20 Aprel 2024

Şənbə, 09:37

ROBOTLARIN ÜSYANI

Oyun aparatlarına alüdə olmaq uşaqların hissiyyatsız maşınlara çevrilməsinə gətirir

Müəllif:

15.01.2018

Normal və övladını sevən heç bir valideyn gələcəkdə öz uşaqlarını hansısa şər iş törədən bir insan kimi görmək istəməz. Sağlam düşüncəli valideyn buna səbəb olan mənfi şəraitin yaranmasına imkan verməz. Yəni o, öz uşağını təcavüz, qorxu, şübhə və eqoizm yaradacaq fikirlərə yuvarlada bilən istənilən mənfilikdən qoruyacaq. Buna baxmayaraq, valideynlərin israrlı şəkildə öz uşaqlarına hansısa virtual düşmənə atəş açmağı təklif etdiyinə dəfələrlə şahid oluruq. Belə bir vəziyyəti düşünün. Uşaq əyləncə mərkəzi. Orada çoxsaylı oyun qurğuları ilə yanaşı, uşaq oyun meydançası, yaradıcılıq qabiliyyətlərinin inkişafı mərkəzi və müxtəlif təhlükəsiz masaüstu oyunlar mövcuddur.

Oğlan inadkar şəkildə atasının əlini dartır:

- Ata, mən rəsm çəkmək istəyirəm. Bax, orada konstruktorlar və kinetik qum var.

- Rəsmi evdə də çəkə bilərsən, yaxşısı budur, gəl, atəş açaq.

- Amma evdə bu qədər rəng və gips fiqurlar yoxdur, axı!

- Oğlum, mən səni buraya bunun üçün gətirməmişəm və sən rəsm çəkən zaman kənarda gözləməyə heç həvəsim yoxdur.  

Ata və oğlu arasında bu söhbətə təsadüfən qulaq şahidi olduq. İlk baxışdan adama elə gəlir ki, adamı yoldan çıxaran bu qədər əyləncənin olduğu aparat-oyun məkanında uşağın heç nəyə baxmadan rəsm çəkmək istəməsinə atası sevinməli idi. Ancaq ata oğlunun nə gələcəyinə, nə də bu gününə yararlı olan bir qərar verir.

 

Xoşbəxtlik illüziyası

Oyun aparatlarının və zorakılığı təbli edən kompüter oyunlarının zərəri barədə nələr yaxılmayıb ki. Əvvəllər, onlar həyatımıza yenicə daxil olanda çoxları bunun nə ilə nəticələnəcəyini başa düşmürdü. Bu gün geniş məlumat olmasına və mütəxəssislərin oyun alışqanlığı fenomeni haqqında çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, valideynlərin israrlı şəkildə uşaqlarını bu cür əyləndirmək istəyi çox qəribə və məntiqsiz görünür.  

Uşaq oyun meydançası sahələrində qəddarlığı, insan öldürməyi təşviq edən oyun maşınları həddindən çoxdur. Maraqlıdır ki, bu əyləncə meydançalarının adlarında, adətən, "xoşbəxtlik", "sevinc", "uşaq əyləncəsi" kimi sözlər yer alır ki, bu da dolayısıyla uşağın şüuruna yeridir ki, hansısa monstr-trakı vurmadan, öldürmədən, üstünə hücum etmədən xoşbəxt olmaq mümkün deyil.

Yaxşı ki, valideynlərin heç də hamısı uşaqlarının vaxtını belə bir əyləncədə keçirməsini xoşlamır. Yeddi yaşlı Məhəmmədin anası Sara xanım danışır ki, hər zaman öz oğlunu uşağın şüurunu təcavüzə meyilləndirən hər şeydən qorumağa çalışır. Onun zorakılıq səhnələri olan film və cizgi filmləri izləməsinə imkan vermir, bu və ya digər oyun aparatlarında oynamağın niyə arzuolunmaz olduğunu izah edir.

"Bəzi oyunlarda niyə açıqca heyvan öldürmək təklif edildiyini başa düşmürəm? Axı, bu da bir cür ov - safaridir. Bir yandan da bir çox təşkilatlar bu və ya digər nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması uğrunda mübarizə aparır. Məntiq hardadır? Bir tərəfdə qorunmağın təbliği, digər tərəfdə öldürməyin. Qazanc və pul qoparmaq məsələsi olan yerdə ən asan yolu tapıblar: öldürmək. Amma bu gün bir uşaq bir heyvanı virtual şəkildə öldürürsə, sabah bunu gerçək həyatda edər ",- deyə Sara xanım bildirir. Bir çox valideynlər görməyə başladılar ki, uşaqları oyun zamanı belə sözləri çox istifadə etməyə başlayıblar: "mən öldüm", "məni öldürdülər" və s. Kompüter və oyun sənayesi iri addımlarla irəli hərəkət edir, oyunlar daha da gerçəkçi olur, oyunlardakı qətl və dağıntılar həqiqətə çox uyğun görünür.

Aparat və kompüter əlavələrinin layihəçiləri bilirlər ki, oyunları uşaqlara təsir edir və oyunlara müəyyən məhdudiyyətlər tətbiq edir - məsələn, qətl zamanı qan nümayişinə icazə vermirlər, ancaq bu elə də fərq etmir. Bir çox ölkələrdə hətta Counter Strike (birinci şəxsdən terrorçuların polislə mübarizə apardığı tir) kimi

bəzi kompüter oyunlarının qadağan edilməsi üzrə məhkəmə dinləmələri də keçirilib. Amma bu qadağalar layihəçilərə heç də hər il yeni hitlər buraxmağa mane olmur.

 

Qətl trenajorları

Əlbəttə, etiraz etmək olar, məgər, biz uşaqlıqda "dava-dava" oynamamışıq, oyuncaq tapançalar almamışıq? Bəli, bunların hamısı olub. Amma bizi monstrlarla aldadaraq, virtual gerçəkliyə cəzb etməyiblər. Bu, ildən-ilə daha real olur. Bunu görmək üçün yeni kompüter oyunlarının təsvirinə baxmaq kifayətdir. Layihəçilər iddia edirlər ki, bu və ya digər oyunlar reallığa daha çox yaxınlaşıblar, bu, hətta realizm, qrafika, səs müşayiəti kimi parametrlərlə qiymətləndirilir. Oyun daha realist olduqca, daha çox bal qazanar. Yaradıcılar hər şeyi - səsi, fizikanı, qrafikanı nəzərə alırlar. Bu, mövcudluq effektinə daha çox riayət etməklə gerçəkləşdirilir. Özü də hər oyun üçün süjet və məqsədin təsviri verilir: harada, necə, nə vaxt və kimi öldürmək olar.

Uşaq psixoloqu Nərgiz Həşimzadənin sözlərinə görə, zorakılığı təbliğ edən oyun aparatlarının psixikaya vurduğu zərəri nəzərə alaraq, bütün bu "oyuncaqlara" yaş həddi müəyyən etməlidirlər. Yeri gəlmişkən, bu cür senzura Avropanın bir çox ölkələrində istifadə olunur. "Ümumiyyətlə, onları uşaq əyləncə mərkəzlərinə yerləşdirmək arzuolunan deyil, çünki çox həssas uşaqlar var ki, onlarda qorxu və təşviş halı yaradır. Virtual dünyanın real dünyaya ötürülməsi baş verir. Psixikası biçimlənməmiş və bir şəxsiyyət kimi formalaşmamış uşaqlara elə gəlir ki, bir heyvanı və ya insan öldürməkdə qeyri-adi heç nə yoxdur. Bu oyunların mənfi təsiri məhz bununla bağlıdır".  

Yetkinlərlə isə məsələ başqadır. Ekspertin sözlərinə görə, buna bənzər hərəkətlər onlarda stresi azaldır. Bu cür oyunlarda böyüklər özləri ilə daşıdıqları aqressiyanı kənara çıxarırlar: "Mən işdə və ya evdə bir şey baş verən zaman qışqırmaq istəmədikdə böyüklərə bu cür oyunlar oynamağı məsləhət görərdim. Amma burada bir "amma" var. Daimi oyun oynamaq bəzi psixopatik şəxsiyyətlərdə oyuna aludəçilik yaradır. Özünəməxsus tərgidilməyən nevroz halı. Bu zaman tədbir görmək vacibdir. İstənilən halda, tez-tez və çox oynamaq zərərlidir. Faktlar var ki, məhz belə oyunlardan sonra manyaklar insanlara atəş açmağa başlayıblar. Məsələn, məlumdur ki, 2011-ci ildə Oslonun mərkəzində partlayışın və hakim Norveç Fəhlə Partiyasının gənclik düşərgəsinə hücumun təşkilatçısı və icraçısı Anders Behrinq Breyvik əcəlindən öncə oxşar oyunla əylənib, nəticədə, 77 nəfər ölüb və 151 nəfər yaralanıb. Burada ən mühüm məsələ hədd və nəzarətdir".  

Bu gün niyə tez-tez müxtəlif ölkələrdə yeniyetmələrin məktəblərdə insanları öldürdüyünü eşidirik? Psixoloqun fikrincə, "atıcı oyunları" qətllərin psixoloji cəhətdən məqbul olmasına imkan verir. "Hərbçilər üçün müəyyən kompüter proqramları (o cümlədən "atıcı oyunları") var ki, bu, düşmənləri öldürməyi öyrədir. İkinci dünya müharibəsi göstərdi ki, təlimlər hədəfi yaxşı vuran Amerika əsgərləri düşmən məğlub etməkdə çətinliklə üzləşirdilər. Bu, onunla bağlı idi ki, onlar yalnız hədəfləri vurmağa alışmışdılar, lakin müharibədə canlı insanlardır və psixoloji baryer özünü göstərirdi. Buna görə də kompüterdən istifadə edərək bu bacarığı da aşılamağa başladılar. Amerikalılar bu qənaətə gəldilər ki, hərbçilərin öyrədilməsi üçün istifadə edilən üsulların uşaq auditoriyasında da sərbəst şəkildə təşviq edilməsi lazımdır".  

Bəs, valideynlər nə etməlidir? Nərgiz Həşimzadə uşaqlıqdan heyvanlara sevgi aşılamağı məsləhət görür. İnsanlar və heyvanlar haqqında xeyirxah nağıllar danışmaq uşaqlarda şəfqət, insanlara və uşaqlara, xüsusilə də heyvanlara qayğı hisssinin tərbiyəsinə yardımçı olar. Onda onlar heç vaxt heç kimi - nə heyvanları, nə də insanları öldürmək istəməzlər.

"Əziz valideynlər, əgər uşağı atıcı oyunlarının, aparatların və kompüterin təsirindən qorumasanız, böyük yaşlarında qumar ruletlərinin və oyun aparatlarının arxasında oturmaq «şansları» da böyük olacaq. Kompüter oyunlarının gətirdiyi ən mühüm təhlükə oyun asılılığı yaratmasıdır. Bu, psixikanın əsl sapıntısıdır və ixtisaslı həkim yardımı tələb edir",- deyə Nərgiz xanım ümumiləşdirir.  

Həqiqət budur. Atıcı oyunları, virtual ölüm cihazları, duyğusuz maşınlar o qədər çoxalıb ki, biz bu gerçəkliyi, həqiqətən, robotların üsyanı adlandıra bilərik.

Amma burada bir məqam var - əgər biz uşaqlarımıza real dünyanın üstünlüklərini və çatışmazlıqlarını öyrətmədən onları virtual dünyadan qoruyuruqsa, onlar özləri tədricən robotlara çevrilirlər.



MƏSLƏHƏT GÖR:

486