20 Aprel 2024

Şənbə, 13:32

ÜMUMİ GƏLƏCƏK, YOXSA PARÇALANMIŞ DÜNYA?

Davos-2018 dinamik, bir çox məsələlərdə ziddiyyətli və aşkar intriqa şəraitində keçib

Müəllif:

01.02.2018

47 il əvvəl menecment üzrə konfrans kimi düşünülmüş Davos Dünya İqtisadi Forumu (DİF) bu gün beynəlxalq siyasət, maliyyə və biznes elitası üçün ən nəhəng, nüfuzlu diskussiya meydançalarından biridir. Bu il foruma Donald Tramp, Emmanuel Makron, Angela Merkel, Tereza Mey, Castin Trüdo, Binyamin Netanyahu, Maurisio Makri, Emmerson Mnanqaqva, Narendra Modi kimi siyasətçilər, həmçinin nəhəng şirkətlərin, QHT-lərin təmsilçiləri qatılıblar. Azərbaycan Prezidenti İlham Əliyev də Davos Forumunun daimi iştirakçısıdır.

Forumun qərarlarını özünəməxsus qlobal miqyaslı barometr saymaq olar. Bu il də o, son dərəcə maraqlı olub. Davos-2018 dinamik, bir çox məsələlərdə ziddiyyətli və aşkar intriqa şəraitində keçib. «Parçalanmış dünyada birgə gələcəyin yaradılması» (Creating a shared future in a fractured world) kimi çoxmənalı rəsmi adı olan forumda danışılan tendensiyalar haqda son vaxtlaradək asta səslə danışılırdı. Məsələn, nəhəng texnologiya şirkətləri və sosial şəbəkələrin ünvanına kifayət qədər sərt ittihamlar səsləndirilib. Məlum olub ki, texnologiyaların nə qədər əhəmiyyətli olduğu haqda yenidən düşünüləcək, artıq texnoloji inkişaf dünyanı birləşdirən güc sayılmır. Lap müsbət tərəfləri ilə yanaşı, kifayət qədər mənfi cəhətləri də olan qloballaşma kimi. Onlardan biri gəlirlərdə getdikcə artan bərabərsizlikdir. Bu, istər zənginlər, istər yoxsullar üçün müəyyən risklər yaradır. Söhbət, ilk növbədə, sosial gərginliyin artması təhlükəsindən gedir. Dünyanın ən güclüləri bu gün bir çox ölkədə populist əhvalın artmasını çaşqınlıqla izləyir və hesab edirlər ki, vəziyyətin bu həddə çatmasında yuxarıda sadalanan amillərin rolu böyükdür.

 

Nikbinlik üçün əsas varmı?

Ümumilikdə, Davosda kifayət qədər nikbin əhvali-ruhiyyə müşahidə olunurdu. Tez-tez qlobal iqtisadiyyatın inkişaf etdiyinə dair bəyanatlar eşidilirdi. Əsas əminlik BVF-dən gəlir. Qurumun analitikləri hesab edir ki, iqtisadi cəhətdən inkişaf etmiş bütün dövlətlər (Böyük Britaniya istisna olmaqla) 2019-cu ildə gözlənildiyindən daha böyük iqtisadi artım yaşayacaq. 2016-cı ilin ortalarından dünya iqtisadiyyatının inkişafı sürətlənib, 2017-ci ildə isə elə BVF-nin qiymətləndirməsinə görə, dünyada ÜDM 3,7% artıb. Bənzər fikirlər PwC (beynəlxalq konsaltinq şirkəti) tərəfindən də açıqlanıb. O, bu qənaətə transmilli korporasiyaların rəhbərlərinin fikirləri əsasında gəlib. Bazarlarda sabitlikdir, investorlar əldə edəcəkləri gəlirlərin ləzzətini artıq duymağa başlayıb.

Lakin sabit iqtisadiyyat heç də hər kəs üçün müsbət amil sayılmır. Bu, onun təkmil olmadığını və yenidən zəifləyə biləcəyini göstərir. Narahatlıq yaradan ən ciddi səbəb isə istər ölkələr, istərsə də ölkədaxili müxtəlif nəsillər arasında gəlir fərqinin getdikcə artmasıdır. «Oxfam» tərəfindən Davos forumu ərəfəsində açıqlanmış məruzədə bildirilir ki, dünya varidatının 82%-i planetin cəmi 1%-ni təşkil edən varlı insanlara aiddir. Rəqəmlər, həqiqətən, heyrətləndiricidir: bu gün planetin ən zəngin 8 insanının varidatı ən yoxsul 4 milyard insanın varidatına bərabərdir. ABŞ-ın 3 ən zəngin şəxsinin varidatı, təxminən, əhalinin bütün yoxsul təbəqəsinin ümumi varidatı ilə eynidir. 2010-cu ildən dünyanın zəngin şəxslərinin varidatı 13% artıb. Bu, fəhlə və qulluqçuların əməkhaqqındakı artım tempini 6 dəfə üstələyir. 2017-ci il də milyarderlər üçün rekord ili olub. Ötən il ən böyük gəliri məhz onlar əldə edib (762 milyard ABŞ dolları). Bu məbləğ dünyada yoxsulluğun tamamilə aradan qaldırılmasına kifayət edərdi.

Doğrudur, tənqidçilər «Oxfam»ı yoxsullarla məşğul olmaqdansa, diqqəti zənginlərin ifşasına yönəltməkdə günahlandırır. Onlar son illərdə azad bazarlar hesabına milyonlarla insanın son dərəcə yoxsul durumdan çıxa bildiyinə diqqət çəkir. Tənqidçilər zənginlərin daha ağır vergi yükü daşıdığını, istənilən halda, onların müflisləşməsinin gəlirlərin ədalətli bölünməsilə nəticələnməyəcəyini də deyir. Yaxud hesab edirlər ki, minimum əməkhaqqının artırılması tələbləri mütləq iş yerlərinin azalması ilə nəticələnəcək. Lakin bir şey aydındır ki, mövcud vəziyyəti olduğu kimi saxlamaq da mümkün deyil. Bunu biznes sahəsinin ən nəhəng oyunçuları da anlayır. Məhz bu üzdən dünyanın aktivlərin idarə olunması üzrə ən nəhəng şirkəti olan «BlackRock»un sədri Larri Fink həm dövlət, həm də özəl şirkətləri sosial məqsədlərə xidmət etməyə çağırıb. «Oxfam» isə vergi sisteminin və xərclərin gəlirlərin yenidən bölüşdürülməsinə istiqamətləndirilməsinin vacibliyini bildirir. Bu kontekstdə aktuallıq qazanmaqda olan daha bir problem fəhlə ixtisaslı şəxslərlə süni intellekt arasındakı «qarşıdurma»dır. Bu proses nəticəsində onsuz da az, dayanıqsız olan əməkhaqları rəqəmsal dünyamızda, ümumiyyətlə, yox ola bilər. Çünki həmin iş yerlərinin ləğv olunacağı istisna deyil.

Bununla yanaşı, nəhəng IT şirkətlərinin istisnasız hökmranlığı dövrünün sona çatacağını da istisna etmək olmaz. Hər halda, Davosda onların ünvanına gözlənilmədən son dərəcə sərt tənqidlər səsləndirilib. Silikon vadisinə son dərəcə çox sayda işçi göndərən Hindistanın baş naziri Narendra Modi bildirib ki, texnologiyalar insan həyatına gətirdiyi bütün faydalarla yanaşı, onu məhv edə, dağıda da bilər.

Böyük Britaniyanın baş naziri Tereza Mey isə sosial şəbəkələrə qarşı çıxıb, onların sayəsində inamın itirilməsi prosesinin yaşandığını söyləyib.

Amerikanın nəhəng texnokonsernlərinin əleyhinə ən sərt danışan isə Corc Soros olub.

«Google», «Apple», «Facebook», «Amazon» və digərləri Rusiyanın məhz sosial şəbəkələr vasitəsilə Qərbdəki seçki kampaniyalarına müdaxilə etməsi ehtimalı üzündən də tənqid olunublar. Daha ciddi narazılıq isə saxta xəbərlərin yayılması ilə bağlıdır. Bunun fonunda Amerikanın «Edelman» şirkətinin hər il keçirdiyi «inam barometri» sosioloji sorğusunun nəticələri kifayət qədər maraqlıdır. Son sorğu göstərib ki, əksər Qərb ölkələrində insanların sosial şəbəkələrə inamı azalır, ənənəvi KİV-in imici isə getdikcə artır. Texkonsernlər kompüterdən asılılıq yaratmaqda, manipulyasiyalarda, ədalətsiz vergi artımında və monopoliyada da ittiham olunur.

 

Kim güclü lider sayılmalıdır?

Belə bir dünyada hakimiyyətə populizm sayəsində gəlmiş siyasətçilərə yox, güclü liderlərə ehtiyac həddindən artıq çoxdur. Bu kontekstdə Fransanın «Le Monde» qəzetinin ölkə prezidenti Emmanuel Makronun ünvanına yağdırdığı təriflər maraqlıdır: «İştirakçılar onlara çoxdan gözlədiklərini - insan simasında qloballaşmanı hədiyyə etmiş ehtiraslı və nikbin lideri gurultulu alqışlarla mükafatlandırıb». Lakin bütün müşahidəçilər etiraf edir ki, Makron Almaniyanın dəstəyi olmadan öz planlarını, xüsusilə Aİ-də islahatlar istəyini həyata keçirə bilməyəcək. Başı hələ də ölkəsində koalision hökumət qurmağa qarışmış Almaniya kansleri Angela Merkel isə mövqelərini itirməkdədir. Bununla yanaşı, xanım kansler Makronu dəstəkləyir və hesab edir ki, onun prezident seçilməsi «Avropaya yeni impuls olub». Merkel daxili siyasətdəki çətinliklərdən, «sağçı populizm zəhəri»ndən də danışıb, «özünü təcridin heç bir problemi həll etməyəcəyini», «proteksionizmin çağırışlara cavab olmadığını» vurğulayıb.

Asiyaya gəlincə, Davos-2017-də diqqət mərkəzində əksəriyyətin fikrincə, Trampın prezident seçilməsilə «boşalmış» qlobal liderliyi ələ almağa çalışan Çin lideri Si Cinpin idisə, bu dəfə hər kəs Hindistanın baş naziri Narendre Modini dinləyirdi. Bu gün Hindistan əhalisi ən çox olan demokratik dövlətdir. İqtisadiyyatına görə dünyada 7-ci olan Hindistan 2050-ci ilə Çindən sonra ikinci pilləyə yüksələ bilər. Bununla yanaşı, əksər qərbli müşahidəçinin fikrincə, Modi çinli həmkarları kimi davranmır və qlobal liderlik iddialarına eyham belə vurmur.

Bəs, mövcud qlobal lider? ABŞ prezidentləri, adətən, Davos forumuna qatılmasa da, Donald Tramp toplantıda iştirak edib. Xatırladaq ki, Birləşmiş Ştatlar bu tədbirdə prezident səviyyəsində son dəfə 2000-ci ildə Bill Klintonla təmsil olunmuşdu.

Seçkiyə «Hər şeydən öncə Amerika!» şüarı ilə qatılmış Ağ Ev sahibinin qeyri-rəsmi olaraq «qlobalistlərin məclisi» adlandırılan foruma gəlişi böyük marağa səbəb olmuşdu. Hər kəs Trampın nə danışacağını səbirsizliklə gözləyirdi. O, gözləntiləri doğruldub - deyib ki, «dünya güclü, çiçəklənən Amerikanın dirçəlişinə şahidlik edir». Tramp hesab edir ki, indi ABŞ-a investisiya yatırılması üçün ən yaxşı dövrdür: «Amerika biznesə açıqdır və rəqabət qabiliyyətini bərpa edib». Ağ Ev sahibi enerji sektorunda dominatlığa qarşı çıxıb, beynəlxalq ticarətdə ədalətli sistemin vacibliyini deyib, bunun bir ölkənin digərinin hesabına yaşamaması üçün lazım olduğunu söyləyib.

Lakin Tramp Davos formatına tam uyğunlaşmayıb və avropalı liderlər özlərini açıq-aşkarAmerika prezidenti ilə «rəqib» qismində təqdim etməyə çalışıblar. Təsadüfi deyil ki, forumun əsas gündəliyi ən varlılar üçün vergilərin azaldılmasını dayandırmaq tələbi təşkil edirdi - hərçənd, Trampın başladığı miqyaslı vergi islahatı məhz həmin varlıların maraqlarına uyğundur. Bu, özünü forumun əsas mövzularından birinin miqrasiya və onun siyasi fəsadlarına həsr olunmasında da göstərib. Maraqlıdır ki, Merkel öz çıxışında yenə Avropa Müdafiə Fondunun yaradılmasının vacibliyini bildirib, Avropada «ABŞ-a arxalanmağın» vərdişə çevrildiyini söyləyib. «Nə qədər ki, ABŞ-ın başı özünə qarışıb, taleyimizi öz əlimizə almalıyıq», - deyə o, bildirib. Üstəlik, Merkel bu bəyanatı Trampın müttəfiqlərini yenidən müdafiə xərclərini artırmağa, ümumi müdafiə naminə NATO qarşısındakı maliyyə öhdəliklərinə əməl etməyə çağırdığı bir vaxtda səsləndirib.

 

Liderlər üçlüyündə

Azərbaycan Prezidenti İlham Əliyev Davosdakı plenar toplantılara da qatılıb, «Strateji baxış: Avrasiya» mövzusunda interaktiv iclasda çıxış edib, həmçinin çoxsaylı görüşlər keçirib. O, forum çərçivəsində DİF prezidenti Berqe Brend, «Chevron» şirkətinin vitse-prezidenti Cey Prayer, «LUKOYL»un prezidenti Vahid Ələkbərov, «Black Rock» şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink, OPEK-in baş katibi Məhəmməd Barkindo, “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, “VTB Bank”ın prezidenti, İdarə Heyətinin sədri Andrey Kostinlə görüşlər keçirib. Görüşlərin əksəriyyəti artıq mövcud olan əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə həsr olunub. İlham Əliyev Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən danışıb, Bakının iqtisadiyyatın şaxələndirilməsi sahəsində yaxşı nəticələr əldə etdiyini söyləyib.

Azərbaycanın iqtisadi uğurları beynəlxalq məruzələrdə də öz əksini tapır. Məsələn, o, DİF-in illik «İnklüziv inkişaf indeksi-2018»də inkişaf etməkdə olan ölkələrin liderlərindən ibarət üçlüyə düşüb. Siyahıda yalnız Litva və Macarıstandan geri qalan Azərbaycan Rusiya, Gürcüstan, Ermənistan və İran da daxil olmaqla, 70 ölkəni geridə qoyub. Bu, ÜDM göstəricisinə alternativ sayılır və iqtisadi inkişaf mənzərəsini daha tam əks etdirir. Burada yalnız məhsul istehsalı və xidmətlər sahəsində irəliləyişlərdən danışılmır, eyni zamanda əhalinin yaşayış səviyyəsində artımın olub-olmadığı göstərilir. Bu, dayanıqlı inkişafın vacib qarantıdır və Azərbaycanın belə reytinqi dövlətin son illərdəki iqtisadi siyasətinin birmənalı şəkildə uğurlu olduğunu təsdiqləyir.

Bundan başqa, Azərbaycan 2017-2018-ci illər üzrə qlobal rəqabət qabiliyyəti indeksində 137 ölkə arasında 35-ci yeri tutub. MDB üzvləri arasında liderdir.

«Standard & Poor's» (S&P) beynəlxalq reytinq agentliyi isə Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsinin profisitlə reallaşacağını proqnozlaşdırır.

Uğurlu iqtisadi siyasət, əlbəttə ki, ölkəyə investorların cəlb olunmasına yol açır və İlham Əliyevin Davosda keçirdiyi çoxsaylı görüşlər həm də buna hesablanmışdı. Məsələn, dünyanın ən nəhəng investisiya qurumu olan «Black Rock»un direktoru Lourens Fink yaxın vaxtlarda şirkətinin Azərbaycan üçün yalnız investor qismində deyil, həm də investisiya hədəfi qismində də çıxış edəcəyinə ümidini bildirib. Fink yaxın zamanda Azərbaycana səfər etməyi, ölkənin investisiya imkanları ilə bir daha tanış olmağı planlaşdırır.

Dövlət başçısının Davos forumunda uğurlu iştirakı Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsini bir daha təsdiqləyib, onun qlobal enerji və nəqliyyat layihələrində iştirakının əhəmiyyətini nümayiş etdirib. Söhbət Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP, Cənub Qaz Dəhlizi kimi layihələrdən gedir. Görüşlərdə zəngin neft ehtiyatlarına malik Azərbaycanda qeyri-neft sektorunun da inkişaf etdiyi, ölkəyə turist axınının ildən-ilə artığı vurğulanıb.

Yeri gəlmişkən, yanvarın 23-də forum çərçivəsində Bakının «Expo-2025» ümumdünya sərgisinə ev sahibliyi etməyə namizədliyinin təqdimatı olub. Son illərdə çoxsaylı dünyamiqyaslı tədbirlərin keçirildiyi məkan olan Azərbaycanın «Expo-2025»i təşkil etmək üçün də lazımi şəraiti və infrastrukturu var.

Daha bir vacib məqam İlham Əliyevin «Strateji baxış: Avrasiya» mövzusunda panel çərçivəsində Azərbaycanda daxili risk və təhdidlərin olmadığına dair fikirləridir. O, bu səbəbdən də, sərhədlərdə təhlükəsizliyə zəmanət verilməsinin vacibliyini söyləyib. Dövlət başçısı deyib ki, bunun üçün ən yaxşı vasitə qonşularla həm özünün, həm də onların milli maraqlarına uyğun praqmatik, səmimi münasibətlərin qurulmasıdır. «Hesab edirəm ki, Azərbaycanda biz belə bir tərəfdaşlığı qura bilmişik. Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşuları ilə çox yaxşı münasibətlərə malikdir», - deyə İ.Əliyev qeyd edib.

O, həmkarlarına Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyəti haqda məlumat da verib. Qarabağ problemi ilə bağlı həqiqətlərin Davos forumu kimi yüksək tribunadan bir daha bəyan olunması vacib məqamdır.

Azərbaycanın həqiqəti demək imkanları nə qədər çox olursa, İlham Əliyev bu imkanların hər birindən lazımi səviyyədə yararlanır.

 

Dialoq vacibdir

Son zamanlar DİF-in effektivliyilə bağlı çoxsaylı şübhələr də səsləndirilir. Belə düşünənlər həmin toplantıda dünya üçün faydalı heç nəyin baş vermədiyini söyləyir. Lakin dialoq hər zaman yaxşı haldır. Azərbaycan da bu qlobal tədbirə bu yanaşmadan çıxış edərək böyük önəm verir. Əgər hər hansı sosial, iqtisadi və ya siyasi problem həllə bir addım da olsa yaxınlaşırsa, yeni iş yerləri açılırsa, demək, Davos forumu öz missiyasının öhdəsindən gəlir. Aydındır ki, forum çərçivəsində aparılan danışıqların, qəbul olunan qərarların əksəriyyəti geniş publikadan gizli qalır. Lakin ən azı bu il oradan düşünmək üçün kifayət qədər informasiya gəldi.

 



MƏSLƏHƏT GÖR:

390