29 Mart 2024

Cümə, 14:54

FARS MOTİVLƏRİ

İranda növbəti çaxnaşmanın arxasında nə durur?

Müəllif:

15.01.2018

İranda baş vermiş kütləvi etiraz aksiyaları dünya ictimaiyyətinin diqqət mərkəzində qalmaqdadır. Etiraz dalğasının piki ötən ilin son və yeni ilin ilk günlərinə təsadüf edib. İslam respublikasının əksər şəhərlərini bürümüş etiraz dalğası, ilk növbədə, İranın daxili siyasi və iqtisadi problemlərilə bağlı olsa da, məsələyə həm də müəyyən xarici dairələrin Tehranın regional və qlobal mövqeyinə təsir göstərmək istəyi kontekstindən baxmaq lazımdır.

 

«İslahatçılar»la «mühafizəkarlar»

İran növbəti kütləvi təlatüm dalğasını yaşamaqdadır. Ölkədə son belə hadisələr 2009 və 2014-cü illərdə yaşanmışdı. Lakin həmin illərdə baş vermiş iğtişaşlar bu və ya digər formada, prezident seçkilərilə bağlı idi. O zaman küçələrə qalib elan olunmuş namizədin uğuruna şübhə ilə yanaşanlar çıxmışdı. Tehranı, eyni zamanda Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərləri bürümüş budəfəki etiraz dalğası isə gözlənilməz olub. Çünki ölkədə konkret seçki prosesi getmir. Bununla yanaşı, ona İranın daxili siyasi konfiqurasiyasından, mövcud sosial-iqtisadi problemlərdən kənar baxmaq olmaz.

KİV-in məlumatına görə, iğtişaşlar nəticəsində, ən azı, 20 nəfər həlak olub. İran hökuməti ölkəyə tam nəzarət etdiyini bildirir. Bununla yanaşı, qarşıdurmalar zamanı minlərlə insan saxlanılıb. Onların əksəriyyəti bir müddət sonra azadlığa buraxılsa da, Tehran «qiyamçılar»la «diversantlar»ı həbsdə saxlayıb. Hökumət məhz onları hakimiyyət əleyhinə iğtişaşların əsas təşkilatçıları sayır.

Maraqlıdır ki, İran rəhbərliyi etiraz aksiyalarının gedişində xalqın narahat olduğu məsələlərə etirazını bildirmək hüququnun olduğunu dəfələrlə bəyan edib. Prezident Həsən Ruhani isə, hətta qiymət artımı, işsizlik kimi daxili problemlərin həllilə daha ciddi məşğul olacağını bildirib.

Son illərdə İranda sosial-iqtisadi problemlər, həqiqətən də, artıb. Halbuki xalq Tehrana tətbiq edilmiş beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra vəziyyətin yaxşılaşacağını gözləyirdi. Bu gözləntilərə rəğmən, 2017-ci ildə ölkədə ərzaq məhsullarının qiyməti kəskin artıb, vergilər artırılıb, sosial müavinətlər isə azaldılıb. Etiraz aksiyalarının əsas iştirakçıları olan gənclər arasında işsizlik 28,8%-ə çatıb. İctimai etiraza yol açmış səbəblər arasında hökumətin yanacağın qiymətinin, təxminən, 50% artırılması ilə bağlı qəbul etdiyi qərar da var. Qeyd edək ki, hökumət bu qərarı ötən il dekabrın 19-da qəbul edib.

Prezidentin məsləhətçisi Hesamodin Aşnanın 2018-ci ilin dövlət büdcəsinin «balanslı bölüşdürülmədiyinə» dair tənqidi çıxışı isə insanların səbrini daşıran son damla olub. Ortaya çıxan bir sıra məqalələr, həmçinin ötən illərin büdcələrinə dair məlumatlar büdcəni hazırlayanların nəinki rasionallığını, hətta dürüstlüyünü belə, şübhə altına qoyub. Məlum olub ki, dövlət büdcəsinin, təxminən, yarısı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK), həmçinin ölkə daxilində müxtəlif müsəlman təşkilatlarının dəstəklədiyi və faktiki olaraq, İran iqtisadiyyatının bir çox sahələrinə nəzarət edən «Mostazafan» İslam İnqilabı Fondunun maliyyələşdirilməsinə xərclənir.

Dövlət siyasətinin bu məqamlarına etiraz edən nümayişçilər sonda prezident Həsən Ruhaninin və onun başçılıq etdiyi hökumətin istefası tələbini də səsləndirməyə başlayıb. Bütün bunlar İranın siyasi elitası daxilində ziddiyyətlərin artdığını bir daha ortaya qoyub. Büdcə ilə bağlı sirlərin prezidentin məsləhətçisi tərəfindən açıqlanması göstərir ki, islahatçı Ruhaninin ətrafı İİKK, İslam İnqilabı Fondu kimi «mühafizəkar» mərkəzlərə həddindən artıq maliyyənin ayrılmasına son qoymaq qərarına gəlib. Çünki məhz bu üzdən hökumət sosial layihələrin reallaşdırılmasına ayrılmalı olan maliyyəni xeyli azaltmaq məcburiyyətində qalır.

Lakin etiraz aksiyaları zamanı Ruhaninin istefasının tələb olunması göstərir ki, «mühafizəkarlar» xalqın qəzəbini «islahatçı» hakimiyyətə qarşı yönəldə bilib. Hər halda, sosial-iqtisadi xarakterli bütün problemlərdə formal olaraq günahkar mövcud hökumətdir. «İslahatçı» KİV-in hökumət əleyhinə etirazların arxasında İranın sabiq baş prokuroru İbrahim Raisinin dayandığına açıq eyhamları da təsadüf deyil. Xatırladaq ki, son prezident seçkisində Ruhaninin opponenti kimi, mühafizəkarlar məhz Raisinin namizədliyini dəstəkləyirdi.

Sabiq prezident Mahmud Əhmədinejada yaxınlığı ilə də tanınan Raisi 2 il əvvəl «Astan Qüds Razavi» adlı xeyriyyəçi islam fonduna da başçılıq etməyə başlayıb. Söhbət büdcədən kifayət qədər ciddi vəsaitin ayrıldığı təşkilatdan gedir. Yeri gəlmişkən, 20 minədək insanın çalışdığı bu qurumun mənzil-qərargahı məhz son təlatümlərin mərkəzində - Məşhəddə yerləşir.

Bütün bunlarla yanaşı, «islahatçı-mühafizəkar» qalmaqalı ölkədəki etiraz dalğasının daha ciddi tərəfini «malalamaq» iqtidarında deyil. Təsadüfi deyil ki, həm mötədil Ruhaninin tərəfdarları, həm də İslam Respublikasının rəhbərinin - ayatolla Əli Xameneinin ortodoksal ətrafı baş verənləri şərh edərkən məhz bu tərəfə diqqət yetiriblər. Söhbət ölkədaxili problemlərə ölkə xaricindən müdaxilə etmək cəhdindən gedir. Və həm «islahatçılar», həm də «mühafizəkarlar» məhz bu məqama toxunaraq etiraz aksiyalarının dərhal dayandırılmasını vacib sayırlar.

 

«Kənar təhrikçilər»

İran rəhbərliyi isteblişmentdə getdikcə artan ziddiyyətlərə rəğmən, etirazların yalnız daxili problemlərlə deyil, kənar müdaxilələrlə baş qaldırdığına dair vahid mövqe ortaya qoyub. «Kənar müdaxilə» dedikdə, ilk növbədə, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı nəzərdə tutulur. İran İslam Respublikasının ali dini lideri Xamenei bəyan edib ki, «İranın düşmənləri ən müxtəlif resurslardan, o cümlədən maliyyə, silah, siyasət və xüsusi xidmət orqanlarından istifadə edərək, ölkəmizdəki islam rejiminə meydan oxumaq qərarına gəlib».

Tehran, bununla bağlı, ortaya konkret faktlar qoymasa da, ölkənin müxtəlif şəhərlərində baş qaldırmış etiraz aksiyalarına dünyanın müxtəlif gücləri tərəfindən dəstək kifayət qədər açıq idi. Məsələn, ABŞ Dövlət Departamenti Vaşinqtonun Tehrana yeni sanksiyaların tətbiqi məsələsini qaldırmağa hazır olduğunu bəyan edib. MKİ-nin rəhbəri Maykl Pompeo isə İrandakı dövlət quruluşunu «keçmişə aid teokratik rejim» adlandırıb, hətta İranın daxili işlərinə müdaxilə sayıla biləcək bəyanat verib: «İranlılar hakimiyyətə qarşı qiyamı davam etdirəcək və bu, son deyil». Məsələyə şəxsən ABŞ prezidenti Donald Tramp da münasibət bildirib. O, «vaxtı çatdıqda İran xalqına kömək edəcəklərini» deyib.

Ağ Ev sahibinin vədində nəyin gizləndiyini anlamaq çətin deyil. ABŞ-ın İraq, Liviya, Suriya və Amerikanın «parlaq demokratik gələcək» vəd etdiyi bir sıra digər ölkələrdə xalqlara necə yardım etdiyini hər kəs bilir. ABŞ Tehrana təzyiq vasitəsi kimi, dəfələrlə istifadə etdiyi diplomatik alətə də əl atıb - o, BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb. ABŞ-ın qurumdakı nümayəndəsi Nikki Heyli toplantıdakı çıxışında İran hakimiyyətinin ünvanına hədələr səsləndirib, Tehranın əməllərinin bundan sonra «diqqətdə saxlanılacağını» bəyan edib.

Vaşinqtonun bu «diqqətdə saxlamaq»la təzyiq üsuluna bir sıra ölkələr qatılmayıb və İranda baş verənlərə ehtiyatla yanaşmağa üstünlük verib. Maraqlıdır ki, burada söhbət yalnız ABŞ-ın Rusiya, Çin kimi ənənəvi rəqiblərindən getmir. Onlar gözlənildiyi kimi, Vaşinqtonu İranın daxili işlərinə müdaxilədən çəkinməyə çağırıb, müxtəlif ölkələrdəki daxili vəziyyətin BMT TŞ-nin səlahiyyətlərinə aid olmadığını bildirib. Onlarla yanaşı, Fransa da İranda vəziyyətin qarışdırılmasına qarşı çıxıb. Ölkənin BMT-dəki daimi nümayəndəsi Fransua Delattr «İrana dəyişikliklərin kənardan deyil, İran xalqının özü tərəfindən gətiriləcəyinə» ümidini ifadə edib.

Fransa prezidenti Emmanuel Makron isə iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığında ölkəsinin artıq Tehranı şər dövlət, terrora dəstək verən, regionda sabitliyi pozan qüvvə saymadığını bildirib. Yelisey Sarayının sahibi, bununla da, Parisin İrana yanaşması ilə Vaşinqtonun yanaşması arasında fərqin olduğunu ortaya qoyub. Maraqlıdır ki, Parisin bu mövqeyi Tehranın beynəlxalq sanksiyalardan xilas olmasından sonra onunla iqtisadi əməkdaşlığı genişləndirməyi düşünən əksər nüfuzlu Avropa dövlətlərinin mövqeyilə üst-üstə düşür. Vaşinqtonu da məhz İranın təcrid vəziyyətindən tam çıxması perspektivi qane etmir. Məhz bu üzdən o, mütəmadi olaraq İranın nüvə proqramının həllilə bağlı beynəlxalq plana yenidən baxıla biləcəyinə dair hədələr səsləndirir. Məlum olduğu kimi, Tehrana tətbiq edilmiş beynəlxalq sanksiyaların ləğvinə məhz həmin razılaşmanın əldə olunmasından sonra start verilib.

Ümumiyyətlə, ABŞ-ın İranda baş verənlərə reaksiyası Amerika tərəfinin Yaxın Şərqdəki siyasi proseslərə özünün qlobalist geosiyasi maraqları çərçivəsində baxdığını bir daha təsdiqləyir. İsraillə Səudiyyə Ərəbistanına gəlincə, onlar da İranın regional nüfuzunun artmasını önləməyə çalışır. Onların ABŞ-la həmrəylik nümayiş etdirməsi, İranı məsuliyyətə cəlb etmək tələbi səsləndirməsi bununla bağlıdır. Ən azından, Tehranın Suriya böhranında tutduğu mövqeyinə görə - etiraf etmək lazımdır ki, Suriyadakı proseslərin okeanın o tayındakı fövqəldövlətlərin planlarına uyğun getməməsində İranın səylərinin də təsiri az olmadı.

 

 Sabitliyə dəstək

İranın müsəlman qonşuları, ardıcıl olaraq bir-birinin daxili işlərinə qarışmama siyasəti yürüdən Türkiyə ilə Azərbaycan isə İranda sabitliyə dəstək veriblər. Kənardan qiyamın təşkilinin nə demək olduğunu yaxşı bilən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Həsən Ruhaniyə dəstək verib, ABŞ prezidenti Donald Tramp ilə İsrailin baş naziri Binyamin Netanyahunu isə İranda qiyamçıları dəstəkləməkdə təqsirləndirib.

Rəsmi Bakı da İranda vəziyyətin tezliklə sabitləşməsini, hər şeyin ölkənin qanunvericiliyinə uyğun bitməsini arzulayıb. Bu, Azərbaycanın xarici siyasi strategiyasına tam uyğundur. Bakı üçün prioritet regional təhlükəsizliyin və əməkdaşlığın dəstəklənməsidir. Rəsmi Bakının Cənubi Azərbaycan mövzusu ilə bağlı ölçülüb-biçilmiş mövqe nümayiş etdirməsi də bundan irəli gəlir.

Yeri gəlmişkən, İranda yaşayan azərbaycanlılar bu ölkənin əsasən farsların məskunlaşdığı şəhərlərində baş qaldırmış etiraz aksiyalarına, demək olar ki, qatılmayıblar. Bu mənada müşahidəçilər bir məqamı xatırladır: İranda indiyədək azərbaycanlıların dəstəkləmədiyi heç bir etiraz hərəkatı qalib gələ bilməyib. Deyəsən, bu dəfə də elə olub. Hər halda, «İran rejimi ilə mübarizə aparanlar»ın etirazçı enerjisi artıq xeyli azalıb.



MƏSLƏHƏT GÖR:

395