20 Aprel 2024

Şənbə, 02:16

İZQOY ÖLKƏ

Gürcüstan İctimai Televiziyasının icmalçısı Rezi Koiava: «Ermənistan prezidenti Tbilisidən konkret heç nə qopara bilmədi»

Müəllif:

15.01.2018

2017-ci ilin sonlarına yaxın erməni KİV-i Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə öz-özünü saldığı regional nəqliyyat blokadasından tezliklə çıxacağına dair nikbin proqnozlar verməyə başlamışdı. Bu nikbinliyə səbəb Abxaziya və Cənubi Osetiyada ilə sərhəddəki gömrük məntəqələrinin fəaliyyətinə dair Rusiya-Gürcüstan razılaşmasının Tbilisi tərəfindən ratifikasiya olunması idi. İrəvan üçün bu, Rusiyanı Ermənistanla birləşdirən dəhlizin açılması kontekstində vacibdir.

Ermənistan üçün belə həyati əhəmiyyətli yollardan biri olan Suxumi-Zuqdini-İrəvan dəmir yolu 1990-cı ilin əvvəllərindən bağlıdır. Serj Sarqsyan Gürcüstana son səfəri zamanı Tbilisidən bu yolun açılmasına dair çoxdan arzuladığı razılığı almaq niyyətində idi. Ermənistan prezidentinin Gürcüstanda nələrə nail olduğu, həmçinin Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı münasibətlərə dair digər məsələlərlə bağlı suallarımızı Gürcüstan İctimai Televiziyasının icmalçısı Rezi Koiava cavablandırıb.

- Serj Sarqsyan Tbilisidən Abxaziyadan keçən dəmir yolu ilə bağlı konkret cavab ala bilibmi?

- Görünən odur ki, Ermənistan prezidenti bu məsələdə Tbilisidən konkret heç nə qopara bilməyib. Burada məsələ yalnız Rusiya ilə nəqliyyat dəhlizi haqda razılaşmanı bir İsveçrə şirkətinin vasitəçiliyilə təsdiqləmiş Gürcüstanda deyil. Tbilisi razılaşmanı ratifikasiya etməklə, necə deyərlər, topu Rusiya tərəfinə atıb. İndi Gürcüstan Ümumdünya Ticarət Təşkilatındakı tərəfdaşları ilə birlikdə öz missiyasını yerinə yetirdiyini, artıq Moskvanın növbəsi olduğunu bəyan edə bilər. Bununla da, Tbilisi Moskva ilə müqayisədə siyasi mənada daha əlverişli mövqedədir. Amma bu razılaşmanı imzalaması Gürcüstan hökumətini ciddi tənqidlərlə də üz-üzə qoyub. Gürcü ictimaiyyətinin bir hissəsi hesab edir ki, ratifikasiya olunmuş sənəd Gürcüstanın maraqlarına cavab vermir.

Birincisi, Gürcüstan üçün bütün mənalarda strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yoludur. İkincisi, qeyd olunan dəmir yolunun açılması Tbilisinin regiondakı strateji tərəfdaşları - Azərbaycan və Türkiyə tərəfindən mənfi qarşılana bilər. Üçüncüsü, Suxumi-İrəvan yolu, müəyyən mənada, Abxaziya iqtisadiyyatına da müsbət təsir göstərəcək və Suxumi separatçılarının mövqeyini gücləndirəcək. Amma burada, əlbəttə ki, əks proses də baş verə, Abxaziya iqtisadi baxımdan Gürcüstandan asılı duruma düşə bilər.

Hər halda, Tbilisinin Suxumi-İrəvan dəmir yolunun açılmasına razılıq verməsinin əleyhinə olan ciddi arqumentlər var. Güman ki, hökumət bunu bilir və bir sıra səbəblərdə son nəticədə dəmir yolunun işləməyəcəyinə ümid edir. İlk növbədə, sanksiyalarla üzləşmiş Rusiyanın bu dəmir yolunun bərpasına xərcləməyə pulu və buna həvəsi yoxdur. Bununla yanaşı, razılaşmada Abxaziya ilə Cənubi Osetiya iştirak etmir. Yəni dəmir yolunda işlər «müstəqil» abxazların və cənubi osetiyalıların fikri soruşulmadan aparılmalıdır. Bu, Suxumi ilə Sxinvalinin heysiyyətinə toxunacaq. Nəhayət,

Tbilisi Rusiya ilə razılaşmadan son anda imtina etmək üçün kifayət qədər səbəb tapa bilər.

- Yeri gəlmişkən, Suxumi-İrəvan dəmir yolunun açılışının əleyhinə olan daha bir amil. Samtsxe-Cavaxetiyanın erməni separatçıları liderləri Çaxalyanın simasında bu regionun Ermənistana birləşdirilməsinin zaman məsələsi olduğunu dəfələrlə bəyan edib. Onlar iddia edir ki, bu işin gecikməsi Poti və Batumidən Ermənistana daşınan yüklərin Cavaxetiyadan keçməsi üzündən ləngiyir. Belə çıxır ki, alternativ yolun açılması separatçıların əl-qolunu da açacaq?

- KİV-də Cavaxetiyanın separatçılıq ocağı olduğuna dair xəbərlər dolaşsa da, regionda vəziyyət sabitdir. Səbəb Gürcüstan tərəfinin erməni millətçilərini təhrik etməməyə çalışmasıdır. Əlbəttə, orada separatçı əhvallı insanlar var. Lakin regionda Gürcüstanın ərazi bütövlüyünə hər hansı təhlükənin olduğunu demək doğru olmazdı. 1990-cı illərin əvvəllərində separatçılar mitinqlər, konqreslər və digər tədbirlər təşkil edirdisə, indi vəziyyət ciddi şəkildə dəyişib.

Düşünürəm ki, Suxumi-İrəvan dəmir yolunun açılması da Cavaxetiyada separatçılığı gücləndirməz. Abxaziyadan Ermənistana gedən yol bütünlükdə Qərbi Gürcüstandan keçir. Cavaxetiyada nəsə baş verərsə, bu yolu bağlamaq çətin olmayacaq.

Ermənistan üçün Gürcüstan dünyaya pəncərədir. Ermənistanın MDB-yə və Aİ-yə çıxışı da Gürcüstan vasitəsilədir. Ermənilərin İran vasitəsilə dəmir yolu çəkmək planı var idi. Lakin layihə həddindən artıq baha - 4 milyard dollar - olduğundan, ondan imtina edilib. Ermənistanda bu qədər pul yoxdur. Rusiya isə Ermənistanla İranı birləşdirəcək yolun çəkilişində maraqlı deyil.

- Sarqsyanın Tbilisiyə səfəri zamanı Ermənistan və Gürcüstanın müdafiə nazirləri ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıb. NATO-ya üzv olmağa çalışan Gürcüstanın KTMT üzvü Ermənistanla əməkdaşlığı nədən ibarət ola bilər?

- Bildiyimə görə, orada erməni hərbçilərinin NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində keçirilən hərbi təlimlərdə iştirakı müzakirə edilib. Bir də hərbi tibb sahəsində əməkdaşlıq, silah satışı və mübadiləsi sahəsində heç bir perspektiv ola bilməz.

- Bir müddət əvvəl erməni kilsəsi Gürcüstan hökumətini məhkəməyə verib - səbəb ermənilərin özününkü hesab etdiyi məbədin gürcü pravoslav kilsəsinə verilməsidir. Kilsə və abidələrin kimə məxsus olduğuna dair mübahisələr İlya Çavçavadzenin dövründən gedir. Gürcüstan ərazisindəki 200-dən artıq kilsənin erməni icması ilə mübahisə obyekti olduğu haqda xəbərlər doğrudurmu?

- Əksəriyyəti Cənubi Gürcüstanda yerləşən bu 200-dən artıq kilsə ətrafında mübahisələr bitmir. Müsbət məqam bu mübahisələrin dövlət səviyyəsində aparılmamasıdır. Məsələ ondadır ki, Gürcüstan da Ermənistana qarşı müəyyən iddialar irəli sürə bilər. Ermənistan bu ölkənin mədəni irsinin bir hissəsinə iddia edir. Hələlik hökumətlər səviyyəsində qarşılıqlı iddialara rast gəlinmir. Ekspertlər səviyyəsində mübahisələr isə deyəsən, tezliklə bitməyəcək.

- 2018-ci ildən Gürcüstan Azərbaycan qazının istehlakına başlayıb. Bu, «Qazprom»la qaz alış-verişinə dair danışıqların bitdiyi anlamına gəlirmi?

- «Qazprom»dan qaz alışı Rusiya qazının Ermənistana tranzit olaraq Gürcüstan ərazisilə daşınması ilə bağlı idi. «Qazprom» tranzitə görə ödənişin qaz deyil, pul ödənməsini təklif edirdi. Danışıqlar da bunun ətrafında aparılırdı. Nə vaxtsa Gürcüstanın Rusiyadan qaz alması məsələsinin qaldırılıb-qaldırılmayacağını demək çətindir. Hələlik Gürcüstanın qaza olan tələbatını Azərbaycan ödəyir. Tbilisi mənbələri şaxələndirmək qərarına gələrsə, optimal variant İran ola bilər. Amma bunun da öz çətinlikləri var. Hazırda Gürcüstan qaz anbarları tikməkdədir. «Mavi yanacağ»ı strateji tərəfdaşı və etibarlı tədarükçüsü olan Azərbaycandan alan Gürcüstanın enerji daşıyıcılarından məhrum ola biləcəyilə bağlı narahatlığı yoxdur.

 



MƏSLƏHƏT GÖR:

531