25 Aprel 2024

Cümə axşamı, 04:06

GÖRÜŞ YERİNİ DƏYİŞMƏK OLMAZ

Rusiya ilə NATO fikir ayrılıqlarını aradan qaldırmaq üçün yenidən Bakını seçir

Müəllif:

01.02.2018

Qərblə Rusiyanın münasibətləri getdikcə «soyuq müharibə» dövrünü daha çox xatırladır. O dövrlə ABŞ ilə SSRİ birbaşa müharibə aparmasa da, bir-birinə qarşı üçüncü dövlətlər, qiyamçı təşkilatlar, loyal hökumətlər və s. vasitəsilə savaşırdılar. Yaxın Şərqdə vəziyyətin son dərəcə gərgin olduğu, Ukraynada böhranın davam etdiyi indiki şəraitdə Bakıda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı Kertis Skaparotti ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimovun görüşü gözlənilir. Görüşün dəqiq tarixi və gündəliyi, təbii ki, açıqlanmır. Yalnız o aydındır ki, növbəti dəfə dünyanın ən neytral, etibarlı məkanı kimi məhz Bakı seçilib.

NATO və Rusiyanın yüksəkrütbəli hərbçilərinin Bakı görüşündən nələrin gözlənildiyi, ümumilikdə, dünya siyasətindəki vəziyyət haqda Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey MARKOV ilə söhbətləşmişik.

- Sergey Aleksandroviç, hazırkı o qədər də əlverişli olmayan şəraitdə NATO-nun Avropadakı baş komandanı ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Bakıda hansı məsələləri müzakirə edə bilərlər?

- Birincisi, xatırladım ki, Bakıda bundan əvvəl də ABŞ və Rusiya Silahlı Qüvvələri Baş qərargah rəislərinin görüşü olub. Bu görüşə gəlincə, Rusiya NATO ilə münasibətlərdəki gərginliyin azalacağını gözləyir. Məsələn, Baltik dənizi üzərində uçan hərbi təyyarələrdəki transponderlərlə bağlı vəziyyəti götürək. Çox qəribə mənzərədir. NATO Rusiya hərbi təyyarələrinin onların yerini müəyyənləşdirməyə imkan verən radiolokasiya qurğuları ilə, işlək halda olmayan transponderlərlə uçmasına etirazını bildirir. Moskva isə bütün hərbi təyyarələrin işlək transponderlərlə uçmasını nəzərdə tutan razılaşmanın imzalanması təklifilə çıxış edir. Amma Qərb bununla razılaşmır. Bu, NATO tərəfindən məsuliyyətsiz, irrasional mövqedir.

Rusiya və NATO qoşunlarının yer aldığı Suriyada hərbçilər arasında birbaşa rabitə xəttinin olması vacibdir. Bu, hər hansı insident zamanı hərbçilərin bir-birilə əlaqə saxlaya bilməsi üçün lazımdır. Aralıq dənizində də NATO-nun nəhəng resursları olmasına rəğmən, Rusiya o qədər də ciddi resurslara malik deyil. Onların arasında da əməkdaşlıq yaratmaq lazımdır. Bizim ümumi hədəfimiz var - beynəlxalq terrorçuluqla mübarizə. Bundan başqa, Moskva NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmaqda olan infrastrukturu ilə bağlı ciddi şübhələrə malikdir. Biz bu məsələləri müzakirə etmək istərdik. Nəhayət, NATO zabitlərinə təlim keçilən zaman onların beyninə Rusiyanın düşmən olduğu fikri yeridilir. NATO ordusunda düşmən obrazı yaradılır.

- Bəs, görüş üçün niyə məhz Azərbaycan paytaxtı seçilib?

- Hər şeydən öncə Bakı özünü neytral siyasi tərəfdaş kimi təsdiqləyib. Onun istər ABŞ, istərsə də Rusiya ilə yaxşı dost münasibətləri var. Bu, Bakını belə görüşlər üçün əlverişli məkana çevirir. Bundan başqa, Prezident İlham Əliyevin parlaq diplomatik istedadı ortadadır. O, Azərbaycanın vasitəçi rolunu uğurla həyata keçirir. Nəhayət, Bakı gözəl logistik infrastruktura malikdir: çox sayda əla hotellər, çox gözəl beynəlxalq aeroport və s.

- Suriyada maraqlı vəziyyət yaranıb. Türkiyə orada antiterror əməliyyatları aparır, Rusiya hərbçilərini Afrindən çıxarıb, Ankaranın kürd yaraqlılarından təmizləmək istədiyi Manbic şəhərində isə ABŞ hərbçiləri qalmaqdadır. Bu, Suriyada iki NATO ölkəsinin qarşı-qarşıya gəlməsilə nəticələnə bilərmi?

- Böyük ehtimalla belə toqquşmalar artıq baş verib və qurbanlar da olub. Sadəcə, bunu açıqlamırlar. Axı, kürd təşkilatları Suriyada və ümumilikdə, regionda ABŞ-ın ən yaxın müttəfiqləridir. Kürd təşkilatlarında kifayət qədər amerikalı təlimatçı, məsləhətçi və digər hərbi mütəxəssislər var. Birləşmiş Ştatlar kürd yaraqlılarına maliyyə yardımları edir, onları silahlandırır və təlimlər keçir. Afrində yaranmış vəziyyətdə «Zeytun budağı» kimi intensiv əməliyyat zamanı istər türk, istərsə də amerikalı hərbçilər arasında itkilərdən qaçmaq çətindir. Burada Türkiyə və ABŞ hərbçiləri arasında hər hansı insident baş verərsə belə, Ankara yaxın vaxtlarda NATO sıralarını tərk etməyəcək. Çünki bu hərbi bloka üzv olmaq Türkiyənin xeyrinədir.

- ABŞ 2018-ci ilin fevralında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi düşünür. Xüsusilə Rusiyanın hərbi potensialına qarşı sanksiyalar nəzərdə tutulur. Belə sanksiyalar Moskvanın KTMT və AAİ-dəki müttəfiqlərinə hər hansı təsir göstərəcəkmi?

- Sanksiyaların Rusiyanın hərbi-sənaye kompleksinə təsiri güclü olmayacaq. Çünki Vaşinqton Rusiya Silahlı Qüvvələrinə qarşı qəbulu mümkün olan sanksiyaların, demək olar ki, hamısını qəbul edib. Sanksiyaların, əlbəttə ki, Rusiyanın KTMT və Aİİ-dəki müttəfiqlərinə də təsiri olacaq: Ermənistana, Qırğızıstana və s.

Amerika sanksiyalarının əsas hədəfi Rusiyanın hərbi potensialı yox, Rusiyada bizneslə məşğul olan, dövlətlə əlaqəyə malik zəngin insanlardır. Söhbət, eyni zamanda ABŞ və Aİ-də biznesi olan dairələrdən gedir. Burada əsas hədəf oliqarxlarda Putinə nifrət yaratmaq, onları Rusiyada hakimiyyətə qarşı «Maydan» hərəkatını maliyyələşdirməyə məcbur etməkdir. Konkret hansısa oliqarxla bağlı bu hədəfə nail oluna da bilər. Ümumilikdə isə Amerikanın sanksiyaları yalnız əhali arasında Putinin nüfuzunun daha da artmasına xidmət edir. Məsələn, ABŞ Rusiya millisinin olimpiadaya tam heyətlə getməsini əngəlləyə bilib. Əvəzində əhalinin Putinə dəstəyi daha da artıb.

- ATƏT-in Minsk qrupunun həmsədrləri bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı kreativ təkliflə çıxış edib. Necə düşünürsünüz, bu problemin indiyədək səsləndirilən prinsiplərdən kənar həlli variantı varmı?

- Düşünürəm ki, hələlik yaxşı hazırlanmış «Madrid prinsipləri» və Kazan formulundan başqa, bütün variantlar qeyri-məhsuldardır. «Madrid prinsipləri» Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları azad etməsini, demilitarizasiyanı, regionda kommunikasiyaların açılmasını, Qarabağa müvəqqəti statusun verilməsini və s. nəzərdə tutur. Münaqişənin həllində məhz bu prinsiplərə və bu formula əsaslanmaq lazımdır. Gördükdə ki, «Madrid prinsipləri»ni reallaşdırmaq mümkün olmur, eyni prinsipləri bir qədər fərqli formada irəli sürürlər. Guya hansısa fərqli, kreativ təklifdir. Əslində isə söhbət ATƏT-in Minsk qrupunun elə həmin «Madrid prinsipləri»ndən gedir.

Vasitəçilər sırf nəzəri baxımdan yeni nəsə təklif edə bilər. Görünən isə odur ki, Qarabağ münaqişəsində sülhə aparan ən qısa yol artıq tərəflərin qəbul etdiyi həmin prinsiplərdən keçir.


MƏSLƏHƏT GÖR:

448