25 Aprel 2024

Cümə axşamı, 20:28

İKİ AVROPANIN TOQQUŞMASI

Avropa İttifaqı tarixində ilk dəfə quruma üzv ölkələrə sanksiyalar tətbiq oluna bilər

Müəllif:

01.02.2018

«Slovaklar balıq çöplərində balığın, macarlar naharlarında ətin, çexlər şokoladlarında kakaonun daha az olmasına layiq deyillər». Bunu Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa İttifaqındakı (Aİ) vəziyyətlə bağlı ənənəvi illik çıxışında bildirib.

Xatırladaq ki, Şərqi Avropa ölkələri ötən il Aİ daxilində xəlvəti ərzaq qeyri-bərabərliyinin olduğuna dair şübhələrini dəfələrlə dilə gətirib, bununla bağlı, əməlli-başlı qalmaqal qaldırıblar. Onlar iddia edir ki, transmilli şirkətlərin bu ölkələrə gələn məhsulları keyfiyyətinə görə qitənin inkişaf etmiş ölkələrinin mağazalarında satılan analoqlarından xeyli geri qalır.

Sosialist blokunun dağılmasından keçən 25 ildən artıq müddətdə Aİ-yə qoşulmuş Şərqi Avropa ölkələri hələ də özlərini «ikinci sort avropalı» kimi hiss edir. Onların «Köhnə Avropa»dan incikliyi hələ də tam aradan qalxmayıb. Məlum olduğu kimi, Aİ 2004-cü ildə 10 yeni ölkəni sıralarına qəbul etsə də, uzun müddət özünün əmək bazarını onların üzünə açmayıb. «İkinci sort avropalı» anlayışı da məhz həmin dövrdə meydana gəlib. Halbuki məsələ son dərəcə sadə yolla həll olunub. Çoxmilyonluq ucuz işçi qüvvəsinin yerli kadrlar üçün işsizlik yaradacağına dair narahatlıq əbəs imiş. Bunun belə olmaması üçün sahibkarların «gəlmələr»ə yerli işçilərlə eyni sosial zəmanət verməsi kifayət imiş. Bu halda, məsələn, 1 alman mütəxəssisin yerinə 10 polşalını işə götürməyə ehtiyac yaranmır. İş şərtləri və ödəmələri hər kəs üçün eynidir.

Aİ üzvünə çevrilməyin Şərqi Avropa ölkəsinin hər birinin iqtisadiyyatına müsbət təsir göstərdiyini inkar etmək mümkün deyil. Bu üzvlükdən sonra onların həyat şəraiti arasında uçurum dəfələrlə azalıb. Məsələn, 1990-cı illərdə orta statistik polyakın gəliri orta statistik almanın gəlirinin 1/12-ni təşkil edirdisə, 2016-cı ildə artıq söhbət 1/3-dən gedirdi. Məsələn, iqtisadi artım tempinə görə Çexiya Avropada ən yüksək göstəricilərdən birinə malikdir - 5%. İşsizlik səviyyəsi də bu ölkədə ən aşağı həddədir - 3%.

Aİ-yə 2004-cü ildə və ondan sonra üzv olmuş bütün ölkələrə dotasiyalar ayrılır. Zəif iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılması, həyat şəraitinin yaxşılaşdırılması üçün saysız-hesabsız proqramlar var. Məsələn, Polşa Aİ-yə üzv olduğu ilk 9 ildə 101,3 milyard avro yardım alıb. Həmin dövrdə onun birgə büdcəyə ödənişi isə 33,3 milyard olub (ÜDM-in 1%-i məcburi qaydada ödənilməlidir). Aİ-nin 2014-2020-ci illər üçün 7 illik büdcəsində Polşaya, ümumilikdə, 105,8 milyard avro dotasiyanın ayrılması nəzərdə tutulur. Halbuki hazırda Polşa Aİ-nin ən böyük 6-cı iqtisadiyyatıdır.

Qurumdan adambaşına düşən məbləğə görə ən böyük maddi yardımı isə Litva alır. O, quruma üzv olduğu ilk 9 ildə 8,5 milyard avro yardım əldə edib. Qarşıdakı 7 ildə Litvaya daha 6,82 milyard avro ayrılacaq.

Ümumiyyətlə, Avropa ictimaiyyəti mütəmadi olaraq, iqtisadi, sosial və siyasi xarakterli problemlərlə qarşılaşır. Bu, «yenilər»dən də yan keçmir. Problemlər, adətən, birgə səylərlə aradan qaldırılır və onların hər biri heç də tam uğurla həll olunmur. Lakin rəhbərliyin avtokratik idarəçiliyə üstünlük verdiyi Şərqi Avropa ölkələrindəki vəziyyət Brüssel üçün həlli çətin olan bir sıra problemlər yaradır.

 

Total nəzarət

Polşanın sağçı-mühafizəkar «Qanun və Ədalət» (QvƏ) partiyası hakimiyyətdə olduğu 2 ildə Konstitusiya Məhkəməsini, ictimai, daha sonra həm də özəl mətbuatı «əzib», hökumətə ölkənin məhkəmə sisteminə nəzarət etmək imkanı verən islahatlar aparıb. Yaroslav Kaçinskinin başçılıq etdiyi partiyanın hakimiyyəti hüquqi dövlət norma və prinsiplərinin ayaq altına atılması kimi qiymətləndirilən bir sıra digər addımlar da atıb.

Fərqli düşüncə sahiblərinin sistematik şəkildə boğulması, fikir azadlığının məhdudlaşdırılması nəticəsində elə vəziyyət yaranıb ki, artıq ölkə sakinlərinin 58%-i siyasi baxışlarını gizli saxlamağa üstünlük verir. Bunu aparılmış sosioloji sorğular göstərir. Sorğuda iştirak etmiş respondentlərin yalnız 37%-i siyasi mövqeyini gizlətmədiyini deyib. Halbuki 24 il əvvəl - 1993-cü ildə vəziyyət tam fərqli idi. O zaman Polşa əhalisinin 60%-i fikrini açıq söyləməyə hazır idi. Bunu risk sayanlar cəmi 33% təşkil edirdi.

Polşanın 3 sabiq prezidenti - Lex Valensa, Aleksandr Kvasnevski və Bronislav Komorovski yazdıqları açıq məktubda ölkədə həyata keçirilən məhkəmə islahatlarının hakim QvƏ partiyasının diktaturası ilə nəticələnə biləcəyini bəyan ediblər.

Polşanın Aİ-nin əsas prinsiplərini pozması ötən ilin dekabrında Avropa Komissiyasının qurumun mövcud olduğu dövr ərzində ilk dəfə müqavilənin 7-ci maddəsini gündəmə gətirməsilə nəticələnib. Bu maddə bu ölkənin bir sıra hüquqlarına, o cümlədən Avropa İttifaqı Şurasında səsvermə hüququna məhdudiyyət qoyulmasını nəzərdə tutur. Sonrakı dövrdə bu, daha ciddi iqtisadi sanksiyalara da aparıb çıxara bilər. Deyilənə görə, söhbət Polşanın Aİ-dən qovulmasınadək gedib çıxa bilər. Amma bu ehtimal azdır. Odur ki, Brüssel Varşavaya 3 ay vaxt verib. Polşa martın 20-dək ölkədə qanunun aliliyinin bərqərar olunması ilə bağlı tövsiyələri yerinə yetirməlidir.

Brüssellə qarşıdurmada baş nazir Yaroslav Kaçinskini macarıstanlı həmkarı Viktor Orban dəstəkləyir. O, hesab edir ki, «inkvizasiyanın Polşaya hücumu heç bir uğur gətirməyəcək, bu üzdən də, Macarıstan polşalılarla həmrəylik göstərmək üçün Aİ daxilində bütün hüquqi imkanlarından istifadə edəcək».

Bu iki ölkənin liderləri bir anda ümumi dil tapıblar. Bu, anlaşılandır. Çünki Polşada vüsət almaqda olan islahatlar Macarıstanda artıq həyata keçirilib. Son 7 ildə ölkəyə 2010-cu ildən rəhbərlik edən «FİDES-Macarıstan Vətəndaş İttifaqı» partiyası hakimiyyətin bütün qanadlarını öz nəzarətinə alıb. Bunun üçün Konstitusiya dəyişikliyinə belə gedilib. Proqnozlara görə, aprelin 8-də keçirilməli olan ümumxalq səsverməsində Viktor Orbanın partiyası ardıcıl olaraq 3-cü dəfə qələbə qazanacaq.

Avropa Komissiyasının bu günlərdə məhkəmə sistemini beynəlxalq normalara uyğunlaşdırmasını tələb etdiyi ikinci ölkə Rumıniyadır. Burada da hökumət prokurorluğun səlahiyyətlərini məhdudlaşdırmağa, korrupsiyaya görə cinayət məsuliyyətinin yumşaldılmasını nəzərdə tutan bir sıra qanun layihəsini qəbul etməyə çalışır.

Yanvarın 18-də Rumıniyada son ildə üçüncü dəfə baş nazir dəyişikliyi olub. Onların hər biri hakim Sosial-Demokrat Partiyasının üzvləridir. Partiyanın və faktiki olaraq, həm də ölkənin rəhbəri Liviu Draqnya həm də parlamentin aşağı palatasının sədridir. O, müttəhimliyi olduğu üçün hökumətə başçılıq edə bilmir. Draqnya hələ 2012-ci ildə referendumda dələduzluq etdiyi üçün 2 il müddətinə şərti cəza almışdı. Bundan başqa, o, 2 başqa məsələ ilə bağlı da istintaqa cəlb olunub - vəzifə səlahiyyətlərindən sui-istifadə və avrofondlardan qanunsuz vəsait çıxarma.

 

İctimai sifariş

2014-2015-ci illərdə qaçqınların kütləvi axını ilə bağlı yaranmış böhran bütünlükdə Avropada millətçi əhvalın artmasına səbəb olub. İndi populist partiyalar qitənin bir çox ölkəsində özünü daha yaxşı hiss edir. Lakin ittifaqın şərqində onlar xüsusilə qızışıb. Çünki bu bölgədə demokratiya, müstəqil dövlət institutları kimi əks-qütb təşkil edəcək vasitələr güclü deyil.

Əgər 25 il əvvəl Şərq blokunun keçmiş üzvləri Avropa İttifaqına qoşulmaq üçün əllərindən gələni edirdilərsə, bu gün Aİ onları ifrat qlobalizmlə qorxudur. Üstəlik, bu illər ərzində «yeni üzvlər»dəki çatışmazlıq kompleksi aradan qalxmayıb və hələ də bu ölkələrdəki ictimai düşüncəyə təsir edir. Hətta Çexiya və Polşadakı kimi kifayət qədər iqtisadi inkişaf belə, bu hissdən qurtulmağa səbəb olmayıb. «Güclü əl», avtoritar idarəçilik istəyi də buradan qaynaqlanır.

 Macarıstanda Viktor Orban, Polşada Yaroslav Kaçinski, Çexiyada Andrey Babiş bu əhvalı «tutub». Onlar vətəndaşlarına milli dəyərlərə, ənənələrə qayıtmağı təklif edir. Siyasətçilər xalq qarşısındakı çıxışlarında guya Brüsselin onlardan bu dəyərləri qoparmağa, əvəzində bu ölkələrə öz dəyərlərini qəbul etdirməyə çalışdığını deyirlər.

Aİ rəhbərliyinin pik həddi 2015-ci ildə yaşanmış miqrant böhranını həll etmək cəhdləri də belə təqdim olunur. Ötən ilin dekabrında Avropa Komissiyası Macarıstan, Çexiya və Polşadan Avropa İttifaqı Məhkəməsinə müraciət edib. Onlar 2 il əvvəl birlikdə 11 min miqrantın qəbulu ilə bağlı əldə edilmiş razılaşmanın tələblərini pozmaqda günahlandırılır. Bu razılaşmaya rəğmən, Çexiya cəmi 12 qaçqını qəbul edib. Varşava ilə Budapeşt isə ümumiyyətlə, bir nəfər belə qəbul etməyib.

Bundan başqa, bu ölkələrdə ksenofob əhval dövlət səviyyəsində təbliğ olunur, bunun millətin xarici təhlükə qarşısında birləşməsi üçün vacib olduğu bildirilir.

Bütün bunlarla yanaşı, Brüsselin ünvanına ən çirkin fikirlərin səsləndirilməsinə rəğmən, sadalanan dövlətlərdən heç biri Aİ ilə əlaqələrini qismən də olsa pozmaq istəmir. Çünki bu halda onların iqtisadi və siyasi itkiləri fəlakət həddində olacaq. Amma Aİ-nin tövsiyələrinin nümayişkaranə şəkildə rədd edilməsi də sonsuzadək davam edə bilməz. Məsələn, Polşa üçün son tarix martın 20-dir. O vaxtadək lazımi addımlar atılmazsa, bu ölkəyə qarşı sanksiyaların tətbiqinə başlanacaq.



MƏSLƏHƏT GÖR:

368