və s. nəzərə alınmaqla müəyyən edilir.

Rusiya ilə Azərbaycan arasında isə 2001-ci il yanvarın 9-da Bakı Bəyannaməsi imzalanıb, həmçinin Xəzər dənizində əməkdaşlığın prinsiplərinə dair birgə bəyanat qəbul olunub. Bu sənədlərdə bildirilir ki, Xəzərin dibi sahilyanı dövlətlər arasında yerin təkinin istifadəsi zonalarına bölünür, dənizin suyu və səthi isə ümumi istifadədə qalır. Dövlətlər «dənizin dibinin orta xətt prinsipi əsasında zona və ya sektorlara bölünməli olduğuna» dair də razılığa gəliblər. Bununla yanaşı, dövətlərin hər biri özünə aid sektorda mineral resurslar və istənilən digər iqtisadi-təsərrüfat fəaliyyətilə bağlı müstəsna hüququndan istifadə edə bilər.

Daha bir vacib məqam Xəzərin dibinin bölünməsilə bağlı Azərbaycanla Qazaxıstan arasında imzalanmış ikitərəfli razılaşma olub. Tərəflər razılaşıblar ki, dənizin dibi orta xətt prinsipi üzrə çıxış nöqtələrindən bərabər məsafə əsasında bölünməlidir. Onlar mübahisəli yataqlarla bağlı məsələlərə ayrılıqda baxmaq haqda razılığa da gəlmişdilər.

Beləliklə, tərəflər əldə edilmiş razılaşmaları problemin ayrı-ayrı aspektləri üzrə həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlətməklə, addım-addım irəliləyirdi. Baza prinsipi isə Xəzər dənizində fəaliyyətlə bağlı əsas məsələlərin yalnız sahilyanı dövlətlər tərəfindən həll olunacağına dair razılaşma olub. Bu, dövlət başçılarının 2007-ci il oktyabrın 16-da Tehranda keçirilmiş 2-ci sammit zamanı imzaladıqları və siyasi öhdəlikləri nəzərdə tutan bəyannamə ilə daha da möhkəmlənib. Sözügedən prinsip 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş 3-cü Xəzər Sammitində prezidentlərin birgə bəyanatı ilə də təsdiqlənib.

Xəzəryanı dövlət başçılarının 2014-cü ildə Həştərxanda keçirilmiş 4-cü sammitində isə tərəflər ciddi irəliləyişlərə nail olub. Prezientlər hər bir sahilyanı ölkənin dəniz sahilindən 15 mil məsafədə (bu zaman «milli suveren ərazilər» ifadəsindən istifadə edilib) müstəsna hüquqlara malik olduğu, üstəlik, onların daha 10 mil məsafədə hasilat işləri aparmaq hüququnun olduğuna dar ilkin razılaşma əldə ediblər. Tərəflər Xəzər dənizi sularının bioresurslarının qorunması və rasional istifadəsi haqda da razılığa gəlib. Bu, regionda mədən tənzimlənməsi üçün beynəlxalq hüquqi bazanın yaranması deməkdir.

Həştərxan sammitində əldə olunmuş daha bir vacib razılaşmada deyilir ki, Xəzər dənizində «beşliyə» daxil olmayan dövlətlərin güc strukturlarının yerləşdirilməsi istisnadır. Dövlətlərin Xəzərdə fəaliyyətinin əsas prinsipləri birgə siyasi bəyanatda da əksini tapıb.

Nəhayət, Moskvada XİN başçılarının razılaşdırdıqları Xəzər dənizinin statusu haqqında Bəyannamə çərçivə xarakteri daşıyır. Orada Xəzəryanı dövlətlər arasında əməkdaşlıq prinsipləri, həmçinin bütün sahilyanı dövlətlərə eyni münasibətə əsaslanan hüquqi haqları əksini tapıb. Növbəti mərhələdə bu bəyannamə texniki məsələlər də daxil olmaqla, dövlətlərdaxili prosedurlardan keçəcək. Bununla da, onun gələn il Qazaxıstanda keçirilməsi nəzərdə tutulan sammitdə təqdim ediləcəyi və dövlət başçıları tərəfindən imzalanacağı gözlənilir.

Sənədin detalları hələ ki, açıqlanmır. Yalnız o məlumdur ki, bölünmə sektorlar prinsipilə aparılacaq. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun mətbuata verdiyi məlumata görə, «su zonasının sərhədləri müəyyənləşdirilib: səthdə 15 mil, balıqçılıq üçün 10 mil. Qalan hissə gəmiçilik və digər məqsədlər üçün birgə istifadə olunacaq». X.Xələfovun sözlərinə görə, dənizin dibi yanaşı və qarşı-qarşıya olan dövlətlər arasında sektor prinsipilə tam bölünəcək. «Mübahisəli yataqlarla bağlı danışıqlar isə hələ nəticə vermir. Odur ki, bu haqda danışmırıq. Əsas məsələ İran və Türkmənistanla delimitasiyadır. Yataqların işlənməsi və istismarı məsələsi gələcəkdə beynəlxalq hüquqa əsasən, Türkmənistan və İranla ikitərəfli danışıqlar yolu ilə həll ediləcək», - deyə o, bildirib.

Nazir müavininin sözlərinə görə, bəyannamə layihəsində tərəflərin Xəzərdə hərbi və ticarət gəmilərindən istifadə, həmçinin Dünya okeanı və digər dənizlərə çıxış və geri dönmə hüququ da əksini tapıb.

X.Xələfov bildirib ki, bəyannamə müddətsiz sənəd olacaq. Dənizin dibi ilə boru xətlərinin çəkilişinə gəlincə, bu məsələ boru xəttinin keçəcəyi sektorlara aid dövlələr arasında razılaşdırılacaq.

Beləliklə, «Xəzər beşliyi» nazirlərinin Moskva görüşü və orada bəyannamənin mətnilə bağlı prinsipial razılaşmaların əldə edilməsi son dərəcə vacib hadisədir. Bu, illərdir davam edən diplomatik səylərin uğurlu yekunudur. Onun gələn il Astanada keçiriləcək sammitdə imzalanması fikir ayrılıqlarının azalmasına, Xəzərdə əməkdaşlığın genişləndirilməsinə imkan verəcək.

Bəyannamənin mətninin hələ açıqlanmaması göstərir ki, hələ də bəzi razılaşdırılmalı məqamlar qalmaqdadır. Lakin prosesi məntiqi sonluğuna çatdırmaq və irəliləmək vacibdir. Bu məsələ ilə bağlı keçmiş təcrübə göstərir ki, xoş məramın, qarşılıqlı maraqların olduğu təqdirdə, Xəzər dənizinin sülh və əməkdaşlıq dənizinə çevrilməsi üçün bütün şərait var. 

 

 

BİZİM ARAYIŞ:

Xəzər dənizi qapalı su hövzələri arasında ən böyüyüdür. Onun uzunluğu 1160, eni 330 kilometrdir. Dənizin sahəsi 42914 kvadrat kilometrdən artıqdır. Sahilinin perimetrii 6400 kilometrdən artıq olan dənizin sahilində 5 dövlət yerləşir: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran.

Xəzər balığı ilə zəngindir. O, nadir nərəkimilərilə və qara kürüsü ilə tanınır. Amma dənizin əsas sərvəti neftlə qazdır. Onun sübut olunmuş karbohidrogen resursları 18-20 milyard tonu aşır.



MƏSLƏHƏT GÖR:

434