25 Aprel 2024

Cümə axşamı, 11:59

QEYRİ-MÜƏYYƏNLİK İLİ

2017-ci ilin əhəmiyyətini yalnız bu il baş vermiş dəyişikliklərin nəticələri ortaya çıxdıqdan sonra qiymətləndirmək mümkün olacaq

Müəllif:

01.01.2018

Planetin ən qaynar nöqtələrində vəziyyətin pisləşəcəyinə dair proqnozlara, Donald Trampın ABŞ prezidenti seçilməsilə əlaqədar yaranmış qeyri-müəyyənliyə baxmayaraq, 2017-ci il tarixə nisbətən sakit il kimi daxil olacaq. Bu il lokal müharibələr minlərlə insanın həyatına son qoydu, Türkiyə, İran, İspaniya, Rusiya, Böyük Britaniya, Misir, Pakistan kimi ölkələrdə qanlı terror aktları törədildi, lakin miqyaslı beynəlxalq münaqişələrdən qaçmaq mümkün oldu, dünya tarixinin gedişini dəyişəcək hadisələr baş vermədi. Bununla yanaşı, 2017-ci ilin əhəmiyyətini yalnız bu il baş vermiş dəyişikliklərin nəticələri ortaya çıxdıqdan sonra qiymətləndirmək mümkün olacaq. Hər halda, siyasi düzənin zirvəsi sayılan liberal demokratiyada tənəzzül əlamətləri bu il hiss olunmağa başlayıb, qloballaşmanın çatışmazlıqları bu il daha aşkar görünüb və ümumiyyətlə, bütün Qərb dəyərləri 2017-ci ildə sınaq qarşısında qalıb. Bu çağırışlar hələ 2017-ci ilin əvvəllərində Münhendə keçirilmiş Təhlükəsizlik konfransında müzakirə olunmuşdu. Amma o zaman sadəcə yaranmış vəziyyətdən narahatlıq ifadə olunmuş, bundan sonra necə yaşamağın lazım olduğuna dair «resept» verilməmiş, yeni düzənə uyğunlaşmağın yolları göstərilməmişdi.

 

Tramp çərçivədən çıxa bilməyib

2017-ci ilin əsas nyusmeykeri ABŞ prezidenti Donald Tramp oldu. Bu, yalnız onun dünyanın ən qüdrətli ölkəsinin başçısı olması ilə deyil, həm də özünəməxsus «tvittomaniya»sı ilə bağlıdır. Bəzi ekspertlər hesab edir ki, bu, yaxşı hobbidir - Ağ Ev rəhbərinin enerjisinin bir hissəsi sözlərə sərf olunur. Həqiqətən də, prezident Tramp il ərzində, demək olar ki, heç bir radikal addım atmayıb. Onun ən mübahisəli qərarları kimi, ABŞ-ın Transsakit Okean Tərəfdaşlığı razılaşmasından və Paris İqlim Sazişindən çıxmasını, Qüdsün İsrailin paytaxtı kimi tanınmasını, İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına qarşı miqrasiya siyasətinin sərtləşdirilməsini göstərmək olar. Ümumiyyətlə, Tramp Yaxın Şərq siyasətində Vaşinqtonun üzünü birmənalı olaraq köhnə müttəfiqlərinə - Fars körfəzi monarxiyaları və İsrailə tərəf çevirib. İranla nüvə razılaşmasının pozulacağı, «köhnəlmiş» NATO ilə münasibətlərə yenidən baxılacağı, Çinlə ticarət müharibəsi, Meksika ilə sərhəddə divar tikiləcəyilə bağlı hədələr elə söz olaraq qalıb. ABŞ mətbuatının dəyişməz mövzusu isə Rusiya-Amerika münasibətləri olub. Bu xəbərlərin başında Trampın Rusiya rəhbərliyilə əlaqələri, Moskvanın 2016-cı ildə ABŞ prezidentliyinə keçirilmiş seçkiyə müdaxiləsi haqda ittihamlar dayanıb. Müvafiq olaraq, ABŞ ilə Rusiya arasında münasibətlər getdikcə pisləşib.

 

Meyin səhvi

2017-ci ildə bir çox digər Qərb liderlərinin də siyasi bəxti gətirməyib. Məsələn, Böyük Britaniyanın baş naziri Tereza Mey partiyasının mövqelərini gücləndirmək üçün iyunun 8-də növbədənkənar seçkiyə getməklə, ciddi yanlışlığa yol verib. O, partiyasının gücünü düz hesablamayıb və nəticədə, Mühafizəkarlar Partiyası seçkidən qalib çıxsa da, parlamentdə çoxluğu itirməklə, vəziyyətini daha da pisləşdirib. Bundan başqa, Mey bütün il boyu Brüssellə «Brexit»in şərtlərinə dair danışıqlar aparıb və bunun fonunda keçirilən sosioloji sorğular göstərib ki, İngiltərə vətəndaşlarının əksəriyyəti referendumdan sonra… seçimindən peşman olub.

 

Merkelin qürubu

Görünür, 2017-ci il Almaniya kansleri Angela Merkelin sonunun başlanğıcı kimi də yadda qalacaq. Sentyabrın 24-də ölkədə parlament seçkisi keçirilib. XDİ/XSİ vahid mühafizəkar partiya bloku ilə ASDP Bundestaqın iki əsas siyasi qüvvəsi kimi qalsalar da, 3 partiyanın hər biri 2013-cü il seçkisindəki ilə müqayisədə xeyli az səs toplayıb. Əvəzində, avroskeptik «Almaniya üçün Alternativ» (AüA) partiyası parlamentə düşə bilib. Bu, hökumətin formalaşması danışıqlarının ağır keçməsinə səbəb olub və ortaya növbədənkənar seçki perspektivi çıxarıb. Nüfuzlu «Şpigel» qəzeti hətta «Merkel erasının sonu» başlığı ilə redaksiya məqaləsi çap edib.

 

Le Penin uğursuzluğu

2017-ci ildə Fransada da xanım siyasətçinin bəxti gətirməyib. Çoxlarının prezident seçkisinin favoriti saydığı «Milli cəbhə» partiyasının lideri Marin Le Pen seçkidə «İrəli!» hərəkatının təmsilçisi Emmanuel Makrona məğlub olub. Makron isə öz növbəsində, hələlik hər hansı ciddi nailiyyətlə yadda qalmayıb və seçicilərinə vəd etdiyi qərarların heç birini verə bilməyib. Buraya Aİ-də islahatlar vədi də daxildir.

 

Aİ-yə katalon badalağı

2017-ci ildə 60 yaşı tamam olan Avropa İttifaqı hazırda heç də ən yaxşı dövrünü yaşamır. Sistem böhranı, əməkdaşlıq böhranı, «Brexit» və Kataloniyanın müstəqillik referendumu. Sonuncu oktyabrın 1-də keçirilib və nəinki İspaniyanı Konstitusiya böhranı ilə üz-üzə qoyub, həm də Brüsselin nüfuzuna növbəti zərbəni vurub. O, eyni zamanda beynəlxalq hüquqdakı ikili standartları da bir daha üzə çıxarıb.

Kataloniya separatçılarının planı baş tutmayıb - Kataloniya hökumətinin qərarı ləğv olunub, baş nazir Karles Puçdemon vəzifəsindən kənarlaşdırılıb və Brüsseldə həbs edilib. Amma məsələ heç də qapanmış sayıla bilməz. Kataloniyada dekabrın sonunda keçirilmiş növbədənkənar parlament seçkisində regionun müstəqilliyini istəyən 3 siyasi partiya qalib gəlib. Puçdemon seçkinin nəticəsini «Kataloniya Respublikasının qələbəsi və İspaniya dövlətinin məğlubiyyəti» kimi qiymətləndirib.

 

Saakaşvili Poroşenkoya qarşı

Sadalanan çağırışlarla üz-üzə qalmış Qərb dövlətlərini Ukrayna problemi o qədər də maraqlandırmır. Halbuki bu ölkədə status-kvo davam edir və görünən odur ki, problemin qismən də olsa həlli Kiyevdə yeni hakimiyyət dəyişikliyinədək təxirə düşür. Qərbin Pyotr Poroşenkodan narazılığı getdikcə artır. Bu, xüsusilə onun korrupsiya ilə mübarizədə uğur qazana bilməməsilə bağlıdır. Artıq Kiyevi maddi yardımdan məhrum etməklə, Şengen ölkələrilə bu ildən tətbiq olunmuş vizasız rejimin ləğv oluna biləcəyilə hədələyirlər. Eyni zamanda sentyabrın 10-dan etibarən Ukraynada Mixail Saakaşvilinin siyasi ulduzu parlamağa başlayıb. Əlbəttə, Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatorundan hansısa üçüncü qüvvələr öz maraqları üçün istifadə etməzsə…

 

İD-nin məğlubiyyəti

Yaxın Şərqdə xəbər gündəmini Suriyadakı vəziyyət zəbt edib. Orada bu il də bir çox hadisələr yaşanıb və onların əksəriyyəti mənfi, insanların, o cümlədən uşaqların ölümü ilə bağlı olub. Lakin sonda «İslam Dövləti» (İD) qruplaşması Suriyada ard-arda məğlubiyyətə uğramağa başlayıb və Bəşər Əsədin ordusu artıq ölkə ərazisinin böyük bir hissəsinə nəzarəti geri qaytarıb. Hadisələrin bu cür dönüş etməsində əsas rolu Rusiya, İran və Türkiyənin Astana formatında əməkdaşlığı, ardından isə Soçi görüşləri oynayıb. Rusiya Suriyadan qoşunlarını çıxardığını bəyan etsə də, Latakiya yaxınlığındakı Tartus və Xmeymim bazalarında onun hərbi mövcudluğu daha da güclənib.

Ümumilikdə, Moskva il ərzində Yaxın Şərqdə mövqelərini ardıcıl olaraq möhkəmləndirib. O, bunu Türkiyə ilə əməkdaşlıq (Putin Ərdoğanla il ərzində 7 görüş keçirib), Şimali İraqa investisiya yatırılması, regionun bir çox ölkələrinə silah satışı, hətta Səudiyyə Ərəbistanı ilə daha da yaxınlaşmaqla edib.

Bununla yanaşı, hələlik Yaxın Şərqdə İD-nin mövcudluğuna tam son qoyulduğunu deyən yoxdur. Üstəlik, Rusiya-Türkiyə-İran triumviratı tərəfindən kənara itələnən Amerikanın özünü necə aparacağı hələ məlum deyil. Suriya isə darmadağın olub. İndi, onun bərpasına ən azı 180 milyard dollar tələb olunur. Bu münaqişə dövründə ölkədə 400 mindən artıq insan ölüb, 5,4 milyon isə qaçqına çevrilib.

2017-ci ildə kürd məsələsi də gərginlik fazasına daxil olub. Sentyabrın 25-də İraq Kürdüstanının rəhbərliyi müstəqillik referendumu keçirib. Nəticədə, İraq dövlətinin ərazi bütövlüyü sual altına düşüb və İraq ordusu bu ərazidə əməliyyata başlayaraq Kərkükü ələ keçirib. Suriyada da kürd məsələsi, güman ki, hələ «çox su aparacaq».

 

Qüdsün taleyi

Dekabrın əvvəllərində Fələstin-İsrail münaqişəsi yenidən qızışıb. Səbəb ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Birləşmiş Ştatların səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi qərarıdır. Trampın qərarı dünyanın bir çox ölkələrində mənfi qarşılanıb, Qüdsün özündə isə toqquşmalara yol açıb. Məlum olduğu kimi, Qüdsün statusu Fələstin-İsrail qarşıdurmasında əsas problemlərdən biridir. Çünki tərəflərin hər biri onu özünün paytaxtı sayır.

Trampı bu qərarın qəbuluna nəyin vadar etdiyi məlum deyil. Halbuki o, başa çatmaqda olan ilin yayında Fələstin-İsrail münaqişəsinin nizama salınması ilə bağlı sammit çağırmaq niyyətində idi. Fələstin lideri Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında o, prosesə start verildiyini rəsmən bəyan etmiş, bunun «sülhlə nəticələnəcəyini» bildirmiş, sülh danışıqlarını hələ 2014-cü ildə dayandırmış israillilərlə fələstinliləri sülh naminə «çətin qərarlar» qəbul etməyə çağırmışdı.

 

Nüvə KXDR-i

2017-ci ildə dünya birliyi üçün əsas başağrısı KXDR sayıla bilər. Pxenyan bütün il ərzində nüvə proqramını təkmilləşdirməklə məşğul olub - nüvə sınaqları, ABŞ ərazisinə vura biləcək uzaq mənzilli raket sınaqları və s. KXDR ətrafında yaşananlar, ümumilikdə, Asiya-Sakit okean regionunda vəziyyəti gərginləşdirib. Nəticədə, ekspertlər və siyasətçilər artıq tam ciddiyyətilə nüvə müharibəsi təhlükəsindən danışmağa başlamışdılar. Xoşbəxtlikdən, 2017-ci ildə Tramp ilə Kim Çen İn yalnız söz savaşı ilə kifayətləniblər. Bununla yanaşı, onların «qaynar faza»ya keçmə ehtimalı hələ də qalır.

Belə münaqişə nüvə silahından istifadə olunmadan da milyonlarla insanın həyatına son qoya bilər. Əksər müşahidəçilər bu məsələdə Rusiyanın, xüsusilə Çinin vasitəçiliyinə ümid edir. Yeri gəlmişkən, Çin Kommunist Partiyasının oktyabrda keçirilmiş qurultayından sonra Si Cinpin hakimiyyətini xeyli möhkəmləndirib və indi o, daha inadkar siyasət yürüdə bilər.

 

Gözləyən-2017 və kloun-2018

Bütün bunlarla yanaşı, «Google» şirkətinin açıqladığı reytinq göstərir ki, il ərzində dünyada əksər insanları siyasət o qədər də maraqlandırmayıb. Bu, əlbəttə ki, ilin sakit keçdiyinin daha bir göstəricisidir. «Google» istifadəçilərinin əksəriyyətini 2017-ci ildə «iPhone 8» və «iPhone X» smartfonları, kriptovalyutalar, «İrma» qasırğası və «Gözləyən» memi ilə maraqlandırıb.

2018-ci illə bağlı proqnozlar isə həmişə olduğu kimi, bir qədər şişirdilib. Proqnozlara əsasən, Fələstin-İsrail münaqişəsinin, Ukraynada münaqişələrin qızışacağı, ABŞ ilə İran arasında növbəti qarşıdurmanın başlayacağı istisna deyil. Yəməndəki müharibə yeni çağırışlara yol aça bilər, Suriyadakı müharibənin isə başqa forma alacağını istisna etmək olmaz. Ən təhlükəlisi isə KXDR ətrafındakı böhrandır.

İlin əvvəlində diqqətlər, əlbəttə ki, prezident seçkisinin keçiriləcəyi Rusiyaya yönələcək. Gürcüstan, Moldova, Macarıstan, Livan kimi ölkələrdə də prezident və ya parlament seçkisi keçiriləcək. Yeri gəlmişkən, üz qabığına yeni illə bağlı proqnozlar yerləşdirməklə məşhur olan «The Economist Magazine» jurnalının 2018-ci illə bağlı proqnozu qarışıq simvol və şəkillərdən ibarətdir - Azadlıq heykəlindən, Biq Bendən, Eyfel qülləsindən tutmuş, nüvə partlayışına, klouna, DNT-yə, yanacaqdoldurma stansiyalarınadək.

Beləliklə, bizə 2017-ci ilə nisbətən sakit keçdiyi üçün «çox sağ ol» demək, yeni il ərəfəsində «kəmərləri bərkitmək» qalır.

 



MƏSLƏHƏT GÖR:

369