29 Mart 2024

Cümə, 12:43

MİNİMUM PROQRAM

2018-ci ildə Azərbaycan makroiqtisadi sabitliyi qoryuyacaq və ixrac potensialını gücləndirəcək

Müəllif:

15.01.2018

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dərin iqtisadi islahatlar ili" adlandırılan 2017-ci ili yola salan ölkə rəhbərliyi hökumət qarşısında iqtisadiyyatı sabitləşdirmək və dövlət gəlirlərini şaxələndirmək məqsədi ilə bağlı yeni vəzifələr qoyur. Neft amilinin dominantlığından tədricən uzaqlaşmaq son nəticədə iqtisadiyyatı xarici qiymət stresslərindən qorumaqla yanaşı, enerji ehtiyatlarının satışından yığılmış vəsaitləri gələcək nəsillərə də saxlamağa imkan yaradacaq. Xatırladaq ki, ötən il iqtisadiyyatın qeyri-neft sektoru, ümumilikdə, 2,5%, sənaye sahəsində isə 3,6% artıb.

 

Az borc, daha çox sərmayə  

Azərbaycan iqtisadi islahatlar yolu ilə iqtisadiyyatda sabitliyin qorunub saxlanmasına nail olur ki, bu, nüfuzlu beynəlxalq maliyyə strukturları tərəfindən də təsdiqlənir və qeyd olunur. Belə ki, Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2017-ci ildə rəqabət qabiliyyəti baxımından iki addım ilə yüksələn Azərbaycan iqtisadiyyatı qlobal miqyasda 35-ci yerdədir ki, bu, yüksək nəticədir.

Bununla yanaşı, neft qiymətlərinin dəyişməsinin Azərbaycan iqtisadiyyatına təsiri, dövlət büdcəsinin birbaşa gəlirlərinin aşağı düşməsi hökuməti Dövlət Neft Fondundan (ARDNF) transfer xəttini genişləndirməyə məcbur edir. Bu da öz növbəsində, fondun özündə saxlanılan ehtiyyatların həcminə mənfi təsir göstərir. Düzdür, vəziyyət təhlükəli həddən çox uzaqdır, ancaq Prezident İlham Əliyev tərəfindən Nazirlər Kabinetinin geniş toplantısında 2018-ci il üçün müəyyən etdiyi əsas vəzifələrdən biri Neft Fondunun gəlirlərinin artması olub. Digər bir paralel məqsəd isə xarici dövlət borcunu azaldılmasıdır.

Daha öncə maliyyə naziri Samir Şərifov bildirmişdi ki, 2018-ci ildə Azərbaycan xarici borclara xidmət üzrə büdcə xərclərini 37,8% artıraraq 2,6 mlrd. manata çatdıracaq. Xərclərin artımı Azərbaycan Beynəlxalq Bankının borclarının ödənməsi ilə bağlıdır.

«Biz heç bir maliyyə qurumundan asılı deyilik. Biz kreditlər alırıq. Ancaq onu da qeyd etməliyəm ki, kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq», - deyə dövlət başçısı vurğulayıb. O, əlavə edib ki, dünya miqyasında Azərbaycanın xarici borcunun səviyyəsi aşağı yerlərdən birindədir, ancaq xarici borc daha da azaldılmalıdır.

Buna o qədər də vacib olmayan layihələrə xarici borc götürməkdən imtina etməklə nail olmaq mümkündür. «Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik. Yoxsa hansısa binanın tikintisinə, yaxud da ki daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil», - deyə İ.Əliyev vurğulayıb.

Sonucda, bütün bunlar ölkənin valyuta ehtiyatlarına təsir göstərir, onlar da öz növbəsində iqtisadi sabitliyin və etibarın əsasında dayanır. 2017-ci ilin sonuna ehtiyatlar 42 mlrd. $ təşkil edib ki, ölkə əhalisinin sayı nəzərə alındıqda bu, ölkəni dünya miqyasında adambaşına valyuta ehtiyatları üzrə aparıcı yerlərdən birinə çıxarır. «Həm iqtisadi sabitlik, valyuta ehtiyatlarımız, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində bizə kömək göstərəcək», - deyə İ.Əliyev bildirib.  

Bildirmək gərəkdir ki, keçən il bu sahədə xüsusi problem olmayıb və ölkə iqtisadiyyatına 14,6 mlrd. $-ın cəlbi qeydə alınıb. Deməli, Azərbaycan sərmayəçi kapitalının müdafiəsinə zəmanət təmin edən sabit dövlət imicini qorumaqda davam edir. Proqnozlara görə, bu göstərici cari ildə 15 mlrd. $-a qədər qalxa bilər. Dövlət başçısının sözlərinə görə, 2018-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin ediləcək. "Keçən ilin son aylarında makroiqtisadi vəziyyət sabitləşmişdir, inflyasiyanın səviyyəsi aşağı idi. Əminəm ki, bu müsbət meyillər 2018-ci ildə daha da güclənəcək. Manatın məzənnəsi sabitdir", - deyə dövlət başçısı bildirib.

 

Dövlət dəstəyi davam edir

Bütünbunlar 2018-ciilinqlobalproqnozlarıdır. Hökumətin konkret məqsədləri ötən il əldə edilmiş nailiyyətləri gücləndirmək məqsədilə əsasən ixracata yönələn istehsal sahələrini əhatə edir. S.Şərifovun səsləndirdiyi ilkin statistikaya görə, 2017-ci ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 21,8 milyard $ təşkil edib. İxrac eyni zamanda 19% artaraq 14 mlrd. $-dan çox olub, idxal isə yalnız 1% artıb ki, bu da Azərbaycanın yerli istehsal vasitəsilə daxili tələbatını daha böyük həcmdə təmin etməsi ilə bağlıdır.  

Beləliklə, ixrac potensialının genişləndirilməsi çərçivəsində sənaye parklarının və məhəllələrin inkişafına, yeni istehsal xətlərinin açılmasına xüsusi diqqət yetirilir. Bu il təkcə 10-a yaxın xalça fabriki açılacaq ki, bu da onların ümumi sayını iki dəfə artıracaq. Bundan əlavə, kənd təsərrüfatının inkişafı ilə əlaqədar olaraq, Azərbaycan Davos Dünya İqtisadi Forumunun ərzaq təhlükəsizliyi indeksi üzrə mövqeyini kifayət qədər yaxşılaşdıra bilər (2017-ci ildə 57-ci yerdə olub).

«Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın»,- deyə İ.Əliyev bildirib və xatırladıb ki, ötən il kənd təsərrüfatında 4,1% olub. Onun sözlərinə görə, keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bu sahələrdə qəbul edilmiş bir neçə dövlət proqramı böyük inkişafa səbəb olub.  

Özəl sektora dövlət dəstəyi bu il də davam edəcək. Belə ki, bu il Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) qeyri-neft biznes layihələrinə 170 milyon manat kredit yönəldiləcək. Özü də bu vəsaitlər dövlət büdcəsindən deyil, fondun özü tərəfindən vaxtında verilmiş kreditlər hesabına toplanmış vəsaitlərdən ayrılacaq. "Bu, ilk növbədə, onu göstərir ki, dövlətdən kredit alan sahibkarlar öz məsuliyyətlərini dərk edirlər və bu kreditləri qaytarırlar. Digər tərəfdən onu göstərir ki, vaxtilə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılmış vəsait işləyir. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik", - deyə dövlət başçısı bildirib.

Beləliklə, Azərbaycanda iqtisadi artım templərinin sürətləndirilməsi üçün bütün şərait mövcuddur və buna sadəcə hökumət tərəfindən deyil, nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən də əminlik nümayiş edilir. Dünya Bankının internet saytında yayımlanan «Global Economic Prospects» yanvar hesabatına görə, 2018-ci ildə Azərbaycanın ÜDM-nin artımı 0,9%, 2019-cu ildə - 1,5%, 2020-ci ildə - 2,6% təşkil edəcək.

Hökumətin proqnozları isə daha optimistdir: 2018-ci ildə ÜDM-in artımı 1,5%, 2019-cu ildə 4%, 2020-ci ildə isə 3,7% proqnozlaşdırılır. Üstəlik, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qarşıya qoyulan öhdəliklər bütün texniki və maliyyə imkanları olan minimum proqramlardır. Yeni islahatların və təşəbbüslərin həyata keçirilməsi bu ilin statistik göstəricilərini daha da yaxşılaşdıra bilər.



MƏSLƏHƏT GÖR:

379