25 Aprel 2024

Cümə axşamı, 17:43

ƏDALƏTLİ İDMANIN KEŞİYİNDƏ

AMADA rəhbəri Şəfəq Hüseynli dopinq istifadəsinin qarşısının alınması üçün görülən tədbirlərdən «R+»a danışıb

Müəllif:

01.01.2018

Dopinqdən istifadə ilə bağlı qalmaqallar müasir idmanı silkələməkdə davam edir. Belə faktların araşdırılması hətta Pekin və London olimpiadalarının bir neçə idman növü üzrə nəticələrinin ləğv edilməsinə gətirib çıxarıb. Hazırda Rusiyanın bütün yığma komandasının Cənubi Koreyada keçiriləcək 2018-ci il Qış Olimpiadasında iştirakı sual altındadır. Bəzi Azərbaycan idmançıları da dopinqdən istifadədə şübhəli bilinərək təmsil etdikləri idman növlərində olimpiya mükafatlarından məhrum olub, ölkənin ağır atletika yığması isə bu səbəbdən bir il müddətinə diskvalifikasiya edilib.

Ölkəmizdə idmançıların dopinqdən istifadəsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılıb. Bu qurum beynəlxalq idman təşkilatlarının tələbinə əsasən təsis edilib. Milli Antidopinq Agentliyinin işinə idmançılarda dopinqin aşkar edilməsi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər daxildir. Gələcəkdə hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur. Yeni yaradılan Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyəti haqqında qurumun ilk və hazırkı rəhbəri Şəfəq Hüseynli «R+»a danışıb.

 - Son illər dopinqlə bağlı məsələlər bütün dünyanın diqqət mərkəzindədir. Maraqlıdır, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) fəaliyyət göstərdiyi qısa zamanda hansı işlər görülüb?

- “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Fərmanına əsasən 23 dekabr 2016-cı il tarixində Azərbaycan Milli Antidopinq Agentliyi yaradılmışdır. Yarandığı gündən etibarən, AMADA antidopinq sahəsində ölkənin beynəlxalq standartlara uyğun olması, milli antidopinq proqramının yaradılması və onun həyata keçirilməsi, dopinq nəzarəti inspektorlarının maarifləndirilməsi və akkreditasiyası, antidopinq qayda pozuntularının qaydalara uyğun olaraq təqib edilməsi, beynəlxalq federasiyalar və digər antidopinq təşkilatları ilə əməkdaşlıq müqavilələrinin imzalanması, respublika idman federasiyalarla qarşılıqlı razılaşma memorandumun imzalanması, ölkə ərazisində keçirilən beynəlxalq yarışmalarda dopinq testlərinin keçirilməsi, müxtəlif federasiyalarda idmançı və idmançıya dəstək heyəti ilə təhsil və təlim seminarlarının təşkil edilməsi kimi işlər görülmüşdür. Sözsüz, qarşıda görüləsi işlər çoxdur.

- Sizcə, bu qurumun yaranmasına ehtiyac var idi?

- Bu qurumun yaranması ölkədə təmiz idman rəqabətin və şəraitin inkişaf edilməsinə dəstək edir. AMADA-nın fəaliyyəti sırf test keçirmək deyil, həmçinin sağlam rəqabət və təmiz idmançıların hüquqlarının qorunmasıdır. Nəzərə almalıyıq ki, Ümumdünya Antidopinq Agentliyi Beynəlxalq Olimpiya Komitəsi və digər beynəlxalq federasiyalarla birgə dünyada antidopinq sahəsinin genişləndirilməsi və onun pozulması zamanı sanksiyaların (idmançıların yarışlara buraxılmaması və s.) tətbiq edilməsi fəaliyyətinə güclü təkan verib. Bununla bağlı, ölkəmizdə təmiz idmanın inkişafı və beynəlxalq standartlara cavab verməsi üçün bu qurumun yaranmasına ehtiyac var idi.

- Fəaliyyət göstərdiyiniz dövrdə neçə idmançı dopinq yoxlanışından keçib?

- Fəaliyyət göstərdiyimiz zamandan 301 dopinq testi keçirilib, 210-u yarışmadan kənar müddətdə, 91 isə yarışma zamanı. Həmçinin beynəlxalq federasiyaların müraciəti əsasında tərəfimizdən 205 dopinq testi keçirilib, bunlardan 167-si yarışma zamanı, 38-i isə yarışmadan kənar müddətdə.

- Hansı idman növlərində idmançılara nəzarət edirsiniz, hansı ilə əməkdaşlıq barədə danışıqlar gedir?

- AMADA tərəfindən daha çox olimpiya idman növlərində nəzarət aparılır. Ümumilikdə, 23 respublika idman federasiyaları ilə qarşılıqlı razılaşma memorandumu imzalanıb və bu danışıqlar hal-hazırda davam edir.

- Müayinələr Azərbaycanda yoxlanılır, yoxsa başqa ölkəyə göndərilir?

- İdmançılardan toplanmış nümunələr müayinə üçün Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditə olunmuş, Almaniyanın Köln şəhərində yerləşən “Institute of Biochemistry - German Sport University Cologne” laboratoriyasına göndərilir.

- Sizcə, dopinqlə bağlı hansı idman növündə daha diqqətli olmaq lazımdır?

- AMADA tərəfindən aparılan araşdırmalar əsasən daha çox dopinq riski yüksək olan ilk üçlükdə ağır atletika, güləş və boks yer alır. Lakin siyahı bunlarla məhdudlaşmır və cüdo, avarçəkmə, atletika, velosiped idmanı və digər idman növlərində belə diqqətli olmaq vacibdir.

- Azərbaycan idmançıları son illər çoxlu sayda qalmaqal iştirakçısı oldular. Güləşçi Vitali Rəhimov, ardınca ağır atletika millimizin üzvləri. Rəhbərlik etdiyiniz təşkilat bu iş idmançılarımızın hüquqlarının qorunmasına kömək ola bilərmi?

- AMADA-nın fəaliyyətinin bir istiqaməti ondan ibarətdir ki, biz təmiz idmançıların hüquqlarının qoruyuruq. Hər hansı bir idmançının nümunəsində dopinq vasitəsi aşkarlanarsa, bu onu göstərir ki, həmin idmançı antidopinq qayda pozuntusunu törədib və özü şəxsən məsuliyyət daşıyır. Lakin bunlara baxmayaraq, AMADA bizim idmançılara ümumi prosedur qaydalarını, beynəlxalq standartları və digər diqqətli olması zərurəti olan məsələlər üzrə maarifləndirmə işlərini aparır və hər zaman sualları cavablandırmağa hazırdır.

- Sizcə, idmançının çıxış etdiyi yarışdan 10 il sonra B testinin yoxlanılması düzgündür? Təsəvvür edin, idmançı çempion olur, 10 il sonra ikinci nümunə yoxlanılaraq tamam fərqli cavabla nəticələr şübhə altına alınır.

- Antidopinq qayda pozuntusuna zaman fərqi qoymaq ümumi rəqabət və düzgünlük prinsiplərə zidd olması deməkdir. Hər hansı bir idmançı 10 il belə əvvəl qızıl medal mükafatını qazanıbsa və sonradan onun nümunəsində dopinq aşkarlanırsa, bu o deməkdir ki, qızıl medalın əsl sahibi bir pillə aşağı yeri tutmuş idmançıdır və bu da ədalətli deyil. İdman bir oyundur və onun qaydaları hamı üçün eynidirsə, idmançıların həmin oyuna da yanaşmaları eyni olmalıdır.

- Hazırda dopinq siyahısında neçə maddənin adı var? Hansı dərmanları belə qəbul edərkən diqqətli olmaq lazımdır?

- Qadağan edilmiş maddələr və üsulların siyahısı üç bölməyə bölünür. Bunlar hər zaman qadağan edilmiş, yarışma zamanı qadağan edilmiş və müəyyən idman növlərində qadağan edilmiş maddələrdir. Hər bölmədə maddələr bir neçə kateqoriyaya bölünür. Hər zaman qadağan edilmiş maddələr və üsullara təsdiq edilməyən maddələr (S0), anabolik vasitələr (S1), peptid hormonları, böyümə faktorları, onlara aid maddələr və mimetiklər (S2), beta-2 aqonistlər (S3), hormon və metabolik modulyatorlar (S4), diuretiklər və gizlədici maddələr (S5), qan və qan komponentlərinə dair manipulyasiyalar (M1), kimyəvi və fiziki manipulyasiyalar (M2) və gen dopinqi (M3) daxildir. Yarışma zamanı qadağan edilmiş maddələrə stimulyantlar (S6), narkotiklər (S7), kannabinoidlər (S8) və qlükokortikoidlər (S9) daxildir. Müəyyən idman növlərində qadağan edilmiş maddələr isə beta-2 bolatorlardır (P1). Hər hansı bir dərmanı qəbul etməmişdən öncə, onun üzərində olan tərkib hissəsinin oxumaq, “blend”, “mix” və digər qarışıq tərkib mənası verən sözlər olan dərmanlardan və -diol, -stene şəkilçiləri ilə bitən dərmanlardan diqqətli olmaq lazımdır. Ələlxüsus, əzələ artımı, cinsi fəallıq və enerji verən kimi preparatlar daxil olmaqla.

- Futbolda dopinq müayinəsi varmı? Azərbaycan futbolçularından kimisə yoxlamısınızmı?

- Digər idman növlərində olduğu kimi, futbolda da dopinq testləri keçirilir. Cari tarixədək, ümumilikdə, 34 dopinq testi, onlardan 5-i futbol oyunu zamanı 23-ü, yarışmadan kənar isə 11 test keçirilib.

Gələcək planlarımıza dopinq testlərinin ikiqat artırılması, kağızsız elektron test sisteminə və həmçinin yaşıl ofis və ekoloji təmiz mühit sisteminə keçmək, maarifləndirmə sahəsində təhsil və təlim seminarlarının ikiqat artırılması, Ümumdünya Antidopinq Agentliyi tərəfindən hazırlanan layihələr üzrə işçi qruplarında fəal iştirak etmək, təmiz idmanı və təmiz idmançıların hüquqlarını müdafiə etməkdən ibarətdir.


MƏSLƏHƏT GÖR:

426