29 Mart 2024

Cümə, 11:34

ADI UCA TUTMALI

Əməkdar artist Ehtiram Hüseynov: “Hər kəs çalışmalıdır ki, sənət divarına öz daşını qoysun”

Müəllif:

15.02.2018

Onunla Bakı Beynəlxalq Muğam Mərkəzində görüşdük. Başı bərk qarışıq idi. Naxçıvandan gəlmiş sənət yoldaşlarından biri ilə hansısa yeni layihədən danışırdı. Müzakirəyə ara verib bizi çaya dəvət etdi. “Səsyazma, çəkiliş, tədbir, efir...Hamısını çatdırmaq lazımdır”, - deyə söhbətə başladı. Ancaq şikayəti işin çoxluğundan deyil, vaxtın azlığındandır. “Əksinə, indi daha çox çalışmalıyam”,- deyən müsahibimiz, vaxt itirmədən suallarımızı cavablandırmağa başladı.

Beləliklə, həmsöhbətimiz Yeni il ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə «Əməkdar artist» fəxri adına layiq görülən muğam ifaçısı Ehtiram Hüseynovdur.  

- Ötən ilin sonunda dövlətdən fəxri ad aldınız. Sizi bu münasibətlə təbrik edirik!  

- Çox sağ olun! Doğrudan da, Yeni il qabağı bu, mənim üçün həyatımın ən böyük hədiyyəsi oldu. Əməyimə belə yüksək qiymət verdiyinə görə cənab Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Bundan sonrakı sənət yolumda məsuliyyətim birə-iki artdı. Daha əzmlə, daha həvəslə çalışmalıyam ki, bu etimadı doğruldam, bu adı uca tutam.

- Bəzən gənc sənət adamları fəxri ad alanda, təəccüb edənlər də olur. Düşünürlər ki, bunun üçün yetərincə sənət yolu keçilməyib. İstərdik sizin sənət yolunuza qısa bir nəzər salaq.  

- Bilirsiniz ki, mən hələ 12 yaşımda «Bənövşə» uşaq xorunda oxumağa başlamışam. Sonra muğam təhsili alıb, Muğam Teatrında çalışmışam. Lakin o zaman çox da üzdə deyildim. Yalnız muğam müsabiqələri keçiriləndən sonra ölkədə bir növ muğam bumu yaşandı. Bundan sonra mən də daxil olmaqla, arxa planda qalmış gənc xanəndələr üzə çıxarıldı. Təbii ki, bunun hamısı Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın sayəsində mümkün oldu. Məhz onun təşəbbüsü ilə ilk dəfə «Qarabağ xanəndələri» diski buraxıldı, «Muğam ensiklopediyası» nəşr edildi... Belə layihələrdən onlarla saymaq olar. Təbii ki, muğam müsabiqələri də çox böyük rol oynadı. Bölgələrimizdə 120-dən çox gənc xanəndə kəşf edildi və bu gün onlar artıq Azərbaycan milli musiqisinin inkişafında öz sözünü deyir, öz tələbələrini yetişdirirlər. 2005-2007-ci illərdə mən də beynəlxalq muğam müsabiqəsinə qatıldım və ikinci yerə layiq görüldüm. Bundan sonra həyatımda yeni bir səhifə açıldı, yeni mərhələ başladı. Mən özümü tam olaraq bu sənətə bağladım.

Bilirsiniz ki, beynəlxalq muğam müsabiqələri indi də hər iki ildən bir keçirilir. Dünyanın dörd bir yanından musiqiçilər Azərbaycana toplaşır. İnşallah bu il də keçirilməsi gözlənilir.  

Qismət oldu mən də Azərbaycanı təmsil edən 5 xanəndədən biri oldum və 2011-ci ildə birinci yeri qazandım. Ondan sonra dünyanın hər yanında, hətta BMT-nin tədbirində belə çıxış etdim. Bu şəkildə də işimiz davam etdi və heç vaxt dayanmadıq.  

Demək olar ki, hər il Beynəlxalq Muğam Mərkəzində solo konsertlər verdim. Sənət yoldaşlarım Arzu Əliyeva, Kamilə Nəbiyeva ilə konsertlər verdik. Dövlət Filarmoniyasında, Naxçıvanda, Sumqayıtda dəfələrlə konsertlərim oldu. 2015-ci ildə artıq «Naxçıvan Muxtar Respublikasının əməkdar artisti» fəxri adına layiq görüldüm. Buna görə Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbova təşəkkürümü bildirirəm. Təbii ki, bu da çox böyük bir məsuliyyət idi. Ondan sonra yenə də dayanmaq olmazdı, daha çox çalışmalıydım ki, etimadı doğruldum.

- Sirr deyil ki, bəzən sənət adamları qarşılarına məhz fəxri ad almağı məqsəd qoyur və bu məqsədə doğru planlı şəkildə irəliləyir. Sizdə necə oldu?  

- Yəqin ki, oxucularımız da inanar mənim səmimiyyətimə. Mən heç vaxt buna doğru məqsədli şəkildə irəliləməmişəm. Düzdür, belə yüksək qiymət almaq hamının arzusudur. Lakin şükür ki, bunların hamısı mənim üçün gözlənilməz olub. Bilmirəm bu doğru yanaşmadır, ya yox. Ancaq belə bir məqsədim olmayıb.  

- Yaxın perspektiv üçün hansı yaradıcılıq planlarınız var?

- Planlarım çoxdur. Bayaq dediyim kimi, Beynəlxalq Muğam Müsabiqəsində iştirak edəcəm. Xarici ölkələrə qastrollarımız nəzərdə tutulub. Başqa bir ölkədə keçiriləcək festivala da dəvət almışam. Düzdür, hələlik ölkənin adını açıqlamaq tez olar. Novruz bayramı ərəfəsində Beynəlxalq Muğam Mərkəzində bir konsert də verməyi düşünürük. Doğrudur, vaxt daralıb, ancaq çalışacağıq çatdıraq.  

- Adətən, tanınmış muğam ifaçılarından opera səhnəsində çıxış gözləyirlər. Belə bir fikriniz, planınız, dəvətiniz varmı? Məsələn, niyə siz Məcnunu oynamayasınız?

- Əslində, məni operaya çoxdan dəvət ediblər. Hətta bir neçə dəfə məşqlər də etmişik. Dəvətə və dəstəyə görə Opera Teatrının rəhbərliyinə də təşəkkürümü bildirirəm. Sonra işimin çoxluğundan, bəlkə də, tənbəlliyimdən çatdıra bilmədim. Ancaq operada oxumaq mənim də arzularımdan biridir. Yəqin ki, nə vaxtsa, bəlkə də, elə bu il opera səhnəsində də çıxış edərəm.  

- Siz həm də pedaqoji fəaliyyət göstərirsiniz. Muğamın gələcəyi ilə bağlı nə düşünürsünüz? Nikbinsinizmi?

- Bilirsiniz ki, bu gün muğam sənəti Azərbaycanın musiqi mədəniyyəti tarixində ən böyük inkişaf dövrünü yaşayır. Bayaq qeyd etdiyim kimi, bunun birinci səbəbi dövlətin dəstəyidir. Axı, muğam həm də bizim milli-mənəvi dəyərimizdir. Bu dəstəyi görən insanlar böyük həvəslə öz övladlarını muğama gətirirlər. Təsəvvür edin ki, hər muğam müsabiqəsində müxtəlif bölgələrdən olan 20 istedad seçilir. Böyük sənətkarlarımız demişkən, hər müsabiqədən 3 xanəndə qazansaq, bu, böyük uğurdur.

- Hər dövrün sənəti yaşadan insanları olur. Bəzən, məsələn, teatr sənətindən danışanda deyirlər ki, Nəsibədən sonra belə bir aktyor gəlməyəcək, Siyavuşdan bir də olmayacaq və s. Bəs, sizin sənətdə vəziyyət necədir? Muğamsevərlərə bu bədbin hissləri yaşamağa imkan vermirsiniz ki?

- Cabbardan üzü bəri bütün böyük sənətkarlar bizim üçün etalondur. Heç kim deyə bilməz ki, yenidən onlar kimi xanəndələr dünyaya gələcək. Onlara dəymək olmaz. Arif elə yenə Arifdir, Yaqub Yaqubdur, Alim Alimdir, Ağaxan Ağaxandır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara cansağlığı versin. Və ya mərhum Hacıbaba Hüseynovun yerini kim doldura bilər? Ancaq onlardan sonra gələnlərin də öz yerləri var və onlar öz yerlərini möhkəmləndirirlər. Ümumiyyətlə, hər kəs çalışmalıdır ki, öz yerini tutsun, öz naxışını vursun, öz imzasını qoysun, sənət divarına öz daşını qoysun. Əgər sənin daşın o divara yapışmırsa, oradan düşüb aradan çıxacaq. Məsələn, Arif Babayevlə, Yaqub Məmmədovla eyni dövrdə bilirsinizmi nə qədər gözəl səsli xanəndələr yaşayıb? Ancaq indi onlar xatırlanmır. Çünki gərək xanəndə öz izini qoysun, öz dəst-xəttini yaratsın. Atalar yaxşı deyib ki, izlə gedənin izi qalmaz.  

- Zəmanənin, dövrün tamaşaçı zövqünün muğam ifaçılığına təsiri olurmu? Tutaq ki, 10 il əvvəl eyni muğamı bir cür oxuyurdular, ancaq indi elə oxusan, dinləyici bəyənməyəcək...  

- Əlbəttə, olur. Məsələn, 50 il əvvəlki muğam ifalarını götürsək, onlarda bir lənglik görərik. Amma indiki dövrdə o cür aramla oxusan, dinləyici yorulacaq. Çünki indi informasiya texnologiyaları dövrüdür, hər şey sürətlənib, həyat daha dinamik olub. Bu, musiqidə də belədir.  

- Alim Qasımov oxuyanda adama bəzən elə gəlir ki, o, cismən zalda, ruhən başqa yerdə, göylərdədir. Sizdə bu necədir, muğam ifa edəndə daha çox oxumağı düşünürsünüz, yoxsa gözünüzün önündə başqa nələrsə canlanır?  

- Təbii ki, fərqli muğamlar fərqli hisslər doğurur, ayrı-ayrı xəyallar canlandırır. Ola bilər ki, zalda mən sizin gözünüzün içinə baxım, ancaq həmin an sizi görməyim. Fikrim başqa yerdə olur. Məsələn, rast muğamının maye şöbəsini, zabulun mayesini oxuyanda öz kəndimiz yadıma düşür. Laçında doğulub boya-başa çatdığım kənd quzeydə, kölgəlikdə yerləşir. Rastın mayesini oxuyanda özümü kölgəlik bir yerdə təsəvvür edirəm, xəyalən kəndimizə gedirəm.



MƏSLƏHƏT GÖR:

369