29 Mart 2024

Cümə, 04:28

SÜLH ŞANSLARI TÜKƏNMƏYİB

Yeni il Qarabağ probleminin həllilə bağlı sürprizlər vəd etməsə də, müəyyən irəliləyişə nail olmaq mümkündür

Müəllif:

01.01.2018

Az qala 30 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində, təəssüf ki, başa çatmaqda olan 2017-ci ildə də irəliləyiş baş vermədi. Səbəb, təbii ki, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi, danışıqları yalnız atəşkəs rejiminin möhkəmləndirilməsi tədbirləri, təmas xəttində «insidentlərin araşdırılması mexanizminin tətbiqi» məsələlərinə yönəltmək cəhdləridir. Məsələ ondadır ki, Azərbaycanın xeyrinə dəyişmiş hərbi güc balansı ermənilərin Bakıdan ərazi güzəştləri gözləntisini, Dağlıq Qarabağın işğalının leqallaşdırılmasına olan ümidlərini yox edib. Bu səbəbdən də, İrəvan bütün səylərini mövcud status-kvonun qorunub saxlanılmasına yönəldib. Bununla, o, gələcəkdə aparılacaq danışıqlarda təzyiq vasitəsi kimi istifadə edə bilməsi üçün işğal olunmuş Azərbaycan torpaqlarını nəzarətində saxlamağa çalışır.

Amma Azərbaycanın sərt mövqeyi, eyni zamanda müəyyən beynəlxalq təzyiqlər nəticəsində İrəvan əhatəli danışıqların bərpasına məcbur olub. Söhbət bilavasitə münaqişənin sülh yolu ilə həlli prosesinə aid substantiv danışıqlardan da gedir. Nəticədə, oktyabrda Cenevrədə iki ölkə prezidentləri İlham Əliyev ilə Serj Sarqsyan bir araya gəliblər. Bunadək ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə zonasına bir neçə dəfə səfər etmiş, danışıqlar prosesinin bərpası üçün təkliflər hazırlamışdı. Noyabrda isə Moskvada iki ölkənin XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədrlərilə görüşüblər.

Həmsədrlərin səylərinə münaqişə zonası ilə qonşu olan Türkiyə və Rusiya prezidentləri və xarici işlər nazirləri də qoşulub. Bu, yalnız onların Cənubi Qafqaz ölkələrilə ənənəvi sıx əlaqələrilə yox, həm də Rusiya ilə Türkiyə arasında iqtisadi və siyasi, bəlkə də, həm də hərbi sahədə tərəfdaşlığın risklərdən sığortalanması istəyilə bağlıdır.

Bu gün Moskva ilə Ankara bir çox beynəlxalq məsələlərdə həmrəydir. Eyni zamanda onlar «Türk axını» qaz borusu, Akkuyu AES-in 4 blokunun inşası kimi nəhəg layihələrin reallaşdırılması istiqamətində danışıqlar da aparır. Bu layihələr onilliklər üçün nəzərdə tutulub və bu, hərbi-siyasi baxımdan sabitlik tələb edir. Qarabağ münaqişəsinin həll olunmamış qalması isə Ermənistanla Azərbaycan arasında hər an hərbi əməliyyatların başlana biləcəyi deməkdir. Bu, əlbəttə ki, Türkiyə ilə Rusiyanı hərbi qarşıdurmaya cəlb edə bilər. Çünki onlar münaqişədə fərqli tərəfləri dəstəkləyir. Odur ki, Qarabağ münaqişəsinin ən azı Cənubi Qafqazda miqyaslı hərbi əməliyyatların bərpasını istisna edəcək vəziyyətə gətirmək lazımdır.

Dekabrın 7-8-də Vyanada ATƏT XİNŞ-nin 24-cü iclası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşü keçirilib. Tərəflərin bildirdiyinə görə, danışıqlar müsbət və konstruktiv keçib. ATƏT XİNŞ-nin iclasında iştirak edən Minsk Qrupu həmsədri olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri görüşlə bağlı xüsusi bəyanat da yayıblar. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Reks Tillerson və Fransanın ATƏT-dəki daimi nümayəndəsi Veronika Rocerin birgə bəyanatı ATƏT-in rəsmi saytında yerləşdirilib. Bəyanatda deyilir: «Biz region xalqlarının, həqiqətən, barışması üçün yeganə yol olan münaqişənin danışıqlar yolu ilə həllinə dair birgə öhdəliyimizi bir daha təkrarlayırıq». Sənəddə deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabərhüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Darlgq Qarabar <http://apa.az/tag/Da%C4%9Fl%C4%B1q-Qaraba%C4%9F>münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edirlər. Danışıqların bərpasını alqışlayan və tərəfləri əsas diqqəti problemin siyasi həlli üçün kompromis qərarların axtarışına yönəltməyə çağıran vasitəçilər bəyan edib ki, «hər hansı təxirəsalma vəziyyəti yalnız çətinləşdirə və tərəflərin davamlı həllə nail olmaq istiqamətindəki öhdəliklərini sual altına qoya bilər. Tərəflərə təqdim olunmuş işçi təkliflərə dair kompromislərin təşviqi üzrə həmsədrlərimizə vasitəçilik fəaliyyətini davam etdirməyi tapşırmışıq, lakin Darlgq Qarabar <http://apa.az/tag/Da%C4%9Fl%C4%B1q-Qaraba%C4%9F>münaqişəsinə son qoyulması üçün əsas məsuliyyət Ermənistan və Azərbaycan liderlərinin üzərinə düşür».

Tərəflərin mövqelərinin bir-birindən uzaq olduğunu onların XİN başçılarının ATƏT XİNŞ-nin toplantısındakı çıxışları da təsdiqləyib. Nalbandyanın çıxışı əvvəllər də olduğu kimi, yalan tezislər üzərində qurulub. Guya, «aydan arı, sudan duru» ermənilər sülhpərvərdir və beynəlxalq hüququn tələblərinə tam əməl edir, aqressiv Azərbaycan isə kompromislərə getmək istəmir. Əslində isə hər şey tam əksinədir. Azərbaycanın XİN başçısı da öz çıxışında bunu birmənalı şəkildə dilə gətirib: «Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində, həqiqətən, maraqlıdırsa, danışıqlarda konstruktiv mövqe tutmalıdır. Qarşıdakı aylarda Ermənistanın münaqişənin sülh yolu ilə həlli, danışıqlarda irəliləyişlərə nail olunması və substantiv danışıqlarda konstruktiv iştirakla bağlı nə qədər ciddi tərəfdaş olduğunu görəcəyik». E.Məmmədyarov bir daha bildirib ki, substantiv danışıqlara başlanılması üçün ilkin şərtlərin irəli sürülməsi iflas deməkdir. O, İrəvanın münaqişə zonasında vasitəçilərin tələblərinə, beynəlxalq normaların tələblərinə zidd olaraq, status-kvonu möhkəmləndirmək cəhdlərindən narahatlığını gizlətməyib. «Rəsmi İrəvan Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki mənzərəni dəyişmək məqsədilə qanunsuz addımlarını davam etdirir. Hərbi işğalın gücləndirilməsi və «fait accompli» (baş vermiş faktlar) vəziyyəti yaratmaq cəhdləri davam edir», - deyə Məmmədyarov qeyd edib. Ermənistan tərəfinin təmas xəttində daim təxribatlara əl atdığını deyən nazirin sözlərinə görə, bu yaxınlarda Azərbaycanın işğal altındakı ərazilərində hərbi təlimlərin keçirilməsi də bunlardan biridir. «Bununla, onlar problemin sülh yolu ilə həllinə səyləri heç edir», - deyə E.Məmmədyarov bildirib.

Paradoksal vəziyyət yaranır. Vasitəçilər iddia edir ki, münaqişə tərəfləri qarşılıqlı kompromisə hazır olmadığından, Dağlıq Qarabağ probleminin tezliklə həlli mümkün deyil. Bununla yanaşı, onlar münaqişənin Bakının istədiyi kimi, mərhələli həllinə, addım-addım irəli gedilməsinə üstünlük vermir. Əksinə, onlar ermənilərin təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsilə vəziyyəti dondurmaq cəhdlərinə göz yumur. Bununla da, keçmiş DQMV ətrafındakı Azərbaycan ərazilərinin müddətsiz işğal altında qalmasına şərait yaradılır. Azərbaycana təzyiq rıçaqları yoxdur, çünki beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz öz torpaqlarımızı geri istəyirik. Bakı heç kəsdən maliyyə dəstəyi, pulsuz silah və digər imtiyazlar istəmir. İrəvana isə vasitəçilər məlum səbəblərdən (xristian həmrəyliyi, lobbi) təzyiq göstərmək istəmir. Nəticədə, hazırkı pat vəziyyəti yaranır.

Bu yerdə bir məqamı da qeyd etmək lazımdır. Azərbaycan prezidentinin Brüsseldəki çıxışında dilə gətirdiyi sərt mövqe - Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramına üzv ölkələrdəki münaqişələrə və ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmanın yolverilməzliyi - sammitin qətnaməsində öz əksini tapıb.

Aİ ölkələrinin özündə də separatçı proseslər bir çox siyasətçiləri zəhərləyib və onlar sərhədlərin zorla dəyişdirilməsinə, dövlətlərin ərazi bütövlüyünün pozulmasına dəstək verməyə başlayıblar. Dekabrda qəbul olunmuş və strateji əhəmiyyət daşıyan «Aİ-nin xarici siyasəti və təhlükəsizliyi haqda» qətnamə bunu təsdiqləyir. Bununla, Avropa Parlamenti ilk dəfə Aİ-nin «Şərq tərəfdaşlığı» ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı öhdəliyinə sadiq olduğunu bəyan edib. Oxşar sənəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının Kiyevdə keçirilmiş 50-ci toplantısının sonunda da qəbul edilib. Ermənilərin səylərinə baxmayaraq, yekun bəyannamədə deyilir: «Biz hesab edirik ki, bu münaqişələr Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə tam hörmət əsasında həll olunmalıdır. Bəyan edirik ki, quruma üzv dövlətlərin BMT, ATƏT, AŞPA və AP kimi beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazi bütövlüyünün bərpasına çalışmaq vacibdir».

Beləliklə, görünən odur ki, Ermənistanın Azərbaycana ərazi iddialarını, təcavüzkar siyasətini pərdələmək işində xalqların öz müqəddəratını təyin etməsi prinsipilə spekulyasiya etməsi getdikcə daha da çətinləşir.

Bütün sadalananları ümumiləşdirərək, demək olar ki, 2018-ci il üçün bu sahədə nikbin proqnozlara əsas çox olmasa da, Ermənistan-Azərbaycan danışıqlarının bərpası faktı müsbət gözləntilər üçün müəyyən ümidlər verir. Artıq yanvarın ortalarında Azərbaycan və Ermənistan XİN başçılarının Avropa şəhərlərindən birində görüşəcəkləri elan edilib. Bunun sülh tənzimlənməsi prosesində irəliləyişə imkan verib-verməyəcəyini demək çətindir. İrəvanın substantiv, yəni məzmunlu danışıqlara deyil, diqqəti atəşkəs rejiminin möhkəmləndirilməsi kimi məsələlərə cəlb etməyə çalışdığı hiss olunur. Yəni erməni tərəfi Ermənistanın işğalı nəticəsində yaranmış hazırkı status-kvonun davam etməsi üçün bütün mümkün variantlara əl atır. Bakı isə birmənalı olaraq bildirir ki, sülh prosesində real irəliləyiş olmazsa, «nə sülh, nə müharibə» vəziyyətini uzun müddət davam etdirmək alınmayacaq. Əgər vasitəçi fövqəldövlətlər regionda hərbi qarşıdurmanın bərpasını istəmirlərsə, Ermənistanın işğalçılıq iştahının qarşısını almalıdırlar.

Əgər XİN başçılarının yanvarda keçiriləcək görüşündə irəliləyiş qeydə alınarsa, dövlət başçıları səviyyəsində yeni görüşün keçiriləcəyini gözləmək mümkün olacaq. Müsbət informasiya fondunun yaradılması üçün parlamentarilər, nüfuzlu ziyalılar arasında dialoqun bərpası da mümkündür. Hər halda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsindən, əməkdaşlığın bərpasından yalnız region xalqları deyil, qonşu fövqəldövlətlər də qazanacaq.



MƏSLƏHƏT GÖR:

422