28 Mart 2024

Cümə axşamı, 15:40

BANK SABİTLİYİ REJİMİ

İslahatların davam etdirilməsi, yeni requlyativ mexanizmlər və yardımçı fondlar Azərbaycanın maliyyə sektorunun bərpasına imkan yaradır

Müəllif:

15.02.2018

Bazarın nisbi sabitləşməsi və tənzimləyici tərəfindən fəal islahat cəhdlərinə baxmayaraq, Azərbaycanın bank sektoru hələ öz balans kitabında "böhran vərəqini" bağlamayıb. Ölkənin ən qədim və ən böyük banklarından biri olan «DəmirBank» ASC-nin 2017-ci ilin sonuna yaxın faktiki müflisliyi vəziyyətə müəyyən qədər həyəcan qatdı, halbuki bu, əvvəldən gözlənilən idi. Lakin hətta bunun fonunda yerli və beynəlxalq ekspertlər olduqca nikbin əhvaldadırlar və artıq bu il müsbət dəyişikliklər gözləyirlər.

 

Ötən ilin yekunları

Azərbaycan bank sektorunun fevral ayında nəşr edilmiş 2017-ci il üzrə statistik göstəriciləri bankirlərin bazar mövqelərini bərpa etmək və böhranı cilovlamaq özləri üçün hansı prioritetləri seçdiyini əyani görməyə imkan verir. Məsələn, keçən il Azərbaycanın bank sisteminin toplam aktivləri 11,2% azalıb, lakin eyni zamanda onların ümumi kapitallaşması, demək olar ki, 2 dəfə artaraq 3,7 mlrd. manata çatıb.

Bankların kapitallaşma naminə digər göstəriciləri "qurban" verməyə hazır olması, əlbəttə, başadüşüləndir. Məhz bu qüsur son iki il ərzində 10-dan çox yerli bankların bağlanması üçün əsas səbəb olub. Yada salaq ki, 1 yanvar 2014-cü il tarixdən Mərkəzi Bankın tələbinə görə ölkə banklarının minimum məcmu kapitalı 50 mln. manatdan az olmamalıdır. Bu qərarın məqsədi bazarda güclü oyunçuları saxlamaq, zəifləri isə birləşməyə və bazarı tərk etməyə məcbur etməkdir.  

2015-ci ildə manatın devalvasiyası və bundan sonra gələn bank böhranı yalnız bu prosesi sürətləndirdi. Aktivlərin həcminin azalması, zərərli fəaliyyət (yalnız 2016-cı ildə Azərbaycanda bankların ümumi xalis zərəri 1,7 mlrd. manat olmuşdu), bank ehtiyatlarını dəstəkləmək üçün böyük vəsaitlərin yönəldilməsinə ehtiyac yaranması - bütün bunlar son nəticədə hətta zahirən "sağlam" görünən bankları da sarsıtdı.

Bundan əlavə, banklar iqtisadiyyatın kreditləşdirilməsi məsələsi çox ehtiyatlı yanaşmağa başladılar - 2017-ci ildə bankların müştərilərə verilmiş kreditlər üzrə portfeli 2016-cı illə müqayisədə Bakıda 30,2%, regionlarda isə 18,9% azalıb.  

Bu bir tərəfdən bankların potensial borcalanlara tələblərinin ciddiləşməsi və sonuncular tərəfindən müraciət səviyyəsinin azalması ilə, digər tərəfdən kreditlər üzrə faiz dərəcələrinin yüksəlməsi ilə bağlıdır. Belə ki, AMB-nin məlumatına görə, ötən ilin sonunda milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcəsi 13,2% təşkil edib, 2016-cı ilin sonunda isə 12.05% olub, xarici valyuta üzrə isə dərəcələr 8,6%-dən 9,76%-ə qədər artıb.

Əmanətlərə gəldikdə isə, burada artıq müştərilər ehtiyatlı davranmağa başladılar - Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) meyarlarından kənar depozitləri qəbul etməyə risk edən bir sıra bankların iflasından sonra "yaxşı" dərs aldılar, depozitlər həddindən azaldı. Xatırladaq ki,1 mart 2016-cı il tarixindən sığorta milli valyutada illik 12%-lə və xarici valyutada illik 3%-lə yerləşdirilmiş əmanətlərə şamil edilir. Uyğun olaraq, 2017-ci ildə bankların fiziki şəxslərin əmanətləri üçün orta dərəcəsi milli valyuta üzrə 11,59% və xarici valyuta üzrə 3,66% təşkil edib, bu göstəricilər 2016-cı ildə uyğun olaraq 10,31% və 5,44% olublar.

 

Dollarlaşma saxlanır  

Manat kreditləri üzrə orta dərəcənin, demək olar ki, dörd dəfə yüksək olmasına baxmayaraq, Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşmanın payı yenə də yüksək olaraq qalır - 66,5%-dir. Amma bu seqmentdə ötən il müsbət dəyişikliklər müşahidə edilib, çünki bir il qabaq əmanətçilərin 79,6%-i depozitlərini dollarla yerləşdirmək istədiklərini bildirirdilər. AMB mütəxəssisləri qeyd edirlər ki,

dollarlaşmanın azalması və inflyasiya gözləntilərinin aşağı düşməsi valyuta bazarında təklifin tələbi üstələməsinə imkan yaradıb, nəticədə, Azərbaycan manatı ilin əvvəlindən 4% möhkəmlənib. Özü də, 2017-ci ilin ikinci rübündən sonra manat çevik məzənnə siyasəti şəraitində gələcək artım təzyiqi altında olub. Bir sözlə, əgər manat məzənnəsinin nisbi sabitliyini qorumağı bacaracaqsa, gələcəkdə bu sahədə müəyyən bir balansa nail olmağa ümid etmək olar.

Ümumiyyətlə, AMB-nin vədinə görə, ən azı bu il Azərbaycanda çevik məzənnə rejimi saxlanacaq. "Mərkəzi Bank milli valyutanın məzənnəsinin qısamüddətli dəyişməsinin qarşısını almaq üçün valyuta bazarında kiçik və məhdud həcmlərdə intervensiyalar edə bilər" - deyə konkret olaraq 2018-ci il və orta müddət üçün pul siyasətinin əsas istiqamətləri barədə açıqlamada deyilir.  

Mərkəzi Bank qeyd edir ki, 2018-ci ildə Azərbaycanın valyuta bazarının sabitlik Dövlət Neft Fondunun proqnozlaşdırılan köçürmələri və tədiyə balansı hesabına təmin ediləcək.

"Biz hərraclarda valyuta alqı-satqısı gerçəkləşdirmirik. Bununla yanaşı, biz manatın kəskin ucuzlaşmasının və ya bahalaşmasına yol verə bilmərik. Bu, arzuolunmaz makro və mikroiqtisadi risklərə səbəb ola bilər. Buna görə, biz "ara rejimi" siyasətini gerçəkləşdiririk ki, bu, milli valyutanın üzən rejimə tam keçidinin tərkib hissəsidir. Bizim qarşımızda üç hədəf var - aşağı dəyişkənlikli sabit valyuta, ucuz valyuta və aşağı inflyasiya. Bütün bu hədəflər eyni dərəcədə vacibdir",- deyə AMB sədri Elman Rüstəmov bu yaxınlarda bildirib.  

Yeri gəlmişkən, bu sabitlik müəyyən dərəcədə əhalinin banklara inamının artmasına təsir göstərib. Hər halda, Azərbaycanda əhalinin bank əmanətləri 2017-ci ildə 1,5 faiz artaraq 7,6 milyard manat olub. Yəni əhali sektorda açıq görünən problemlərin olmasına baxmayaraq, tamamilə üz döndərməyib və hələ də öz pulunu banklara etibar edir.

Ötən il ərzində bank sektorunun statistik nailiyyətlərini ümumiləşdirərək, daha bir rəqəmi göstərmək vacibdir - 2016-cı ildə milyard yarım manatdan çox zərərdən sonra ötən il banklar 883,6 milyon manat ümumi xalis mənfəəti əldə etməyi bacarıblar.  

Beləliklə, rəqəmlər göstərir ki, keçən il Azərbaycanın bank sektoru üçün aktiv sabitləşmə ili olub və bazar iştirakçıları özləri də inamla bunu bəyan edirlər. Belə ki, «PASHA Bank»ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, "düşünülmüş pul siyasəti həyata keçirmək, risklərin idarə edilməsi sistemi üzərində gücləndirilmiş nəzarət, həmçinin bank sektorunun kapitallaşma səviyyəsinin artırılmasına yönəlmiş fəaliyyət və prudensial normaların yaxşılaşdırılması təsir göstərib və bazarın sağlamlaşdırılmasına imkan yaradıb".

 

İslahatlar proqramı  

Az-çox müşahidə olunan müsbət nəticələrin fonunda, yaxın gələcək üçün olduqca optimist proqnozlar da peyda olub və bu fikirləri səsləndirənlər yalnız yerli mütəxəssislərdən ibarət deyil. Belə ki, beynəlxalq reytinq agentliyi «Fitch Ratings» proqnozlaşdırır ki, 2018-ci ildə Azərbaycanın bank sektorunda kreditləşmə bərpa olunacaq. "Azərbaycanın bank sektoru çox müdafiəsiz olaraq qalır. Amma biz gözləyirik ki, 2016-2017-ci illərdəki geriləmədən sonra 2018-ci ildə kreditləşmənin artımı başlayacaq",- deyə agentliyin məlumatında vurğulanır. «Fitch»in qiymətləndirməsinə görə, ölkənin ən böyük bankının - Beynəlxalq Bankın (ABB) 2,3 milyard $ həcmindəki xarici öhdəliklərinin yenidən strukturlaşdırılması bankın kapital mövqelərini və aktivlərinin keyfiyyətini bərpa etməyə yardımçı oldu. "Sonrakı addım ABB-nin özəlləşdirilməsi və bankın yetərincə açıq olan valyuta mövqelərinin bağlanmasıdır", - deyə agentliyin məlumatında bildirilir.

Digər reytinq nəhəngi «S&P Global Ratings»in də fikirləri, demək olar ki, bənzərdir. "İnanırıq ki, zəif bank sistemi üzündən Azərbaycanın üzləşdiyi risklərin əksəriyyəti artıq gerçəkləşib. Azərbaycanın maliyyə sisteminin zəif olaraq qalmasına baxmayaraq, biz proqnozlaşdırırıq ki, o, tədricən ölkənin iqtisadi artım fonunda möhkəmlənəcək", - deyə agentliyin məlumatında vurğulanır.  

Maliyyə və bank sisteminin tənzimləyicisi Maliyyə Bazarlarına Nəzarət Palatasına (FIMSA) əlavə nəzarət səlahiyyətlərinin verilməsi «S&P» tərəfindən müsbət qiymətləndirir. Agentlik qeyd edir ki, Azərbaycanın bank sektorunun sabitliyi tədricən yaxşılaşacaq. Bununla yanaşı, agentlik fəaliyyətsiz kreditlərin payını 20% səviyyəsində qiymətləndirir.

Agentliyin ekspertləri hesab edirlər ki, daxili bank sisteminin zəifliyi, zəif inkişaf etmiş kapital bazarları və bank sektorunda dollarlaşma səviyyəsinin yüksək olması üzündən Azərbaycanın pul-kredit siyasətinin effektivliyi məhdud olaraq qalır. Bununla belə, bazar tənzimləyicisinin özü islahatlar planının davam etdirilməsinin vacibliyinə möhkəm əmindir və bank sektorunun yenidən qurulması üçün getdikcə yeni mexanizmlər təklif edir.  

"Restrukturlaşdırma proqramı fəaliyyətsiz borcların tənzimlənməsi üçün qarşılıqlı tamamlayıcı tədbirlərlə dəstəklənməlidir. Bu istiqamətdə ölkənin beynəlxalq təcrübəsi, xüsusiyyətləri və məhdudlaşdırmaları nəzərə alınmaqla xüsusi mexanizmlər hazırlanmalıdır. Belə kompleks yanaşma bankların kapital mövqeyini möhkəmləndirməyə, sağlam kreditləşməni genişləndirməyə, kredit fəallığını artırmağa və iqtisadi artımı təmin etməyə imkan yaradar", - deyə Mərkəzi Bankın bəyanatında bildirilir.

Həmçinin mövcud məhdudiyyətlərin aradan qaldırılması və risklərin azaldılması üzrə işlərin davam etdirilməsinin zəruriliyi də vurğulanır. Göstərilən amillərdən əlavə, bəyanatda deyilir ki, risklər nəzərə alınmaqla, bank sektorunun qəbul edə biləcəyi səviyyədə mövcud maliyyə resurslarının kreditləşdirməyə yönəldilməsi üçün şəraitin yaradılması vacibdir.

Bir sıra yeni təkliflər isə bazar iştirakçılarının özləri tərəfindən hazırlanır - bu təkliflər həm aktivlərin sığortası funksiyasına malik yeni fondların, həm kredit bürolarının yaradılması, həm də bank ombudsmanı səlahiyyətlərinin maliyyəyə qədər genişləndirilməsi və s. ilə bağlıdır. Son məqsəd - bazarın keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, kəmiyyət göstəricilərini isə ən azından cari səviyyədə saxlamaqdır. Xatırladaq ki, «DəmirBank» ASC-nin lisenziyası ləğv edildikdən sonra Azərbaycanda bankların sayı 30-a düşdü, özü də onlardan 15-i xarici kapitala malikdir.

Ən əsası isə odur ki, bütün maraqlı tərəflərdə bu məsələdə iştiraka niyyət və istək mövcuddur.


MƏSLƏHƏT GÖR:

374