28 Mart 2024

Cümə axşamı, 18:50

AVROPA BİRLƏŞMİŞ ŞTATLARI?

2018-ci ildə Köhnə Dünyanı yeni sınaqlar gözləyir

Müəllif:

01.01.2018

Sağçı antimiqrant partiyaları liderləri ilə Avropa Parlamentinin qatı sağçı siyasi qüvvələrin maraqlarını ifadə edən «Millətlər və Azadlıqlar Avropası» (ENF) fraksiyası üzvlərinin bu yaxınlıqda Praqada keçirilmiş toplantısında Avropa İttifaqına (Aİ) daxildən son qoymaq qərarı qəbul olunub. Toplantıda Avropa Parlamentinə 2018-ci ilin yaz-yayında keçiriləcək seçkilərdə millətçi partiyaların qələbə qazanacağına əminlik ifadə olunub. «Avropa İttifaqı can verir», - deyə Fransanın «Milli cəbhə» partiyasının lideri Marin Le Pen bildirib: «Bu yanlış qurumu daxildən devirəcəyimizə ümidlər var. Biz istilaçı kimi hərəkət etməliyik».

Görüşün təşkilatçısı, Çexiyanın yapon əsilli «baş millətçisi» Tomio Okamura hesab edir ki, hazırkı Aİ «totalitar dövlət»dir və onun gələcəyi iqtisadi və siyasi desentralizasiyadan keçir. Okamura «Avropanın müsəlmanların müstəmləkəsinə çevrilə biləcəyindən» də narahatlığını ifadə edib.

İlk dəfədir ki, Aİ-nin əvəzinə Avropa Xalqları Birliyinin yaradılması təklif olunur. Bu, «dövlətlərin öz siyasi və iqtisadi maraqlarına uyğun könüllü əməkdaşlığını» nəzərdə tutur. Eyni zamanda hər dövlətin öz valyutası olmalı, onların hər biri sərhədlərinə özü nəzarət etməlidir.

Toplantının Praqada təşkil olunması təsadüf deyil. Çexiya Şərqi Avropanın bir sıra digər dövlətləri ilə yanaşı, qaçqınların qəbulu ilə bağlı kvotaya qarşıdır. O, ümumiyyətlə, Aİ daxilində sıx inteqrasiyanın tərəfdarı deyil. Tomio Okamuranın başçılıq etdiyi ultrasağçı «Azadlıq və birbaşa demokratiya» partiyası oktyabrda keçirilmiş parlament seçkisində, təxminən, 10% səs yığıb. Üstəlik, ona ölkə prezidenti Miloş Zeman da dəstək verib. Çexiya hökumətinə Aİ əleyhdarı kimi tanınmış milyarder, «Narazı vətəndaşların aksiyası» partiyasının lideri Andrey Babiş rəhbərlik edir. Parlamentdə çoxluq məhz bu partiyanın əlindədir.

Ultrasağçılar Avstriyada da uğur qazanıb. Burada da parlamentə düşə bilmiş Avstriya Azadlıq Partiyasının (AAP) lideri Avropa İttifaqını buraxmağa çağırır. Eyni sözləri Fransa, Niderland, Finlandiya, Danimarka və Almaniya haqda da demək olar.

Almaniya kansleri Angela Merkelin 2015-ci ildə Avropanın sərhədlərini Afrika və Yaxın Şərqdən olan qaçqınların üzünə açmasından sonra bu ölkədə də avropalıların miqrantlardan narazılığından istifadə edən sağçı populist partiyaların tərəfdarları artmağa başlayıb. Məlum olub ki, hətta bu təşəbbüsün müəllifinin özü belə Avropanı «birlik sınağından» keçirmək yolunda acizdir. Merkel XSİ ilə ittifaqı qoruyub saxlamaq üçün kompromisə getmək məcburiyyətində qalıb. O, Almaniyaya qaçqınların qəbulu ilə bağlı illik 200 minlik kvota müəyyənləşdirib. Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə ölkəyə, təxminən, 1,1 milyon qaçqın gəlmişdi.

«Brexit» sanki avroskeptiklərə güc verib. Lakin bununla bağlı çətin keçən danışıqlar və Böyük Britaniyada seçilmiş yolun doğruluğuna yaranmış şübhələr onların da coşqunluğunu xeyli azaldıb.

Bundan başqa, Böyük Britaniyanın «boşanma» prosesi Donald Trampın ABŞ prezidenti seçilməsilə, Çinin iqtisadi qüdrətinin artması ilə birlikdə Avropada inteqrasiya əhvalına yeni güc qatıb.

 

Madzini və Hüqodan Şirak və Fişerədək

XIX əsrin ortalarında Avropa xalqlarının milli-azadlıq mübarizəsinin gedişində qitə ölkələrinin bərabərhüquqlu, könüllü birliyinin yaradılması ideyası meydana çıxıb. Bu hərəkatın ən parlaq siması italiyalı yazıçı, inqilabçı Cüzeppe Madzini olub. O, hesab edirdi ki, Avropa xalqları vahid sərhədlər daxilində bərabər, qardaş kimi yaşaya bilər və yaşamalıdır. 1846-cı ildə Madzini «Xalqların beynəlmiləl ittifaqı»nı yaradıb və Avropa Birləşmiş Ştatlarının (ABŞ) qurulması ideyası ilə çıxış edib. Fransalı yazıçı Viktor Hüqonun sayəsində bu ideya böyük populyarlıq qazanıb. Qoqol onu 1849-cu ildə keçirilmiş Avropa pasifistlərinin Paris Konqresində səsləndirib. Osmanlı İmperiyasının süqutundan sonra 1976-cı ildə baş vermiş serb üsyanı zamanı isə o, Avropanın «Avropa millətinə, birgə idarəçiliyə, böyük qardaşlıq arbitrajına» ehtiyacının olduğunu bəyan edib. Sonradan bu ideya Avropanın bir çox ölkələrində tərəfdar qazanıb və çoxsaylı siyasi ittifaqların yaranmasına səbəb olub. Yaranan qurumlar dövlətlərarası əməkdaşlığın və Avropada inteqrasiyanın tərəfdarı kimi çıxış etməyə başlayıblar.

XX əsrdə baş vermiş 2 dünya müharibəsi də bu istəyi azaltmayıb və Avropa İttifaqının formalaşma tarixi buna nümunə sayıla bilər.

Bir də XXI əsrin əvvəlində Almaniyanın xarici işlər naziri Yoşka Fişer ilə Fransa prezidenti Jak Şirak Aİ-nin ABŞ-a çevrilməsi ideyası ilə çıxış ediblər. Onların fikrincə, Avropa federasiyanın elə formasıdır ki, burada qitə xalqları hüquqlarının daha yaxşı qorunması naminə müdafiə, xarici siyasət, təhlükəsizlik, kommunikasiya, iqtisadiyyat kimi dövlət suverenliklərini federativ orqanlara güzəştə gedir. Milli eynilik - vətən, dil, mədəniyyət, adət-ənənə isə qorunub saxlanır.

 

Çətinliklərə hazır olmayanlar da var

Bunun ardınca gələn onilliklərdə yaşanan siyasi və iqtisadi böhranlar Aİ-ni yaşamaq uğrunda mübarizə aparmaq məcburiyyətində qoyub. Artıq İttifaqın gələcəyinin olmadığına dair fikirlər də yayılmağa başlayıb. 2007-ci ilin martında Aİ-nin yaranmasının 50 illik yubileyi münasibətilə Berlində qəbul edilmiş bəyannamədə təntənəli şəkildə «Biz, Avropa İttifaqının vətəndaşları xoşbəxtlikdən birgəyik» sözləri yazılsa da, Aİ üzvləri arasındakı fikir ayrılıqları bu bəyanata ciddi yanaşılmasına imkan verməyib.

Məsələn, 2007-ci ilin dekabrında 28 ölkə Aİ Konstitusiyasının 2004-cü ildəki versiyasının sanki bir qədər yüngülləşdirilmiş variantının qəbulunu nəzərdə tutan Lissabon müqaviləsini imzalasa da, sənəd hələ də qüvvəyə minməyib. Səbəb onu üzv ölkələrin hamısının ratifikasiya etməməsidir. Halbuki müqavilə 1992-ci ildə imzalanmış razılaşmaya bir qədər dəyişiklik edilməsinə, Aİ-nin idarəçilik sistemində çoxdan lazım olan islahatların aparılmasını nəzərdə tutur.

Aİ-nin Şərqi Avropa ölkələri hesabına böyüməsindən sonra isə iqtisadi baxımdan az inkişaf etmiş dövlətlər Aİ-nin inkişafını ləngitməyə başlayıb. Bu zaman «İki sürətli Avropa» ideyası ortaya çıxıb. Söhbət inkişaf və inteqrasiya templərindəki fərqdən gedir. Bu imkan artıq Lissabon müqaviləsində də nəzərdə tutulmuşdu. Bu ilin yazında isə Avropa Komissiyasının sədri Jan-Klod Yunker onu Aİ-nin «Ağ kitab»ında səsləndirib.

İdeya Almaniyadan dəstək alıb. «Birgə çətinlikləri aşmağa bütün ölkələrin hazır olmadığı şəraitdə bir sıra ölkələrin irəliləməsi üçün cəsarətimiz olmalıdır», - deyə Angela Merkel Aİ-nin 60 illik yubileyilə əlaqədar yazda keçirilmiş sammitdə «Ağ kitab»ın müzakirəsi zamanı bildirib.

Şərq blokuna daxil olan ölkələr isə gözlənildiyi kimi, bunun əleyhinə çıxıb. Merkelə, onun Aİ-nin mövqelərini gücləndirmək cəhdlərinə kömək son 10 ildə Almaniya ilə münasibətləri heç də yaxşı olmayan dövlətdən gəlib. Avropanın ikinci böyük iqtisadiyyatı olan (Böyük Britaniyanın gedişindən sonra) Fransada keçirilən prezident seçkisində Emmanuel Makron qələbə qazanıb. O Makron ki, seçicilərinə ölkəsində islahatlarla yanaşı, Aİ çərçivəsində və avrozonada əməkdaşlığın dərinləşdiriləcəyini də vəd edirdi.

Makron Fransa prezidenti kimi ilk səfərini də Berlinə edib və bununla da, müasir Avropada məhz bu iki ölkənin aparıcı rol oynadığını nümayiş etdirib. «Biz kansler Merkel ilə Avropanın gələcəyinə dair mərhələli planın hazırlanması haqda razılığa gəldik. Bu, avrozonanın daha güclü olması üçün lazımdır», - deyə Makron kanslerlə görüşünün yekununda bildirib.

Amma gənc və iddialı siyasətçi Almaniyanın passiv müttəfiqi rolunu oynamaqla kifayətlənmir. Əksinə, o, prezident kürsüsünə əyləşdiyi yarım ildən də az bir vaxtda Aİ-nin güclənməsi üçün bir çox ideya irəli sürüb - ümumi, o cümlədən hərbi büdcənin yaradılmasından, Avropa iqtisadiyyatının müdafiəsi üçün tədbirlər görülməsindən tutmuş, vahid hərbi doktrinanın yaradılmasınadək. Sonuncu ideya faktiki olaraq, NATO-ya rəqibin yaranması deməkdir.

Onun əksər təklifləri koalisiya hökumətinin formalaşdırılmasına dair uğursuz danışıqlardan sonra daxili problemlərin həllilə məşğul olan Merkel tərəfindən müsbət qarşılanır.

 

Şults hər kəsi təəccübləndirib

Bu arada Almaniya Sosial Demokrat Partiyasının (ASDP) lideri Martin Şultsdan gözlənilməz sürpriz gəlib. Merkel ilə prezident Frank-Valter Ştaynmayer tərəfindən danışıqlar masasına əyləşməyə razı salınmış Şults təklifi partiyasının qurultayına çıxarıb təsdiqlətsə də, hökumət alyansının qurulması üçün bir şərt irəli sürüb… Aİ-nin ABŞ-a çevrilməsi!

Bu ilin yanvarınadək Avropa Parlamentinə 5 il rəhbərlik etmiş Şults Avropanın getdikcə yayılmaqda olan ultrasağçı əhvaldan qorunması üçün ümumi Konstitusiyanın qəbulunu vacib sayır. Onun fikrincə, sənədi ratifikasiya etməkdən boyun qaçıracaq ölkələr, avtomatik olaraq Aİ-dən kənarda qalmalıdır.

«Biz kursu dəyişməsək, Avropanı praktiki və konkret işlərlə möhkəmlətməsək, bu qüvvələr üstünlük qazanacaq», - deyə ASDP lideri bildirib. Bununla yanaşı, o, ABŞ-ın yaradılması prosesinin 2025-ci ildə başa çatdırılmasını təklif edir - o zaman almaniyalı sosial-demokratların bu ideya ilə çıxış etməyə başlamasının 100 ili tamam olacaq.

BBC yazır ki, Avropa Parlamentində bu ideyaya qarşı olanlar Avropa layihəsinin komanda layihəsi olduğu bildirir. Onlar hesab edir ki, bu layihə narazılarla mübarizə vasitəsi olmamalıdır. Bu üzdən də, Şultsun radikal tələbləri Aİ-nin onsuz da üzvlər arasındakı daxili problemlərlə çalxalandığı bir vaxtda yerinə düşmür. Üstəlik, bunun əlavə təsirləri də var. Məsələn, belə bəyanatlar Britaniyada «Brexit» tərəfdarlarının mövqelərini gücləndirir. Bu halda belə çıxır ki, Britaniya məhz belə Avropa mərkəzləşməsindən qaçmağa çalışır.

Bütün bunlarla yanaşı, 2017-ci ildə daha bir əlamətdar hadisə baş verib. Bütün Avropa boyu vahid Avropa ideyasını dəstəkləyən ictimai hərəkatlar yaranmağa başlayıb. «Avropanın nəbzi», «Stand up for Europe», «Avropada demokratiya uğrunda hərəkat-2025» və digər kütləvi ümumavropa vətəndaş təşəbbüslərinin məqsədi daha ciddi inteqrasiya üçün avropapərəst qüvvələri birləşdirməkdir.

Ultrasağçıların Praqa toplantısı da şəhərdə minlərlə insanın qatıldığı etiraz nümayişləri fonunda keçib. Radikal sağçılar birləşir, lakin vahid Avropa tərəfdarları da sıralarını genişləndirir. 2018-ci ildə Aİ-ni yeni sınaqlar gözləyir.



MƏSLƏHƏT GÖR:

403