28 Mart 2024

Cümə axşamı, 19:27

VAR GÜCÜ İLƏ

Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov: “Dünya miqyasında mövqeyimizi qoruyub saxlamalıyıq”

Müəllif:

01.02.2018

Ta qədimdən güləş Azərbaycanda ən çox seçilən idman növlərindən olub. Güləşçilərimizin aktivində dünya, Avropa və Yay Olimpiya Oyunlarının medallarından ibarət böyük kolleksiya var. Elə Azərbaycanın əsas olimpiya ümidləri də ənənəvi olaraq güləşlə bağlı olur.

Bu mənada son aylar Azərbaycan Güləş Federasiyasında baş verən dəyişikliklər diqqətdən kənarda qala bilməzdi. Əvvəlcə sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudov Federasiyanın birinci vitse-prezidenti postuna gətirildi. Ardınca Rəşad Əli-Zadə vəzifəsindən azad edilərək Orxan Məmmədov Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olundu.

“Region plus”, milli federasiyada baş verən dəyikşikliklər və ölkədə güləşin perspektivləri barədə yığmanın baş məşqçisi,federasiyanın yeni vitse-prezidenti Firdovsi Umudovla söhbət edib.

- Son zamanlar Azərbaycan Güləş Federasiyasında baş verən dəyişikliklər mediada geniş müzakirə olunur. Siz indi həm Federasiyanın birinci vitse-prezidenti, həm də yığmanın baş məşqçisi kimi çalışırsınız. Çətin deyil?

- Əvvəlcə, onu deyim ki, çətin də olsa mümkündür. Kənardan gəlməmişəm. Uzun illərdir idmandayam. Son illər sərbəst güləş üzrə yığmanın məşqçilər korpusunda işləyirəm. İndi hər iki işi yüksək səviyyədə yerinə yetirməyə çalışacam. Federasiya rəhbərliyi böyük etimad göstərdi, biz də bu etimadı doğrultmaq üçün gecə-gündüz çalışmağa hazırıq. Səhərlər federasiyaya gedirəm. Saat 11-12-yə qədər otağımda oluram, cari işlərimi görürəm. Ardınca artıq millinin düşərgəsində məşqlərə rəhbərlik edirəm. Hər iki işi çatdırmaq o qədər çətin deyil. Çünki güləş mənim həyatımın bir hissəsidir. Özümü idmandan kənarda təsəvvür etmirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə idmançılarına yüksək səviyyədə hazırlıq keçmək üçün gözəl şərait yaradıb. Belə şəraitdə uğur qazanmaq bizim borcumuzdur.

- Federasiyada dəyişikliklər davam edəcəkmi? Bəlkə, məşqçilər korpusunda da yeni adlar olacaq?

- Bu qaydada davam edəcəyik. Dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Olimpiya Oyunlarının ikiqat mükafatçısı Rövşən Bayramovla olimpiadanın bürünc medalçısı Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza - Əşrəf Əliyevlə Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və həvəslidirlər. Öz bilik bacarıqlarını yığma komandada davam etdirəcəklər.

- Əsas hədəf nə olacaq?

- Güləşçilərimiz son 10 ildə mütəmadi olaraq Qitə və Dünya çempionatlarından, Olimpiya Oyunlarından yüksək əyarlı medallarla qayıdıb. İstər yeniyetmələr, istər gənclər, istərsə də böyüklər həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşi üzrə mötəbər beynəlxalq yarışlarda komanda hesabında ilk üçlükdə qərarlaşıb. Uğurlu çıxışlarımızı davam etdirməliyik. Hədəflərimizdən biri yığmada dəmir nizam-intizamın olmasıdır. Bu, uğurun əsas "açarı"dır. Bunu idmançılarımıza da demişəm. Hər bir idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdır. Məqsəd yeniyetmələrin Yay Olimpiya Oyunlarında maksimum sayda güləşçi ilə iştirak və yüksək əyarlı medallar qazanmaqdır. Artıq indidən Tokio-2020-yə hazırlaşırıq. Bütün yaş kateqoriyalarında yüksək səviyyədə iş olmalıdır.

Qarşıda bizi bütün yaş kateqoriyalarında Avropa və Dünya çempionatları, yeniyetmə güləşçilərin Yay Olimpiya Oyunları gözləyir. Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında da ən azı Sinqapur və Nanjinq Olimpiadalarındakı uğuru təkrarlamalıyıq. İllik təqvim planımız bəllidir, güləşçilərimiz məşqləri plana uyğun olaraq davam etdirir. 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarına qədər hazırlıqlarımız ən yüksək səviyyədə davam edəcək. Əminəm ki, əziyyətimiz yerdə qalmayacaq.

 - Bizimlə görüşə milli komandanın məşqindən gəlirdiniz. Hazırlıq necə gedir?

- Hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlıqlarını davam etdirir. Yunan-Roma güləşçilərimizin bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir. Fevralda sərbəst güləşçilərimizin də İranda keçiriləcək turnirdə iştirakı gözlənilir. Daha sonra isə yığma komandalarımız Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək yarışda iştirak edəcəklər. Orda həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Bu il sərbəst güləş yığmamız həm də ABŞ-da keçiriləcək Dünya Kubokunda qüvvəsini sınayacaq. Məhz İran və Ukraynadakı turnirlərdən sonra biz Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik.



MƏSLƏHƏT GÖR:

410