25 Aprel 2024

Cümə axşamı, 20:10

NİFAQ, YOXSA HƏMRƏYLİK ŞƏHƏRİ?

Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı dünya üçün gözlənilməz fəsadlara yol aça bilər

Müəllif:

15.12.2017

Yaxın Şərqdə yeni müharibə əlamətləri görünür. Onu ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail dövlətinin paytaxtı kimi tanımaq qərarı yaradıb.

 

«Doğru qərar», yoxsa «məqsədəuyğun olmayan addım»?

Qüdsün statusu Fələstin-İsrail qarşıdurmasının əsas problemlərindən biridir. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü rəsmi olaraq öz paytaxtı sayır. BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrində bildirilir ki, 3 səmavi dinin şəhəri olan Qüdsün statusu ilə bağlı məsələ münaqişə tərəfləri, yəni israillilərlə fələstinlilər arasında birbaşa danışıqlar yolu ilə həll olunmalıdır.

1967-ci il müharibəsi zamanı İsrail Şərqi Qüdsü öz nəzarətinə götürüb. 13 il sonra - 1980-ci ildə Knesset tərəfindən qəbul olunmuş qanun layihəsilə Qüds birtərəfli qaydada ölkənin vahid və ayrılmaz paytaxtı elan olunub. Lakin BMT TŞ bu qərarı tanımayıb: qurumun qəbul etdiyi 478 saylı qətnamədə İsrailin Şərqi Qüdsü işğal etməsi beynəlxalq hüquq norma və prinsiplərinin pozulması kimi qiymətləndirilir.

Beləliklə, dünya birliyi hesab edir ki, Şərqi Qüds fələstinlilərə, Qərbi Qüds isə israillilərə məxsus olmalıdır. Yaxud, ən azı bu qədim şəhərdəki status-kvonun mövcud beynəlxalq hüquq normaları əsasında dəyişməsi yalnız münaqişə tərəflərinin qarşılıqlı razılığı əsasında baş verə bilər. Məhz bu üzdən dünyanın heç bir dövləti bu günədək İsrailin Qüdslə bağlı birtərəfli qərarını tanımamışdı və bu ölkə ilə diplomatik münasibətləri olan dövlətlərin səfirlikləri Təl-Əvivdə yerləşir.

Nəhayət, bu qlobal unisonu Birləşmiş Ştatlar pozub. Hələ 1995-ci ildə ABŞ Konqresi İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsilə bağlı qanun qəbul etmişdi. Lakin indiyədək Ağ Evin heç bir sahibi şəhərin İsrailin paytaxtı kimi tanınmasına cəsarət etməmişdi. Vaşinqtonun İsraili dəstəklədiyinə şübhə heç vaxt olmasa da, bu addım yalnız Donald Trampın hakimiyyətə gəlişilə atılıb. Tramp Qüdsün İsrailə məxsus olduğunu tanımaqla, faktiki, «partlayış» yaradıb. O, bunun ardınca ölkəsinin diplomatik nümayəndəliyinin Qüdsə köçürülməsi haqda da qərar qəbul edib. ABŞ prezidenti hesab edir ki, onun Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarı doğru qərardır, çünki ABŞ dövlət katibinin birinci müavini Rac Şaxın dediyi kimi, «Yaxın Şərqdə dürüst vasitəçi olmaq istəyirsənsə, səmimi olmaq, reallığı qəbul etmək lazımdır».

Amma Vaşinqtonun «dürüst vasitəçi» mövqeyi dünya birliyinin böyük hissəsi, ilk növbədə, «İsrailin işğalı nəticəsində yaranmış reallığı qəbul etmək istəməyən» ərəb dünyası tərəfindən sərt tənqid olunub. Fələstinlilər isə Trampın qərarını onların rəhbərliyinə və xalqa müharibə elan olunması kimi qiymətləndirib. Fələstin Muxtariyyəti Administrasiyası bəyan edib ki, bundan sonra Vaşinqtonla heç bir danışıqlar aparılmayacaq və danışıqların bərpası yalnız Trampın qərarının ləğvindən sonra mümkündür. Bunun təsdiqi kimi, Fələstin lideri Mahmud Abbas Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens ilə onun regiona səfəri çərçivəsində baş tutmalı olan görüşdən imtina edib. Bundan başqa, Abbas bildirib ki, ABŞ bundan sonra Fələstin-İsrail münaqişəsinin həllində vasitəçilik edə bilməz.

Ərəb dünyası, ümumilikdə, Amerikanın birtərəfli qərarını qəbul etmir. Hətta Misirin Kopt kilsəsi belə, Maykl Pensi qəbul etməkdən boyun qaçırıb. Kilsə bəyan edib ki, ABŞ ərəb xalqını təmsil edən milyonlarla insanın fikrini nəzərə almır.

Amerikanın ərəb dünyasındakı ən yaxın müttəfiqi - Səudiyyə Ərəbistanı da Trampın qərarını pisləyib, bunu «məsuliyyətsiz və əsassız addım» kimi qiymətləndirib. Səudiyyə Ərəbistanında hesab edirlər ki, Ağ Ev sahibinin bu qərarı «narazılıq, hiddət və nifrət dalğası»na səbəb olacaq.

Livanın baş naziri Cebran Basil isə daha konkret çıxış edib. O, Ərəb Dövlətləri Liqasını (ƏDL) «nifrət»dən Amerikanın qərarına praktiki müqavimətə keçməyə çağırıb. Baş nazirin fikrincə, Vaşinqton qərarını dəyişməzsə, ona qarşı sanksiyalar tətbiq edilməlidir. Bunun ardınca ƏDL Qahirədə xarici işlər nazirləri səviyyəsində təcili toplantı keçirib. Qurumun baş katibi Əhməd Əbu al-Qeyt bütün ərəb ölkələrinin Donald Trampın qərarını pislədiklərini bəyan edib. Onun sözlərinə görə, bu qərar «heç bir məntiqə sığmır və ona heç nə ilə haqq qazandırmaq mümkün deyil».

ƏDL beynəlxalq birliyi 1967-ci il iyunun 4-dək mövcud olmuş sərhədlər çərçivəsində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini tanımağa çağırıb.

Amerikanın bu qərarını kəskin pisləyənlər arasında Türkiyə də var. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ «BMT-nin Qüdslə bağlı 1980-ci ildə qəbul etdiyi və indiyədək heç kəs tərəfindən pozulmamış qərarını ayaqlar altına atıb». «Trampın bu qərarla nə demək istədiyini anlamaq mümkün deyil. Hazırda o, bütünlükdə regionu qarışdıran mikser rolu oynayır. Qüds istər müsəlmanlar, istər xristianlar, istərsə də yəhudilər üçün müqəddəs yerdir. Xüsusilə bu regionla bağlı belə qərar barıt çəlləyinə od vurmaq deməkdir. Liderlər münaqişələri qızışdırmamalı, əksinə, sülh yaratmalıdır», - deyə o, bildirib.

Elə Türkiyə İslam Əməkdaşlığı Təşkilatının Qüdslə bağlı 4-cü sammitinə ev sahibliyi edib. Ərdoğanın dəvətilə toplantıya Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Bundan əvvəl isə iki dövlət başçısı arasında telefon danışığı olub və onlar ABŞ-ın sözügedən qərarının «son dərəcə yanlış qərar» olduğuna dair yekdil fikrə gəliblər. Prezidentlər bildiriblər ki, bu qərar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara yol aça bilər.

Ən maraqlısı isə Vaşinqtonun mövqeyini ən yaxın müttəfiqləri olan Böyük Britaniyanın, Fransanın, Almaniya və İtaliyanın da tənqid etməsidir. Avropa İttifaqı da ABŞ-ı səfirliyi Təl-Əvivdən Qüdsə köçürməkdənsə, «ağıllı sülh prosesi» aparmağa çağırıb.

Nəhayət, Trampın qərarı BMT TŞ tərəfindən də qəbul edilməyib. Quruma üzv 14 dövlətin keçirdiyi təcili toplantıda ABŞ-ın Qüdslə bağlı qərarının bu təşkilatın qətnamələrinə uyğun olmadığı bəyan edilib. Birləşmiş Ştatların qurumdakı daimi nümayəndəsi Nikki Xeylinin ölkəsinin Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli prosesinə sadiqliyi haqda bəyanatı heç bir effekt verməyib. Məsələn, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, Vaşinqtonun birtərəfli addımı Fələstin-İsrail münasibətlərinə və ümumilikdə, regiona əlavə problemlər yaradacaq. Onun fikrincə, bu qərar iki dövlət (yəhudi və fələstinli) yaradılması məqsədilə aparılan danışıqları «pozacaq və ya onun üzərindən birdəfəlik xətt çəkəcək».

Bütün bu hadisələrdə ən maraqlısı ABŞ prezidenti Donald Trampın bu addımı hansı səbəbdən atmasıdır. Görəsən, onu bu qədər birmənalı olmayan, riskli qərar qəbul etməyə hansı motivlər vadar edib? Bununla bağlı, bir neçə versiya irəli sürülür. Onların arasında ilk yerdə Trampın daxili narazılıqlardan qurtulmaq istəyi gəlir. Guya yürütdüyü siyasətlə ölkə daxilində xüsusilə müxtəlif nüfuzlu dairələr tərəfindən qəbul olunmayan Tramp belə aşkar yəhudipərəst addım atmaqla, onların könlünü almağa, bununla da, üzərindəki təzyiqləri bir qədər azaltmağa çalışıb. Axı, məlumdur ki, Trampa qarşı qızğın kampaniyanı ABŞ-ın əsasən yəhudi lobbisinin təsiri altında olan KİV-i aparır. Bundan başqa, Respublikaçılar Partiyasının bir sıra nüfuzlu nümayəndəsi də Trampın əleyhinə çıxış edir. Amerika administrasiyasının başçısı da bu dairələri mümkün qədər rəhmə gətirmək üçün Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarına gəlib. Bundan sonra ABŞ-ın yəhudipərəst mətbuatının antitramp kampaniyasını tam dayandırmasa da, xeyli zəiflədəcəyini gözləmək olar. Respublikaçılara gəlincə, Trampın senator Lindsi Qrem və Nümayəndələr Palatasının spikeri Pol Rayan kimi əleyhdarları artıq prezidentin Qüdslə bağlı qərarına tam dəstək veriblər.

Trampın bu qərarı qəbul etməsində rol oynaya biləcək daha bir amil birbaşa onun ailəsilə bağlıdır. Onu bu qərarın qəbuluna kürəkəni Cared Kuşner də meyilləndirə bilər. Kuşner ortodoksal yəhudi dininə mənsubdur və prezidentin qızı İvanka da ailə qurduqdan sonra bu dinə sitayiş edir.

Motivlər öz yerində, bəs, Trampın qərarı hansı nəticələri verə bilər? Prezidentin özü qərarı haqda danışarkən bildirib ki, onun bu addımı Yaxın Şərqdə sülhə töhfə olacaq. «Yaxın Şərq zəngin tarixə, möhtəşəm, cəsarətli insanlara malik regiondur», - deyə Tramp bildirib: «Onların övladları miras kimi müharibə yox, sülh əldə etməlidirlər». Lakin vəziyyəti ayıq başla qiymətləndirdikdə Amerika administrasiyasının bu qədər kəskin addımının vəziyyəti daha da gərginləşdirəcəyini düşünməmək mümkün deyil.

Hər halda, Trampın qərarı açıqlanar-açıqlanmaz, Qüdsün bir sıra rayonlarında, Qəzza sektorunda və İordan çayının qərb sahilində insan qanı axıdılmağa başlayıb. Fələstinlilərlə israilli asayiş keşikçiləri arasında baş verən toqquşmalarda 1000-dən artıq insan yaralanıb. Fələstinlilər İsrailin cənubuna raket zərbələri endirib, yəhudi ordusu isə Fələstini bombalayıb. Bu torpaqlarda belə gərginlik son bir neçə ay ərzində müşahidə olunmamışdı.

Amma bu, son deyil. Vəziyyətin daha da gərginləşəcəyini gözləmək olar. Çünki Fələstinin mötədil təşkilatları belə, bu məsələdə radikallarla həmrəylik nümayiş etdirir və artıq tam aşkar hal almış ABŞ-İsrail alyansına qarşı birləşir. FƏTH ilə HƏMAS artıq yeni «intifada»dan danışmağa başlayıb, üstəlik, sonuncular Trampı «cəhənnəmin qapısı»nı açmaqda günahlandırıb.

Bəs, bu vəziyyət bütünlükdə regionu bürüyə bilərmi? Təəssüf ki, bəli. Ekspertlər artıq «terror cəbhəsi»ndə növbəti fəallığın başlaya biləcəyinə dair xəbərdarlıq edirlər. Düşünmək olardı ki, son aylarda Suriya və İranda məğlubiyyətə uğramış terrorçu strukturlar qara işlərini bərpa etmək üçün tezliklə yeni mənbələr tapa bilməyəcək. Lakin Vaşinqtonun mövcud beynəlxalq hüquq normalarına zidd olaraq, Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı terrorçulara hədiyyə hesab oluna bilər. Hər halda, ərəb əhalinin əsasən ümidsiz, sosial-iqtisadi baxımdan layiqli həyat perspektivi olmayan böyük bir hissəsi üçün yaxşı gələcəyə az da olsa ümid yaradan qüvvələr məhz radikallar, ekstremistlər, hətta terrorçulardır.

Ortaya sual çıxır: bəlkə, Trampın bu qərarı qəbul etməsində ən ciddi məqsəd elə bu radikallığı «oyatmaq»dır? Hər halda, «İslam Dövləti»nin darmadağın edilməsindən sonra Yaxın Şərqdə «əbədi müharibə»nin davam etməsi üçün ən asan yol köhnə Fələstin-İsrail münaqişəsi ola bilərdi. Qlobal güclərin dünyanın ən strateji əhəmiyyətli regionlardan birinə nəzarəti təmin etməsi üçün ən yaxşı yol məhz «idarəolunan xaos»un davam etməsidir.



MƏSLƏHƏT GÖR:

391