19 Aprel 2024

Cümə, 23:14

SƏRHƏD MANEƏ DEYİL

Azərbaycanın gömrük xidməti yerli iş adamları üçün xarici ticarət əməliyyatlarını maksimum sadələşdirir

Müəllif:

01.02.2018

Azərbaycan sahibkarlarının xarici iqtisadi münasibətlərini inkişaf etdirməsi üçün heç bir maneə yoxdur. Buna Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev keçirdiyi son mətbuat konfransında əmin edib. Sözlərinin təsdiqi kimi o, ötən ilin Azərbaycan biznesi üçün uğurlu olmasını göstərən bir sıra göstəricilərə müraciət edib.

Belə ki, 2017-ci ildə Azərbaycan məhsullarının ixracı 51,1% artaraq 13,8 milyard $-a çatıb, idxal isə 8,5 milyard dollar təşkil edib və cəmi 250 milyon $ artıb. İdxalın artımı sırf əhəmiyyətli investisiya layihələri üçün ölkəyə avadanlıq gətirilməsi ilə bağlı olub. İlin yekunlarına görə, ticarət dövriyyəsinin müsbət saldosu 5 milyard dollar təşkil edib. Ümumiyyətlə, keçən il xarici ticarət əməliyyatlarında 16 min nəfər iştirak edib ki, bu, 2016-cı illə müqayisədə 2 min nəfər çoxdur.

Gömrükçülər dövlət büdcəsinə vergi və rüsumların yığılması üzrə proqnozu 16% artıq yerinə yetiriblər və büdcəyə də 2,6 mlrd. manatdan artıq vəsait köçürülüb.

 

Qaçaqmalçılıq və qadağan olunmuş mallar haqqında

Büdcə öhdəliklərinin yerinə yetirilməsi ilə yanaşı, gömrük orqanları qaçaqmalçılığa qarşı da uğurlu mübarizə aparıblar. Dövlət Gömrük Komitəsi sədrinin sözlərinə görə, 2017-ci ildə 1,6 mln. $, 22 milyon rubl və 50 min avro nağd pulun, həmçinin 1,2 mln. manat məbləğində qızıl, qiymətli daş və digər qiymətli əşyaların Azərbaycandan qanunsuz çıxarılması cəhdlərinin qarşısı alınıb.

Bununla yanaşı, ölkə ərazisinə 2,8 min kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb ki, bunun 2,6 min kq-ı marixuana, 100 kq-dan çoxu heroin və müxtəlif psixotrop dərmanlar olub.

Ancaq gömrük məmurlarını xüsusilə siqaret və alkoqol qaçaqmalçılığı narahat edir. Aydın Əliyev qeyd edib ki, gömrük orqanları fiziki şəxslərin sərhəddən siqaret keçirməsi nomalarını azaltmaq üçün qaydalara dəyişiklik edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə, söhbət hər bir şəxs üçün indiki normanın ayda 30 paketdən 10 paketə qədər azaldılmasından gedir və bu məsələ baxılmaq üçün Milli Məclisə göndərilib.

Məsələ bundadır ki, siqaret qaçaqmalçılığı leqal biznesin inkişafına çox mənfi təsir göstərir. Məsələn, sərhədə yaxın olan bölgələrdə istixana və ya əkin sahələrinə daha az rast gəlmək olur, çünki sərhədə yaxın kəndlərdə yaşayan əhalinin bir çoxu yalnız sərhədin digər tərəfindən gətirilən siqaretlərin alveri ilə məşğuldur. Bununla bağlı, gömrük qurumunun rəhbəri belə nümunə kimi Türkiyənin təcrübəsini də göstərdi. Siqaret qaçaqçılığını azaltmaq üçün Ankara İraq sərhədində elə qaydalar tətbiq edir ki, quru sərhədini keçən şəxslər ölkədə bir neçə gün qalmaq məcburiyyətindədir. Onun sözlərinə görə, belə bir tələb qonşu ölkədə qalmaqla və yeməklə bağlı xərclər yaradır və bu səbəbdən, siqaret qaçaqmalçılığını sərfəsiz edir.

Ümumiyyətlə, A.Əliyevin sözlərinə görə, Britaniya gömrükçüləri ilə təcrübə mübadiləsi zamanı onlar qaçaq siqaret və içki dolu anbarlar göstəriblər. Yəni, demək olar ki, bütün ölkələr bu problemlə üzləşirlər, hətta coğrafi mövqeyinə görə onlara belə malların idxal edilməsi çətin olsa belə.

Bir sözlə, qaçaqmalçılıq gömrük məmurlarının var güclərilə mübarizə apardığı bir cinayətdir. Lakin yeni ilin əvvəlindən ölkəyə yetərincə «qanuni» malların gətirilməsində müəyyən problemlər müşahidə olunur, özü də poçt xidmətləri açıq şəkildə prosesdə gecikmənin gömrük xidmətlərinin əməli olduğunu deyirlər.

Yaranmış vəziyyətin səbəblərini şərh edən A.Əliyev əmin edib ki, söhbət obyektiv xarakterli gecikmələrdən gedir. Məsələn, ölkəyə elektroşokerlərin, beşbarmaqların, videokameralı saatlar kimi çağdaş gizli çəkiliş qacetlərinin gətirilməsinin qadağan olunmasına baxmayaraq, əhali son bir neçə ildə onları sifariş etməkdə davam edir.

Eyni zamanda idxal məhdudiyyətləri tətbiq edilən bir sıra mallar da var, onlar üçün xüsusi icazə tələb olunur. O cümlədən ölkəyə çəkiliş dronlarını (pilotsuz uçuş aparatları) hər kəs gətirə bilər, ancaq bunun üçün mütləq Dövlət Mülki Aviasiya Administrasiyasının icazəsi lazımdır.

Bağlamanın ünvanına çata bilməməsinin başqa bir səbəbi isə gömrük rüsumları ödəmədən kommersiya fəaliyyəti ilə məşğul olmağa çalışanlar üçün poçt yollayışlarının aylıq limiti aşması ilə bağlı ola bilər. Məsələ bundadır ki, gömrük qurumuna tətbiq edilmiş informasiya sistemləri çərçivəsində vahid avtomatlaşdırılmış uçot sistemi fəaliyyət göstərir ki, onun proqramlarından biri poçt daşımalarını tənzimləyir. Qüvvədə olan qaydalara uyğun olaraq, mal alanlar aylıq rüsumsuz idxal limitini keçən kimi avtomatik olaraq gömrük rüsumu hesablanan qrupa düşür.

Əvvəlcə sistem pasport nömrələri ilə işləyirdi və bəzi şəxslər soyadlarını dəyişməyə başladılar. Bununla bağlı, uçota Ədliyyə Nazirliyinin pin kodları əlavə edildi ki, artıq adı, soyadı və pasportu dəyişmək mənasız oldu.

 

Biznes maraqlarının keşiyində

Son iki il ərzində Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş vəzifələrə müvafiq olaraq nazirlik və idarələr qeyri-neft sektorunun inkişafına yardım etdilər və sahibkarlığı dəstəklədilər.

Gömrük Komitəsinin işinin səmərəlilik göstəricilərindən biri ötən ilin yekunları üzrə şikayətlərin sayının azalmasıdır. Xüsusilə də, əgər 2015-ci ildə müraciətlərin sayı 2,5 mini, 2016-da isə 2,3 mini keçirdisə, 2017-ci ildə artıq 700-dən də az şikayət qeydə alınıb. Eyni zamanda bütün şikayətlərin 95%-i sərhəd keçidi zamanı daxil olub.

"Sahibkarlar və vətəndaşlar müasir texnologiyalardan fəal şəkildə istifadə edə və virtual qəbul otağına birbaşa şikayət ilə müraciət edə bilərlər ki, bu, daxil olduqdan üç dəqiqə sonra mənim masamın üzərinə gəlir və müvafiq həllini tapır", - deyə Gömrük Komitəsinin rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bu gün üçün komitə təkcə ölkədə deyil, onun sərhədlərindən kənarda da informasiya texnologiyalarının tətbiqi üzrə aparıcı strukturlardan biri sayılır. O cümlədən qurum tərəfindən informasiya texnologiyalarının istifadəsinin uğuru Rusiya gömrük administrasiyası tərəfindən xüsusi qeyd edilib, bir sıra informasiya proqramlarının tətbiqində onlara da yardım göstərilib.

Ümumiyyətlə, sahibkarlar və vətəndaşlar əvvəlcədən bəyan etmə imkanlarından istifadə etsəydilər, sərhəd keçidi zamanı idxal və ya ixrac üçün qadağan edilmiş malların müəyyən edilməsi ilə bağlı onlardan şikayətlər daha az olardı. Hazırda "ASAN xidmət" vasitəsilə sahibkarlara və ictimaiyyətə 14 gömrük xidməti göstərilir.

Həmçinin sahibkarların ticarət əməliyyatları aparmasını asanlaşdırmaq üçün fəal addımlar atılıb. 2017-ci ildə "yaşıl dəhliz" çərçivəsində xarici ticarət əməliyyatlarını sürətləndirmək üçün 25 şirkətə adi məhsulların dövriyyəsi və həmçinin ayrıca olaraq aksiz mallarının dövriyyəsi üçün 28 icazə verilib.

2017-ci ildə Azərbaycana 3,9 milyard dollar məbləğində vergiyə cəlb olunmayan mal və xidmətlər idxal edilib ki, onların sırasında lizinq əməliyyatları çərçivəsində idxal, azad iqtisadi zonalardan idxal və s. yer alır ki, bunlar ölkədə sahibkarlığın inkişafına önəmli dəstək deməkdir.

Beləliklə, bu gün biznes üçün xarici ticarət fəaliyyətinin aparılması üzrə Dövlət Gömrük Komitəsi tərəfindən yaradılan maneə yoxdur. Onlardan xahiş olunan tək şey sərhəddən keçərkən ajiotaj yaratmamaq, malların öncədən bəyan etmə imkanından istifadə etməklə özləri üçün "yaşıl dəhliz" təmin etməkdir.

Bir sözlə, gömrük işçiləri də iqtisadi islahatlara və yerli istehsalın inkişafına öz töhfələrini verməyə çalışırlar. Bununla yanaşı, gömrük xidmətlərinin gələcəkdə necə inkişaf edəcəyi və fəaliyyət göstərəcəyi barədə son zamanlarda KİV-lərdə müxtəlif versiyalar və söz-söhbətlər peyda olur. Bəzi KİV nümayəndələri müxtəlif məlumatlı mənbələrə istinad edərək Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin birləşə biləcəyini iddia edirlər.

Bu fərziyyələri şərh edən A.Əliyev bildirib ki, dünyada qarşıya qoyulan vəzifələri asılı olaraq gömrük orqanlarının müxtəlif fəaliyyət təcrübələri var. Məsələn, ABŞ-da gömrük xidməti sərhəd xidməti ilə birlikdə işləyir, bəzi ölkələrdə isə vergi orqanları ilə birləşdirilib. Ancaq Avropa ölkələrində gömrük qurumu, fəaliyyətinin yalnız maliyyə funksiyaları ilə məhdudlaşdırılması nəzərə alınaraq, daha çox Maliyyə Nazirliyinin nəzdində işləyir.

Hətta elə ölkələr var ki, əvvəllər Rusiyada və indi bəzi Afrika ölkələrində olduğu kimi gömrük orqanları İqtisadi İnkişaf Nazirliyi yanında fəaliyyət göstərir. Azərbaycanda gömrük qurumu bu gün müstəqil quruluşdur. Səmərəlilik baxımından aparılan təhlillər əsasında bu qurumun hansısa nazirlik və ya idarəyə birləşməsi, yaxud ayrı fəaliyyət göstərməsi məsələsində son qərarı yalnız ölkə rəhbərliyi verə bilər. "Gömrük Komitəsi icra orqanıdır və işçiləri xalqın və hökumətin əsgərləridir. Buna görə də, ölkə rəhbərliyinin verəcəyi qərara uyğun şəkildə işləyəcəyik ", - deyə A.Əliyev yekunlaşdırıb.

Müstəqil və ya başqa qurumun şöbəsi kimi fəaliyyətdən asılı olmayaraq, əsas odur ki, gömrük işçiləri yerli biznes üçün maneələri minimuma endirməyə və fəal şəkildə onun inkişafına yardım etməyə səy göstərməkdə davam ediblər.



MƏSLƏHƏT GÖR:

379