20 Aprel 2024

Şənbə, 13:22

MUSİQİNİN DRAMATURGİYASI

Nərgiz ŞƏFİYEVA: «Azərbaycan muğamları əsasında yazılmış «Leyli və Məcnun» operasını ABŞ-da tamaşaya qoymaq nəzərdə tutulur»

Müəllif:

01.01.2018

"Mahnı dağlarda qaldı". Bəstəkar, musiqişünas Nərgiz Şəfiyevanın Qarabağ faciəsinə həsr olunmuş, kamera orkestri və solistlər üçün nəzərdə tutulmuş əsəri bu cür poetik ad daşıyır. Musiqi ölkənin bu tarixi diyarının erməni faşizminin amansız qüvvələri tərəfindən işğal edilmiş gözəl təbiətini canlandırır.

Daha sonra sakitləşən melodiya yenidən dirçəlir, daha parlaq bir gələcəyə ümid verir. Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyeva Azərbaycan nümayəndə heyətinin tərkibində 1962-ci ildə Moskvada Ümumittifaq baxışında iştirak etmiş tək qadın bəstəkardır, lakin violinofon və fortepiano üçün poema və altı prelüd üçün poemaya görə birinci dərəcəli diploma layiq görülüb.  

Dahi Qara Qarayev şagirdi haqqında belə deyib: "Nərgiz Şəfiyevanın böyük kompozisiya istedadı var, əsərlərində zamanın xüsusiyyətləri, yeniliyə can atmaq özünü göstərir".

Bəstəkar Musa Mirzəyev onun haqqında deyib: "Bir tələbə kimi, o, öz əsərləri ilə məni heyran qoydu, qadın bəstəkarlardan fərqli olaraq, onun skripka və fortepiano üçün nəzərdə tutulmuş poeması güclü və iradəlidir, sanki kişi əli ilə yazılıb".

Tanınmış musiqişünas, Bəstəkarlar İttifaqının katibi, Azərbaycanın əməkdar artisti, professor Zemfira xanım Qafarova: "Nərgiz xanım Şəfiyevanı Qara Qarayevin istedadlı, folklorla, muğamla və aşıq musiqisi ilə yaxşı tanış olan tələbəsi kimi tanıyırlar. Onun əsərləri pianoçuların repertuarında möhkəm bir yerə malikdir. Onun vokal və kamera musiqisi məşhurdur. O, Bəstəkarlar İttifaqının yaradıcılıq həyatında fəal iştirak edir, yalnız müxtəlif mövzularda bəstəkarlar qarşısında çıxış etməklə qalmır, həm də öz oçerklərini dərc etdirir, misal kimi, Bəsəkarlar İttifaqının "Musiqi dünyası" jurnalında yubilyarlar barədə oçerkini göstərmək olar. 2015-ci ildə bir musiqiçi kimi yüksək keyfiyyət daşıyıcısı olan Nərgiz xanım Mahmud qızı Şəfiyeva anadan olmasının 75 illiyi ilə əlaqədar, çoxtərəfli və uzunmüddətli yaradıcılıq və pedaqoji fəaliyyətinə görə Azərbaycanın «Əməkdar incəsənət xadimi» adına layiq görülüb. Biz əfsanəvi bəstəkarla ad günü ərəfəsində görüşdük.

- Mənim əslim Şuşadandır, ancaq Bakıda ziyalı ailəsində doğulmuşam. Atam Moskvada Timiryazev adına Torpaqşünaslıq Akademiyasını bitirmişdi. Azərbaycan Elmlər Akademiyasının böyük elmi işçisi, Gəncə Kənd Təsərrüfatı İnstitutunda müəllim işləyib. 1939-cu ildə Moskvada «VDNX»da Azərbaycan pavilyonunun açılışında iştirak etmişdi. Anam ilkin olaraq Qızlar gimnaziyasında və Üzeyir Hacıbəyovun musiqi məktəbində təhsil almışdı, Pedaqoji İnstitutu bitirəndən sonra uşaqların məktəbəqədər təhsili üzrə pedaqoq oldu. Atamın ailəsində hamı musiqi ilə maraqlanıb, oxuyublar, xalq musiqi alətlərində çalıblar, atam tar çalırdı. 1941-ci ildə müharibə başlayan zaman, onun qardaşları cəbhəyə gedib, bronu olmasına baxmayaraq, o da müharibə gedib. 1943-cü ildə atam Krasnodar yaxınlığında həlak olub.

1945-ci ildə "Arşın mal alan" filmini izlədikdən sonra mən, demək olar ki, musiqi ilə xəstələndim. Filmin təəssüratı altında piano arxasına keçdim və filmin bütün melodiyalarını eşitdiyim kimi çaldım. İndi mən Şüvəlanda filmin çəkildiyi vaxtları xatırlayıram, anamla mən oraya getmişdim. "Arşın mal alan"ın baş qəhrəmanların toyu olan son səhnələri çəkilirdi. Toy ziyafəti hazırlanırdı. Çəkiliş başa çatdıqdan sonra masaların üstündəkilərə yalnız aktyorları deyil, həm də çəkilişlərə tez-tez gələn tamaşaçıları da qonaq etdilər. Çox əyləncəli və gözəl idi!

Anam mənə musiqi notları öyrətdi və məndə musiqi qabiliyyəti aşkarladı. Mən babamın 1913-cü il istehsalı olan pianosunda çalırdım, sonra onu Dövlət Musiqi Mədəniyyəti Muzeyinə bağışladım.

Üzeyir Hacıbəyov bizim küçədə yaşayırdı, onu ilk dəfə orada gördüm. İkinci dəfə onu Opera Teatrında gördüm, bəstəkarın Kreml xəstəxanasından gəlməsini gözləyirdilər və "Koroğlu"nu tamaşaya qoymuşdular. Tamaşaçılar maestronu səmimi qarşıladılar və onun gəlişinə sevindilər. Operanı mən ayaq üstə dinlədim. Musiqi qabiliyyətimi və öyrənmək arzumu görüb, məni Azərbaycan Konservatoriyası yanında onillik musiqi məktəbinə qoydular, skripka müəllimi N.E.Bronfmanın sinifinə daxil oldum.

- Hansı yaşda musiqi bəstələməyə başladınız?

- Üçüncü sinifdə ilk uşaq pyeslərim ortaya çıxdı və bir il sonra mən müəllim-bəstəkar Midhat Əhmədovun uşaq yaradıcılığı sinfinə daxil oldum. 1958-ci ildə konservatoriyada birinci kurs imtahanını müvəffəqiyyətlə verərək zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayevin sinfinə qəbul olundum. İki fakültədə - bəstəkarlıq və tarix-nəzəriyyə fakültəsində oxudum.  

- Qara müəllim yadınızda necə qalıb?

- O, yalnız bir dahi bəstəkar, həssas və xeyirxah insan olmaqla qalmırdı, həm də tələbələrinə həmişə mənəvi dəstək verən istedadlı müəllim idi, onları ruhdan düşməyə qoymurdu, onlara qayğı göstərirdi, ilham verirdi və yaradıcılıq istiqaməti seçməkdə yardımçı olurdu. Onun şərəfinə mən "Həsr" adlı orkestr kompozisiysı və "Ürəyin yaddaşı" adlı oçerk yazmışam. Oçerki "Qara Qarayevin tələbələrinin xatirələri" adlı iri kitaba daxil etmişəm. Mən hörmətli müəllim haqqında kitabın toplayıcısı və tərtibatçısıyam. Oraya onun tələbəsi olmuş məşhur bəstəkarların xatirələri və ən yaxşı fotoları toplanıb. Böyük bəstəkarın 100 illiyinə kitab rus dilində də nəşr olunacaq.

- Tələbəlik illərində yazdıqlarınız indi də geniş ifa edilirmi?

- Piano üçün altı prelüdüm məşhurlaşıb və bir çox ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında da səslənib. Onlar Moskva və Leninqrad, Riqa və Tallin, Tbilisi və Novosibirskdə, eləcə də Bolqarıstanda da ifa ediliblər. Həmin vaxt "Skripka poeması"nı, fortepiano üçün variasiyaları, fleyta, alt və fortepiano üçün trio, simli kvartet, "Musiqi" adlı simfonik əsər və s. yazmışam.

- Uşaqlar və yeniyetmələr üçün əsərləriniz varmı?

- Bu, "Tumurcuqlar" adlı aşağı siniflər üçün fortepiano toplusudur, qısa pyeslərdən ibarətdir ("Yelkən", "Yelləncək", "Bizim bağ", "Xoruz kəndi oyatdı", "Bizim dağlar"), eləcə də orta məktəbin yuxarı sinifləri üçün nəzərdə tutulan "Gün gələr, həftə keçər" silsiləsidir. Pyeslər yeddi Azərbaycan ladı əsasında yazılıb.

- Siz Şərqin lirikası, Nizaminin, Füzulinin, Hafiz Şirazinin qəzəlləri ilə maraqlanırsınız. Üzeyir Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" əsərlərinin yaradılmasının 70 illik yubileyi münasibətilə Nazim Hikmətin sözləri əsasında (görkəmli sovet skripkaçı, altçı, dirijor və pedaqoq) David Oystraxa vokal əsər həsr etmisiniz.

- Bariton və messo-soprano üçün nəzərdə tutulmuş "David Oystraxa məktub" əsərində mən dramaturgiya görmüşəm: qadın və kişi, iki səs eşitdim, sonra mətnin rus dilinə tərcümə etdim. Şairin doqquz misrası - əslində, məşhur skripkaçı David Oystraxın İstanbul konsertində iştirak edən sevdiyi qadına məktubdur. Böyük ustanın sənəti ilə təmas halında, o, həvəslə öz təəssüratları haqqında, ona ətraf dünyanı unutduran xoşbəxt anları barədə danışır. Bu kompozisiya bəstəkar, Azərbaycanın xalq artisti, professor Musa Mirzəyevin çox xoşuna gəldi, mən ona bu əsərin surətini təqdim etdim.

- Bəstəkarlıq fəaliyyətindən əlavə, siz ayrı nə ilə məşğulsunuz?

- Mən musiqişünasam və bu iş üçün çox vaxt tələb olunur. Həm də bu sahə çox vacibdir. Belə ki, dünya səviyyəli unikal bəstəkar-islahatçı Üzeyir Hacıbəyova çoxlu materiallar həsr edilib. Yalnız onu söyləyəcəm ki, Azərbaycan muğamları əsasında yazılmış "Leyli və Məcnun" operası ABŞ-da tamaşaya qoyulması planlaşdırılır. Üzeyir Hacıbəyovdan başqa mən bəstəkarlar Qara Qarayev, Cövdət Hacıyev, Vasif Adıgözəlov və başqaları haqqında çox sayda məqalələr monoqrafiyalar yazmışam, çox sayda elmi musiqişünaslıq materialları hazırlamışam.

- 1 yanvar doğum gününüzdür. Sizə sağlamlıq və uzun ömür diləyirik. Sənət sahəsində bizi öz fəaliyyətiniz və yorulmaz enerjinizlə bundan sonra da sevindirməyinizi xahiş edirik.



MƏSLƏHƏT GÖR:

368