25 Aprel 2024

Cümə axşamı, 11:46

FORMULA 1-dən DÜNYA ÇEMPİONATINA QƏDƏR

2018-ci ildə Azərbaycanı hansı əlamətdar idman hadisələri gözləyir?

Müəllif:

15.01.2018

Ötən il olduğu kimi, bu il də Azərbaycanın idman təqviminin zəngin olacağı gözlənilir. Qarşıdakı 12 ayda ölkəmiz bir sıra beynəlxalq yarışa ev sahibliyi edəcək. «Region plus» jurnalı 2018-ci ildə ölkəmizdə baş tutacaq ən mühüm idman turnirlərini təqdim edir.

 

Gimnastika

Novruz bayramı ərəfəsində, 15-18 mart 2018-ci il tarixlərində Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 20-yə yaxın ölkənin iştirakı gözlənilir. Bu il paytaxtımız həmçinin batut gimnastikası, tamblinq və ikili mini batut üzrə Avropa Çempionatına da ev sahibliyi edəcək. Aprelin 12-dən 15-dək keçiriləcək qitə birinciliyində 40-dan çox ölkənin gimnastı mübarizə aparacaq.

Elə həmin ayın 27-dən 29-dək Bakıda bədii gimnastika üzrə Dünya Kuboku, 22-23 iyun tarixlərində isə idman gimnastikası üzrə yeniyetmələr arasında Olimpiya Oyunlarına təsnifat xarakterli yarışları təşkil ediləcək.

 

Formula-1

Aprelin sonunda, daha dəqiqi, 27-29-da ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan «Qran-pri»si ilə cəlb edəcək. Bakı şəhər halqasında artıq hazırlıq işlərinə start verilib. Yarış üçün biletlər də satışa çıxarılıb.

 

Şahmat

Apreldə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi «ShamkirChess-2018» beynəlxalq turniri keçiriləcək. Bu il yarışda səkkiz ölkənin qrossmeysterlərinin iştirakı planlaşdırılır. Eyni zamanda şahmat üzrə "Baku Open" və "Nakhchivan Open" ənənəvi yarışları da müvafiq olaraq may və oktyabrda baş tutacaq.

 

Velosiped idmanı

Planetin ən güclü şose velosiped komandaları yenidən Azərbaycanda mübarizə aparacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Tour d’Azerbaijan-2018” veloturu mayın 9-13-də təşkil olunacaq. Beş günlük yarış artıq Beynəlxalq Velosipedçilər İttifaqının 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilib. “Tour d’Azerbaijan-2018” şose velosipedi üzrə mayda qəbul edəcəyimiz yeganə yarış olmayacaq - sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandalar mayın 8-də bir günlük “Bakı-Xızı-Eko” turunda da yarışacaqlar. Beynəlxalq Velosipedçilər İttifaqının kifayət qədər yüksək səviyyəli yarışı hesab edilən 1.1 kateqoriyalı velotur da artıq qurumun təqvim planında yer alır.

Bundan əlavə, iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə (olimpiya idman növü) dünya çempionatı da təşkil olunacaq. Bu günə qədər artıq 30 ölkə dünya çempionatında iştirakla bağlı müraciət edib və onların sayı getdikcə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Trekində aparılmış yenidənqurma işlərindən sonra təşkil olunan Dünya Sınaq Yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib və arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

 

Cüdo

İlin əsas idman yarışlarından daha biri 20-27 sentyabrda Milli Gimnastika Arenasında olacaq. Söhbət böyüklər arasında cüdo üzrə dünya çempionatından gedir. Turnirdə həm fərdi, həm də komanda yarışlarında medallar uğrunda mübarizə aparılacaq. Ümumilikdə, çempionatda 150-dən çox ölkənin iştirakı gözlənilir. Səkkiz gün ərzində dünya cüdosunun ürəyi Bakıda döyünəcək. Mötəbər yarış 50-dən çox ölkədə canlı yayımlanacaq. Azərbaycan Dünya Çempionatında həm kişilər, həm qadınların yarışında bütün çəkilərdə təmsil olunacaq. İndiyə qədər yalnız Elxan Məmmədov Dünya Çempionatında qızıl medala layiq görülüb. Ona görə Bakıdakı yarışda azarkeşlər millimizdən yeni çempionlar gözləyir.

«Region plus»a açıqlamasında gənclər və idman naziri Azad Rəhimov 2018-ci ildə Azərbaycanda keçiriləcək yarışlar haqqında bunları deyib: "Biz bütün yarışlarda idmançılarımıza inanırıq, amma doğma Vətəndə keçirilən turnirlərdə daha böyük nəticələr gözləyirik. Ümumilikdə, 2018-ci il Azərbaycan idmanı üçün vacib yarışlarla əlamətdardır. Əsas hədəf isə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlıdır. Müxtəlif yığma komandalar təsdiq olunmuş təqvimə əsasən lazımi yarışlarda iştirak edəcəklər. Bəzi idmançılarımız lisenziya xalları əldə edəcək, digərləri olimpiadaya vəsiqə uğrunda yarışacaq. Hesab edirəm ki, 2018-ci ildə də Azərbaycan idmançıları çoxlu sayda qələbələrlə xalqımızı sevindirəcək".



MƏSLƏHƏT GÖR:

439