24 Aprel 2024

Çərşənbə, 19:06

MİLLƏTLƏR LİQASINDAN AVRO-2020-yə

Futbol üzrə Qitə Birinciliyinin final mərhələsi Azərbaycan üçün əlçatmaz deyil

Müəllif:

01.02.2018

İsveçrənin Lozanna şəhərində UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ilk mövsümünün püşkü atılıb. Ən zəiflərin qərarlaşdığı D liqasında yer alan Azərbaycan millisinin bəxtinə nisbətən arzulanan rəqiblər qismət olub. Püşk Qurban Qurbanovun komandasını Kosovo, Farer adaları və Maltaya rəqib edib.

Dörd oyunu ölkəmizdə baş tutacaq AÇ-2020-yə vəsiqə qazanmaq üçün bundan gözəl şans ola bilməz. Sadəcə, yığmaya yüksək səviyyədə hazırlıq keçməklə oyuna ciddi hazırlaşmaq lazımdır. Çünki rəqib ölkələrin hər biri yığmamıza ciddi müqavimət göstərməyə çalışacaq.

 

Əsas rəqib

Kosovo UEFA və FİFA-ya 2016-cı ildə üzv olub. Lakin yenicə formalaşmış bu yığmaya qapazaltı kimi yanaşanların rəqibin heyətlərinə nəzər salmaları məsləhətdir. Kosovonun heyətində seçmə mərhələ oyunlarında iştirak etmiş futbolçuların, demək olar, hamısı legioner həyatı yaşayır. Oyunçuları Xorvatiya “Dinamo”sunu, “Hayduk”unu, İtaliya “Roma”sını, Ukrayna “Vorskla”sını, İsveçrə “Qrasshoppers”ini, “Lutsern”ini, Danimarka “Bröndbü”sünü, Hollandiya “Vitess”ini, “Herenven”ini, “Roda”sı və digər klubları təmsil edir.

Azərbaycanın ölkə xaricində legioner həyatı yaşayan 2-3 normal futbolçusu varsa, Kosovo yığmasının oyunçularını öz ölkələrində tapmaq müşkül məsələdir. Təkcə ötən il milliyə dəvət edilən 33 oyunçunun hər birinin legioner həyatı yaşadığını vurğulamaq kifayətdir. Onlardan yalnız 2-si hazırda klubsuzdur.

2018-ci il Dünya Çempionatının seçmə mərhələsində Kosovonun rəqibləri İslandiya, Xorvatiya, Ukrayna, Türkiyə və Finlandiya idi. Doğrudur, güclü rəqiblərlə oyunlarda heç nə ilə yadda qala bilmədilər. Təsəlliləri yalnız Finlandiya ilə heç-heçə (1:1) oldu. Lakin həm yığma üzvlərinin şərəfini qoruduğu klubların adına, həm də Kosovonun son ilyarımda keçirdiyi oyunlardakı nəticələrə baxanda, Azərbaycan yığmasının əsas rəqibinin bu komanda olacağı sirr deyil.

 

Layiqli rəqib

Farer adalarının futbolçuları əsasən İslandiya, Norveç və Danimarka birinciliklərində top qovur. Elə də adlı-sanlı olmasalar da, kifayət qədər təhlükəli rəqibdir. Son seçmə mərhələdə rəqibləri Portuqaliya, İsveçrə, Macarıstan, Latviya və Andorra yığmaları olub. Latviya ilə Andorranı udan adalılar həmin Latviya və Andorra, həmçinin Macarıstanla heç-heçə edib. Yekunda 9 xal toplayaraq qrupu 4-cü yerdə başa vurublar. Rəqib qapılarından 4 top keçirdikləri halda, öz qapılarında 16 top görüblər. Müqayisə üçün qeyd edək ki, son seçmə mərhələdə rəqiblər Azərbaycan yığmasını 19 dəfə mərkəzə dəvət etmişdilər. Onu da xatırladaq ki, yığmamız FİFA reytinqində Farer adalarından 21 pillə geridədir.

 

Qrupun autsayderi

Qərarlaşdığımız qrupun autsayderi kimi birmənalı şəkildə Maltanı göstərmək olar. Həvəskar futbolçulardan qurulan bu ölkənin yığmasının bizimkilərin 5 qol vurduğu San Marino millisindən ciddi mənada fərqi yoxdur. Hərçənd Maltanın da bizdən fərqli olaraq, ölkə xaricində çıxış edən futbolçuları var. Lakin onlar heç də adlı-sanlı klublarda çıxış etmirlər. İtaliyanın C seriyası, İngiltərənin 2-ci liqası, İsveçrənin 2-ci dəstəsi, yaxud Avstraliyanın elitası qorxulu çempionat sayılmır. Maltalıların DÇ-2018-in seçmə mərhələsində yer aldıqları F qrupundakı rəqibləri İngiltərə, Şotlandiya, Slovakiya, Sloveniya və Litva idi. Maltalılar yalnız Litva ilə heç-heçə (1:1) oynayaraq digər 9 oyunun hamısını uduzublar. 10 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapıblar.

 

Qorxan gözə çöp düşər

Rəqiblərə nəzər yetirdikdə futbolçularının əksəriyyəti xarici klublarda legioner həyatı yaşayır. Lakin bu bizi qorxutmamalıdır. İndiyədək Malta və Farer adaları ilə əvvəllər qarşılaşmışıq. Farer adaları ilə yalnız 1996-cı ildə yoldaşlıq görüşündə üz-üzə gəlmişik və 3:0 hesablı qələbə qazanmışıq. Malta isə 6 dəfə millimizə rəqib olub, fərqli nəticələr qeydə alınıb.

Yeni baş məşqçi Qurban Qurbanovun beynəlxalq təcrübəsi az deyil. Qarşıda, təxminən, 8 ay vaxt olduğunu nəzərə alsaq, baş məşqçinin istədiklərini müəyyən mənada həyata keçirə biləcəyinə ümid etmək olar. Yəni qrupu birinci yerdə bitirmək Azərbaycan yığması üçün çətin olmamalıdır. Milli ilk tapşırığın - qrupdan çıxmaq - öhdəsindən gəlməyi bacarsa, yarımfinalda digər qrupların qaliblərindən biri ilə üz-üzə gələcək.

Gürcüstan, Qazaxıstan, Latviya və Andorranın yer aldığı 1-ci qrupda ilk ikisindən birinin daha çox xal toplayacağı gözləniləndir. Bu mənada təmsilçiləri avrokuboklarda inamlı təsir bağışlayan qazaxların nisbi üstünlüyü nəzərə çarpır. Lakin legionerləri ilə güvənən gürcüləri də unutmamalıyıq.

2-ci qrupda Belarus, San Marino, Moldova və Lüksemburqdur. Belarusla Lüksemburqun şansları daha yüksək qiymətləndirilir. Son seçmə mərhələdə bu iki yığma eyni qrupda yer almışdı ki, bir matç lüksemburqluların qələbəsi ilə başa çatmış, digəri heç-heçə bitmişdi.

Və ən nəhayət, 4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllüttariq. Əsas mübarizə ilk iki yığma arasında gedəcək ki, onlardan da hansının qrup qalibi olacağını demək olduqca çətindir. 

Şanslara gəldikdə, yarımfinala vəsiqə qazanacağımız halda, rəqiblərimiz Gürcüstan, Qazaxıstan, Belarus, Lüksemburq, Ermənistan və Makedoniyadan biri olacaq. Hər biri ilə oynamaq, qələbə qazanmaq mümkündür. Bu komandalardan heç biri yığmamızdan aşkar şəkildə üstün deyil. Əsas hədəf Millətlər Liqasında qrupu 1-ci yerdə bitirməkdir. Bunu bacarsaq, illərdi arzulamağa belə çəkindiyimiz Avro-2020-yə yaxınlaşmaq mümkündür. Bundan yaxşı imkan yaxın gələcəkdə, bəlkə də, daha olmayacaq.

Püşkatma mərasimində şəxsən iştirak edən millinin baş məşqçisi Qurban Qurbanov rəqiblərə ciddi yanaşdıqlarını qeyd edib: “Qrupdakı rəqibləri daha yaxından tanımalı və oyunlara düzgün hazırlaşmalıyıq. Komandamızı daha yaxşı hala gətirmək, daha yaxşı formalaşdırmaq üçün vaxtımız var. Düşünürəm ki, turnirə qədər daha mehriban və güclü komanda yaradacağıq. Bu gün dünya futbolunda istənilən nəticə qeydə alınır. Ən zəif komanda belə, bəzən güclü rəqibinə qalib gəlir. Millətlər Liqası ilk dəfə keçiriləcək. Buna görə də, hamının gözü bu yarışda olacaq. Bütün komandalar şansdan maksimum istifadə etməyə çalışacaqlar. Bu rəqiblərlə başqa turnirdə qarşılaşsaydıq, onlarla oynamaq bizə, bəlkə də, daha asan olardı. Hər biri bu turnirə ciddi hazırlaşacaq. Bizim kimi, onlar da şanslarından maksimum faydalanmağı düşünürlər”.

Qeyd edək ki, qrup mərhələsinin nəticələri təkcə liqalar arasında yuxarı-aşağı hərəkət etmək üçün önəmli deyil. AVRO-2020-nin seçmə mərhələsinin püşkatması zamanı yığmaların səbətlərə bölünməsi məhz Millətlər Liqasının nəticələrinə görə gerçəkləşəcək. Bundan başqa, hər liqadan dir komanda AVRO-2020-nin final mərhələsinə yüksələcək. Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında öz qrupunda ən yaxşı olanlar 2020-ci ilin martında pley-offa xoşbəxtlər sırasına düşmək üçün döyüşəcək.



MƏSLƏHƏT GÖR:

425