20 Aprel 2024

Şənbə, 20:08

TRAMP QÜLLƏSİNDƏN BMT MƏNZƏRƏSİ

ABŞ «qeyri-loyallığına» görə BMT-dən qisas almağa hazırlaşır?

Müəllif:

01.02.2018

Milad münasibətilə «hədiyyə» və BMT-nin «Trampın təhlükəli Qüds qərarının əleyhinə səs vermiş» üzvlərinin kollektiv şəkildə cəzalandırılması». Britaniyalı jurnalist (vaxtilə BMT baş katibi Pan Gi Munun spiçrayteri olub) Mark Seddon bu təşkilata ayrılan maliyyənin 285 milyon dollar azaldılması qərarını belə qiymətləndirib.

Bu, həqiqətən də, belə görünə bilər. Lakin Ağ Evin sahibi prezidentliyə başladığı ilk günlərdəcə BMT-yə ayrılan maliyyənin azaldılması niyyətini açıqlamışdı. O, yalnız BMT-nin maliyyələşdirilməsilə deyil, ümumiyyətlə, qənaət etməyin vacibliyini az qala hər çıxışında dilə gətirirdi. Tramp administrasiyası artıq 2017-ci ilin əvvəlində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) büdcəsinin 30%-dən çox azaldılması təklifilə çıxış etmişdi. O, Vaşinqtonun beynəlxalq təşkilatlara ayırdığı maliyyənin 40% azaldılması təklifini də irəli sürmüşdü.

 

Güclü daim haqlıdır?

Millətlər Liqasının hüquqi varisi olan BMT bu il yaranmasının 73-cü ildönümünü qeyd edir. Lakin o, müasir tələblərə cavab verməsi üçün hansı islahatlara ehtiyacının olduğunu heç cür müəyyənləşdirə bilmir. Artıq onilliklərdir davam edən mübahisələrin ən kəskini iki məqam ətrafındadır - durmadan artan xərclər və Təhlükəsizlik Şurası üzvlərinin sayı.

BMT Katiblikdən (bütün dünya üzrə 50 minədək işçi) və 30-dan artıq müstəqil qurumdan (Uşaq Fondu (UNİCEF), İnkişaf proqramı, Təhsil, elm və mədəniyyət təşkilatı (UNESCO), Qaçqınlarla iş idarəsi və s.) ibarətdir. Bütün bunların öz büdcəsi var və o, quruma üzv dövlətlərin ayırdığı maliyyə, həmçinin ayrı-ayrı şəxslərin ianələri əsasında formalaşır. BMT-nin sülhün dəstəklənməsi əməliyyatlarının (sülhməramlı missiyalar) büdcəsi də ayrıca formalaşır.

BMT-nin hər 2 ildən bir qəbul olunan «müntəzəm» büdcəsi (Nyu-Yorkda və digər şəhərlərdə ofislərin saxlanması, iclasların keçirilməsi, müxtəlif komissiya və missiyaların fəaliyyətinin təmini…) ötən ilin payızında aparılan diskussiyaların əsas mövzusu olub. Doğrudur, qurumun baş katibi Antoniu Qutyerriş 1 il əvvəl vəzifəsinin icrasına başlar-başlamaz xərclərin optimallaşdırılmasının vacibliyini bəyan edib. Lakin çoxlarının etiraf etdiyi kimi, qurumun hər yeni rəhbəri vəzifəyə gələrkən bu vədi verir. Portuqaliyalı siyasətçi də sözügedən bəyanatı zamanı konkret heç bir təklif irəli sürməyib - BMT əməkdaşlarının təyyarə xərclərinin 15% azaldılmasından başqa.

Sentyabrın 18-də - BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışında isə Donald Tramp qurumun tribunasından sözün əsl mənasında coşub-kükrəyib. O, təşkilatda lazımsız ştatların həddindən artıq olduğunu deyib, qurumu büdcələrin şişirdilməsində, fəaliyyətinin isə effektivsizliyində ittiham edib. Trampın çıxışına valeh olan 130 ölkənin təmsilçiləri onun təklif etdiyi BMT-də İslahatlar Bəyannaməsinə imza atıb. Amma bu sənəddə də köklü islahatlarla bağlı ideya yoxdur.

Dekabrın 24-də - Milad bayramı ərəfəsində isə gözlənilən gün gəlib çatıb: Baş Assambleyanın 72-ci sessiyası işini başa vururdu və növbəti 2 il üçün büdcə təsdiqlənməli idi. Antoniu Qutyerriş vəsaiti 166 milyon dollar azaldaraq, BMT-nin Fələstin, Liviya və Əfqanıstandakı missiyalarının maliyyəsinin ixtisarını, inkişaf proqramının dayandırılmasını və personalın əməkhaqlarının azaldılmasını təklif edirdi. Amma bu, ABŞ-ı qane etməyib. Nəticədə, Vaşinqtonun variantı qəbul olunub. Söhbət büdcənin 285 milyon dollar azaldılmasından gedir. Necə deyərlər, güclü olan öz şərtlərini diktə edir. Bu halda isə ən güclü ən çox maliyyə ayırandır.

Beləliklə, ümumi səsvermə nəticəsində 2018-2019-cu illər üçün 5,395 milyard dollarlıq büdcə qəbul olunub.

Amma görünən odur ki, ABŞ-dan başqa, 193 ölkənin heç biri qənaət etməyəcək. Vaşinqton sülhə dəstək əməliyyatlarının maliyyələşdirilməsini də 600 min dollar azaldıb. Bununla yanaşı, Ağ Ev bu xərclərdə 1 milyard dollarlıq ixtisar planlaşdırır. Güman ki, BMT-nin digər strukturlarına ödəmələrə də yenidən baxılacaq.

Ödəmələrin ləngiməsi və dayandırılması BMT üzvləri üçün nadir hal deyil. Lakin ABŞ-ın öhdəliklərindən birtərəfli qaydada imtinasının qurumun tarixində analoqu yoxdur. Bu, BMT-ni dağıda biləcək prosesdə detonator rolu oynaya bilər.

 

Sadə qərar

Hər bir ölkənin BMT-yə ayırdığı məbləğ onun ödəmə qabiliyyətindən asılıdır və 10 illik dövr üçün ÜDM-in orta göstəricisilə müəyyənləşir. Bu zaman əhalinin adambaşına düşən gəliri və ölkənin xarici borcları da nəzərə alınır. Bu hesablamalara əsasən, BMT-nin ABŞ-ın ən nəhəng donoru ABŞ-dır. Bu ölkənin qurumun «müntəzəm» büdcəsinə orta illik ödənişi 22%-ə bərabərdir. Bu qayda 2000-ci ildə amerikalıların özlərinin israrı ilə qüvvəyə minib. Çünki əks halda onlar bundan dəfələrlə artıq ödəniş etməli olacaqdılar. İndi hesablama qaydasının, faiz nisbətinin necə olacağı məlum deyil.

Ötən il ABŞ BMT-yə, təxminən, 10 milyard dollar ayırıb. «Müntəzəm» büdcəyə ödəmələrlə (600 milyon dollar) yanaşı, sülhməramlı missiyaların maliyyələşdirilməsinə, təxminən, 3,8 milyard, müxtəlif təşkilat və proqramlara isə 5,5 milyard dollar ayrılıb.

BMT-nin ən nəhəng donorları arasında ABŞ ilə yanaşı, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, Çin, İtaliya, Kanada, İspaniya və Braziliya yer alır. Lakin onların heç də hamısı ödəmələri mütəmadi şəkildə həyata keçirmir. Bu, əsasən ölkələrin üzləşdiyi iqtisadi problemlərlə bağlı olur. Lakin siyasi səbəblərdən bundan nümayişkaranə şəkildə imtina edilməsi halları da az deyil.

BMT-nin bütün strukturlarında bir qayda da var - borc 2 illik ödənişin məbləğinə çatarsa, ölkə səsvermə hüququndan məhrum edilir. Burada yalnız, həqiqətən, ciddi iqtisadi problemlərlə üzləşmiş ölkələr istisna təşkil edir. 2016-cı ildə ödəməni həyata keçirmədiyi üçün 15, 2017-ci ildə isə 6 ölkə səsvermə hüququndan məhrum olunub.

Maraqlıdır ki, BMT-nin ən nəhəng donoru həm də ən «səliqəsiz» ödəyicidir. ABŞ ödəmələri daim gecikdirir. Məsələn, 2010-2011-ci illərin büdcəsinə Vaşinqtonun 1,2 milyard dollar borcu var idi.

2017-ci ildə bu mənada İsraillə də münasibətlər pis olub. Bu ölkənin BMT büdcəsinə illik ödənişi, təxminən, 11 milyon dollardır. BMT TŞ-nin İsraildən yaşayış məntəqələrinin tikintisini saxlamağı tələb etməsi üzündən Təl-Əviv yanvarda ödəməni 6 milyon azaldıb. Bir sıra başqa qətnamələr səbəbilə İsrail yayadək məbləği daha 4 milyon azaltmaq niyyətindədir.

İsrailin əsas müttəfiqi olan ABŞ hələ 1990-cı illərdə BMT-nin israillilərlə fələstinlilər razılığa gəlmədən Fələstini dövlət kimi tanıyacaq istənilən strukturuna maliyyə dəstəyini qadağan edən qanun qəbul etmişdi. Bu, UNESCO-nun işinə ciddi təsir göstərmişdi. Səbəb onun 2011-ci ildə Fələstin Muxtariyyətini tamhüquqlu üzv kimi qəbul etməsi idi. Həmin il ABŞ, İsrail, Kanada, Avstraliya və Polşa qurumun maliyyəsini kəsmiş, nəticədə, 2 il sonra ABŞ ilə İsrail səsvermə hüququndan məhrum olunmuşdu. Qalan dövlətlər borcunu ödəmişdi.

2012-ci ildə BMT Baş Assambleyası Fələstinin müşahidəçi statusunu təsdiqləyib və bu, faktiki olaraq, onun müstəqil dövlət kimi tanınması deməkdir. 4 il sonra isə BMT TŞ daha bir qətnamə qəbul edib. Sənəddə bildirilir ki, İsrailin işğal olunmuş Fələstin torpaqlarında yaşayış məntəqələri tikməsinin «hüquqi qüvvəsi yoxdur və bu, beynəlxalq hüququn biabırçı şəkildə pozulmasıdır».

Bütün bunlarla yanaşı, ABŞ-ın təşkilata borcu 2018-ci ilin əvvəlinədək yığılmaqda davam edib və 550 milyon dollara çatıb. Vaxtilə Obama administrasiyası maliyyələşmənin bərpasına razılıq verməsi üçün parlamentə dəfələrlə müraciət etsə də, qanunverici orqandakı respublikaçı çoxluq buna rədd cavabı verib.

Tramp isə hər şeyi sadələşdirib - o, ölkəsinin 2018-ci ilin dekabrında ümumiyyətlə, UNESCO-dan çıxacağını bəyan edib. Üzv deyilsənsə, demək, borcun da yoxdur! Dərhal eyni qərarı İsrail də qəbul edib. Halbuki bu arada təşkilata Odri Azulay baş direktor seçilib - sanki Mərakeş yəhudisinin ailəsində doğulmuş fransız Azulayla dil tapmaq olardı.

Etiraf etmək lazımdır ki, UNESCO-nun tarixində dövlətlərin təşkilatı tərk etməsi halları olub. Lakin onlar sonradan geri qayıdıb. Məsələn, 1957-ci ildə CAR aparteid siyasətini tənqid etdiyi üçün qurumu tərk etmişdi. Lakin 1994-cü ildə Nelson Mandela ölkəni UNESCO-ya qaytarıb.

ABŞ da artıq bir dəfə - 1984-cü ildə (Ronald Reyqanın prezidentliyi dövründə) UNESCO-dan çıxıb. O zaman Vaşinqton təşkilatı antiamerikanizmdə və israfçılıqda günahlandırırdı. 2003-cü ildə Corc Buş ölkəni təşkilata qaytarıb. 1985-ci ildən 2003-cü ilədək isə Böyük Britaniya UNESCO-da yer almayıb. Səbəb «büdcə vəsaitlərinin qeyri-rasional istifadəsi və fəaliyyətin siyasiləşməsi» idi.

ABŞ BMT-nin İnsan haqları şurasından da çıxmaq haqda düşünür. Onun bu addımına da İsrail fəal dəstək verir.

Qurumun Miqrasiya üzrə qlobal müqaviləsini isə Vaşinqton artıq tərk edib. Amerikalılar bu haqda qərarı yanvarda qəbul edib. «Amerikanın səsi» xəbər verir ki, ABŞ-ın BMT yanındakı missiyası bəyannamənin «ABŞ-ın immiqrasiya və qaçqınlar siyasətinə, eyni zamanda Tramp administrasiyasının immiqrasiya prinsiplərinə uyğun olmayan çoxsaylı müddəalarla dolu olduğunu» bəyan edib. Amerikanın informasiya resursunun məlumatında deyilir ki, «2016-cı ildə BMT Baş Assambleyasının 193 üzvü qaçqınlar və miqrantlarla bağlı siyasi bəyannamənin məcburi xarakter daşımadığına yekdilliklə səs verib. O zaman qaçqınların hüquqlarının qorunacağı, onların köçməsinə yardım göstəriləcəyi, təhsillə, işlə təmin ediləcəyi vəd olunub». Görünür, hazırkı ABŞ administrasiyasının prinsipləri fərqlidir.

 

«Turistlər» və imtiyazlılar

BMT TŞ-də islahatların aparılması mexanizminin olmaması onun yenidən təşkilatlanması ilə bağlı çoxsaylı ideyaların yaranmasına səbəb olub. Lakin artıq onilliklərdir ki, təkliflərdən heç biri qəbul olunmur. Hər bir təklifin kifayət qədər əleyhdarı da var. Burada əsas ağrılı məqam qurumun daimi və qeyri-daimi üzvlərinin sayı, həmçinin veto hüququdur.

1946-1965-ci illər ərzində BMT TŞ-nin 5 daimi üzvü olub (ABŞ, SSRİ (Rusiya), Çin, Böyük Britaniya və Fransa). Onlar veto hüququna malik olublar. Qurumun qeyri-daimi üzvlərinin sayı isə 6 idi (zarafatla onları turist adlandırırdılar). Bu qeyri-daimi üzvlər hər 2 ildən bir dəyişirdi. Sonradan bu nisbət 5+10 şəklini alıb və hazırda da belədir.

BMT-yə üzv dövlətlər 5 qrupa bölünür. Onların hər birinin TŞ-də müəyyən sayda təmsilçisi var. 1 dövlət buraya ard-arda iki müddətə seçilə bilməz. TŞ-də ən çox Braziliya və Yaponiya təmsil olunub - hərəsi 20 il. Argentina burada 18 il, Hindistan, Kolumbiya və Pakistan hərəsinə 14 il, İtaliya ilə Kanada 12, Almaniya ilə Pakistan isə 6 il yer alıb.

Kofi Annan (1997-2006-cı illərdə BMT-nin baş katibi) öz fəaliyyəti zamanı iki islahat forması təklif edir, TŞ üzvlərinin sayının 24-dək artırılmasını istəyirdi. Birinci variant 6 yeni daimi və 3 qeyri-daimi üzvün seçilməsi idi. İkinci variant isə TŞ üzvləri arasında yeni sinfin yaradılmasını, onların 4 ildən bir seçilməsini, üstəlik, 2 qeyri-daimi üzvün əlavə olunmasını nəzərdə tuturdu.

Daha bir ideya var idi - TŞ-yə 5 dəfədən artıq üzv seçilmiş dövlət onun daimi üzvünə çevrilsin.

Əsas «mübarizə» də TŞ-yə daimi üzv olmaq ətrafında gedir. Əslində, buna, həqiqətən, layiq olan dövlətlər var. Lakin dövlətlərarası münasibətlərdəki problemlər onların heç birinə daimi üzvlüyə real namizədə çevrilmək imkanı vermir. Daimi üzvlərin sırasına daxil olmağa ən real namizədlər Braziliya, Almaniya, Hindistan və Yaponiyadır. Onlar G4 qrupu çərçivəsində mütəmadi toplanır, TŞ-nin genişləndirilməsilə bağlı birgə fəaliyyətə dair müzakirələr aparır. Bu dövlətlər uzun müddət bu «döyüş»ün əsas mükafatı kimi veto hüququnu görürdülər. Lakin uzun illər uğursuz olan cəhdlərdən sonra hiyləyə əl atmaq qərarına gəliblər. 2005-ci ildə BMT Baş Assambleyasına təqdim olunan qətnamə layihəsi TŞ-nin daimi üzvlərinin yaxın 15 il üçün veto hüququndan məhrum edilməsini nəzərdə tuturdu. Bu da işə yaramadıqda «dördlük» bu istəkdən tam imtina etməyə hazır olduğunu bəyan etdi. Göründüyü kimi, onlar hələ də heç dəyə nail ola bilmir.

G5 qrupu da var. Ona daxil olan İndoneziya, İtaliya, CAR, Misir və Nigeriya TŞ-nin daimi üzvlüyünə namizədlər sırasında ikinci eşelon sayılır. Doğrudur, İtaliya özü buna iddia etmir. Roma təklif edir ki, TŞ-nın kollektiv üzvü kimi Aİ seçilsin və hər il ittifaq üzvləri rotasiya olunsun.

Bununla yanaşı, «imtiyazlı» beşlik başqalarının TŞ-yə qoşulmasına xüsusi maraq göstərmir. Onlar İkinci Dünya müharibəsinin qalibləri kimi, özləri özlərinə «veto» hüququ veriblər və TŞ-nin qətnaməsinin onların maraqlarına zidd olduğunu hesab etdikləri anda həmin hüquqdan istifadə edirlər. BMT-nin mövcud olduğu 72 ildə bu dövlətlər, ümumilikdə, qurumun qərarlarına 227 dəfə zidd gedib.

Bu arada Fransanın 2013-cü ildə təklif etdiyi layihə ildən-ilə daha da populyarlaşır. O, söhbətin soyqırımı və kütləvi vəhşilik hallarından getdiyi zaman TŞ üzvlərinin veto hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Artıq təklifi 114 dövlət imzalayıb.

Beləliklə, BMT-də problem həddindən artıq çoxdur. Onların ən başlıcası isə dünyanın, demək olar ki, bütün dövlətlərinin yer aldığı yeganə qurumun lazımi nüfuzu qazana bilməməsidir. Halbuki BMT-nin nüfuzu elə olmalıdır ki, heç kəs ona öz şərtini diqtə edə bilməsin.

ABŞ prezidentinin BMT Baş Assambleyasındakı sentyabr çıxışından sonra belə bir zarafat yaranıb: «Tramp BMT-yə çoxdan yuxarıdan aşağı baxır». Milyarder BMT-nin binası qarşısında 72 mərtəbəli «Trump World Tower» göydələnini hələ 2001-ci ildə tikdirib. BMT üçün bu, kifayət qədər aşağılayıcı zarafatdır.



MƏSLƏHƏT GÖR:

420