25 Aprel 2024

Cümə axşamı, 14:06

BİR AĞACIN MİNBİR RƏNGİ

Cəbrayıl Quliyev Azərbaycanda unikal ağacla rəsm texnikası ilə işləyən tək rəssamdır

Müəllif:

01.01.2018

Niyə kimlərsə rəsm çəkə bilir, kimlərsə yox? Niyə kimlərsə mahnı oxumağı bilir, kimlərsə yox? Bu suala yetərincə maraqlı bir cavab var: "Bəs, niyə balıqlar üzür, quşlarsa uçur?" Çünki balıqların qanadları yoxdur, quşların isə üzgəci. Yəni  məntiqlidir. Hər kəs öz işindədir. Amma istedadlı rəssamların gözəl rəsmlərini gördükdə, yenidən sual yaranır ki, niyə kimlərsə rəsm çəkə bilir, kimlərsə yox?

Cəbrayıl Quliyevin əsərləri də eyni hissi yaradır. Onlara çox uzun-uzadı baxırlar. Bəs, onlar adamı nə ilə ovsunlayır? Vizual assosiasiyaları ilə! Onun əsərlərində qumu xatırladan çox rəng var: isti, ləpələnən, sərin, üzən! Onların arxasında isə Abşeron çimərliklərinin xatirələri, sovet dövrünün bağ evləri, həzin nəmli küləklər hiss olunur... Sonrakı düşüncə: niyə o, eyni rənglərlə işləyir? Qum rənginin çalarları qəhvəyi rəngin çalarları ilə əvəzlənir... Sən demə, rəsmlərdə boya yox, ağac işlənib. Gerçək təbii ağac! Bu tətbiqi sənət növü bir sözlə ifadə edilir: intarsiya!

 

Ağacla rəsm

Qədim Misirdə yaranan bu tətbiqi sənət İntibah dövründə Yunanıstan və Romada inkişaf etdirilib. Belə məhsullar ilk dəfə Qədim Misirdə ortaya çıxıb. Nil vadisi ağacla zəngin olmadığına görə, bütün qiymətli ağaclar xaricdən idxal edilib. Bu səbəbdən, taxta əşyalar zənginlik əlaməti idi, gözəl teksturlu və qeyri-adi çalarlara malik ağacları fil sümüyü, qiymətli metal və daşlarla birlikdə ağac əşyaların intarsiyası üçün istifadə ediblər.

Qədim Yunanıstan və Roma ustaları intarsiya sənətinə əlavələr ediblər - ağacdan rəsmlər yaratmağa başlayıblar, yeni rəsm texnikası əlavə ediblər: ağacın rəngini dəyişdirmək üçün onu yağla, zəylə işləyib, boyada qaynadıblar. Sərv və sidr ağacından hazırlanmış məmulatları şümşad ağacı, ağcaqayın, pirkal və zoğaldan istifadə etməklə mürəkkəb naxışlarla bəzədilib. Ancaq intarsiyanın zirvəsi İntibah dövrünə düşüb. Məhz həmin dövrdə o, özünü bir tətbiq sənəti növü kimi fərqləndirib, inkrustasiyadan onunla seçilib ki, mozaik bəzəklər üçün fon kimi əşyanın ağac massivi çıxış edib. Elə onda bu gözəl sənətin qaydaları yaranıb: naxış kompozisiyaları mürəkkəbləşdi, çoxrəngli oldu, şəhər küçələrinin, tarixi və gündəlik hadisələrin təsvirləri yarandı. Süjet toplularında  həkkaklıq, aşındırma və yandırma,  ağac oyması kimi üsullar tətbiq edilməyə başladı. Çox vaxt mozaika topluları bədii ifadəsinə görə rəsm əsərlərindən geri qalmırdılar. 

 

Doğma torpağın himni

Azərbaycan rəssamları üçün bu texnika tipik deyil. Cəbrayıl Quliyev tətbiqi sənətin bu növündə pionerdir, bu texnikada işləyən yeganə şəxsdir. Onun işləri doğma torpağın, içində böyüdüyü insanların himnidir. Bu, onun həyatının ayrılmaz bir hissəsidir, onun yaradıcı və insani taleyidir. Bu elə də asan başa gəlməyib. O, böyük bir ailədə böyüyüb, Əzim Əzimzadə adına Orta İxtisas Rəssamlıq Məktəbinin tələbəsi olanda işləməyə başlayıb.

Sonra da əsl kişiyə yaraşan kimi orduda xidmət edib və geri qayıdandan sonra   M.Əliyev adına İncəsənət İnstitutunun - hazırkı Mədəniyyət və İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsinə daxil olub. Peşəsi ona yaradıcılıq sevincindən başqa heç nə gətirməyib. Onun ailəsi, uşaqları olub.

Moskvaya gedərək bir müddət orada yaşayıb, rəssamlıq bacarıqlarını Rublevkada fərdi evlərin tikintisində istifadə edib. Onun ağacla ilk "toqquşması" bu dövrdə baş verib. Bir dəfə ayağının altında bir parça ağac görüb və onu yerdən götürmək üçün  tənbəllik etməyib. Rəssamın gözü təbiətin özü tərəfindən yaradılmış qeyri-adi rəsm teksturunu dərhal seçə bilib! Bu gözlənilməz "toqquşma"nın nəticəsi indi onun emalatxanasının divarlarından birində dayanıb. Rəsmdə təbiətin bir guşəsi canlanır: böyük ağaclar, çəpər, iki ot tayası. Yağışdan bir az qabaqkı havaya bənzər alatoranlıq. Havada narahat gözləmə hissi var...

Beləliklə, ilk dəfə onda belə bir fikir yarandı ki, ağac faktura da boyalarla, gillə və rəssamların, heykəltəraşların istifadə etdiyi digər materiallar ilə bərabər səviyyədə rəqabətə girə bilər. Ağac - rəssama düşüncələrini və ruhunu ifadə etmək üçün tələb olunan palitranı verə bilən sehrli təbii materialdır.

 

Evdə

Evə dönəndən sonra Cəbrayıl öz "kəşfi"ni keçmişdə saxlamadı. O, bir vurğun kimi bu texnikanı mənimsəmək yollarını axtarmağa başladı. Axtarışları sınaq və səhvlər ilə həyata keçirilməli oldu. O hətta bilmirdi ki, hər şey artıq bir neçə yüz il əvvəl tapılıb və mənimsənilib. Bu mövzuda həmkarları və sənətşünaslar ilə    danışmağa belə çəkinməyib və bu, məsələnin həllinə kömək edib. Rəssamlar İttifaqının katibi, sənətşünas Ofeliya xanım onu ​​dinləyib, intarsiya adlı texnika haqqında məlumat verib. Bu, həmin qeyri-adi texnikanın mənimsənilməsi prosesini sürətləndirib və artıq 15 ildir ki, Cəbrayıl Quliyev intarsiya texnikasının üsullarından istifadə edərək, öz rəsmlərini yaradır.

"Əslində, məni həmişə təbii materiallar cəlb edib. Təbiətin yaratdığı hər şey canlı və gerçəkdir. Onların  öz həyatı var. Bu cür materiallar müsbət enerji ilə nəfəs alırlar", -  deyə o, bizimlə söhbətində deyir.

Bu, doğrudan da, belədir. Onun işlərinə uzun müddət gözlərini ayırmadan baxmaq istəyirsən. Onlar maqnit kimi cəlb edirlər. Sonra ürəyinə harmoniya hissi dolur! Bu, ovsunlayır. Adama elə gəlir ki, bu əsərlərin müəllifi özü ilə və ətraf dünya ilə barış içində yaşayır. Daxili dağıdıcı coşqunluq, gerçəkliyə etiraz yoxdur, bir sözlə, bir çox müasir rəssamların işlərində bol olan və izləyicini ətraf  dünya ilə uyğunsuzluq probleminə yuvarlayan heç nə yoxdur.

- Hansı ağac növləri ilə işləməyə üstünlük verirsiniz?

- Müxtəlif. Ağaclar heyranedici və unikaldır! Hər ağacın öz rəngi və öz möhkəmliyi var. Daha tünd çalarlı olanlar da, daha yüngül çalarlılar da var. Məsələn, Kareliya küknarı açıq rənglidir. Afrikanın venqi ağacının tünd rəngi var, sarağan ağacı bizdə  Oğuzda bitir və qızılı çaları var. Fıstığın müxtəlif növləri və çalarları var.

- Siz yalnız yerli ağacların fakturası ilə işləyirsiniz?

- Yox, yalnız onlarla kifayətlənmirəm. Bəzi növ ağacları xaricdən dostlarım  gətirir. Amma yalnız ölkəmizdə olan və dünyanın heç bir yerində bitməyən ağac növləri də var. Məsələn, "nil" ağacı. Yalnız Lənkəranda bitir.

 

Süjetlər

Onun işləri süjetlidir. Hər birinin öz dramı var. Öz müəllif üsulları da var. Liflər istiqamətində işləyərək, (az qala ağ olan açıq qəhvəyi rəngdən, demək olar ki, qara sayılan tünd rəngə qədər dəyişən) ağac çalarları və tekstur naxışları ilə oynayan rəssam sanki boya ilə çəkilmiş kimi görünən rəsm əsərləri yaradır. Baxsanız süjetin ağac lövhələrlə yığıldığına fikir verməyəcəksiniz. Onlar bir-birlərinə elə çuğlaşdırılıblar ki, necə baxılmasından asılı olmayaraq, birləşmə yerlərini görə bilməyəcəksiniz. Həm də lövhələri faner altlıq üzərində bərkidən yapışqan görməyəcəksiniz.

 

«Duz gölü. Masazır»

İnsanlar və onlara duz verən göl. Onların arasında münaqişə var. Göldəki suyun səthi qasırğalı dalğalarla topalanır. Duz artıq kisələrdədir. Görünür ki, o, yaş və ağırdır. Güclü kişilər kisələri daşıyır, onları bir yerə yığırlar. Bu, yalnız onların işi deyil, həm də həyatıdır. Günbəgün, ilbəil. Onlar göldən duz almaq üçün sabah yenidən gələcəklər ..

 

«Emalatxana»

Gözümüzün önündə taxta işləmələrlə dolu bir məkan açılır. Bunlar müxtəlif rəngli kiçik taxta lövhələrdir: çox açıq qəhvəyi rəngdən, demək olar ki, qara sayıla bilən tünd qəhvəyi rəngə qədər. Üçüncü planda açıq bir balkon qapısı var, oradan biz həyətin bir hissəsini və ağac budaqları görürük. Rəsm hazır olmanın astanasındadır. Gündəlik yaradıcı həyat...

 

"Qaçqınlar"

Zamanla və insanın münaqişəsi. Şərtləri insandan daha güclü olan zaman. Günəşin yandırdığı tozlu yolun uşaqlar, böyüklər və heyvanlar üçün qurtuluş ola biləcəyi zaman. Qət ediləsi yol, xilas yolu.

 

"Həyət"

O, bu süjeti təkrar-təkrar yaradır. Kiçik bir vətən, harmoniya, səadət, sevinc verən bir ocaq kimi. İşlərdən birində hasar yaxınlığında təndir görürük, ön planda isə  ağac  və havada qurudulan balıq var. İkinci əsərdə - ağaclar, cığır, çəpər yanında pillələr və bağlı alaqapı. Onun yaşam arealı. Onun harmonik dünyası. Onun diqqətlə qoruduğu dünyası.

 

"Çimərlik"

Bu da onun uşaqlıqdan gələn sevimli hekayəsidir. Onu, işə xüsusi əhəmiyyət verən detallarla doldurur:  indiki anın sarsılmazlığına və gələcəyin əminliyinə inamla. Və rəsmdə məhz nəyin təsvir edilməsinin önəmi yoxdur: tir üzərində qurumaq üçün asılmış şamayı balığı və ya dənizə üzmək üçün getmiş sahibini gözləyən əşyalar.

 

Cəbrayıl Quliyev: portret

Öz portretini də ağac lövhələrdən işləyib. Heyrətamizdir ki, çox bənzərdir. Sanki kətan üzərində fırça ilə işlənib. Hətta daha yaxşıdır.

O, ağacın xüsusiyyətləri haqqında heyrətlə danışır, əmin etməyə çalışır ki, ağac rəssama sərhədsiz imkanlar verir.  "Mən yalnız ağacın təbii rəngini istifadə edirəm. Mən işlərimi lakla örtmürəm, qatranla ton vermirəm, boya istifadə etmirəm. Hətta işdə yonqar istifadə edəndə belə. Ağacın təbii rəngləri kifayət qədərdir".

Sonra o, qozun qeyri-adi xüsusiyyətləri haqqında danışır. Daha doğrusu, qoz taxtasının. Sən demə, o, 20 çalar verir! Ağacın kökünə yaxın olanda o, daha açıq rəngli, təpəyə yaxınlaşdıqda isə o, daha tünd rəngli olur. Fıstıq da maraqlı bir ağacdır. Çünki onun çox növləri və hər növə görə də rəngləri və çalarları var. Həmçinin Tailand şamı. O da rəssam üçün gözəl materialdır...

O, təvazökar, öz işinə tam və əbədi aşiq insanlar kimi həvəslə danışır. Yəqin ki, ağac növlərinin xüsusiyyətləri və intarsiya texnologiyaları haqqında mühazirə oxuya bilər. Amma biz hələlik sadəcə danışdıq. Və öz sevgi və maraq dünyası ilə bir insan açıldı. Peşəkar. İnsanpərvər. Vətəndaş. Ailəsi və uşaqları, həyat yoldaşı və doğmaları haqqında danışırlar.  Və onun dediyindən aydın idi: o, xoşbəxt bir insandır.

Axı, gerçəkdən, bir kişinin öz nəsil təyinatı üzrə yerinə yetirməli olduğu hər şeyi edib. Ev tikib, ağac əkib (çox sayda ağac!), oğul böyüdüb. Bundan əlavə, evində böyüyən bir qızı var - ağıllı və gözəl. Göründüyü kimi, onun Avropada, Amerikada, Yaponiyada şəxsi kolleksiyalarda və öz emalatxanasında olan rəsm əsərləri ruh fəaliyyətinin nəticəsi olmaqla yanaşı, rəssam haqqında onun öz "mən"i və dünyası ilə barışıq içində yaşadığını deməyə imkan verir. Bundan daha yaxşı nə ola bilər?



MƏSLƏHƏT GÖR:

409